Elife Çekem: AZƏRTAC və Anadolu düzgün informasiya təminatı məsələsində eyni mövqedən çıxış edir

 

VI Bakı Beynəlxalq Humanitar Forumu dünya ictimaiyyətini narahat edən məsələlərin müzakirəsi ilə yanaşı, gündəlikdə duran mövzular arasında praktik əlaqə və uyğunluq yaradılması baxımından da mühüm əhəmiyyət daşıyır.

Bu fikri AZƏRTAC-a müsahibəsində Forumun iştirakçısı, Türkiyənin Anadolu agentliyinin məsul əməkdaşı Elife Çekem səsləndirib. Düzgün informasiya təminatı məsələsində AZƏRTAC və Anadolu agentliyinin hər zaman eyni dərəcədə sağlam mövqe nümayiş etdirdiklərini diqqətə çəkən Elife Çekem deyib ki, yanlış xəbərlərin yayılması müasir dövrdə bütün ölkələr üçün böyük problemə çevrilir. Bu mənada Forum çərçivəsində AZƏRTAC-ın təşkilatçılığı ilə keçirilən “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” mövzusunda işçi sessiyası ənənəvi medianın sağlam ruhda idarə edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Yanlış xəbərlərin yayılmasının qarşısını almaq məsələsində AZƏRTAC-ın qətiyyətli mövqeyini tam dəstəklədiyini bildirən həmsöhbətimiz qeyd edib ki, işçi sessiyada irəli sürülən ideyalar, səslənən təkliflər mövcud problemin həlli istiqamətində təkanverici təsir gücünə malikdir.

Bakı Forumunda iştirak etmək şansı qazandığı üçün minnətdarlığını ifadə edən Elife Çekem deyib: “Bakıda qarşılaşdığım hər bir azərbaycanlının “Türkiyəyə salamlar” deyərək sonsuz səmimiyyət göstərməsi məni çox təsirləndirdi. Bu, Azərbaycanda Türkiyəyə olan sonsuz qardaşlıq sevgisinin nişanəsidir. Forum sayəsində ilk dəfə olaraq Bakıya səfər etdim. Paytaxtınızın gözəlliyinə, tarixiliyin qorunması ilə bərabər, müasir inkişafına heyran qaldım. İnsanların səmimiyyəti, qayğıkeşliyi və qonaqpərvərliyi isə tükənməz bir milli sərvətdir. Ən böyük arzum yaxın zamanlarda ailəmlə bilikdə Azərbaycana, xüsusilə də paytaxt Bakıya səfər etməkdir”.

 

Azərbaycan.- 2018.- 17 noyabr.- S.11.