Əməkdaşlığın yeni üfüqləri

 

Mehriban xanım Əliyevanın Azərbaycanın bu nüfuzlu təşkilatla münasibətlərinin inkişafında böyük xidmətləri var

 

Hər bir ölkə qədimliyini, bəşər sivilizasiyasının formalaşmasındakı rolunu sübuta yetirmək, onu dünyaya təqdim etmək üçün mədəni irs nümunələrindən faydalanır. Ona görə də bütün tarixi dövrlərdə maddi-mədəniyyət abidələrinin mühafizəsinə xüsusi diqqət yetirilib.

Dövlət müstəqilliyinin bərpasından sonra bir sıra sahələrdə olduğu kimi, maddi-mədəniyyət nümunələrimizin qorunub saxlanması və dünyaya öz adı və ünvanı ilə təqdim olunması istiqamətində aparılan dövlət siyasətinin uğurlu nəticəsidir ki, bir sıra sərvətlərimiz UNESCO-nun Maddi-Mədəni İrs siyahısına salınıb.

Azərbaycanın da üzv olduğu nüfuzlu beynəlxalq qurumlardan, BMT-nin humanitar sahə üzrə ixtisaslaşmış təşkilatlarından biriUNESCO-dur. Onun yaranması haqqında Nizamnamə 1945-ci il noyabrın 16-da Londonda imzalanıb. 1946-cı il noyabrın 4-də isə 20 üzv dövlətdən ibarət təşkilat rəsmi fəaliyyətə başlayıb. 193 dövləti humanitar məsələlərdə birləşdirən UNESCO-nun Azərbaycanla əlaqələri xüsusi diqqət mərkəzində saxlanır. Bu münasibətin inkişafında ən mühüm addım ümummilli lider Heydər Əliyevin 1993-cü ilin dekabrında Fransaya ilk rəsmi səfəri zamanı qurumun Parisdəki mənzil-qərargahında ozamankı baş direktor Federiko Mayorla görüşü zamanı atılıb. Ulu öndərin 21 fevral 1994-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası yaradılıb. 2005-ci il sentyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Milli Komissiya ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Təsadüfi deyil ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və UNESCO-nun ideyalarına sadiqliyinə görə 2004-cü ilin sentyabrında bu təşkilatın xoşməramlı səfiri adına layiq görülüb.

Mehriban xanım Əliyevanın Azərbaycan-UNESCO münasibətlərinin inkişafında və möhkəmləndirilməsindəki xidmətləri danılmazdır. Ölkəmizin mədəni irsinin təbliği, onun milliregional səviyyələrdə mühafizəsinin təmin olunması sahəsində gördüyü əvəzsiz işlər belə deməyə əsas verir. Mehriban xanım Əliyevanın təşəbbüslərinin nəticəsi olaraq UNESCO ilə elm, təhsil, mədəniyyət sahəsində əməkdaşlığın inkişafı üçün mühüm sənədlər imzalanıb, tədbirlər həyata keçirilib. Məhz bu humanitar siyasətin bəhrəsidir ki, Azərbaycan muğamı UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan edilib, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu ümumdünya irs siyahısına salınıb, İçərişəhər Qoruğu UNESCO-nun təhlükədə olan ümumdünya irsi siyahısından çıxarılıb. Bütün bunlara onu da əlavə etməliyik ki, aşıq sənəti və Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısında özünə yer alıb.

Mədəni Dəyərlərin Mənsub Olduqları Ölkələrə Qaytarılmasının Təşviqi və ya Qanunsuz Mənimsəmə halında Geri Qaytarılması üzrə UNESCO-nun Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasətinin yalnız ərazi iddiaları ilə məhdudlaşmadığı, işğal olunmuş torpaqlarda yüz mindən artıq dəyərli eksponatın, zəngin mədəniyyət nümunələrinin oğurlanması və dağıntılara məruz qalması haqqında əsaslandırılmış məlumatlar verilib. Həmçinin həmin ərazilərdə qeyri-qanuni arxeoloji qazıntıların aparılması və aşkar edilmiş obyektlərin mənimsənilməsi halları bir daha diqqətə çatdırılıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, "Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xalqımızın ənənəvi klassik musiqisini dünya miqyasında tanıtmaq məqsədilə Bakıda Beynəlxalq Muğam Mərkəzi tikilərək istifadəyə verilib. 2009-cu ilin martında Azərbaycanda I Beynəlxalq Muğam festivalı keçirilib. UNESCO-nun ozamankı baş direktoru Koişiro Matsura bu münasibətlə ölkəmizə səfər edib. Qonaq səfəri çərçivəsində Bakıda Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan Müasir İncəsənət Muzeyinin açılış mərasiminə və Novruz bayramı şənliklərinə də qatılıb.

UNESCO ilə Azərbaycan arasında elm, təhsil, mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün Bakıda bir sıra beynəlxalq tədbirlər keçirilib. Dünyada savadlılığın dəstəklənməsi üzrə UNESCO-nun regional konfransları silsiləsindən 2008-ci ilin may-iyun aylarında Azərbaycanda keçirilən "Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək”, "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” və digər tədbirlər bu xoş mərama xidmət edib.

Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin UNESCO çərçivəsində qeyd edilməsi də bu nüfuzlu beynəlxalq təşkilatla əlaqələrin yüksək səviyyəsinin göstəricisidir. "Kitabi-Dədə Qorqud” dastanının 1300, Məhsəti Gəncəvinin 900, M.Füzulinin 500, dünya şöhrətli alim, akademik Yusif Məmmədəliyevin 100, "Leyli və Məcnun” operasının ilk tamaşasının 100, görkəmli yazıçı Mir Cəlal Paşayevin 100 illik yubileylərinin, habelə bu sıradan olan digər tədbirlər UNESCO çərçivəsində böyük təntənə ilə qeyd edilib.

UNESCO-nun 60 illik yubileyi münasibətilə qurumun baş qərargahında keçirilən "Sivilizasiyalararası dialoq” çərçivəsində "Azərbaycan - sivilizasiyaların və mədəniyyətlərin kəsişdiyi yer” adlı tədbir də ölkəmiz haqqında həqiqətlərin yayılması baxımından böyük önəm daşıyıb.

2008-ci ilin may ayında yaddaqalan daha bir tədbir də gerçəkləşib: Dövlət Gənclər Simfonik OrkestriUşaq xoru - "Azərbaycanın xoşməramlı mələkləri” UNESCO-nun iqamətgahını fəth ediblər. Həmin konsertdə Azərbaycanın gənc istedadları qurumun 20-dən artıq xoşməramlı səfirinə unudulmaz anlar yaşatmaqla, xalqımızın mədəniyyətinin zənginliyini, möhtəşəmliyini bir daha nümayiş etdiriblər.

2009-cu il noyabrın 17-də UNESCO-nun mənzil qərargahında keçirilən "UNESCO-da Azərbaycan günü” də mədəniyyətimizin təbliği baxımından daha bir addım idi. 2010-cu ilin yayında Qəbələdə keçirilən II Beynəlxalq Musiqi Festivalı da UNESCO-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyirdi. Belə ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəvəti ilə UNESCO-nun baş direktoru İrina Bokova ölkəmizdə səfərdə olub. Qəbələdə keçirilən II Beynəlxalq Muğam Festivalında UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya Motsart medalını da məhz həmin festivalda təqdim edib.

UNESCO ilə əməkdaşlıq yalnız ikitərəfli əlaqələr üzərində qurulmayıb. UNESCO çoxtərəfli beynəlxalq təşkilat olduğu üçün onun vasitəsilə müxtəlif ölkələr arasında qarşılıqlı əməkdaşlıq üçün şərait yaranıb. Bunun nəticəsidir ki, Azərbaycan təhsil, elm, mədəniyyət sahəsində də müxtəlif ölkələrlə çox vaxt UNESCO vasitəsilə geniş əlaqələr yaradıb.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2018.-16 noyabr.- S.4.