Azərbaycan Asiya ilə Avropa arasında logistik əlaqə
yaradır
İlham Əliyevin qlobal miqyaslı təşəbbüsləri
ölkəmizi mühüm nəqliyyat-tranzit və ticarət
mərkəzinə çevirməkdədir
Müasir dövrdə ölkələr arasında əlaqələrin məzmunu yeni keyfiyyət dəyişikliklərinə məruz qalsa da, ticari və iqtisadi dəhlizlərin əhəmiyyəti öz aktuallığını yenə də qoruyub saxlayır. Xüsusən, qloballaşan dünyamızın yeni geoiqtisadi çağırışları kontekstində ölkəmizin bu sahədə rolu artaraq strateji əhəmiyyət kəsb edir.
Tarixi İpək yolunun keçdiyi Azərbaycanın yerləşdiyi ərazi bütün dövrlərdə Avropa və Asiyanı, ən uzaq ölkətləri birləşdirən, strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri olub. Cəmi 27 ildir ki, müstəqil dövlət kimi yaşayan Azərbaycan bu qısa zaman ərzində nəqliyyat infrastrukturunu getdikcə daha da möhkəmləndirərək dəniz nəqliyyatına, dəmir yoluna böyük investisiyalar yatırıb. Bu sərmayələr artıq ölkəmizə böyük iqtisadi və siyasi uğurlar gətirməkdədir.
Açıq dənizlərə, okeanlara
çıxışı olmayan ölkənin yüksələn
tranzit potensialı
Unikal coğrafi geosiyasi şəraitə malik olan Azərbaycan bu gün dünya təsərrüfatının nəqliyyat sektorunda baş verən proseslərdən kənarda qalmır.
Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən nəhəng regional layihələr ölkəmizin nəqliyyat qovşağına çevrilməsinə, tranzit potensialının güclənməsinə xidmət edir. Digər sahələrdə olduğu kimi, ölkə iqtisadiyyatında da əhəmiyyəti böyük olan nəqliyyat sektorunun inkişafı, tranzit imkanlarının genişləndirilməsi üçün mühüm işlər görülür. Həm ölkə daxilində müasir nəqliyyat infrastrukturu yaradılır, həm də tranzit potensialı gücləndirilir.
Bəllidir ki, Azərbaycanın açıq dənizlərə, okeanlara çıxışı yoxdur. Bu səbəbdən də ölkənin bütün nəqliyyat, enerji, kommunikasiya xətləri başqa digər dövlətlərin ərazisindən keçməlidir. Buna nail olmaq üçün öncə qonşu dövlətlərlə və daha böyük coğrafiyanı əhatə edən ölkələrlə çox sıx dostluq münasibətləri yaradılmalıdır.
İlham Əliyevin həyata keçirdiyi tam müstəqil xarici siyasət nəticəsində Azərbaycan Ermənistan istisna olmaqla bölgədəki bütün dövlətlərlə çox yaxşı dostluq münasibətləri qurub. Bu münasibətlər sayəsində isə beynəlxalq layihələr gerçəkləşdirilib.
Son 15 ildə
yaradılan müasir nəqliyyat infrastrukturu
İnfrastruktur obyektlərinin
yaradılması, logistika sistemlərinin təkmilləşdirilməsi
etibarlı və təhlükəsiz nəqliyyat sisteminin fəaliyyəti,
Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərinin
inkişafı üçün böyük əhəmiyyət
kəsb edir.
Nəzər yetirsək görərik ki, son 15 ildə Azərbaycanda çox müasir nəqliyyat infrastrukturu yaradılıb. Bunların sırasında 6 beynəlxalq hava limanı, ölkəmizi bütün qonşu ölkələrlə bağlayan 15 min kilometrdən çox avtomobil yolları, Xəzər hövzəsində 200-dən çox gəmisi olan ən böyük ticarət donanması, Bakı-Tbilisi-Qars dəmir yolu, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanını göstərmək olar.
Qitələrarası daşımalar üçün geniş imkanlar açan Bakı-Tbilisi-Qars dəmir yolu Çin ilə Avropa ölkələri arasında ən qısa marşrut hesab olunur. Bu yol, yüklərin daşınmasına sərf edilən vaxtı iki dəfədən çox qısaltmağa imkan verir. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.
Bakı-Tbilisi-Qars
dəmir yolu Qarsdan Naxçıvana qədər uzadılacaq
Bakı-Tbilisi-Qars dəmir yolu Çinin elan etdiyi, Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin dəstəklədiyi "Bir kəmər-Bir yol” iqtisadi inkişaf strategiyası prizmasından nəzərdən keçirilir. İnamla deyə bilərik ki, bu dəmir yolu qitələrarası daşımalar üçün əlverişli imkanlar yaradır.
Onu da əlavə edək ki, artıq Türkiyənin Qars şəhəri ilə Naxçıvan Muxtar Respublikası arasında dəmir yolu xəttinin tikintisi üzrə işlər başlayıb. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bu günlərdə mətbuata verdiyi açıqlamada qeyd edib ki, bu istiqamətdə işlər Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində aparılır.
Belə ki, tikintisi yaxın iki ildə başa çatacağı gözlənilən bu layihəyə əsasən Bakı-Tbilisi-Qars dəmir yolu Qarsdan Naxçıvana qədər uzadılacaq. Bu, əlbəttə ki, həm Türkiyə, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edəcək.
Xəzər dənizi hövzəsində ən
böyük liman kompleksi
Nəqliyyat-tranzit xidmətlərinin təşkilində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı mühüm əhəmiyyət kəsb edir. May ayının 14-də açılış mərasimi keçirilən liman kompleksi bu gün Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün birbaşa yükcəmləyici məntəqə funksiyasını yerinə yetirir.
Azərbaycanın "Şimal-Cənub” və "Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsi yeni liman üçün zəngin tranzit potensialı yaratmaqla, ölkəyə daxil olan, ölkədən çıxan və tranzit yüklərin aşırılmasında strateji nəqliyyat qovşağı funksiyalarını yerinə yetirməyə imkan verərək, Xəzər dənizindən səmərəli, sürətli və təhlükəsiz bərə keçidini təmin edir. Bu isə ölkəyə daxil olan yük axınlarının yeni liman kompleksində cəmlənərək, buradan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropa istiqamətində və ya gəmilər vasitəsilə Şərq istiqamətində nəqlini təmin edən səmərəli və dayanıqlı logistik zəncir formalaşdırır.
Bir sözlə, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər dənizi hövzəsində ən böyük liman kompleksi olmaqla, bölgənin əhəmiyyətli tranzit nöqtəsinə çevrilib.
Genişmiqyaslı beynəlxalq əməkdaşlıq
formatı
Ölkəmiz həmçinin Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa dövlətlərini birləşdirən "Şərq-Qərb”, həmçinin Pakistan, Hindistan, İran, Azərbaycan, Rusiya, Şimali Avropa ölkələrini qovuşduran "Şimal-Cənub” nəqliyyat dəhlizlərinin iştirakçısıdır.
Ümumiyyətlə, bu nəqliyyat dəhlizlərində iştirak edən ölkələrin sayına, onların gücünə baxsaq, görərik ki, bu, doğrudan da genişmiqyaslı beynəlxalq əməkdaşlıq formatıdır. "Şimal-Cənub Nəqliyyat Dəhlizi”nin fəaliyyəti daha da genişlənib. Keçən illə müqayisədə cari ildə bu dəhliz vasitəsilə 100 dəfədən çox həcmdə yük daşınıb.
Prezident İlham Əliyev Azərbaycanın bu istiqamətdəki uğurlarını dəyərləndirərkən vurğulayıb ki, bu nəqliyyat bağlılığı, eyni zamanda, mehriban qonşuluğa da gözəl şərait yaradır. Heç bir ölkə, əgər qonşularla yaxşı münasibətləri yoxdursa, heç vaxt etibarlı tranzit məntəqəsinə çevrilə bilməz. Ona görə Azərbaycanın enerji, nəqliyyat, infrastruktur layihələri ölkələr arasındakı əməkdaşlığı stimullaşdırır.
Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında İlham Əliyevin dediyi kimi, regionda baş verən hadisələr, Azərbaycanın təşəbbüsü ilə icra edilən nəhəng nəqliyyat layihələri, digər sahələrdə aparılan işlər ölkəmizin siyasi çəkisini böyük dərəcədə artırıb. Bu gün Azərbaycan yüksək beynəlxalq nüfuza malik olan ölkəyə çevrilib. Cənubi Qafqazın ən böyük və ən perspektivli dövləti sayılan Azərbaycan regionda gedən əsas proseslərin və transmilli maraqların mərkəzində dayanmaqla geoiqtisadi cəhətdən dünyanın aparıcı dövlətləri, böyük şirkətləri üçün cəlbedici tərəfdaş hesab olunur.
Azərbaycan
güclü logistika platformasına malik olacaq
"Azərbaycanda logistika və
ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ndə
də bildirilir ki, 2025-ci ilə qədər ölkənin əhəmiyyətli
logistika və ticarət qovşağına çevrilməsi
üçün regional miqyasda fəaliyyət göstərən
şirkətlərin ölkədə bazalarının
yaradılması üzrə işlər görüləcək.
Sənədə əsasən,
logistika və ticarət sahəsində güclü
inkişafın təmin edilməsi yolu ilə Azərbaycan
regional şirkətlər üçün logistika və ticarət
mərkəzinə çevriləcək. Eyni zamanda,
logistika və ticarət sahəsində yüksək imkanlara
malik müəssisələrin potensialı diqqətlə qiymətləndirilərək,
özəl sektorun bu sahəyə cəlb olunması istiqamətində
işlər davam etdiriləcək. 2025-ci
ilədək ölkə Ələt qəsəbəsində
yaradılmış yeni Bakı limanının ərazisi daxil
olmaqla azad ticarət zonasının üstünlüklərindən
faydalanan güclü logistika platformasına malik olacaq.
Qlobal dəyər zəncirindən
daha çox pay əldə etmək məqsədilə
"Şimal-Cənub” və "Şərq-Qərb” dəhlizləri
ilə beynəlxalq ticarət həcmində artıma nail olmaq
üçün səy göstəriləcək. Bundan
başqa, sənəddə qeyd olunur ki, Yeni Bakı Beynəlxalq
Dəniz Ticarət Limanının Heydər Əliyev Beynəlxalq
Hava Limanına və ölkənin daxili ticarət şəbəkəsinə
çevik inteqrasiyasını təmin etməkdən
ötrü avtomobil və dəmir yolu əlaqələri
gücləndiriləcək.
2019-cu ildə nəqliyyat
infrastrukturu daha da təkmilləşdiriləcək
Bu il olduğu
kimi, 2019-cu ildə də tranzit və nəqliyyat xidmətlərinin
inkişafı, həyata keçirilən iqtisadi siyasətin əsas
istiqamətlərindən olacaq.
Öncə onu qeyd edək
ki, 2018-ci ilin büdcəsində dövlət əsaslı vəsait
qoyuluşu üçün nəzərdə tutulan 4.824.2 milyon
manat vəsaitin sifarişçi təşkilatlar və obyektlər
üzrə bölgüsündə infrastruktur layihələrinə
3.435.5 milyon manat vəsait ayrılıb. Bu vəsaitin
1.549.3 milyon manatının nəqliyyat layihələrinə
yönəldilməsi bu sahənin prioritetliyinin göstəricisidir.
Gələn ilin dövlət
büdcəsi layihəsində də göstərilir ki,
ölkəmizin logistika və nəqliyyat mərkəzi kimi
mövqeyinin gücləndirilməsi və ölkədə
çoxşaxəli nəqliyyat infrastrukturunun
yaradılması məqsədi ilə, habelə
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi
nəticəsində artan yük həcmlərinin
qarşılanması üçün ardıcıl tədbirlərin
görülməsi nəzərdə tutulur. Bundan başqa, yaxın illərdə
"Şimal-Cənub Nəqliyyat Dəhlizi”nin yerüstü
marşrutunun mərkəzində yerləşən və əsas
birləşdirici rol oynayan Astara (Azərbaycan)-Astara
(İran)-Rəşt-Qəzvin dəmir yolu xəttinin inşa
edilərək istifadəyə verilməsi yüklərin və
sərnişinlərin Mərkəzi və Şimali Avropadan Azərbaycanın
ərazisindən keçməklə Fars körfəzi, Hind
okeanı regionlarına tez bir zamanda
çatdırılmasını təmin edəcək. Həmçinin ölkənin əlverişli məkanlarında
azad iqtisadi zonaların, yaxın gələcəkdə isə
Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində
logistika qovşağının ("hub”) yaradılması məsələlərinə
baxılacaq.
Bütün bunlar əlbəttə
ki, Azərbaycanın regionda beynəlxalq nəqliyyat dəhlizləri
üzərində mühüm ticarət, tranzit mərkəzinə
çevriləcəyini bir daha təsdiqləyir. Azərbaycan
Avrasiya məkanının mühüm logistik mərkəzlərindən
birinə çevrilərək yeni təşəbbüslər
irəli sürməkdə davam edir. İpək
yolu üzərində geniş iqtisadi zolağın
yaradılmasının fəal dəstəkçisi olan
respublikamız müxtəlif istiqamətlərə tranzit
daşımalarının səmərəli təşkilinə
də etibarlı təminat verir.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2018.- 18 noyabr. - S.1; 4.