Akademik Ramiz Mehdiyevin
“Dağlıq Qarabağ – məxəzlərdən
oxunmuş tarix”
kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
AMEA-nın Mərkəzi
Elmi Kitabxanasında kitabın Livanda ərəb dilinə tərcümə
edilmiş nəşrinin təqdimatı keçirilib
Noyabrın 16-da AMEA-nın Fəlsəfə
İnstitutunun təşkilatçılığı ilə
Mərkəzi Elmi Kitabxanada Prezident Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən
oxunmuş tarix” kitabının Livanda ərəb dilinə tərcümə
edilmiş nəşrinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat
mərasimində çıxış edən AMEA-nın
vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun direktoru, akademik İsa Həbibbəyli kitabda
münaqişənin yaranma səbəblərini izah edən,
habelə Dağlıq Qarabağın Azərbaycana mənsub
olmasını dəqiq göstərən müxtəlif tarixi
mənbələrin əksini tapdığını söyləyib.
Bildirib ki, tədqiqatda antik və orta əsrlər
dövrünə aid çoxsaylı məxəzlər, habelə
yeni və müasir dövrün sənədləri əsasında
Cənubi Qafqazın həqiqi tarixi, həmçinin ermənilərin
XIX əsrin əvvəllərində bu ərazilərə
köçürülməsi məsələləri əhatə
olunub.
Akademik qeyd edib ki, nəşrdə
XIX əsrdən etibarən Dağlıq Qarabağda, eləcə
də tarixi Azərbaycan ərazisi olan indiki Ermənistan
Respublikasında ermənilərin sayca üstünlük təşkil
etməyə başlamasının çar imperiyasının
məqsədyönlü siyasətinin nəticəsi olduğu
oxucuya çatdırılıb. İsa Həbibbəyli
kitabda, eyni zamanda, Ermənistanın azərbaycanlılara
qarşı etnik təmizləmə və soyqırımı
siyasətindən bəhs olunduğunu deyib. O, əsərin ərəb
dilində nəşrinin Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı həqiqətlərin dünyaya
çatdırılmasında, erməni yalanlarına
qarşı mübarizədə əsaslı rol
oynayacağını vurğulayıb.
İsa Həbibbəyli akademik Ramiz Mehdiyevin ölkəmizdə böyük rezonans doğurmuş “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabının bu yaxınlarda Livanın paytaxtı Beyrut şəhərində “Delta” Dərin Araşdırmalar Mərkəzində nəşr edildiyini bildirib. Qeyd edib ki, bu qiymətli əsər bir çox dillərə, o cümlədən fransız, ingilis, türk, rus dillərinə tərcümə olunub. Kitabı ərəb dilinə əlcəzairli tədqiqatçı, professor Zəim Xənişlavi tərcümə edib. “Ərəb dilinə tərcümə olunmuş “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabını AMEA-nın Ədəbiyyat və Fəlsəfə institutlarının ərəb dili üzrə mütəxəssisləri redaktə ediblər. Onlar mənə dedilər ki, tərcüməçi coğrafi adlarda, faktlarda heç bir yanlışlığa yol verməyib”, - deyə AMEA-nın vitse-prezidenti bildirib. O, mükəmməl tərcüməyə görə Zəim Xənişlaviyə, eləcə də bu işdə əməyi olan hər kəsə təşəkkür edib.
AMEA-nın vitse-prezidenti kitabın çapında və ölkəmizə gətirilməsində Azərbaycanın Livan və Əlcəzairdəki səfirliklərinin müstəsna xidmətləri olduğunu bildirib.
AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə isə tərcümə prosesindən danışıb. Qeyd edib ki, professor Zəim Xənişlavi V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edib və burada akademik Ramiz Mehdiyevlə görüşərək ondan bu kitabın tərcüməsinə və nəşrinə icazə alıb. Tərcüməçinin öyrənilən problemə bələdliyi ərəb oxucusuna Qarabağ problemini aydın şəkildə başa düşmək imkanı verir.
Sonra Zəim Xənişlaviyə Azərbaycan-ərəb əlaqələrinə verdiyi töhfəyə görə AMEA-nın Fəlsəfə İnstitutunun fəxri doktoru diplomu təqdim olunub.
Belə bir sanballı kitabı ərəb dilinə tərcümə etməsindən qürur duyduğunu vurğulayan Zəim Xənişlavi deyib: “Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabını Fransada bir mağazadan alıb oxudum. Oxuduqca hiss elədim ki, bu kitab təkcə kitab deyil, həm də bütöv bir kitabxanadır. Azərbaycan həqiqətlərinin ərəb dünyasına çatdırmaq üçün kitabı ərəb dilinə tərcümə etmək qərarına gəldim və bu işi uğurla başa çatdırdım. Düşünürəm ki, bu kitabı tərcümə etməklə düzgün addım atmışam. Çünki bu kitab dünyanı xilas etmək üçün çox dəyərli bir vəsaitdir”.
Xalq yazıçısı, Milli Məclisin deputatı Elmira Axundovanın: “Livanda güclü erməni lobbisi var. Siz bu işi görərkən ermənilərin hücumlarına məruz qaldınızmı?” sualına cavabında Zəim Xənişlavi kitabda elmi dəlillərin tutarlı olmasına görə onların təzyiqləri ilə qarşılaşmadığını deyib.
Kitabın məziyyətlərindən söhbət açan Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev qeyd edib ki, kitabın ərəb dilinə tərcümə olunması çox böyük bir hadisədir. Kitab oxucuya problemin mahiyyətinə varmağa, münaqişənin səbəb və nəticələrini görməyə imkan verir. Diqqətə çatdırılıb ki, kitabda xarici mənbələrdən istifadə olunması onun sanbalını daha da artırır.
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, professor Hikmət Babaoğlu isə “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabının həqiqətləri öyrənmək istəyənlər üçün mötəbər mənbə olduğunu bildirib. O, kitabın digər dillərə də tərcümə olunmasının vacibliyini vurğulayıb.
Tədbirdə,
həmçinin Fəlsəfə İnstitutunun
şöbə müdiri, professor
Rəna Mirzəzadə, həmin müəssisənin
aparıcı elmi işçisi
Sənan Həsənov, Bakı Dövlət Universitetinin
kafedra müdiri, professor İzzət Rüstəmov və
başqaları nəşrin tərcüməsinin önəminə
toxunub, kitabın oxucuya
problemin mahiyyətinə varmağa,
münaqişənin səbəb və nəticələrini
görməyə imkan
yaratdığını qeyd ediblər.
Azərbaycan.-
2018.-17 noyabr.- S.6.