Bakıda Azərbaycanın işğal
olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlərlə
bağlı beynəlxalq konfrans keçirilib
Noyabrın 17-də Bakıda "İşğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər və üçüncü tərəflərin məsuliyyəti” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə keçirilən konfransda Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərindəki qeyri-qanuni iqtisadi fəaliyyəti, təbii resursların qanunsuz şəkildə istismarı və bu kimi digər məsələlər yerli və xarici ekspertlər tərəfindən müzakirə edilib.
Konfransı açan SAM-ın direktoru Fərhad Məmmədov bildirib ki, işğal edilmiş Azərbaycan ərazilərində Ermənistan tərəfindən törədilən qanunazidd əməllər həmin əraziləri narkotiklərin qanunsuz dövriyyəsi və hətta terrorizm fəaliyyətinin mərkəzinə çevirib. Ermənistanın həyata keçirdiyi qeyri-qanuni fəaliyyət qonşu ölkələrin sabitliyini pozmaqla yanaşı, regional sülhə qarşı da açıq təhdid təşkil edir.
Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev konfransda çıxış edərək Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətə və həmin ərazilərdə beynəlxalq hüququn imperativ normalarının pozulması faktlarına diqqət çəkib, bu bölgələrin qanunsuz mal dövriyyəsi üçün tranzit məntəqəsinə çevrildiyini vurğulayıb.
Daha sonra italiyalı diplomat və ATƏM-in (hazırkı ATƏT) Minsk konfransının ilk sədri Mario Raffaelli Minsk qrupunun 25 ildən sonrakı fəaliyyətinə nəzər salaraq, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra sürətli inkişafa nail olaraq etibarlı regional tərəfdaşa çevrildiyini xatırladıb.
Konfransın panel müzakirələrində "AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva və Baş Prokurorluğun rəis müavini Vüqar Nəsibov çıxış edərək mədən qaynaqlarının qanunsuz şəkildə istismar edildiyini, müvəqqəti işğal altındakı Azərbaycan torpaqlarında qanunsuz fəaliyyətin həyata keçirildiyini və bu kimi fəaliyyətlərin münaqişənin uzadılması və status-kvonun saxlanılması vasitəsi kimi istifadə edildiyini bildiriblər. Bundan başqa, işğal altındakı ərazilərdə fəaliyyət göstərən hüquqi şəxslərə qanunsuz audit xidməti göstərən şirkətlərə qarşı Baş Prokurorluq tərəfindən zəruri istintaq tədbirlərinin həyata keçirildiyi çıxışçılar tərəfindən nəzərə çatdırılıb.
Tədbirdə "Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev Ermənistan tərəfinin işğal altındakı ərazilərin torpaq və bitki örtüyünü deqradasiyaya məruz qoymasını, qanunsuz şəkildə kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olaraq həmin ərazilərdə tikililər ucaltmasını peyk vasitəsilə əldə edilmiş görüntü və xəritələr əsasında iştirakçıların diqqətinə çatdırıb.
SAM-ın iqtisadiyyatın təhlili şöbəsinin aparıcı elmi işçisi Mahir Hümbətov Mərkəz tərəfindən yaxınlarda Litvada nəşr edilən və Ermənistanın qanunsuz fəaliyyətlərinin hidroloji və ekoloji aspektlərinə aydınlıq gətirən "Dünyaya təhdid: Hidroloji cinayət və ekoloji soyqırımı” kitabına dair qısaca məlumat verərək, Ermənistanın birbaşa region ölkələrinə, lakin dolayısı ilə bütün dünyaya qarşı ekoloji təhlükə kəsb etdiyini bildirib. O, qeyd edilən məqamların ingilis dilində nəşr edilən kitabda əksini tapdığını söyləyib.
Konfrans sual-cavab sessiyası ilə başa çatıb.
Azərbaycan.- 2018.- 18 noyabr. - S.4.