Bakı funikulyoru yenidən fəaliyyətə başladı

 

İndi bu nəqliyyat vasitəsinin xidmətindən daha çox paytaxtımızın əcnəbi qonaqları yararlanırlar

 

Bir vaxtlar sovet gəncliyinin yeganə əyləncəsi sayılardı. Sevgililər Bakının dəniz mənzərəsini izləmək üçün bu nəqliyyatdan çox istifadə edərdilər. Bəlkə də bəziləri üçün bu, ən sevimli, ən maraqlı əyləncə idi. Söhbət Bakı funikulyorundan gedir...

Artıq yenidən fəaliyyətə başlamış Bakı funikulyoru bir ilə yaxın idi ki, təmir-profilaktika işləri ilə əlaqədar işləmirdi. İndi fəaliyyətdədir, paytaxtımızın gözəl mənzərəsinə şahidlik etmək üçün Bakının çoxsaylı qonaqları bu nəqliyyatın xidmətindən daha çox yararlanırlar.

 

Təmirdən yenicə çıxmış 58 yaşlı funikulyor

 

Bakı funikulyoru SSRİ Dövlət mükafatı laureatı, əməkdar mühəndis Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilərək 1960-cı il mayın 5-də istifadəyə verilib. Sovet dövründə Bakı funikulyorunun qatarları xüsusi sifarişlə Sankt-Peterburqda, avadanlıqlar isə Ukraynanın Xarkov şəhərində hazırlanaraq paytaxtımıza gətirilirdi.

Bakı funikulyoru indiyədək iki dəfə - 2001-ci və 2007-ci illərdə əsaslı təmir edilib. Funikulyorda dəmiryol xəttinin uzunluğu 455 metr, vaqonların sayı isə 2 ədəd olub. Vaqonlar saniyədə 3 metr sürətlə hərəkət edərək 3 dəqiqə ərzində bir stansiyadan digərinə çatmaq üçün 455 metr yol qət edib. Bəhram Gurun heykəli ilə Şəhidlər xiyabanı arasında lift rolunu icra edən funikulyorda vaqonlararası interval 10 dəqiqə olub. Funikulyor saatda orta hesabla 300 sərnişini daşımaq imkanına malik idi.

Prezident İlham Əliyevin tapşırığına əsasən, 2012-ci ildə Bakı funikulyorunda əsaslı təmir-yenidənqurma işləri aparılıb, yeni vaqonlar alınıb və 2012-ci il mayın 23-də açılışı keçirilib.

 

Selfi çəkdirənlər, ətrafı seyr edən əcnəbilər, sevinən uşaqlar...

 

Təmirdən yeni çıxmış Bakı funikulyoru ilə tanışlıq zamanı bir daha şahidi olduq ki, indi də bu nəqliyyat vasitəsinə insanlar böyük maraq göstərirlər. Funikulyorun istifadəçiləri yenə də çoxdur. Əsasən, uşaqları əylənsin deyə gətirən valideynlər, Bakının mənzərəsini seyr etmək üçün gələn əcnəbilər diqqətimizi çəkdi. Uşaqlar qapıdan içəri girən kimi heyrətlə ətrafa baxa-baxa, gülə-gülə oturacaqda əyləşir, valideynlər şəkil çəkdirirlər.

Vaqon hərəkətə keçir və yuxarıya doğru qalxırıq. Oman və Pakistandan ölkəmizə qonaq gəlmiş dörd dostla həmsöhbət oluruq. Aralarında ingilis dilində danışa bilən Oman vətəndaşı Məhəmməd Hənif Əsəd ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşdü. Bakının çox gözəl şəhər olduğunu bildirən Məhəmmədin dediyinə görə, ən çox xoşladığı burada yerli sakinlərin qoyulan qaydalara əməl etməsidir.

 

Özünün və dostlarının funikulyora marağını isə belə izah etdi:

 

- Bələdçimizdən bizi Bakının mənzərəsini daha ətraflı seyr edəcəyimiz yerə aparmasını xahiş etdik. O bizi bura gətirdi. Həqiqətən də çox qəşəngdir. İlk dəfədir belə bir nəqliyyata minirəm.

 

Maraqlı söhbətin ortasında siqnal səsləndi və artıq eniş nöqtəsinə çatdıq. Burada bizi Bakı funikulyorunun rəisi Tofiq İsmayılov gözləyirdi.

 

Funikulyor sərnişinlərin təhlükəsiz daşınması üçün tam hazır vəziyyətə gətirilib

 

 

Tofiq müəllim deyir ki, funikulyorun stansiyaları və vaqonlarında da cari təmir işləri görülüb, istismar müddəti bitən akkumulyatorlar yeniləri ilə əvəz olunub. Texniki təhlükəsizlik tələblərinə uyğun vaqon və digər avadanlıqların diaqnostikası və profilaktikası aparılıb, funikulyor sərnişinlərin təhlükəsiz daşınması üçün tam hazır vəziyyətə gətirilib. Metropolitenin mütəxəssisləri də dəvət olunaraq dəmir yollarının ölçüləri götürülüb. Texniki problemləri aradan qaldırmaq üçün tələb olunan avadanlıq xaricdən gətirilib. İşçilər yeni geyimlərlə təmin olunublar. Funikulyorun ümumilikdə 24 işçisi var.

 

Tofiq İsmayılov deyir ki, ümumiyyətlə, hər həftənin birinci günü qabaqlayıcı tədbirlər görmək məqsədilə profilaktika günü keçiririk: "Sərnişinlərin təhlükəsizliyi, rahatlığı baxımından bunu həmişə etmək borcumuzdur”.

 

Birtərəfli gedişhaqqı 1 manatdır

 

Funikulyorda birtərəfli gediş haqqı 1 manatdır. 5 yaşdan yuxarı hər bir sərnişin gediş haqqı ödəməlidir. Uşaqların təhlükəsizliyi üçün onlar valideynsiz buraxılmır. Funikulyor səhər saat 10:00-dan axşam saat 22:00-a qədər işləyir.

 

Tofiq İsmayılov şənbə və bazar günlərində daha çox ziyarətçinin olduğunu deyir: "Qış aylarında az istifadəçi olur. Ancaq günəşli günlərdə elə olur ki, gün ərzində 300, bəzən mindən çox sərnişin olur. Bir vaqonda 28 oturacaq var. 12 nəfər də ayaq üstə gedə bilər”.

 

Keçmişini xatırlamağa gələnlər...

 

Tofiq müəllimlə söhbətdən sonra kənarda dayanıb aşağıdan digər vaqonun qalxmasını gözləyirik. Vaqon yaxınlaşıb dayanır və sərnişinlər düşürlər. Yenə gözümüzə xeyli sayda əcnəbi dəyir. Diqqətimizi çəkən isə gözlərində problemi olan xanımının əlindən tutaraq qaldıran yaşlı kişi olur. Deyəsən, gənclik çağlarını yadlarına salmaq üçün gəliblər.

73 yaşlı Əşrəf kişi həyat yoldaşı, 60 yaşlı Gülçöhrə ilə artıq 40 ilə yaxındır evlidirlər. "Biz sovet dövrünün gəncləriyik” deyən Əşrəf kişi o vaxt elə sevgilisi Gülçöhrənin qolundan tutub funikulyora çox minirlərmiş. İndi Dağüstü parkda oturub birgə istirahət edən bu yaşlı cütlük keçmişini xatırlamaq üçün bura gəlib. Ayaq üstə çox dayana bilmədiklərindən onları çox yormayıb sağollaşdıq.

Söhbətimizi və müşahidələrimizi bitirib yuxarı qalxan yeni vaqonla geri qayıdırıq. Bu dəfə mən də sərnişin kimi funikulyordan paytaxtın mənzərəsini izlədim. Həqiqətən də, gözəl Bakımızın xoş mənzərəsini görmək üçün ən azı bir dəfə funikulyora minmək məsləhətdir...

 

Fərizə ƏHMƏDOVA

 

Azərbaycan.- 2018.-15 noyabr.- S.7.