Tarixin ən
güclü Azərbaycanı
17 noyabr Milli
Dirçəliş Günüdür
Ötən əsrin 80-ci illərinin
sonlarında artıq çürümüş sovet
imperiyasının əsl mahiyyəti aydınlaşır, uzun
illər təlqin olunan kommunist beynəlmiləlçiliyinin
puç olduğu üzə çıxırdı. Belə
bir vaxtda öz mövcudluğunu qorumağa
çalışan imperiya bu məqsədlə yerlərdə
milli zəmində münaqişələrin baş qaldırmasına
rəvac verirdi. 1988-ci ildən açıq müstəviyə
qədəm qoyan erməni separatizmi də imperiyanın dəst-xətti
idi.
Azərbaycan xalqı o zaman ölkəyə
rəhbərlik edənlərdən fərqli olaraq erməni
separatizminə, Ağdamda iki azərbaycanlının qətlə
yetirilməsinə, Topxana meşələrində törədilən
vəhşiliklərə ilk gündən etiraz səsini
ucaltdı. Baş verən hadisələr həm də
xalqımızın milli hisslərini alovlandırdı.
Milyonlarla insanın toplaşdığı Bakının
Azadlıq meydanında səslənən tələblərin
mahiyyəti getdikcə dəyişir, müstəqil dövlət
qurmaq ideyası milli düşüncəyə hakim kəsilirdi.
İnsanlar meydanlara çıxmaqla Azərbaycanı müstəmləkə
əsarətində saxlayan sovet imperiyasına qarşı ilk
kütləvi etiraz səsini qaldırdılar. Beləliklə,
1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı
geniş vüsət aldı. XX əsrin əvvəllərində
istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik
arzularını reallaşdırmaq üçün tarixi bir
fürsətin yarandığını hiss etdi. 1988-ci il noyabr
günləri göstərdi ki, xalqımız müstəqil
olmağa, azad yaşamağa layiqdir.
Proseslərin gedişatı
göstərirdi ki, yalnız yüksək amallara xidmət edən
cahanşümul ideya xalqımızı qarşıya
qoyduğu məqsədə çatdıra, bu gün
böyük qürur hissi ilə
danışdığımız müstəqil Azərbaycan
reallığını gerçəkliyə çevirə
bilərdi. Ölkəyə rəhbərlik edənlər bu
ideyadan kifayət qədər uzaq idilər. Özlərini
milli azadlıq mücadiləsinin lideri hesab edənlərin də
gələcəyə hesablanmış təkmil ideyaları
yox idi. Azadlıq istəyi xalq hərəkatından başlasa
da, meydanda rəhbərlik iddiasında olanların səriştəsizliyi
nəticəsində və respublikanın dərin böhrana
sürükləndiyi bir vaxtda insanlar getdikcə daha da dərindən
əmin olurdular ki, həqiqi liderə böyük ehtiyac var.
Tarix də sübut edir ki, xalqların və millətlərin
taleyində, formalaşmasında, dünyadakı yerinin müəyyənləşdirilməsində
tarixi şəxsiyyətlərin, dahi siyasətçilərin
müstəsna rolu danılmazdır. Tarix isə təkrarlanır
və belə tarixi şəxsiyyətin, dahi siyasətçinin
Heydər Əliyev olduğu xalq tərəfindən qəbul
olunurdu. Bunu o vaxtkı İttifaq və respublika rəhbərliyi
də aydın dərk edirdi. Ona görə də dahi siyasətçini
siyasi təqiblərə, əsassız böhtanlara məruz
qoyur, xalqın onun ətrafında birləşəcəyindən
qorxur, Azərbaycana qayıdaraq siyasi fəaliyyətlə məşğul
olmasına əngəllər törədirdilər.
Bütün mənəvi və
siyasi təqiblərə mətinliklə sinə gərən
Heydər Əliyev hətta həyatı üçün
yaradılan sui-qəsdlərdən çəkinməyərək
sovet rəhbərliyi ilə cəsarətlə mübarizə
apardı və doğma vətəninə - Azərbaycana gəldi.
Beləliklə, 1969-1982-ci illərdə
Azərbaycanın gələcək dövlət müstəqilliyinin
bünövrəsini qoyan Heydər Əliyev
xalqımızın ciddi və taleyüklü problemlər
qarşısında dayandığı bir dövrdə öz
həyatını təhlükə qarşısında
qoyaraq milli mübarizə meydanına atıldı, misilsiz
tarixi xidmətlər göstərdi, Azərbaycanın müstəqilliyinin
əldə olunmasında, milli dövlətçiliyinin
yaşadılmasında, milli birliyinin qorunub
saxlanılmasında tarixi missiya həyata keçirdi.
Beləliklə, Azərbaycanda
dövlət müstəqilliyi yolunda mücadilə 1988-ci ildə
xalq hərəkatı ilə başlansa da, bu istiqamətdə
həlledici proseslər Heydər Əliyevin Azərbaycana
qayıdışından sonra cərəyan etdi. Heydər
Əliyevin gəlişindən sonra milli dirçəliş
prosesi bütün Azərbaycan siyasi mühitində
aparıcı qüvvəyə çevrilərək, milli
dövlətçiliyin bərpası istiqamətində qəti
addımların atılması ilə müşayiət olundu.
Ulu öndərin Naxçıvanda parlament seçkilərinə
qatılması və qalib gəlməsi, respublika ictimaiyyətinin
qabaqcıl nümayəndələrinin Naxçıvana
üz tutması, Heydər Əliyevlə təmasa can
atması, insanlarla gündən-günə genişlənən
çoxsaylı və kütləvi görüşlər Azərbaycanda
milli azadlıq hərəkatının vüsət
almasına və getdikcə daha mütəşəkkilləşməsinə
müsbət təsir göstərməyə başladı.
1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi
ilə öz işinə başlayan Naxçıvan Ali Məclisinin
sessiyası tariximizdə Azərbaycan dövlətçiliyinin
dirçəlişi prosesinin həyata keçirilməsi ilə
bağlı bir çox məsələlərin müzakirə
olunması, Azərbaycanı müstəqilliyə aparan yolda
tarixi qərarların qəbul edilməsi ilə əlamətdar
oldu. Məhz Heydər Əliyevin təşəbbüsü ilə
1990-cı ilin noyabrında Naxçıvan Ali Məclisi
müstəqilliyimizin əsas atributlarından olan üçrəngli
bayrağımızın Naxçıvan MR-in dövlət
bayrağı olması barədə qərar qəbul etdi. Qərarda
həmçinin Azərbaycan Respublikasının ali qanunverici
orqanına Azərbaycanın dövlət rəmzləri
haqqında məsələyə baxması,
respublikamızın milli tarixi ənənələrə
uyğun olaraq yeni dövlət rəmzlərinin -
bayrağın, gerbin, himnin qəbul olunması təklif
edilmişdi. Naxçıvan Ali Məclisinin sonrakı
iclaslarının birində Heydər Əliyevin təşəbbüsü
ilə 1990-cı ilin 20 Yanvar faciəsinə siyasi-hüquqi
qiymət verildi. Ali Məclisin qəbul etdiyi qərarda
SSRİ-nin və Azərbaycanın siyasi rəhbərliyinin 20
Yanvar faciəsinə görə birbaşa məsuliyyət
daşıdıqları göstərildi.
Azərbaycanın dövlət
müstəqilliyinin bərpası Heydər Əliyevin
başlatdığı bu prosesin yekun nəticəsi olmalı
idi. Görülən hər bir iş, atılan hər bir
addım isə Azərbaycan xalqını bu nəticəyə
- dövlət müstəqilliyinin bərpa olunmasına
yaxınlaşdırırdı. 1991-ci il fevralın 5-də Azərbaycan
SSR Ali Sovetinin sessiyasında dövlətin adı dəyişdirilərək
"Azərbaycan Respublikası” adlandırıldı, Azərbaycan
Xalq Cümhuriyyətinin bayrağı dövlət
bayrağı kimi təsdiq olundu.
Müstəqillik mövzusu və
bu istiqamətdə gərəkən addımlar ulu öndərin
bütün çıxışlarının başlıca
leytmotivi idi. Xüsusən Azərbaycan Ali Sovetinin
iclaslarında Heydər Əliyev
çıxışlarında Azərbaycanın dövlət
müstəqilliyinin qaçılmaz proses olduğunu bəyan
edirdi. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin
birinci sessiyasında təkidlə söz alan ulu öndər
kommunist partiyası hakimiyyətinin sonunun
çatdığını, SSRİ-nin tezliklə
dağılacağını və respublikalarda başlanan
müstəqillik mübarizələrinin qalib gələcəyinin
dönməz bir proses olduğunu bəyan etdi. Ali Sovetin 1991-ci
il martın 7-də keçirilən sessiyasında Heydər
Əliyev Azərbaycanın milli müstəqilliyi və
suverenliyi məsələsinə toxunaraq, müstəqilliyə
çatmağın yollarını, əsas vasitələrini,
demokratik dövlət quruculuğunun prinsiplərini göstərdi.
Ali Sovetdəki tarixi
çıxışlarında Heydər Əliyev respublika rəhbərliyinin
imzalamağa hazırlaşdığı ittifaq müqaviləsinin
Azərbaycan üçün tam yararsız olduğunu yeni
ittifaqa daxil olmağın və bunun üçün hər
hansı referendum keçirməyin əleyhinə
çıxdığını bildirirdi. 1991-ci il iyulun 19-da
kommunist partiyası sıralarını tərk edən Heydər
Əliyev Azərbaycanın rəhbərliyini xalqın
haqlı tələblərini qulaqardına vurmamağa,
kommunist partiyasının totalitar idarəçiliyinə son
qoymağa çağırdı.
Zaman Heydər Əliyevin siyasi
proseslərin gedişatını böyük uzaqgörənliklə
gördüyünü və haqlı olduğunu sübut etdi.
Hadisələr göstərdi ki, 1990-cı ildən
başlayaraq SSRİ-nin və kommunist idarəçiliyinin
perspektivsizliyi, Azərbaycanın müstəqil, demokratik
dövlət qurmasının mümkünlüyü və
mütləqliyi haqqında Heydər Əliyevin uzaqgörən
bəyanatları, bunu əsaslandıran siyasi baxışları
öz işini görmüş, gələcək proseslərin
gedişinə həlledici təsir göstərmişdi.
Moskvadakı avqust hadisələrindən dərhal sonra
Naxçıvan ərazisində kommunist partiyasının fəaliyyəti
dayandırıldı, onun bütün strukturları ləğv
edildi. Bu proses bütün Azərbaycana sirayət etdi və
beləliklə, sovet hakimiyyət orqanları xalqın əzmi
qarşısında geri çəkilməli oldu. Proseslərin
gedişatı göstərirdi ki, respublika rəhbərliyi
xalqın milli azadlıq mübarizəsinin, müstəqil və
demokratik dövlətçilik hərəkatının
qarşısında tab gətirmək iqtidarında deyil.
Respublika Ali Sovetinin 1991-ci il avqustun 30-da növbədənkənar
sessiyasında "Azərbaycan Respublikasının dövlət
müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə
qəbul etmək məcburiyyətində qalması faktı bu
həqiqəti bir daha sübut etdi. Ali Sovetin 1991-ci il 30 avqust
tarixli iclasında bəyanatla yanaşı, "Azərbaycan
Respublikasının dövlət müstəqilliyini bərpa
etmək haqqında” Konstitusiya Aktının layihəsini iki həftə
müddətində hazırlamaq barədə qərar qəbul
edildi. Lakin respublika rəhbərliyi bu prosesi iki aya yaxın ləngitdi.
Siyasi hakimiyyət Heydər Əliyevin və Azərbaycan
xalqının müstəqil və demokratik dövlətçilik
uğrunda apardıqları mübarizənin
qarşısında tab gətirə bilməyərək
1991-ci il oktyabrın 18-də, nəhayət ki, "Azərbaycan
Respublikasının dövlət müstəqilliyi haqqında
Konstitusiya Aktı”nın qəbul edilməsinə
razılıq verdi. 1991-ci il oktyabrın 19-da Azərbaycan Ali
Sovetinin sessiyasına ünvanladığı müraciətdə
bu hadisəni yüksək qiymətləndirən Heydər
Əliyev yazırdı: "Biz bu gün xoşbəxtik ki, nəhayət,
Azərbaycan Respublikasının ali hakimiyyət orqanı milli
azadlıq niyyətlərimizin həyata keçirilməsi
üçün ilk addım atdı”.
1991-ci il 18 oktyabr dövlət
müstəqilliyinin elan olunması Azərbaycanın yeni
intibahının bünövrəsi demək idi. Fəqət,
müstəqilliyin ilk illərində hakimiyyətdə olan
qüvvələr Konstitusiya Aktının prinsiplərinə əməl
edə bilmədilər. O zamanlar hakimiyyətdə olan siyasi
dairələrin səriştəsizliyi az qala bu müstəqilliyin
də məhv olmasına gətirib çıxaracaqdı.
1991-1993-cü illərdə hakimiyyətdə olanlar yeni yaranan
müstəqil dövlətçiliyin möhkəmlənməsi
üçün nəinki bir iş görmədilər, əksinə,
ölkəni dünyada gedən bütün proseslərdən
uzaq salaraq təklənməsinə, təcrid olunmasına xidmət
göstərdilər. Bütün bunlar isə nəticə
etibarilə müstəqilliyin məhvinə aparırdı.
Belə bir vəziyyətdə Azərbaycan vətəndaşlarının
mütləq əksəriyyətinin tələb və istəyi
ilə hakimiyyətə gələn xalqımızın
böyük oğlu Heydər Əliyev müstəqil dövlətçiliyimizi,
suverenliyimizi bütün təhlükələrdən, təhdidlərdən
xilas etdi. 1993-cü ilin iyunundan dövlətimizin idarəçilik
sükanının arxasına keçən Heydər
Əliyev xilaskarlıq missiyasını müdrikliklə,
yenilməz iradə, qətiyyət və böyük
uzaqgörənliklə yerinə yetirməyə
başladı. Ölkədə formalaşmağa başlayan
yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini
aradan qaldırdı, separatçılıq meyillərinə
son qoydu, ən əsası, Azərbaycanın dövlət
müstəqilliyini təmin etdi.
Azərbaycanın dövlət
müstəqilliyinin qorunması və möhkəmləndirilməsi
ulu öndər Heydər Əliyevin ideyalarının
başlıca qayəsini təşkil edir. Son 15 ildə
ölkəmizdə həyata keçirilən siyasi kursun mahiyyətində
məhz bu amil dayanır. Heydər Əliyev siyasətini
layiqincə yaşatmaqla yanaşı, həm də dövlət
idarəçiliyində və siyasət meydanında yeni məktəbin
banisi olan Prezident İlham Əliyevin həyata keçirdiyi dərin
məzmunlu və çoxşaxəli siyasi kurs Azərbaycanın
dövlət müstəqilliyini daha da möhkəmləndirdi.
İndi Azərbaycan regionda lider, dünyada söz sahibi,
yüksək nüfuzu olan dövlətdir. Bütün bunlar
30 il əvvəl insanlara xəyal kimi görünə bilərdi.
Lakin ulu öndər Heydər Əliyevin
başlatdığı, son 15 ildə isə Prezident İlham
Əliyevin əzmlə həyata keçirdiyi siyasi kurs Azərbaycanın
müstəqilliyinin əbədi və sarsılmaz
olmasını təmin edib. Təsadüfi deyil ki, bu gün
biz tarixin ən güclü Azərbaycanının vətəndaşı
olmağımızla fəxr edirik.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-
2018.- 17 noyabr.- S. 1; 9