“Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı haqqında əsasnamə

 

Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

 

Maddə 1. Təltif edilən şəxslər

 

"Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında xidməti vəzifələrini həyata keçirərkən yüksək nəticələr əldə edən, Azərbaycan Respublikasının milli maraqlarının daxilixarici təhdidlərdən qorunmasında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətində, dövlət sirrinin mühafizəsində, cinayətkarlığa qarşı mübarizədə fərqlənən hərbi qulluqçular, mülki işçilər, veteranlar, habelə milli təhlükəsizliyin təmin olunmasında fəal iştirak edən, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər.

 

Maddə 2. Təltif edən orqan

 

"Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanları təltif edirlər.

 

Maddə 3. Taxılma qaydası

 

"Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)” Azərbaycan Respublikasının yubiley medalından sonra taxılır.

 

Azərbaycan.- 2018.- 18 noyabr.- S.3.