105 yaşlı
“Arşın mal alan”
Şuşanın dolanbac küçələrini
dolaşan gənc arşınmalçı: "Arşın
mal alan...” - deyə oxuyur. Şuşalıların
çoxu kimi, səsi heyranedicidir. Yad
kişilərin döyə bilmədikləri qapılar ona
açılır. Çünki o,
arşınmalçıdır. Boxçasındakı
malları qızlar, gəlinlər əllək-vələk
edir, özlərinə yaraşanını seçirlər.
Evlənmək yaşına çatmış, ancaq
tay-tuşlarından fərqli olaraq görmədiyi qızla ailə
qurmaq istəməyən cavan arşınmalçı isə
beləcə, öz qismətini axtarır...
İllər sonra Üzeyir bəy
Hacıbəyli şöhrətini yeni zirvəyə
çatdıran "Arşın mal alan”
operettasında həmin səhnələri əks etdirəcəkdi.
O vaxtlar isə Azərbaycanın musiqi diyarı sayılan, ilk
müəllimi, ilham çeşməsi olan o əsrarəngiz
şəhərdə gələcəyin dahi bəstəkarı
xalqının yaşamını, musiqi ənənələrini
dərindən öyrənir, həvəskar artistlərin
ifasında "Məcnun Leylinin məzarı üstündə”
tamaşasına maraqla baxırdı. Yaddaşında
dərin iz salan bu xatirələr sonralar ona "Leyli və Məcnun”
operası və başqa əsərlər yazdıracaqdı.
Son operettasında - "Arşın mal alan”da
isə o, əziz şəhərdə keçən unudulmaz
illərin mənzərələrini canlandıracaqdı.
Rusiyada ilk operetta
Üzeyir bəy bu əsəri
1913-cü ildə Peterburq Konservatoriyasında təhsilini davam
etdirərkən yazdı. Operettanın
librettosunun müəllifi də özü oldu. Müəllif əsərini əvvəlcə
polifoniya müəllimi professor Vasili Pavloviç Kalafatiyə
göstərdi. Əsər Kalafatinin
çox xoşuna gəldi. Məsləhət
gördü ki, onu konservatoriyanın direktoru, görkəmli
rus bəstəkarı, professor Aleksandr
Qlazunova təqdim etsin. Üzeyir bəy belə də
etdi. Əsərə heyran qalan Qlazunov onu
bütün Rusiyada ilk operetta adlandırdı.
Üzeyir bəy "Arşın mal alan”ın partiturasını və librettosunu
Bakıdakı dostlarına göndərdi. Bundan qabaq -
1913-cü ilin 30 iyulunda Hüseynqulu Sarabskiyə
Sankt-Peterburqdan yolladığı məktubda o,
yazmışdı: "Bəradərim Hüseynqulu! Mən dəxi
bu halda bir tərəfdən dərs oxumaqda və bir tərəfdən
də "Arşın mal alan”ı
yazmaqdayam. Amma çox qəribə operetta
olacaqdır. İnşallah, sentyabrda
göndərərəm ki, əvvəlcə onu
qoyasınız.
...Mənim də bu qədər əlləşməyim
odur ki, gələcəkdə teatr işini elə bir hala salaq
ki, nəinki təkcə bir Bakı və ya Qafqaz, bəlkə
hər bir yerdə və hər bir şəhərdə teatr
verməyə imkanımız olsun. Ancaq bir qədər
vaxt gözləmək və zəhmət çəkmək
lazımdır. Mən Bakıda olarkən öz əsərlərimin
qədrini bilmirəmmiş, amma burada bilirəm ki, mənim əsərim
gələcəkdə böyük bir iş görəcəkdir!”
1938-ci ildə "Arşın mal alan” haqqında qeydlərim” adlı məqaləsində
Üzeyir bəy yazacaqdı: "Arşın mal alan”
1913-cü ildə Peterburq Konservatoriyasında oxuduğum zaman
yazılmışdır. Onun süjeti Qarabağın Şuşa şəhərinin həyatından
alınmışdır. "Arşın mal
alan” yazılıb qurtardıqdan sonra mən çar
senzurasından əsərin çap edilməsi və
oynanılması üçün icazə almağa çox
vaxt sərf etdim, çox əziyyət çəkdim”.
Ağılları
gözündə olan adamlar...
"Arşın mal alan”ın
premyerası 1913-cü il oktyabrın 25-də Bakıda
Tağıyev Teatrında keçirildi. Hüseynqulu
Sarabski quruluş verdiyi tamaşada həm də Əsgər
rolunu oynadı. Əhməd Ağdamski
Gülçöhrə, Məmməd Hənifə Terequlov
Süleyman, Ələkbər Hüseynzadə Soltan bəy, Gülsabah
xanım Asya, Olenskaya Telli rolunda səhnəyə
çıxdılar. Tamaşanın dirijoru isə
Müslüm Maqomayev idi.
Operettanın ilk
tamaşası Bakıda böyük səs-səda yaratdı. Bir ilin içərisində
"Arşın mal alan” yalnız bu şəhərin
teatr səhnələrində 150 dəfədən çox oynanıldı.
Dövrün mətbuat orqanlarının əksəriyyəti
həmin tamaşadan yazırdılar. "Sədayi həqq”
qəzeti 3 noyabr 1913-cü il tarixli nömrəsində
bildirirdi: "Müsəlman bəstəkarı Üzeyir bəy
Hacıbəyovun təzə operettası "Arşın mal
alan” camaata çox xoş gəlib, təkrar oynanmasını
xahiş etdiklərinə görə cümə günü
noyabrın 8-də ikinci dəfə oynanacaqdır. Soltan bəy rolunda camaatın hüsni-təvəccöhünü
qazanmış Ələkbər Hüseynzadə
çıxış edəcəkdir”.
"Yeni iqbal” qəzetinin 16 mart
1916-cı il tarixli nömrəsində Nəriman
Nərimanov həm musiqi, həm də məna cəhətdən
bəyəndiyi tamaşa haqqında yazırdı:
"Arşın mal alan” operettasında bir ideya var, desək,
yarar. Nədir o ideya? Qızı
görməmiş almaq olmaz. Cənab
Əsgər bəyin fəlsəfəsində arvad mal kimi bir
şeydir. Malı görüb almaq kimi,
qızı da gərək əvvəl görəsən, sonra
alasan. Demək ki, Əsgər bəyin fəlsəfəsilə
arvad almaq üçün bir sifətini görmək
tamamdır. Şəksiz bu, bir tipdir, ağılları
gözündə olan adamların tipidir...
Üzeyir bəy cənabları
oxuduğu elmin səbəbinə daha gözəl operalar meydana
gətirəcəkdir. Hər halda, qeyri əsərlərə
nisbət hal-hazırda Üzeyir bəyin əsərləri
yolu açır. Bu yolda Üzeyir bəyin
daha artıq tərəqqi etməyini səmimi qəlbdən
istəyirik”.
Tərifini göylərə
qaldıranlarla yanaşı, "Arşın mal alan”ı tənqid edənlər də oldu. İkincilərə xoş gəlməyən daha
çox müəllifin qadın azadlığı, köhnə
adət-ənənələrin bəzilərinin gərəksizliyi
kimi məsələləri diqqətə
çatdırması idi. Müəllifin tənqidi
hədəfə dəyirdi. Operettadakı obrazlar -
yenilikdən uzaq, köhnə adətlərin əsiri olan tacir
Əsgər, Süleyman, Soltan bəy, dörd divar arasında
böyümüş, hüquqsuz, savadsız, sevib-sevilməkdən
məhrum edilən, tay-tuşları kimi bir gün görmədikləri
adama ərə veriləcəklərini bilən, onun necə
olacağının fikrini çəkən
Gülçöhrə və Asya o cəmiyyətdə
yaşayan, real insanlar idilər.
Operetta haqqında mətbuat
orqanlarında da mənfi rəy verənlər oldu. "Arşın mal alan” haqqında qeydlərim” məqaləsində
Üzeyir bəy özü də yazırdı: "Bu əsər
birinci dəfə oynandığı zaman Bakı
burjuaziyasının "Kaspi” qəzeti tərəfindən
son dərəcə hörmətsizlik və nifrətlə
qarşılanmışdır. Əsər
haqqında yazılmış "tənqiddə” avtor
söyülürdü. Onlar bu əsəri
"qızlarımızı pis yola çağırmaqda”
töhmətləndirirdilər. O zamanlar azərbaycanlı
qızlar ən elementar hüquqlardan belə məhrum
edilmişdilər. Bu komediyanı yazmaqda da məqsəd
səhnədə musiqili əsər vasitəsilə qadın
azadlığına yardım etmək, köhnə adət və
ənənələri ifşa etmək idi”.
Güldürən
və düşündürən əsər
Zaman yenə Üzeyir bəyin
üzaqgörənliklə söylədiklərini təsdiq
etdi.
"Arşın mal alan”ın şöhrəti
müqayisəyəgəlməz oldu, 80 dilə tərcümə
edildi. 76 ölkənin 187 teatrında - ABŞ-ın 16
ştatında, Gürcüstanın 16, Bolqarıstanın 17,
Polşanın 17, Rusiyanın 28, Çinin 8 şəhərində
tamaşaya qoyuldu. Hər dəfə də
tamaşaçı alqışları salonu titrətdi.
1919-cu ildə Hacıbəyli
qardaşlarının Türkiyədə qastrolları
zamanı tamaşa elə uğur qazandı ki, Azərbaycan
artistləri İstanbuldakı "Şərq” teatrını
bir neçə aylıq icarəyə götürməli
oldular. Operettanı fransız dilinə Üzeyir bəyin
kiçik qardaşı Ceyhun bəy tərcümə etdi.
1925-ci il iyulun 4-də Parisin "Femina”
teatrında fransızlar bu tamaşanı məşhur
aktyorların - Dervalın (Soltan bəy), Montenin (tacir Əsgər),
Passaninin (Gülçöhrə), Maqalinin (Asya) ifalarında
izlədilər.
Azərbaycanda qadınların səhnəyə
çıxmasına maneələr yaradıldığı
vaxtlar "Arşın mal alan”a da aktrisa
tapmaq müşkülə çevrilirdi.
Sovet hakimiyyəti illərində
"Arşın mal alan” nəinki
İttifaqa daxil olan respublikalarda, bütün dünyada dönə-dönə
tamaşaya qoyuldu. Üzeyir bəyin doğma
xalqının muğam irsindən bəhrələnərək
yazdığı bu əsər yalnız müəllifinə
və vətəninə deyil, bütün SSRİ-yə
şöhrət gətirdi. 1938-ci ildə Moskvada
keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti
ongünlüyündə səhnəyə
çıxarılan "Arşın mal alan”
operettası haqqında Moskva mətbuatında bir-birindən
maraqlı məqalələr dərc olundu.
Tamaşadan müəllif
özü də razı qalmışdı. Üzeyir bəy
Böyük teatrda rejissor Hidayətzadənin quruluşunda
"Arşın mal alan”ın keçmiş
quruluşlarının hamısından üstün
olduğunu yazdı, tamaşanın bədii tərtibatında
gənc rəssam Ədhəm Sultanovun əməyini, artistlərdən
Bülbül, H.Hacıbababəyov, Sona Mustafayeva, Səltənət
Quliyeva, Aliyə Terequlova, Elmira Axundova və
başqalarının ifalarını yüksək qiymətləndirdi.
Operetta XX əsrin əvvəllərində,
Azərbaycanda "səssiz filmlər” çəkmək istəyən
rejissorların müraciət etdikləri ilk əsərlərdən
oldu.
"Arşın mal alan” müxtəlif illərdə
dəfələrlə ekranlaşdırıldı. Müəllifini və Azərbaycanı o qədər
məşhurlaşdırdı ki, ermənilər əvvəlcə
bu şöhrətə şərik olmaq, sonra isə tamam mənimsəmək
xülyasına düşdülər. Ancaq
Üzeyir bəyin Azərbaycan musiqi xəzinəsi üzərində
qurduğu bu əsər bütün erməni yalanlarından
ucada dayandı.
Üzeyir bəy bütün işlərində
olduğu kimi, "Arşın mal alan”ında
da ustadlığını nümayiş etdirdi. Tamaşaçını yerli-yersiz güldürmək
xatirinə bir hərəkətə və ya ifadəyə belə,
yol vermədi. Buna görə Üzeyir bəyin oz sevimli
xalqı üçün irs qoyub getdiyi bu
ölməz sənət əsəri uzun illərdir
teatrların repertuarını bəzəyir. "Arşın
mal alan” tamaşası 105 ildir ki, səhnədən
düşmür. Tamaşa dünyanın
müxtəlif səhnələrində oynanılır.
2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı
sessiyasında "Arşın mal alan”
operettasının 100 illik yubileyinin dünya səviyyəsində
qeyd edilməsi haqqında qərar qəbul olundu. Həmin il UNESCO-nun Baş Qərargahında TÜRKSOY,
eləcə də Azərbaycan və Qazaxıstanın
UNESCO-da daimi nümayəndəliklərinin birgə təşkilatçılığı
ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin
"Arşın mal alan” operettasının 100 illiyinə həsr
edilmiş bayram tədbirləri keçirildi.
Yazıldığı
vaxtdan zaman keçdi, dövran dəyişdi. Amma "Arşın mal alan” nə yaşa doldu, nə də köhnəldi.
105 il əvvəlki kimi, bu gün də
bütün dünyada səhnələşdirilən əsər
tamaşaçılarını heyran edir və
düşündürür.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.-
2018.- 18 noyabr.- S.7.