Tolerantlığın
Azərbaycan modeli
Prezident
İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində
bu model dünyada mükəmməl nümunə kimi qəbul
edilir
16 noyabr tarixi bütün
dünyada Beynəlxalq Tolerantlıq Günü kimi qeyd olunur.
1995-ci ildə UNESCO-nun 50 illiyi münasibətilə təsis
edilən Beynəlxalq Tolerantlıq Gününun məqsədi
bütün dinlərin və xalqların nümayəndələrini
bir-birinin dəyərlərinə ehtiram şəraitində
yaşamağa çağırışdır. Azərbaycanda
da bu əlamətdar tarix qeyd edilir.
Beynəlxalq Tolerantlıq
Gününun təsis olunması xüsusən son onilliklərdə
dünyanın müxtəlif yerlərində milli və dini zəmində
baş verən qarşıdurmaların daha da dərinləşməsi
idi. Bəli, müasir dövrümüzün acı həqiqətlərindən
biri ondan ibarətdir ki, heç də hər kəs birgə
yaşadığı digər millətin mədəniyyətinə,
dininə və digər mənəvi dəyərinə
hörmət etmək istəmir. Bunun da nəticəsində
toqquşmalara, savaşlara gətirib çıxaran qanlı
hadisələr baş verməkdədir.
Azərbaycanda isə vəziyyət
fərqlidir. Lakin bu fərqli mühit yeni yaranmayıb. Bu mənada
ölkəmizi fərqləndirən cəhət ilk növbədə
ondan ibarətdir ki, tarix boyu bu coğrafiyada yaşayan
bütün dinlərin və etnosların təmsilçiləri
bir-birlərinin mədəni və mənəvi
baxışlarına sayğı göstəriblər.
Bu torpaqlarda tarixin heç bir
dönəmində dini və ya mili zəmində
qarşıdurmalar, azacıq da olsa ziddiyyətlər meydana
çıxmayıb. Yəni Azərbaycanda tolerantlıq ənənəsinin
əsası hələ qədim dövrlərdən qoyulub. Azərbaycan
tarixin ilkin dönəmlərindən başlayaraq hər zaman
başqa xalqlara və dinlərə sayğı ilə
yanaşıb.
Bu münasibət müasir zamanda
da nəinki dəyişməyib, əksinə, daha da dərinləşib.
Beləliklə, tarixdən süzülüb gələrək
milli və dini tolerantlığın Azərbaycan modeli
formalaşıb. Azərbaycanın dövlət müstəqilliyindən
sonra xalqımızın əsrlər boyu
yaşatdığı bu dəyər dövlət siyasətinin
mühüm istiqamətlərindən birinə çevrilib. Məhz
ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən
sonra ictimai-siyasi sabitliyin bərpa olunması bütün
xalqların və dinlərin nümayəndələrinin əvvəlki
tək mehriban şəkildə birgə
yaşayışını təmin etdi. Ölkə ərazisində
milli və dini zəmində separatçılıq toxumu səpən
bütün zərərli cərəyanların,
qruplaşmaların fəaliyyətinin qarşısı qətiyyətlə
alındı. 1995-ci ildə qəbul edilən Azərbaycan
Konstitusiyası ölkəmizdə yaşayan bütün
azsaylı xalqların və dinlərin nümayəndələrinin
hüquqlarını, vicdan azadlığını təsbit
etdi.
Son 15 ildə Azərbaycanın bir
dövlət kimi keçdiyi sürətli inkişaf yolu hər
birimizdə qürur və fəxarət hissi doğurur. Bu
dövrdə ölkəmizin özünəməxsus sürətli
yüksəlişindən yaranan inkişafın Azərbaycan
modeli bir sıra dövlətlərin marağına səbəb
olub. Doğma vətənimizi dünyaya tanıdan həm də
tolerantlığın Azərbaycan nümunəsi olub.
Çünki bu dövrdə Azərbaycanda həyata
keçirilən dövlət siyasəti ölkədəki
mövcud tolerantlıq mühitini daha da dərinləşdirib,
xalqların və dinlərin nümayəndələri
arasındakı tarixi dostluq tellərini daha da möhkəmləndirib.
Təsadüfi deyil ki, Azərbaycanda tolerantlığın tam
təmin olunması faktı dəfələrlə müxtəlif
beynəlxalq təşkilatların hesabatında öz əksini
tapıb.
Azərbaycan üçün son
illərin ən böyük tarixi reallıqlarından biri də
ölkəmizin beynəlxalq tədbirlər məkanına
çevrilməsidir. Bu tədbirlərin bir qisminin mədəniyyətlər
və sivilizasiyalar arasında dialoqa həsr olunması
xüsusilə diqqəti çəkir. Bu da təsadüfi
deyil. Çünki bütün dünya Azərbaycanı
tolerant ölkə kimi tanıyır və ölkəmizdə
bu sahədə mövcud olan ənənələri nümunə
kimi qəbul edir.
Azərbaycandakı
tolerantlığın ən gözəl nümunələrindən
biri də tez-tez bütün dini icmaların nümayəndələrinin
burada bir araya gəlməsidir. Məsələn, müsəlmanların
Ramazan ayında təşkil olunan iftar məclislərində
Azərbaycanda yaşayan xristianların, iudaistlərin və
digər dini icmaların nümayəndələri də
iştirak edirlər. Üç əsas səmavi dinin
nümayəndəsinin mehriban şəkildə bir araya gəlməsi
olduqca nadir hadisədir və sevindirici haldır ki, bu, məhz
Azərbaycanda baş verir.
Prezident İlham Əliyevin qeyd
etdiyi kimi, dinlər və məzhəblər arasında dostluq
və dözümlülük münasibətlərinin
alternativi yoxdur: "Bu gün dünyada tolerantlıq örnəyi
kimi tanınan Azərbaycan sivilizasiyalararası dialoqun, beynəlxalq
sülh və təhlükəsizliyin təmin olunması
istiqamətində ardıcıl olaraq zəruri təşəbbüs
və çağırışlarla çıxış
edir. Son illər ölkəmizdə beynəlxalq humanitar
forumların, dünya dini liderlərinin sammitlərinin
keçirilməsi, Beynəlxalq Tolerantlıq
Gününün böyük məmnuniyyət hissi ilə
ayrı-ayrı konfessiyaların nümayəndələrinin
iştirakı ilə qeyd olunması, bəşəriyyəti
narahat edən qlobal problemlər ətrafında birgə
müzakirələrin aparılması bunun bariz nümunəsidir.
Bu gün bir sıra ölkələrdə şahidi
olduğumuz mürəkkəb etno-siyasi proseslər, dinin siyasi
ambisiyalara alət edilməsi cəhdləri, radikalizm və
ekstremizmin artması göstərir ki, sülh və əmin-amanlıq
axtarışında olan dünyamızda multikulturalizmin
alternativi olmadığı kimi, müxtəlif dinlər və
məzhəblər arasında dostluq və dözümlülük
münasibətlərinin də alternativi yoxdur”.
Azərbaycandakı tolerantlıq
mühitinin inkişafına Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsi də öz səlahiyyətləri
çərçivəsində layiqli töhfələr
verir. Respublikada dini fəaliyyət sahəsində dövlət
siyasətinin həyata keçirilməsini təmin edən,
dini qurumlarla bağlı qanunvericiliyə riayət
olunmasına nəzarəti həyata keçirən mərkəzi
icra hakimiyyəti orqanı kimi komitənin fəaliyyəti
sağlam dini mühitin qorunub saxlanılmasından ibarətdir.
Bununla yanaşı əsas vəzifələrindən biri dini
etiqad azadlığının həyata keçirilməsi
üçün müvafiq şəraitin yaradılması
olan komitə fəaliyyəti ilə dini konfessiyalar arasında
əlaqələrin də dərinləşməsinə,
qarşılıqlı hörmət, anlaşma və
dözümlülük mühitinin möhkəmlənməsinə
fəal dəstək verir. Nəticə etibarilə bu fəaliyyət
mövcud tolerantlıq mühitinin daha da təkmilləşdirilməsinə
xidmət edir.
Azərbaycanda bütün millətlərin,
mehriban və bir-birlərinin adət-ənənələrinə
hörmət ruhunda yaşaması həm tarixən, həm də
bu gün malik olduğumuz ən böyük mənəvi dəyərlərdən
biridir. Bu dəyər həm də ölkəmizin
inkişafının və ictimai-siyasi sabitliyinin mühüm
şərtləri sırasında yer alır. Azərbaycandakı
tolerantlıq mühiti bundan sonra daha da möhkəmlənəcək
və ölkəmizin yüksəlişinə
özünün layiqli töhfəsini verəcək.
Vüsalə
HÜSEYNOVA,
Azərbaycan
Respublikası Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin
İctimaiyyətlə
əlaqələr şöbəsinin müdir müavini
Azərbaycan.-
2018.- 16 noyabr.- S.1; 5.