AÇG-nin
neft-qaz ehtiyatları hələ çoxdur
İlin
ötən 10 ayı ərzində bu yataqlar blokundan 8 milyard
dollardan çox gəlir əldə olunub
Xəzərin Azərbaycan
sektorundakı "Azəri-Çıraq-Günəşli”
(AÇG) yataqlarının tammiqyaslı işlənməsi
layihəsi çərçivəsində bu il yanvarın 1-dən
noyabrın 1-dək 8 milyard 296 milyon, o cümlədən
"Şahdəniz” yatağından çıxarılan
kondensatın satışından 181 milyon dollar həcmində
gəlir əldə edilib. Bu barədə ARDNF (Azərbaycan
Respublikası Dövlət Neft Fondu) məlumat verib.
Hazırda AÇG yataqlar blokunda 8
platforma fəaliyyət göstərir. Onlardan 6-sı hasilat,
2-si texnoloji platformadır. AÇG-dən əldə olunan gəlirlər
bu qurğuların hamısının etibarlı şəkildə
işləməsini və hasilatın ahəngdarlığını
təsdiq edir. Birinci rüb ərzində AÇG-dən
ümumi hasilat gündə orta hesabla 597 min barel olub. Rüb ərzində
ümumilikdə təqribən 54 milyon barel, yəni 7 milyon ton
neft alınıb. Gündəlik hasilat "Çıraq”dan
53 min, "Mərkəzi Azəri”dən 156 min, "Qərbi
Azəri”dən 123 min, "Şərqi Azəri”dən 94 min,
"Dərinsulu Günəşli”dən 109 min və "Qərbi
Çıraq”dan 62 min barel təşkil edib.
Keçən il sentyabrın 14-də
AÇG yataqlarının beynəlxalq tərəfdaş
şirkətlərlə birgə işlənməsi və
Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş
və yenidən işlənmiş saziş imzalandıqdan
sonra şirkətlər arasında iştirak payı bu cür
müəyyənləşdirilmişdir:
BP (operator, 30,37 faiz), SOCAR (25 faiz),
"Şevron” (9,57 faiz), "İnpeks” (9,31 faiz), "Statoyl”
(7,27 faiz), "EksonMobil” (6,79 faiz), TPAO (5,73 faiz),
"İtoçu” (3,65 faiz), ONGC Videş Limited (2,31 faiz).
Sazişdə AÇG-də SOCAR-ın iştirak payı 11,65
faizdən 25 faizə qaldırılıb.
2050-ci ilədək bu yataqlar blokuna
40 milyard dollardan artıq sərmayə qoyulması nəzərdə
tutulur. Beynəlxalq tərəfdaşlar Azərbaycan
Respublikası Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus
ödəyəcəklər. Qeyd edək ki, cari il yanvarın
29-da ARDNF-yə AÇG üzrə imzalanmış yeni
sazişə uyğun olaraq 450 milyon ABŞ dolları həcmində
ilk bonus ödənişi həyata keçirilib.
Bu il mayın 29-da Səngəçal
terminalında "Cənub qaz dəhlizi”nin rəsmi
açılış mərasimində Prezident İlham
Əliyev bu barədə demişdir: "Azəri-Çıraq-Günəşli”
neft yataqları dünyanın ən böyük neft
yataqlarından biridir və 24 il bundan əvvəl
imzalanmış "Əsrin kontraktı”nın müddəti
keçən il 2050-ci ilə qədər uzadıldı. Yəni
bu, özlüyündə onu göstərir ki, bu yataqda nə
qədər böyük neft ehtiyatları var. "Əsrin
kontraktı” Azərbaycana nəfəs verdi, ölkəmizin
canlanmasına xidmət göstərdi. İlk dəfə
olaraq Xəzər dənizi xarici şirkətlər
üçün açıldı. Biz o xarici şirkətləri
dəvət etdik və bu gün "Əsrin
kontraktı”nın icrası çox uğurla gedir və kontraktın
imzalanmasından sonra Azərbaycanın yeni neft strategiyası
icra olunmağa başlamışdır”.
"Yeni əsrin müqaviləsi”
çərçivəsində AÇG müqavilə ərazisində
daha bir platformanın quraşdırılması nəzərdə
tutulur. Qurğu keçən ilin sentyabr ayında AÇG
üzrə imzalanmış yeni sazişin həyata
keçirilməsinə xidmət edəcək. Xəzərdə
"Mərkəzi Azəri” və "Şərqi Azəri”
platformalarının arasında, mərkəzi nöqtədə
yerləşəcək "Mərkəzi Şərqi Azəri”
platforması adlanacaq.
Yeni müqavilənin imzalanması
Azərbaycanın neft-qaz sektoruna marağın
azalmadığını göstərdi.
Göründüyü kimi, xarici şirkətlər Azərbaycanda
bu sahəyə daha böyük həvəslə vəsait
qoyurlar. Yeni saziş AÇG-nin uzunmüddətli işlənmə
potensialını həyata keçirmək və yeni sərmayələr,
texnologiyalar və birgə səylərlə blokun neftvermə
əmsalını ən yüksək həddə
çatdırmaq imkanı yaradır. Bu sazişin həyata
keçirilməsi AÇG-nin Azərbaycana gətirdiyi iqtisadi
mənfəətləri də maksimuma çatdıracaq.
ARDNF-nin məlumatına görə,
AÇG yataqlarından əldə olunan ümumi gəlirlər
2001-ci ilin əvvəlindən bu il noyabr ayının 1-dək
136 milyard 782 milyon dollar təşkil edib. Xatırladaq ki, ARDNF
1999-cu ildə ulu öndər Heydər Əliyevin uzaqgörən
siyasəti sayəsində yaradılıb. Sonrakı illərdə
ölkənin sosial-iqtisadi inkişafına sərf olunan daxili
investisiyaların xeyli hissəsi məhz bu fondun hesabına
formalaşıb.
Flora SADIQLI,
Azərbaycan.- 2018.- 15 noyabr.- S.1; 4.