Musiqi ilə
danışan könüllər...
Araşdırmalar təsdiq edir ki, görmə qabiliyyətindən məhrum insanların beyni sağlam insanlardan daha sürətlə işləyir, onlar daha iti düşünür və yaxşı eşidirlər. Yəqin, elə bu səbəblərdən görmə qabiliyyəti məhdud adamlar musiqi ilə çox asan "dil tapa”, musiqinin rənglərini, çalarlarını daha aydın "görə” bilirlər.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Baki Şəhər Mədəniyyət Baş İdarəsinin Gözdən əlil uşaqlar üçün 38 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri də özlərinə musiqini qəlb yoldaşı, ürək sirdaşı, ən gözəl həmsöhbət seçiblər. Musiqi bələdçiləridir, könül dünyalarına qədəm qoymalarına, onun hər rəngini, hər çalarını görə bilmələrinə yardım edir.
Bu musiqi ocağında 185 nəfər şagird oxuyur. Onların təhsili ilə 44 pedaqoq məşğul olur. Məktəbin müəllimləri Aliyə Zeynalova, Vüsal Qəhrəmanov, İsmayıl İsmayılov, İmaməli İmaməliyev, Sevinc Məmmədova, Elvira Məmmədova, Nailə Şeyxzamanova və başqaları şagirdlərin inkişafında bacarıqlarını əsirgəmirlər. Məktəbdə tar, kamança, qarmon, nağara, fortepiano, kanon, skripka musiqi alətləri və xanəndəlik tədris olunur.
Məktəbin direktoru Əsab Əliyev tədris ocağının yaranması haqqında məlumat verir: "Bu təhsil müəssisəsi 1980-ci ildə Azərbaycan Korlar Cəmiyyətinin sabiq sədri Arif Zeynalov tərəfindən cəmiyyətin nəzdində ixtisaslaşdırılmış musiqi məktəbi kimi yaradıldı. "1993-cü ildə respublikamızın hər yerində olduğu kimi, Azərbaycan Korlar Cəmiyyətində də iqtisadi vəziyyət çətinləşdi və məktəbin bağlanma təhlükəsi yarandı. Arif müəllimin təşəbbüsü ilə həmin il bu məktəb Mədəniyyət Nazirliyinin balansına verildi”.
Əsab Əliyev özü də bu məktəbin yetirməsi olduğunu söyləyir: "Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbində təhsil almağa başladım. Bir qədər gec, on iki yaşında gəldiyim üçün uyğunlaşmağım çətin oldu. Oradan nə zaman həmişəlik çıxıb öz rayonumuza, Zaqatalaya qayıdacağımı düşünürdüm. Sonra bu musiqi məktəbi açıldı. Mən həm də burada tar sinfində oxudum. Musiqi mənim sənət və həyat yolumu cızdı. 1988-1992-ci illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunda, 1992-1997-ci illərdə isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil aldıqdan sonra burada müəllimlik fəaliyyətinə başladım. 2008-ci ildə məktəbin ilk direktoru, mənim müəllimim olmuş Murtuz Mehdiyev dünyasını dəyişdi. Həmin ildən onun işlərini davam etdirirəm. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə Gözdən əlil uşaqlar üçün 38 nömrəli onbirillik musiqi məktəbi yenidən, əsaslı şəkildə təmir edildi. Bu cür qayğıdan sonra biz də rahat otura bilməzdik. Bakı Musiqi Akademiyasından, Milli Konservatoriyadan, Bakının musiqi məktəblərindən təcrübəlli müəllimlər dəvət etdik, tədrisin keyfiyyətinin yüksəlməsi istiqamətində irəliləyişlərə, yeniliklərə nail olduq”.
Əsab Əliyev qeyd edir ki, məktəbin uğurları az deyil. Şagirdlər istər yerli, istərsə də əcnəbi ölkələrdə keçirilən tədbirlərdə uğurla çıxış edirlər: "İstər Mədəniyyət, istər Əmək və Əhalinin Sosial Müdafiəsi, istərsə də Gənclər və İdman nazirliklərinin keçirdiyi festivallarda bizim uşaqlar uğurla çıxış ediblər, laureat, diplomant olublar. Bundan əlavə, hər il Mədəniyyət Nazirliyinin dəstəyi ilə şagirdlərimiz 23 aprel Uşaq bayramında və Moskvada "Belaya trost” müsabiqəsində uğurla çıxış edirlər”.
Şagirdlər əsasən sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbindən qəbul edilirlər. Əsab müəllim gələcəkdə məktəbdə nəfəsli və simli alətlərin tədris olunmasını arzulayır.
Məktəbdə gələcəyinə böyük ümidlər bəslənən şagirdlər çoxdur. Müəllimləri inanırlar ki, Məhəmməd Abışov (qarmon), Ağaməli Niftəlizadə (kamança), Gülnaz Talıbova (fortepiano), Nazə Hacıyeva (fortepiano) və digərlərinin səsi ali məktəblərdən gələcək.
Bu istedadlı şagirdlərdən ikisi ilə söhbətləşirik.
İlk solo konsertin sevinci
Məktəbin 11-ci sinif şagirdi Məhəmməd Abışov 2001-ci ildə Abşeron rayonunun Masazır qəsəbəsində dünyaya gəlib. İki qardaşın böyüyüdür. 2007-ci ildən sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində təhsil alır. Bu musiqi məktəbinə isə 2008-ci ildə daxil olub.
Məhəmməd musiqiyə kiçik yaşlarından maraq göstərdiyini deyir: "Evimizdə piano var idi. Beş yaşımdan televizordan eşitdiyim nəğmələr həmin musiqi alətində ifa etməyə çalışırdım. Musiqiyə marağım sonsuzdur. Bu məktəbdə qarmonun sirlərini Vüsal Qəhrəmanovdan öyrənirəm. Qardaşım Sənan isə bu məktəbin pianino sinfində təhsil alır. Müəllimlərim ritm qabiliyyətimin yaxşı olduğunu deyirlər”.
Məhəmmədin fikrincə, əsl musiqiçi dinləyicilərini duymalı, onların zövqünü oxşamalıdır. Xalq mahnılarımızı, muğamlarımızı, xüsusilə də "Segah”ı qarmonda dinləməyi sevən Məhəmməd üçün musiqi ömürlük bağlanacağı sənətdir. O, təhsilini Milli Konservatoriyada davam etdirmək arzusundadır. İndiyədək respublika müsabiqələrinin laureatı, festivalların iştirakçısı olub. 2017-ci ildə isə Rəşid Behbudov adına Mahnı Teatrında solo konserti keçirilib.
Gələcəyin musiqiçisi
Həmsöhbətim - Nazə Hacıyeva isə musiqi məktəbinin 9-cu sinfində oxuyur. Nazə 2002-ci ildə Bakı şəhərində dünyaya gəlib. İki bacıdırlar. Dörd yaşlı bacısı Fatimənin sağlamlığında problem yoxdur.
Nazənin də musiqi sevdası kiçik yaşlarından bəlli olub. O, oyuncaq pianosunda musiqilər ifa etməyi xoşlayırmış. 5 nömrəli respublika xüsusi internat məktəbində təhsil aldığı vaxtlarda da bu istəyi azalmayıb. Ona görə musiqi məktəbində oxumağı qərara alıb. Nazə danışır: "Burada Aliyə müəllimə mənim bacarığımı kəşf etdi. O həm də kədərimə və sevincimə şərik oldu. Məndən yorulub "daha bəsdir” demədi. Özüm də həyatda mübariz olmağa çalışıram. Çox məşğul olur, dünya və Azərbaycan bəstəkarlarının əsərlərini öyrənirdim, sonra öz bəstələrim yaranmağa başladı...” Əvvəlcə bunu nota köçürmürdü. Amma hiss edirdi ki, gözəl şeylər yaranır. Bir gün bəstələrini əvvəlcə şagird yoldaşı və rəfiqəsi Gülnaza, daha sonra özündə cəsarət tapıb müəlliminə ifa etdi. Onlar bəyəndilər və Nazə bəstəkar olacağını qarşısına məqsəd qoydu. Hazırda öz musiqilərinə sözlər də yazmağa başlayıb. Arzuları çoxdur. Amma hələ ki yaxın planlarından danışır: "Rəfiqəm Gülnaz da mənim kimi fortepiano sinfində oxuyur və musiqilər bəstələyir. Onunla gələn ilin iyun ayında öz musiqi məktəbimizdə konsert verməyi qərara almışıq. Uğurlu alınsa, böyük konsert salonlarında çıxış etməyi düşünmək olar. Konsertdə dünya və Azərbaycan bəstəkarları ilə yanaşı, özümüzün də bir neçə musiqimizi təqdim etmək fikrindəyik. Başqa yeniliklərimiz də olacaq”.
Məhəmməd də, Nazə də boş vaxtlarını musiqiyə həsr etdiklərini söyləyirlər. Deyirlər ki, musiqi ilə öz dünyalarına daxil ola bilirlər. Nazə öz dünyasını belə təsvir edir: "Hər yerdə musiqi səslənir. Hər şeyin öz musiqisi var. Və o musiqi ancaq gözəllikdən və sevgidən danışır...”
Zöhrə FƏRƏCOVA
Azərbaycan.-
2018.- 14 noyabr.- S.7.