Slovakiya nümayəndə heyəti Səngəçal
terminalında olub
Slovakiya Respublikasının nümayəndə heyəti Azərbaycan Respublikasına səfəri çərçivəsində noyabrın 14-də Səngəçal terminalında olub.
AZƏRTAC xəbər verir ki, terminalla tanışlıq Xəzər regionunda bənzərsizliyi ilə seçilən Xəzər Enerji Mərkəzindən başlanıb.
SOCAR-ın yataqların işlənilməsi üzrə vitse-prezidenti Yaşar Lətifov və “BP Azerbaijan” şirkətinin hökumətlə işlər üzrə baş müşaviri Qivami Rəhimli qonaqlara bildiriblər ki, Azərbaycanın neft-qaz sənayesinin tarixini dolğun əks etdirən bu Mərkəz ölkəmizin dünya neft və qaz sənayesindəki rolunu geniş təbliğ edir. Mərkəz 2005-ci ildə Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Gürcüstan və Qazaxıstandan olan yüksək səviyyəli rəsmi qonaqların iştirakı ilə Prezident İlham Əliyev tərəfindən açılıb. Mərkəzin istifadəyə verilməsi Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışı ilə eyni vaxta təsadüf edib. Burada qonaqlar rəmzi nişan kimi öz əl izlərini qoyub və bu nişan Xəzər Enerji Mərkəzinin rəmzinə çevrilib. Mərkəzin əsas məqsədlərindən biri Azərbaycanın neft və qaz sənayesinin 150 ildən çox olan tarixini nümayiş etdirməkdir.
Qonaqlara respublikamızın neft tarixinin xronologiyası barədə ətraflı məlumat verilib. Bildirilib ki, neft və qaz sənayesi Azərbaycan üçün yalnız iqtisadi dəyər daşımır, o, eyni zamanda, milli qürur mənbəyidir. Dünyada ilk dəfə mexaniki üsulla neft quyusu 1847-ci ildə Bibiheybət ərazisində qazılıb. XIX əsrə qədər dünyada hasil edilən neftin yarısı ölkəmizin payına düşüb. XIX əsrin ikinci yarısında xarici ölkələrin iş adamları Azərbaycanda biznes fəaliyyətinə başlayıblar. Bunlara bütün dünyada tanınan Rotşildlər və Nobel qardaşlarını misal göstərmək olar. Dünyada məşhur olan Nobel mükafatı həm də Alfred Nobelin Bakıdakı neft yataqları üzrə səhmlərinin satışından əldə olunmuş vəsaitlərin toplanması hesabına yaradılıb. İkinci Dünya müharibəsi illərində Sovet İttifaqında neftin 75 faizini hasil edən Azərbaycan ordunu yanacaqla təchiz edərək Qələbənin əldə olunmasında əhəmiyyətli rol oynayıb.
Ötən əsrin 70-80-ci illəri isə Xəzər dənizinin dərin sulu sahələrindəki yataqların işlənilməsi və neft-kimya sənayesinin inkişafı ilə səciyyəvidir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə nəhəng “Azəri-Çıraq-Günəşli” yatağının işlənilməsi məqsədilə “Əsrin müqaviləsi” kimi tanınan hasilatın pay bölgüsü haqqında müqavilə imzalanıb. Bu müqavilə ölkənin sürətli inkişafına təkan verərək onu regional enerji mərkəzinə çevirib.
Sonra qonaqlar avtobusla Səngəçal terminalının ərazisini gəziblər. Onlara terminaldakı texnoloji proseslər barədə ətraflı məlumat verilib.
Bildirilib ki, Səngəçal terminalı Azərbaycanın neft və qaz sənayesinin döyünən ürəyi hesab edilir. Terminal Azərbaycanın Xəzər dənizindəki yataqlarından hasil edilən xam neftin və qazın qəbul edildiyi, emal olunduğu, saxlandığı və ixrac edildiyi məkandır. “Azəri-Çıraq-Günəşli” yatağından ötürülən neft və “Şahdəniz”dən nəql edilən qaz terminala daxil olur, əsasən Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri ilə ixrac edilir. Dünyanın ən böyük və səmərəli neft və qaz terminallarından sayılan Səngəçal terminalının sahəsi 550 hektardan çoxdur. Terminalda gündə 1,2 milyon barreldən çox xam neft və 40 milyon kubmetrdən artıq qaz emal edilir. Onun xam neft saxlama həcmi 3,2 milyon barrel təşkil edir. Terminalın sahəsi mürəkkəb boru kəmərləri və avadanlıq şəbəkəsi ilə əhatə olunub. Dənizdəki qurğulardan terminala daxil olan boru kəmərləri müxtəlif marşrutlara istiqamətlənməklə Azərbaycanın yüksək keyfiyyətli xam neftini və qazını dünya bazarlarına nəql edir.
Bundan əlavə, terminal Qazaxıstan
və Türkmənistan
neftini də qəbul edir. “İlkin
Neft Layihəsi” və “Səngəçal
Terminalının Genişləndirilməsi
Proqramı” nəticəsində
terminalda hər birinin həcmi 25 min 500 kubmetr olan və
ildə 6 milyon tondan çox xam nefti emal
etmək, saxlamaq və ixrac etmək
iqtidarında olan 4 çən yerləşir.
Terminaldakı idarəetmə mərkəzi
Azərbaycan, Gürcüstan
və Türkiyə ərazilərindən keçən
ixrac boru kəmərlərinin fəaliyyətini
hərtərəfli nəzarətdə
saxlaya, problemləri aşkara çıxara bilir.
Vurğulanıb ki, Səngəçal terminalı öz neft və qaz
ixrac sistemləri ilə birlikdə Azərbaycanı Avropa ilə Asiyanın kəsişməsində mühüm
bir qovşağa çevirib.
Qonaqlara terminaldakı
texnoloji proseslər, o
cümlədən “Cənub
Qaz Dəhlizi”,
“Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin
Genişləndirilməsi layihələri
çərçivəsində görülən işlər,
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin
ilk nefti qəbul edən birinci nasos stansiyası barədə də ətraflı məlumat verilib.
Azərbaycan.- 2018.- 15 noyabr.- S.2.