Əcnəbi tələbələrin Azərbaycan
sevdası
Onların içərisində təhsil sistemimizi bəyənənlər,
Bakının küləyindən qorxanlar və özünə
yar axtaranlar da var
28 oktyabr 1939-cu il - faşist işğalı altında olan Çexoslovakiyada Respublika gününü qeyd etmək üçün küçələrə axışan tələbə və müəllimlər zorakılığa məruz qalırlar. Tələbələrdən biri - Yan Opletal güllələnərək ağır yaralanır. Noyabrın 11-də aldığı güllə yarasından dünyasını dəyişən Opletalın cəsədi noyabrın 15-də Praqadan yaşadığı Moraviya şəhərinə aparılır.
Dəfn mərasimi isə böyük etiraz aksiyasına çevrilir. Faşistlər hadisələrin qarşısının alınması məqsədilə tələbə yataqxanalarını mühasirəyə alırlar və 1200 tələbə saxlanılaraq həbs düşərgələrinə aparılır. Noyabrın 17-də tələbə hərəkatının 9 fəal üzvü və bir neçə professor məhkəmənin hökmü olmadan edam edilir. Adolf Hitlerin qərarı ilə Çexoslovakiyanın bütün ali təhsil müəssisələrinin fəaliyyəti müharibə bitənə qədər dayandırılır.
İki il sonra, 16 noyabr 1941-ci ildə Praqada çex vətənpərvər tələbələrin qətlinin ildönümünə həsr olunmuş beynəlxalq tələbələr konqresində 17 noyabr tarixinin Beynəlxalq Tələbə Günü kimi təsis edilməsi ilə bağlı qərar qəbul olunur.
17 noyabr 77 ildir dünya ölkələrində gənclik, romantika, şənlik günü kimi qeyd olunsa da, onun yaranma tarixinin qanlı hadisələrlə bağlı olması dünya tələbələrini daha da yaxınlaşdıra, dərinin rəngi, dil, ənənələrlə bağlı fərqləri mümkün qədər aradan qaldıra bilib.
Azərbaycanda 6 minə yaxın əcnəbi tələbə
təhsil alır
Dünya dövlətlərində olduğu kimi, ölkəmizdə də Beynəlxalq Tələbə Günü qeyd olunur. Bu gün Azərbaycanda 6 minə yaxın əcnəbi tələbə təhsil alır.
Tələbəlik illəri insan həyatının möcüzələrlə dolu gözəl dövrüdür. Biz də unudulmaz xatirələrlə zəngin olan tələbəlik illərini Odlar Yurdunda keçirən, yəni təhsil üçün ölkəmizə üz tutan əcnəbi tələbələrlə həmsöhbət olduq.
Valideynlərinin istəyinin əksinə gedərək
ölkəmizi seçən afrikalı
İlk həmsöhbətimiz
afrikalı Jaime Lima Piresdir. "Qoşulmama Hərəkatı”
çərçivəsində tələbə mübadiləsi
proqramı əsasında ölkəmizə gəlib. San-Tome və Prinsipi Demokratik Respublikasının vətəndaşıdır.
Azərbaycan Texniki Universitetində
hazırlıq mərhələsindədir. Bir aydır ki, Bakıdadır.
Xatırladaq ki, 2018-ci ilin
aprel ayından Texniki Universitetdə Beynəlxalq Əlaqələr
Departamenti yaradılıb. Departamentin əsas fəaliyyəti
universitetə daha çox əcnəbi tələbə cəlb
etmək, ikili diplomların hazırlanması üçün
layihələrin icrası və ali təhsil
ocağının beynəlxalq əlaqələrini genişləndirməkdir.
Universitetdə təxminən 300-ə yaxın əcnəbi
tələbə təhsil alır.
Həmsöhbətim Jaimenin dediyinə
görə, burada onun ölkəsini, demək olar ki, heç kim tanımır: "19 yaşım var. Məktəbi
bitirəndən sonra ali təhsil almaq üçün
çox fikirləşdim. Atam İngiltərədə
oxumağımı istəyirdi, çünki bacım orada
yaşayır. Anam isə dostları
Portuqaliyada qalır deyə orada təhsil almağımı
arzulayırdı. Mən isə
Bakını seçdim. Azərbaycan
haqqında heç bir anlayışım yox idi. Müsəlman ölkəsi olduğunu bilirdim. Təsəvvürümdə başqa cür
canlandırsam da, bura gələndən sonra klassik və bir o
qədər də müasir bir şəhər, ölkə ilə
qarşılaşdım. Tarix, coğrafiya
kimi humanitar fənlər məni cəlb etmir. Buna görə texniki ixtisas üzrə təhsil
almağa üstünlük verdim”.
Jaime deyir ki, burada hansı
ölkədən gəldiyini deyəndə hər kəs təəccüblə
qarşılayır. Çünki çoxları bu ölkənin
adını eşitməyib. ADA
Universitetində müəllim kimi çalışan professor
qadın onun ölkəsini tanıyan hələlik tək
insandır. Onunla çox yaxşı dost
olduqlarını deyən əcnəbi tələbə müəllimə
ilə "Gənclik” metrostansiyası
yaxınlığında yerləşən kilsəyə
gedir, birlikdə qolf oynayırlar.
Dərisinin rənginə görə
həmişə diqqət mərkəzində olduğunu deyən
Jaime bu baxışları çox hiss etməmək
üçün qara eynək taxır. Ona elə
gəlir ki, küçədə, metroda, avtobusda, harada
olursa-olsun hamı ona fokuslanır.
Müsahibim gələcəyə
dair plan quran insan deyil. Deyir, ola bilər ki,
getdiyi yolda qarşısına tamam başqa imkanlar
çıxsın. O halda yeni plan tərtib etməli olur.
"Bacı-qardaşın
varmı” sualına "Bu, uzun hekayədir” cavabını
verib yayınmaq istəsə də, bizim üçün
maraqlı olduğunu görüb danışmağa
başladı.
Məlum oldu ki, Jaimenin nə az, nə
çox - düz 17 bacı-qardaşı var. Səbəbi isə
Jaime doğulandan sonra valideynlərinin müəyyən
problemlər üzündən ayrılmasıdır: "Onlar
ayrılandan sonra anam ailə qurub. İki
qızı var. Atamın isə 15 uşağı var”.
Jaime deyir ki, Azərbaycanda
qız-oğlan dostluğu elə də qəbul edilmir. Burada mentalitet
bəzi qadağalar qoyur. Ona elə gəlir ki, ölkəmizdə
insanlar sanki planlaşdırılmış həyat
yaşayırlar: "Burada bəzi məkanlarda kişi və
qadınlar üçün yemək yerləri ayrıdır. Əsasən oğlanların oturduğu
çayxanada və ya bəzi restoranlarda qadınlar çox
olmur”.
"Azərbaycanda
insanlar çox mehribandır, sənə kömək etməyə
can atırlar”
Almaniyadan gəlmiş 29
yaşlı Aleksey Andryuşin Azərbaycan Texniki Universitetində
Maşınqayırma ixtisası üzrə bakalavr təhsili
alır. Rusiyada anadan olan tələbə hələ birinci
kursdadır. İki qardaşı var.
Aleksey 12 yaşında olanda
ailəsi Almaniyaya köçüb. Rus dilini yaxşı bildiyi
üçün Azərbaycanda təhsil şansını dəyərləndirmək
qərarına gəlib: "Düşündüm ki, bu, həm
də başqa ölkədə yaşamaq üçün əla
şansdır. Gəlməmişdən əvvəl
buranı Qazaxıstan, Rusiya kimi təsəvvür edirdim.
Azərbaycanda insanlar çox mehribandır.
İnsanlar sənə kömək etməyə can atırlar.
Rasizm, mənfi münasibət duymamışam.
Kirayə ev tutmuşam. Təhsil
təqaüdü alıram və bu, mənim
dolanışığım üçün yetərlidir.
Çalışıram ki, başımı
çox qatım və ailəm üçün
darıxmayım. Burada hamı rus dilini
bilmir, amma ünsiyyət qurmaqda elə də çətinliyim
olmur. Azərbaycan dilində ancaq "Salam,
sağ ol, maşallah, inşallah” sözlərini bilirəm.
Aleksey deyir ki, onu ən
çox təəccübləndirən Bakının
küçələrində çoxlu pişiyin
olmasıdır. Amma xoşlamadığı şeylər
də var. Bunlar, əsasən, tıxaclar və avtobusların
sərnişinlə dolu olmasıdır. Bu da
bütün iri şəhərlər üçün eyni hal
sayılır: "Təhsilimi bitirəndən sonra burada
qalmaq istəyərəm, amma üç illik təhsildən
sonra geri qayıdıb 5 il işlədiyim İsveç
şirkətində təcrübə keçməliyəm”.
"Sizin insanlar
dostluğu sevəndir”
Artıq 3 ildir ki, Azərbaycan Texniki
Universitetində Metallurgiya mühəndisliyi ixtisası üzrə
bakalavr təhsili alan Guo Yuyangın 23
yaşı var. Çin Xalq Respublikasının şimal-şərqində
yerləşən Harbin şəhərinin vətəndaşıdır.
Çinlə Azərbaycan
arasında "Bir kəmər, bir yol” layihəsi çərçivəsində
təcrübə mübadiləsi proqramı əsasında
bura gəlib.
Gələn il təhsilini başa vurduqdan
sonra geri qayıdacaq. Bakını çox
sevdiyini və bura üçün darıxacağını
deyir.
Guo azərbaycanlıların
dostluğu yaxşı bacardıqlarını söyləyir:
"Sizin insanlar çox mehriban və dostluğu sevəndir. Onlar kömək etməyi xoşlayırlar. Burada təhsil elə də çətin deyil, amma mənə
çətin gəlir. Çünki mən
dili bilmirəm. Rus dili biliyim yaxşı
deyil və çətin dil olduğundan üç ildir ki, hələ
də öyrənib qurtara bilmirəm. Rus
dili biliyim ünsiyyət üçün kifayət edir, amma təhsil
üçün yetərli deyil”.
Bakıda tıxac hallarının
çox yaşandığını deyən Guo buna görə
də hər gün dərsə 40-45 dəqiqəyə gəlib
çata bildiyini deyir: "Dərsə gecikməyim deyə
yuxudan durub hazırlaşan kimi evdən çıxıram. Səhər yeməyə də vaxtım
çatmır. Yataqxanada qalıram. Yeməyi, əsasən, universitetin bufetində yeyirəm.
Hərdən metrodan da istifadə edirəm.
Avtobuslarda havalandırma sistemi olsa da, metro
qatarlarında yoxdur. Çox isti olur.
Günümə, əsasən, 10 manat pul xərcləyirəm.
Dostum mənə Azərbaycan dilini öyrədir,
mən də ona çin dilini başa salıram. Hərdən buradakı çinli dostlarımla
yığışıb Çinin milli yeməklərini
hazırlayırıq”.
"Bakı mənim
ikinci şəhərim olub”
Digər müsahibimiz də Çin
vətəndaşı Gao Şuanveydir. 25 yaşı var. Azərbaycan Memarlıq və
İnşaat Universitetinin Meliorasiya və su təsərrüfatı
tikintisi mühəndisliyi fakültəsi üzrə magistr təhsili
alır. Çinin İnner Monqolia şəhərindəndir.
Çinlə Azərbaycan arasında "Bir kəmər,
bir yol” çərçivəsində təcrübə
mübadiləsi proqramı əsasında Azərbaycana gələn
ilk tələbədir.
Bakını çox sevdiyini və
burada rahat yaşadığını deyən Şuanvey əvvəl
internet vasitəsilə ölkəmiz haqqında
araşdırma da aparıb: "Çində hidrometeorologiya
ixtisası üzrə bakalavr təhsili aldım. Magistr təhsili barədə düşünəndə
belə bir imkan yarandı və dəyərləndirmək istədim.
Çində də oxşar ixtisas tədris
olunur, ancaq düşündüm ki, ölkələrimizin təhsil
sistemləri başqadır, eləcə də fərqli bir mədəniyyət,
insanlarla tanışlıq mənə daha maraqlı gəldi.
Əvvəlcə internetdən Bakının
görüntülərinə baxdım. Dənizin
sahilində yerləşməsi çox xoşuma gəldi.
Artıq iki ildir buradayam. Ötən il ancaq rus dili tədrisi ilə məşğul
oldum. Universitetimizin yataqxanasında qalıram.
Bakı artıq mənim ikinci şəhərim
sayılır”.
İnsanların ona
qarşı mehriban davrandığını, hər çətinlikdə
ona kömək etdiyini deyən Şuanvey ilk günlər dil
bilmədiyi üçün ünsiyyət qurmaqda çətinlik
çəkirmiş. İndi rus dilini öyrənib və hər şeyin
normal olduğunu deyir: "Başlanğıcda, təbii ki, hər
şey çətin gəlir. Rus və ingilis
dillərini pis bilirdim. Bura gələndə
əvvəlcə fikirləşdim ki, bacarmayacam, amma müəllimlərim
mənə çox kömək oldu. İndi
hər şey normaldır. Dərsimiz
axşam saat 6-da başlayır deyə o saata kimi boş
durmuram. Səhər saat 7-də durub
universitetə, rus dili hazırlığına gedirəm.
Sonra kitabxanaya gedib mütaliə ilə məşğul
oluram. Dərsdən axşam saat 9-da
çıxıram. Evə yorğun gəlirəm.
Tapşırıqlarımı edib yatıram.
Hər günüm belə keçir. İndi mənim üçün əsas olan yüksək
təhsil almaqdır”.
Bakını çox bəyənsə
də, küləkli olmasından gileylənir. Şuanvey
deyir ki, Çində də küləkli hava olur, amma
Bakının küləyi çox soyuqdur. Universitetdə təhsildən qane olan Şuanvey təhsilini
başa vurduqdan sonra geri qayıtmalıdır. Ancaq o, burada qalmağı çox istəyir.
"Mədəniyyətlərimizdə
oxşar nüanslar var”
Yəməndən olan
Haşid əl-Əvlaki də Memarlıq və İnşaat
Universitetində inşaat mühəndisliyi ixtisası üzrə
təhsil alır. 26 yaşı var. İordaniyada mühəndislik
üzrə bakalavr təhsili alıb. 3
bacı, 4 qardaşı var.
Yəməndə müharibə
şəraiti olduğundan yaşayışın çox
çətin olduğunu deyən Haşid burada sanki yeni bir həyata
başlayıb. Rahatlığa qovuşduğunu deyən
tələbə artıq bir aydır ki, Bakıdadır.
Deyir ki, Yəməndə çox şey məhv edilib:
"Bura gəlməmişdən əvvəl düz bir ay
düşündüm və nəhayət, qərarımı
verdim. İndi düşünürəm,
yaxşı ki, bu qərarı vermişəm. Azərbaycanın mədəniyyəti, şəhərləri,
təhsili haqqında məlumatlandım. Yəmən və
Azərbaycan islam ölkəsi olduğundan
mədəniyyətlərimizdə oxşar nüanslar var.
Ancaq ölkənizdə insanlar daha ünsiyyətcildir, onlar mənə
çox kömək edirlər. Azərbaycan
dilini bilməsəm də, istəklərimi hərəkətlərimlə
izah edirəm. Azərbaycan haqqında
çox məlumat toplamağı, dilinizi öyrənməyi
çox istəyirəm”.
Təhsil təqaüdü vasitəsilə dolanan Haşid evdəkilər üçün çox darıxsa da, artıq bununla barışıb. Buradakı təhsil onu çox qane edir. Deyir ki, əgər təhsilini bitirəndən sonra burada qalıb işləmək imkanı olarsa, qalacaq. Respublikamızı multikultural ölkə adlandıran Haşid hətta burada azərbaycanlı xanımla evlənə biləcəyini də istisna etmir: "Ola bilər ki, azərbaycanlı bir xanımla evlənim. Ailəm də buna razı olar. Əsas hansı ölkədən, mədəniyyətdən olması deyil, insanın özüdür. Hələ ki Bakını çox yaxşı tanımıram deyə elə həftəsonları universitetimizin yaxınlığındakı yerləri gəzirəm. Azərbaycan yeməkləri çox dadlıdır. Bizdə də kabab var deyə bura gələndə əvvəlcə kabab axtardım. Çalışıram ki, buradakı insanlarda Yəmən barədə müsbət təsir yarada bilim. Eləcə də Azərbaycandan da ora yaxşı təəssürat aparacağıma ümid edirəm”.
Azərbaycanda təhsil
alan xarici nazirlər, hətta prezident var
Gəncliyin ən gözəl
günləri sayılır tələbəlik illəri. Bu illər hər
birimizin yaddaşına özünəməxsus xatirələri
ilə həkk olunub. Hələ də hər
dəfə o mehriban, qayğısız illərimi xatırlayanda
ürəyimizin telləri sızıldayır.
Xatırladaq ki, vaxtilə Azərbaycanda
təhsil almış əcnəbi tələbələrin
uğurlu karyeraları olub. Onların içərisində
sonradan öz ölkəsində müxtəlif yüksək
dövlət strukturlarında işləyən, deputat, nazir,
baş nazir, spiker, hətta prezident olanı da olub.
İnanırıq ki, bu gün ölkəmizdə təhsil alan əcnəbi tələbələr öz
ölkələrində uğur qazanacaq, həm də Azərbaycanın
təbliğatı istiqamətində faydalı lobbiçilik
edəcəklər.
Fərizə ƏHMƏDOVA
Azərbaycan.-
2018.- 17 noyabr.- S.9.