Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

 

Noyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımla görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri Türkiyə Böyük Millət Məclisinə deputat və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupuna rəhbər seçilməsi münasibətilə Şamil Ayrımı təbrik edib, bu seçimin Azərbaycan-Türkiyə əlaqələri üçün faydalı olacağını bildirib. Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasındakı əlaqələrin tarixinə nəzər salan Ali Məclisin Sədri Şamil Ayrımın bu sahədəki xidmətlərini xatırladaraq ona təşəkkür edib.

Göstərilən səmimi münasibətə görə minnətdarlıq edən Şamil Ayrım əvvəllər Naxçıvanda olduğunu bildirib, ötən dövrdə muxtar respublikanın sürətlə inkişaf etdiyindən danışıb. Qonaq ölkələrimiz arasındakı ikitərəfli münasibətləri diqqətə çatdırıb, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin bu baxımdan əhəmiyyətini vurğulayıb.

Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz görüşdə iştirak edib.

 

Azərbaycan.- 2018.- 17 noyabr.- S.8.