Bakıda Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

 

Noyabrın 16-da Bakı Konqres Mərkəzində “Cümhuriyyətin varisləri - Azərbaycanın gələcəyi” devizi altında Azərbaycan Gənclərinin VIII Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, Forumda dövlət və hökumət rəsmiləri, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi - Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov, Milli Məclisin deputatları, gənclər təşkilatlarının rəhbərləri, ölkəmizin müxtəlif zonalarından Foruma nümayəndə seçilmiş gənclər, idmançılar, hərbçi gənclər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Birinci vitse-prezidentin köməkçisi - Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev Azərbaycan Prezidenti İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub.

Sonra Azərbaycan Gənclərinin VII Forumundan ötən müddətdə ölkəmizdə gənclər sahəsində həyata keçirilən tədbirlər barədə hazırlanan videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov VIII Forumun ölkəmiz üçün əlamətdar tarixdə - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin qeyd olunduğu ildə keçirilməsindən məmnunluğunu bildirib.

Nazir deyib ki, 1996-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçirilmiş Azərbaycan Gənclərinin Forumu ölkə gənclərinin Azərbaycanın gələcəyi olması ilə bağlı ciddi göstəriş və mesaj idi. İlk Forumdan ötən 22 ildə gənclərin həyatında mühüm dəyişikliklərin olduğunu qeyd edən A.Rəhimov diqqətə çatdırıb ki, 1994-2003-cü illər Azərbaycanda gənclərin oyanış və təşkilatlanma dövrü olub. Məhz bu dövrdə ilk gənclər təşkilatları yarandı. Əməkdaşlığın genişlənməsi, məsuliyyətin artması nəticəsində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının yaradılması gənclərin iştirakına, sosial təşəbbüskarlığına mühüm təkan verdi. Bundan sonra yerli idarələr vasitəsilə regionlardakı gənclərlə aparılmağa başlanıldı.

Diqqətə çatdırılıb ki, 2004-2010-cu illərdə - gənclərin ictimai savada yiyələnmə dövründə onların maraqlarının təmin olunması sahəsində ciddi işlər görülüb, Azərbaycan gənclərinin beynəlxalq əməkdaşlığı artıb. 2007-ci ildə ölkədə “Gənclər ilielan olunub, 2008-ci ildə Azərbaycanın birinci xanımı, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəxri sədrliyi ilə Gənclərin Məşğulluğu üzrə IV Dünya Sammiti, Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadası keçirilib. Prezident İlham Əliyevin bəyan etdiyi "Qara qızılın insan kapitalına çevrilməsi” prinsipi istiqamətində həyata keçirilən tədbirlərin ən böyük təsiri məhz gənclərə olub.

Nazir bildirib ki, gənclər siyasətində 2004-cü ildən yeni inkişaf dövrü başlanıb, bu sahənin maddi-texniki bazası möhkəmlənib. Dövlət büdcəsindən gənclər sahəsinə ayrılan vəsait on il ərzində yüz dəfəyədək artıb. 2005-ci və 2011-ci illərdə Azərbaycan gəncləri ilə bağlı ardıcıl olaraq iki dövlət proqramı qəbul edilib.

2011-2017-ci illərin gənclərin yüksək iştirakçılıq mərhələsi və Azərbaycan gənclər siyasəti təcrübəsinin beynəlxalq səviyyədə tanınması dövrü kimi dəyərləndirildiyini deyən nazir bildirib ki, bu illər, həmçinin gənclərə dövlət dəstəyinin ən sürətlə artdığı dövr olub. Artıq dövlət proqramlarının icrasında, beynəlxalq əməkdaşlığın inkişafında, Azərbaycan maraqlarının xaricdə müdafiəsində gənclər və gənclər təşkilatları daha yüksək fəallıq göstərməyə başlayıblar.

Bildirilib ki, dövlət proqramlarının icrası nəticəsində əsaslı yeniliklər baş verib - Gənclər Fondu yaradılıb, gənclər siyasətinin əsas infrastrukturu olan Gənclər Evi şəbəkəsi genişlənib, Gənclər üçün Prezident Mükafatı təsis olunub.

Bu illərdə əldə olunan uğurlar arasında “Gəncə - 2016-cı ilin Avropa paytaxtı”, Virtual Qarabağ İKT Mərkəzinin layihələrini, Dünya Skaut Təşkilatının 41-ci Dünya Konfransının Azərbaycanda keçirilməsini, “Mən azərbaycanlıyam” milli intellektual televiziya yarışmasını və “Müasir Azərbaycan gənci" gündəlik televiziya proqramını qeyd edən nazir bununla yanaşı, yaradıcı gənclərin II və III forumlarının, kompüter oyunları üzrə müsabiqələrin, gənc alimlərin Avropadünya konfranslarının təşkilini, “İstedadların hazırlığı laboratoriyası”nı, milli intellektual oyunları və s. layihə və tədbirləri qeyd edib.

A.Rəhimov xüsusi vurğulayıb ki, son beş ildə nazirlik tərəfindən 681 tədbir, o cümlədən 107 beynəlxalq tədbir həyata keçirilib. Xarici heyətlər çərçivəsində 7305 əcnəbi Azərbaycana səfər edib, 1277 azərbaycanlı gənc beynəlxalq tədbirlərə qatılıblar. Gənclərimizin təşəbbüsü ilə mənzil-qərargahı Bakıda yerləşən 5 beynəlxalq gənclər təşkilatı yaradılıb.

Azərbaycan gənclərinin beynəlxalq əməkdaşlığı barədə də məlumat verən nazir bu baxımdan 2014-cü ildə ölkəmizdə keçirilən və 165 ölkədən 700 nümayəndənin iştirak etdiyi Gənclər Siyasəti üzrə I Qlobal Forumun əhəmiyyətini xüsusi vurğulayıb. Nazir bununla yanaşı, 42 xarici ölkədə keçirilən “Mən Azərbaycan haqqında nə bilirəm" esse müsabiqəsinin, könüllülük hərəkatının inkişafını qeyd edib.

VIII Forumun səmərəli müzakirələrlə gənclərin həyatında yaddaqalan tədbirə çevriləcəyinə əminliyini ifadə edən nazir tədbirin işinə uğurlar arzulayıb.

Milli Məclisin gənclər və idman komitəsinin sədri Ülvi Quliyev Azərbaycanda gənclər siyasətinin dövlətin həyata keçirdiyi siyasi kursun prioritet istiqamətlərindən olduğunu bildirib. Cəmiyyətin aparıcı qüvvəsinə çevrilən gənclərin ölkə həyatının bütün sahələrində fəal iştirak etdiklərini vurğulayan komitə sədri deyib ki, gənclərimiz dövlətimizin dəstəyi ilə mühüm yerli və beynəlxalq tədbirlərdə uğurla çıxış edir, ölkəmizi beynəlxalq aləmdə uğurla təbliğ edirlər. Bu tədbirlər Azərbaycan gənclərinin dünyagörüşünün, fəallığının artmasında, onların beynəlxalq əlaqələrinin inkişafında mühüm rol oynayıb.

Diqqətə çatdırılıb ki, müstəqilliyin bərpasından indiyə kimi Azərbaycanda gənclər sahəsində mühüm uğurlar əldə olunub. Bu uğurların əsas səbəbi dövlət gənclər siyasətinin təməlinin sağlam zəmində formalaşdırılması olub. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Dövlətimizin başçısının bu sahəyə yüksək diqqət və qayğısı nəticəsində ölkəmizdə gənclərin inkişafı ilə bağlı mühüm dövlət proqramları və strategiyaları qəbul olunub, Gənclər mərkəzləri, Gənclər evləri, Olimpiya İdman kompleksləri istifadəyə verilib.

Ülvi Quliyev dövlət gənclər siyasətinin uğurla reallaşdırılmasında digər qurumlarla yanaşı, Azərbaycan Respublikası Gənclər Fondunun uğurlu fəaliyyətini də xüsusi qeyd edib. Bu sahədə uğurlu fəaliyyətin əsasında möhkəm qanunvericilik bazasının da mühüm rol oynadığını vurğulayan komitə sədri bu baxımdan 2002-ci ildə parlamentdə qəbul olunmuş “Gənclər siyasəti haqqında” Qanunun qəbul edildiyini bildirib. O, cəmiyyətin sürətli inkişafı nəticəsində yaranan zərurətlə əlaqədar həmin qanuna yeni əlavə və dəyişikliklərin edildiyini diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov dövlət gənclər siyasətinin muxtar respublikada da uğurla həyata keçirilməsi nəticəsində əldə olunan uğurlardan danışıb. Bildirilib ki, muxtar respublikada gənclərin problemlərinin həlli, onların məşğulluğu, yaradıcı təşəbbüslərinin reallaşdırılması, gənclər arasında sağlam həyat tərzinin təbliği məsələlərinə xüsusi diqqət yetirilir.

Muxtar respublika əhalisinin 140 min nəfərini (30,8 faiz) gənclərin təşkil etdiyini deyən A.Cabbarov bildirib ki, gənclərin vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir, onların muzeylərə, tarixi abidələrimizə ekskursiyaları təşkil olunur. Bu gün əldə olunan uğurlar bu sahəyə yüksək diqqət və qayğının göstəricisidir.

Naxçıvan Muxtar Respublikasında gənclərin fiziki inkişafının, sağlamlıqlarının qorunması, bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılması baxımından görülən işlərdən danışan A.Cabbarov vurğulayıb ki, muxtar respublikada bu imkanlardan bəhrələnən gənclərin sayı 40 minə yaxındır. Bu diqqətin nəticəsidir ki, naxçıvanlı idmançılar yerli və beynəlxalq turnirlərdə böyük uğurlar qazanırlar. Naxçıvanlı idmançılar il ərzində ümumilikdə 172, o cümlədən ölkə birinciliklərində 84, beynəlxalq turnirlərdə 83, Avropa çempionatlarında 3, dünya çempionatlarında 2 medal qazanıblar.

Muxtar respublikanın gənclər və idman naziri bildirib ki, Naxçıvanın 2018-ci il Azərbaycanın Gənclər Paytaxtı və İslam Mədəniyyətinin Paytaxtı seçilməsi muxtar respublika gənclərinin inkişafında, onların fəallıqlarının artırılmasında və beynəlxalq əlaqələrinin gücləndirilməsində mühüm rol oynayıb. O, çıxışının sonunda muxtar respublika gənclərinə göstərilən yüksək diqqət və qayğıya görə naxçıvanlı gənclər adından Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxışında ölkəmizdə gənclərin bilik və bacarıqlarının inkişafı, onların təşəbbüs və layihələrinin dəstəklənməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Azərbaycan gənclərə göstərilən xidmət və yaradılan şərait baxımından dünyanın ən qabaqcıl ölkələrindəndir. Azərbaycan, həmçinin BMT-ninİnsan İnkişafı İndeksi”ndə də dünyada ilk sıralardadır.

Dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində ölkəmizdə digər qurumlar kimi, Gənclər Fondunun da bu sahədə səmərəli fəaliyyət göstərdiyini vurğulayan F.Cəfərov Prezident İlham Əliyevin Sərəncamı ilə Fondun fəaliyyət dairəsinin və səlahiyyətlərinin genişləndirilməsinin gənclər üçün yeni imkanlar yaratdığını diqqətə çatdırıb. Bildirib ki, yaradılan imkanlardan bəhrələnən gənclərimiz ən müasir biliklərə yiyələnərək ölkəmizi beynəlxalq arenada uğurla təbliğ edir, dövlətimizin inkişafına mühüm töhfə verir, Vətənimizin keşiyində ayıq-sayıq dayanırlar.

Gənclərin ölkəmizin və cəmiyyətin inkişafında rolunu artırmaq, onların əlaqələrini gücləndirmək, dövlət və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığı inkişaf etdirmək baxımından Forumun əhəmiyyətini yüksək qiymətləndirən Fondun sədri tədbirin işinə uğurlar arzulayıb.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) sədri Məryəm Məcidova sıralarında 127 təşkilatın birləşdiyi qurumun ötən dörd ildəki fəaliyyətinin yekunları barədə məlumat verib. M.Məcidova bu tədbirlər arasında Azərbaycan Könüllülük Xidməti, “Xətdə”, BMT ilə birgə reallaşdırılan “Gənclər daha yaxşı gələcək uğrunda”, “Nifrət nitqinə yox” və s. layihə, kampaniya və proqramların uğurla reallaşdırıldığını bildirib. Diqqətə çatdırılıb ki, beynəlxalq əlaqələrin inkişafına xüsusi diqqət yetirən Şura Avropa Könüllülük Xidməti, “ERASMUS+” proqramları üzrə, eləcə də Avropa Gənclər Fondu və digər qurumlarla səmərəli əməkdaşlıq etdiyini deyib. Bildirib ki, Şura son dörd ildə 150-yə yaxın beynəlxalq tədbirdə ölkəmizi təmsil edib.

Gələcək planlardan danışan M.Məcidova paytaxtregion gəncləri arasında əlaqələrin gücləndirilməsi və Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov Azərbaycan gəncliyinin bugünkü inkişafının, əldə etdiyi mühüm uğurların əsasında ulu öndər Heydər Əliyevin diqqət və qayğısının, uzaqgörənliklə əsasını qoyduğu dövlət gənclər siyasətinin yüksək səviyyədə reallaşdırılmasının dayandığını deyib. Qeyd olunub ki, bu yüksək diqqət və qayğı nəticəsində gündən-günə inkişaf edərək ən müasir tələblərə cavab verən Azərbaycan gəncləri ölkəmizi beynəlxalq təşkilatlarda, tədbir və forumlarda uğurla təmsil edirlər. Təsadüfi deyil ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində bir sıra ölkələr və beynəlxalq qurumlar Xocalı soyqırımını tanıyıb.

Sonra Dünya Skautlar Təşkilatının icraçı direktoru Əhməd Əlhəndavinin və BMT baş katibinin gənclər üzrə xüsusi elçisi xanım Cayatma Vikramanayakenin Azərbaycan Gənclərinin VIII Forumunun iştirakçılarına videomüraciətləri dinlənilib.

Videomüraciətlərdə Azərbaycan dövlətinin dünyada gənclər siyasətinin inkişafına mühüm töhfələr verdiyi xüsusi vurğulanıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gənclərin inkişafı, onların beynəlxalq əlaqələrinin genişləndirilməsi üçün əlverişli şərait yaradılıb. Videomüraciətlərdə Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq konfrans və forumların dünyada gənclər hərəkatının inkişafında rolu yüksək qiymətləndirilib.

Fasilədən sonra zona toplantılarından Foruma seçilmiş nümayəndə heyətlərinin rəhbərləri təmsil etdikləri bölgələrdə görülən işlər barədə hesabat məruzələri ilə çıxış ediblər. Həmçinin müxtəlif sahələri təmsil edən gənclərin, eləcə də aparıcı gənclər təşkilatlarının rəhbərlərinin və təmsilçilərinin çıxışları dinlənilib.

Yekunda tədbirin qətnaməsi və VIII Forumun iştirakçılarının adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

Müstəqil Azərbaycan Gənclərinin ilk Forumu ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də keçirilib. 1997-ci il fevralın 1-də Forumun ildönümü münasibətilə bir qrup gənci qəbul edən ulu öndər Heydər Əliyev ilk Forumun keçirildiyi 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi qeyd olunması haqqında Fərman imzalayıb. Forum Azərbaycanın müasir ictimai-siyasi tarixində layiqli yer tutaraq dövlətin gənc nəslin hərtərəfli inkişafına yönəlmiş strategiyasına mühüm təkan verib. Sonuncu – VII Forum 2014-cü il iyunun 2-də Heydər Əliyev Sarayında keçirilib.

 

Azərbaycan.- 2018.- 17 noyabr.- S.7.