Böyük
Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik
yubileyinin qeyd edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
2019-cu ildə böyük Azərbaycan
şairi və mütəfəkkiri İmadəddin Nəsiminin
anadan olmasının 650 illiyi tamam olur.
İmadəddin Nəsimi Azərbaycan
xalqının ümumbəşər mədəniyyətinə
bəxş etdiyi qüdrətli söz ustalarındandır. O,
Şərqin zəngin mədəni-mənəvi sərvətləri
üzərində ucalmış və bədii söz sənətinin
son dərəcə qiymətli incilərini meydana gətirmişdir.
Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi
görüşlərin vəhdətində olub, dövrün
elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə
çevrilmiş müstəsna əhəmiyyətli ədəbi
irsi qədim köklərə və çoxəsrlik ənənələrə
malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ
təşkil edir.
Nəsimi dünya
poeziyasının ən kamil nümunələri
sırasında diqqətəlayiq yer tutan əsərlərində
daim insanın əzəmətini, insani məhəbbəti və
şəxsiyyətin azadlığını tərənnüm
etmişdir. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun,
deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində
unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin
mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər
Azərbaycan dilinin məna imkanlarını bütün
dolğunluğu və rəngarəngliyi ilə əks etdirir.
Sənətkarın yaradıcılığı bir sıra
xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli
təsir göstərmişdir.
Nəsimi irsinin Azərbaycan
xalqının mənəviyyat xəzinəsində layiqli
yerini tutması ötən əsrin 70-ci illərində öz
geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə
münasibətdə əsaslı dönüş
yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə
bilavasitə bağlıdır. Məhz ulu öndərin təşəbbüsü
ilə Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndələrindən ilk dəfə Nəsiminin
600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil
edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd
olunmuşdur.
Həmin dövrdən etibarən Nəsimi
irsinin və bütövlükdə klassik Azərbaycan mədəniyyətinin
daha əhatəli araşdırılması istiqamətində
mühüm addımlar atılmışdır. Nəsiminin
yaradıcılığı artıq milli-mənəvi
varlığımızın ayrılmaz tərkib hissəsidir.
Azərbaycan ədəbiyyatı və
incəsənətində Nəsiminin yaddaqalan obrazı
yaradılmış, Bakının mərkəzində
şairin əzəmətli heykəli
ucaldılmışdır. Azərbaycan Milli Elmlər
Akademiyasının Dilçilik İnstitutu Nəsiminin
adını daşıyır.
2017-ci ilin may ayında Parisdə
YUNESKO-nun baş qərargahında Nəsiminin vəfatının
600 illiyinin qeyd edilməsi və 2018-ci ilin sentyabr ayında
ölkəmizdə Nəsimi şeir, incəsənət və
mənəviyyat festivalının təntənəli şəkildə
keçirilməsi ölməz şairin xatirəsinə dərin
ehtiramın ifadəsi hesab oluna bilər.
İmadəddin Nəsiminin adı
həqiqət naminə, fikir azadlığı yolunda qəhrəmanlığın
rəmzi kimi əbədiləşib, əsrlərdən bəri
Şərq xalqlarının yaddaşında
yaşamaqdadır.
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, böyük Azərbaycan şairi və mütəfəkkiri
İmadəddin Nəsiminin anadan olmasının 650 illik
yubileyinin yüksək səviyyədə keçirilməsini
təmin etmək məqsədi ilə qərara alıram:
1. Böyük şair və
mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi
Azərbaycan Respublikasında dövlət səviyyəsində
geniş qeyd edilsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti böyük Azərbaycan şairi və
mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik
yubileyinə həsr olunmuş tədbirlər planının
hazırlanıb həyata keçirilməsini təmin etsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
15 noyabr 2018-ci il
Azərbaycan.
- 2018.- 16 noyabr.- S.2.