Zəhərli şəkər

 

14 noyabr Dünya Diabetlə Mübarizə Günüdür

 

Ölkəmizdə 260 min nəfərin yoluxduğu bu mərəz sürətlə cavanlaşır

- Təəssüf ki, bütün ömrümü onunla qoşa keçirmişəm. Uşaqlıq xatirələrimə də, sevinmək istədiyim, xoşbəxt olmaq istədiyim hər anıma da kölgə salıb. Addım-addım izləyib məni, boğulmuşam, sıxılmışam, amma nə qədər istəsəm də, qaçıb qurtula bilməmişəm. Çünki bu mənim alnıma yazılmış adı şəkər, özü isə zəhərdən də betər olan bir xəstəlik idi...

41 yaşlı İsa Verdiyev illərdir əziyyət çəkdiyi şəkərli diabet xəstəliyinin həyatında necə ağrılı və acımasız izlər buraxdığından danışır. Deyir ki, xəstəlik ona genetik keçib, atası da, qardaşı da şəkərli diabetdir. Uşaq ikən valideynlərinin diqqəti sayəsində bu xəstəliyi elə də hiss etmir, ciddiliyinin fərqinə varmırmış. Amma böyüdükcə xəstəliklə barışa bilmir, əsəbləri tab gətirmir: "Elə hey özümə sual verirdim ki, mən niyə bu xəstəliklə yaşamalıyam?! Məndə xəstəliyə qarşı bir aqressiya yaranmışdı və sanki onun acığına pəhrizimi gözləmir, vaxtlı-vaxtında müayinə olunmurdum. Təbii ki, gənc idim və bu üsulla xəstəliyi məğlub edəcəyimə inanırdım...”

Amma xəstəlik çox amansız olur və etdiyi bu səhvləri nəinki bağışlamır, hətta onu dünya işığına belə həsrət qoyur: "Hər iki gözümü, böyrəklərimi itirdim, indi anamdan mənə köçürülən böyrəyin hesabına yaşamağa çalışıram...”

Deyir ki, əslində bütün bu zillətlərə düçar olmasının səbəbi xəstəlik yox, elə onun özü olub: "Çox peşmanam, səhvlərimin ucbatından itirdiyim sağlamlığım üçün. Amma bilirəm ki, onu heç zaman geri qaytara bilməyəcəyəm...”

 

Sürətlə artan dəhşətli statistika

 

Hazırda dünyada 300 milyona yaxın insan şəkərli diabetdən əziyyət çəkir. Bu xəstəliyin profilaktikası və müalicəsi vaxtında aparılmasa, çox ciddi fəsadlar törədir. Böyük sürətlə yayılan xəstəlik ciddi sosial-tibbi problemlər yaradaraq hətta ölkələrin iqtisadiyyatına, ailələrin maddi durumuna təsir edir.

Hələlik illərdir aparılan tibbi araşdırmalar, tətbiq edilən müalicələr, məsləhət görülən dərmanlar bu xəstəliyin tam sağalmasına çarə qıla bilməyib. Və yaxın 20 ildə də bu xəstəlikdən dünyasını dəyişən insanların sayının iki dəfə artacağı gözlənilir. Dünya Səhiyyə Təşkilatının (DST) proqnozlarına görə, diabetdən əziyyət çəkənlərin sayı 2040-cı ilə qədər artaraq 642 milyon nəfərə çata, həmçinin 2030-cu ilədək diabetdən dünyasını dəyişənlərin sayı iki dəfə arta bilər.

 

İnsulinin kəşfi və mavi dairə...

 

Odur ki, insanların ömürlərinin azalmasına səbəb olan bu xəstəliyə diqqətin cəlb olunması məqsədilə 1991-ci ildən DST-nin və Beynəlxalq Diabet Federasiyasının tövsiyələrinə görə, 14 noyabr tarixi Dünya Diabetlə Mübarizə Günü kimi qeyd edilir. BMT-nin Baş Məclisinin 2006-cı il dekabrın 20-də qəbul etdiyi qətnaməyə əsasən Dünya Diabetlə Mübarizə Günü 2007-ci ildən başlayaraq BMT-nin rəsmi günü elan edilib. Bu gün insulini kəşf edən Frederik Bantinqin anadan olduğu gündür. O, Çarlz Best ilə 1922-ci ildə insulini kəşf etməklə diabetli insanların müalicəsində yeni bir mərhələnin başlanğıcını qoyub.

Dünya Diabetlə Mübarizə Gününün emblemi olan mavi dairə şəkərli diabet ətrafında hamının birləşməsini simvolizə edir. Hər il müxtəlif şüar altında keçirilən Dünya Diabetlə Mübarizə Gününün dəyişilməz amalı belə səslənir: "Güc birlikdədir!” Həmin gün ictimaiyyət xəstəliyin səbəbləri, simptomları, fəsadları və müalicəsi ilə bağlı məlumatlandırılır, xəstəliyin inkişafının qarşısının alınması yolları araşdırılır.

 

Çox adam şəkərli diabet olduğundan xəbərsizdir

 

Azərbaycanda cari ilin yanvarına olan məlumatlara görə, qeydiyyatda təxminən 243 min diabet xəstəsi olub. Lakin avqust ayında aparılan yoxlama zamanı bu sayın 260 min nəfərə qalxdığı məlum olub ki, onlardan da 1500-ə yaxını (18 yaşa qədər) uşaqlardır. Bununla yanaşı, hər yaş qrupundan olan diabet xəstələri var. Onlardan 10 faizi 1-ci, 80-90 faizi isə ikinci tip şəkərli diabetdir.

Milli Məclisin deputatı, tibb elmləri doktoru, professor, respublikanın baş endokrinoloqu Rafiq Məmmədhəsənov deyir ki, 40 yaşına qədər olan insanlarda adətən birinci tip şəkərli diabet olur. Burada insulin ya tam olmur, ya da cüzi miqdardadır. Bu da karbohidrat, yağ və digər mübadilələri pozur və ona görə də diabetə mübadilə pozğunluğu xəstəliyi deyirlər. Burada genetik faktorların da, infeksiyanın da rolu çoxdur. İkinci tip diabet isə 40 yaşından sonra ortaya çıxır və bu diabet yüngül gedişə malik olur. Öz müalicəsi üçün əksərən insulin istəmir, pəhrizlə, həblərlə müalicə olunur, çox arıqlamağa imkan vermir: "Şəkərli diabetin ən çox rast gəlinən klassik simptomları çox su içmə, sidiyə getmə, yemə və kəskin arıqlamadır. Bunların çoxu ikinci tipdə olmur. Əlamətlərdən hansısa olur, amma hökm deyil ki hamısı bir arada olsun. Ona görə də insanların çoxu şəkərli diabet olduğunu bilmir. Bu, təsadüfi yoxlama zamanı üzə çıxır”.

 

İnsan orqanizmində zədələmədiyi orqan qalmır

 

Baş endokrinoloqun sözlərinə görə, şəkərli diabet genetik xəstəlikdir. Əgər uşaq doğulanda valideynlərin hər ikisi diabetdirsə, uşağa ötürülmə ehtimalı 30-50 faizə qədərdir. Təkcə anada olanda 5, atada olanda isə 10 faiz olur ki, bunun da başvermə, törəmə səbəbini hələ ki elm bilmir. Uşaqlara genetik meyil ötürülür, amma onun meydana çıxması üçün şərait lazımdır, məsələn, stress kimi: "Diabet ömürlük xəstəlikdir, ona yaxşı qulluq etməsən, ağırlaşmaları olur. Məsələn, gözdən əlil olanların 25, aşağı ətrafları kəsilmiş, amputasiya olunmuş şəxslərin 25-30, hemodializə gedən xəstələrin 40-50 faizi diabetin payına düşür. Demək olar ki, diabetin insan orqanizmində zədələmədiyi toxuma qalmır”.

Professor deyir ki, hazırda şəkərli diabetin ən çox səbəbi oturaq həyat tərzi, piylənmə, stress kimi faktorlardır. Məsələn, xroniki stress şəkərə səbəb olur ki, onu mütəmadi hərəkətlə - gəzməklə, üzməklə yandırmaq lazımdır: "Müasir insanlar karbohidratlı qidalardan çox istifadə edirlər. Keçmişdə tortu, şəkərburanı ancaq varlı adamlar yeyərdi, ona görə də buna "varlıların xəstəliyi” deyirdilər. Hesablayanda görürsən ki, bir nəfərə il ərzində az qala yarım, 1 kisə şəkər tozu düşür. Keçmişdə belə tələbat, həm də təminat yox idi”.

Bir müəllimimiz var idi, məktəbi 30-cu illərdə bitirmişdi. Deyirdi ki, o zaman bir şəkərli diabet xəstəsi tapıb bizə göstərə bilmədilər ki, bax diabet belə olur. Amma indi təkcə Azərbaycanda 260 min şəkərli diabet xəstəsi var.

 

Həmçinin ən çox inkişaf etmiş ölkələrdə bu xəstəlik kütləvi yayılır. Bu göstərici, məsələn, Amerikada 7 faizdir, hətta bəzi ştatlarda 10 faizə çatır, yəni ümumi əhalinin 10 faizi diabetdir. Məsələn, Amerika əhalisi piylənmədən əziyyət çəkir ki, piylənmənin də yoldaşı elə şəkərli diabetdir. İngiltərədə əhalinin 7 faizə qədəri, həmçinin digər ölkələrdə 4-5 faizi şəkərli diabetdir, Hindistanda isə bu say daha çoxdur. Elə yerlər də var ki, məsələn, ekvatora yaxın, Qvineya-Bisau, Papua-Yeni Qvineya qəbilələri diabetin nə olduğunu bilmirlər, genlərində belə bir xəstəlik yoxdur”.

 

Bu xəstəlik ailələrin dağılmasına belə səbəb olur

 

Hər iki tip şəkərin müalicəsini aparanda burada əsas pəhriz müalicəsi də olmalıdır. Baş endokrinoloq Rafiq Məmmədhəsənov deyir ki, birinci tip ağır gedişli olur və insulin tələb edir, ikinci tip diabet yüngül, orta ağır və ağır gedişli ola bilər: "Bəzən də olur ki, yaşlı adamlarda birinci tip kimi ağır olur, bəzən isə cavan adamlarda ikinci tip kimi gedir, insulin istəmir. Onlara təyin olunan pəhriz də müxtəlifdir və burada qidanın ümumi kalorajı hesablanmalıdır. Təxminən karbohidratlı qidalar 60, yağlar 20, zülallar 20 faiz təşkil etməlidir. Kaloraj hesablanarkən xəstənin sənəti, gördüyü iş, xəstəliyinin ağırlıq dərəcəsi, tipi nəzərə alınır və müalicə təyin olunur. Bu xəstələr xəmir xörəkləri, makaron, vermişel, üzüm, yemiş, qarpız, baldan uzaq durmalıdır. Bəziləri deyir ki, baldan istifadə etmək olar, amma bu, yanlışdır, çünki bal asanlıqla həzm olunur və qanda şəkərin səviyyəsini oynadır”.

Professor Rafiq Məmmədhəsənov qeyd edir ki, indi insanlar şəkərli diabetə tutulanda çox narahat olurlar ki, bu, ölümdür, əslində isə belə deyil. Şəkərli diabet yaşam və həyat tərzidir, onunla yaşamağı bacarmaq lazımdır. Məsələn, müsbət emosiya qanda şəkərin səviyyəsini aşağı salır. Elm inkişaf etdikcə şəkərin müalicəsi üçün də yeni imkanlar yaranır. Əvvəllər yalnız bu xəstələr insulinlə müalicə edilirdi, indi həblər, şəkər ölçən aparatlar var ki, endokrinologiyanın inkişafında əsas amillərdir: "Xəstələrim var ki, 45 ildir yanıma gəlib-gedirlər, normal insanlar kimi həyatlarını davam etdirirlər. Məsələn, 2 yaşlı qız şəkərli diabet idi, o böyüdü, ailə qurdu, hətta nənə də oldu. Yəni bu xəstəliyə diqqət etsən, ona uyğun davransan, fəsadları ağır olmur. Onu da demək istəyirəm ki, gənclər ailə qurduqları şəxsin diabet olub-olmaması ilə bağlı məlumatlı olmalıdır. Bunun özü də bir faciədir, xəstəlik övladlara da keçir, cürbəcür fəsadlar ortaya çıxır, hətta ailə də dağılır...”

 

Dövlət diabetlə mübarizəyə ildə təxminən 45 milyon manat pul ayırır

 

Deputat məlumat verdi ki, MDB məkanında şəkərli diabet xəstələrinə dövlət qayğısı haqqında ilk qanun Azərbaycanda qəbul olunub. Bu gün də həmin qanun işləyir. Xəstələr pulsuz dərmanla təmin olunur, insulin, şəkərölçən çubuq, aparat alırlar. Hər il dövlət tərəfindən diabetlə mübarizəyə təxminən 45 milyon manat vəsait ayrılır. Gələn ilin dövlət büdcəsində də eyni həcmdə - 44,3 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Bununla yanaşı, səhiyyə naziri əmr verib ki, poliklinikaya, xəstəxanaya müraciət edən hər bir vətəndaşın qanda şəkəri yoxlanılsın və artıq bu, icbari tədbir kimi həyata keçirilir. Alınan insulinlər isə yüksəkkeyfiyyətli, Avropadan alınan insulinlərdir və sovetdən qalma dərmanlar yoxdur.

Onu da qeyd edək ki, Milli Məclisdə 2019-cu ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı qeyd edilib ki, ölkədə şəkərli diabet və xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin sayının artması və istifadə olunan dərman vəsaitlərinin əksəriyyətinin xaricdən alınması məqsədilə dövlət büdcəsində bu xəstəliklərin müalicəsi üzrə tədbirlərə əlavə olaraq 15 milyon manat vəsait nəzərdə tutulub.

 

Psixoloji gərginlik onları uçuruma sürükləyir

 

Bu bir reallıqdır ki, şəkərli diabetdən əziyyət çəkən xəstələrin psixologiyası tamamilə gərgin olur və hər an dəstəyə ehtiyac duyurlar.

Tibb Universiteti Tədris Terapevtik Klinikasının Endokrinologiya şöbəsində müalicə alan 61 yaşlı Raya Allahverdiyeva ikinci tip şəkərdir və deyir ki, 2000-ci ildə güclü stress keçirdiyi üçün bu xəstəliyə düçar olub: "O zaman oğlumun qar uçqununa düşməsi ilə bağlı xəbər gəldi və mən çox qorxdum. Günü-gündən halım pisləşirdi və əvvəlcə bunun böyrəyimdə olan narahatlıqla əlaqədar olduğunu düşündüm, amma müayinədən sonra şəkər olduğunu öyrəndim”.

Raya xanım deyir ki, o gündən bu xəstəliyə öyrəşərək yaşamağa başlayıb: "Bu xəstəliyə alışmaq çox çətin idi. Əgər ailəm, övladlarım mənə dəstək olmasaydı, indi heç bilmirəm yaşayardımmı?!”

Sevinc İsmayılova isə 17 yaşındadır və birdən-birə kəskin arıqlaması səbəbi ilə müayinə olunduqda şəkərli diabet olduğunu öyrənib: "Mən arıqlamağımı imtahana hazırlaşma stresi ilə əlaqələndirirdim, amma nənəmdə də bu xəstəlik olduğu üçün şübhələndik və müayinə olundum. Təəssüf ki, şübhələrimiz doğru idi və mən ömür boyu bu xəstəliklə yaşamağa mübtəla olmuşdum. Hələ də bu gerçəkliyə özümü alışdıra bilmirəm...”

 

Əgər xəstə bu fəsadın tərəfində dursa, həkimi təkləmiş olacaq...

 

Klinikanın endokrinologiya şöbəsinin müdiri Könül İsmayılova bizimlə söhbətində bildirdi ki, gənclərdə adətən şəkər insulin tələbli olur. 90 faiz hallarda, yəni xəstəyə diaqnoz qoyulduqdan sonra insulin vurulması məcburi olur: "Bu cür xəstələrə ilkin diaqnoz qoyulanda, əlbəttə ki, stress keçirirlər. Onların psixoloji dəstəyə çox ehtiyacı olur. Çünki insulin antibiotik müalicəsi deyil ki, 5-10 gün olsun. Əgər birinci tipdirsə, ömrünün axırına qədər belə yaşayırlar. Bu zaman həkim, xəstə, xəstənin ailəsi və lazım olarsa, psixoloq bir yerdə addımlamalıyıq. Adətən xəstələrə deyirəm ki, bizim müalicəmizdə 3 faktor var: Həkim, xəstəlik və xəstə. Xəstə hansının tərəfində dursa, o birisini təkləmiş olacaq. Əgər xəstə xəstəliyin tərəfində dursa, həkimi təkləmiş olacaq. Onun yazdığı müalicədən də heç bir nəticə olmayacaq”.

Xəstəliyin böyük hissəsinin irsi xarakterli olmasını vurğulayan həkim söyləyir ki, xüsusilə ailə anemnezi olan, hamiləlik dövründə şəkərləri yüksək olan, yüksək döl dünyaya gətirmiş analar daha diqqətli olmalıdır. Yüksək çəki ilə doğulmuş uşaqların anaları 90 faiz hallarda hamiləlik dövründə şəkər mübadiləsi pozulmuş qadınlar olur. O qadınların yaxın illər ərzində 50 faizi aşkar şəkərli diabet olur: "İkinci tip diabetə yaşlıların xəstəliyi deyirik, amma hazırda bu tipin cavanlaşması gedir. Hazırda gənclərdə təkcə birinci tip deyil, digər diabetlərə də rast gəlirik ki, bunun da səbəbləri arasında, çox güman ki, ekologiyanın, geni dəyişdirilmiş ərzaq məhsullarının təsiri çoxdur”.

 

Qurtuluş mümkündür, amma...

 

Bəli, təəssüf ki, bu "dadlı” xəstəliyin cənginə keçənlərin sayı durmadan artır. Heç bir yaş həddi tanımır, insanları özünün əsirinə çevirir. Xəstəliklə barışmayanlara, onunla mübarizə aparmaq istəyənlərə isə zillət çəkdirir.

Şəkərli diabet təkcə xəstəlik deyil, insanların ömür boyu yaşamağa məhkum olduğu bir rejimdir. Amma sanmayın ki, ondan yaxa qurtarmaq, əziyyətlərindən azad olmaq mümkün deyil. Mümkündür, o halda ki, şəkərin dostu ola, tələb etdiyi bütün qaydalara zamanında və düzgün əməl edə, onunla yaşamağı həyat tərzinə çevirməyi bacarasan.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2018.- 14 noyabr.- S.7.