Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri seçilib

 

Noyabrın 16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilik Şurasının yeni tərkibdə ilk iclası keçirilib.

BBMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizmdini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfovun sədrliyi ilə keçən iclasda BBMM-in Himayəçilik Şurasının digər üzvləri – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə, Azərbaycanda Rus İcmasının sədri, deputat Mixail Zabelin və Azərbaycan Rus Dram Teatrının bədii rəhbəri, Xalq artisti Aleksandr Şarovski iştirak ediblər.

Toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 8 noyabr tarixli Sərəncamı ilə təyin edilən BBMM-in Himayəçilik Şurasının üzvləri Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayevi növbəti dörd il müddətinə yenidən sədr seçib.

Kamal Abdullayev göstərdikləri yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Himayəçilik Şurasının üzvlərinə təşəkkürünü bildirib, dövlətimizin başçısı tərəfindən Mərkəzin qarşısında qoyulan vəzifələrin bundan sonra da uğurla həyata keçirilməsinə əmin olduğunu ifadə edib.

 

Azərbaycan.- 2018.-17 noyabr.- S.6.