Kişilər bir olmur...

 

19 noyabr Beynəlxalq Kişilər Günüdür

 

Gördüyüm mənzərə qarşısında o qədər heyrətlənmişdim ki, nə deyəcəyimi, necə edəcəyimi bilmirdim...

Atam ağlayırdı...

Yıxılmaz qala kimi qarşımda duran bu ahıl kişi səssiz-səssiz ağlayırdı...

Bəs, kişilər ağlamaz deyirdilər?!

İllər sonra, elə bu dəqiqə, bu an başa düşmüşdüm ki, səbəb nə olursa-olsun, kişilər ağlayanda dağlar da ağlayırmış...

Hamının yanında yox, özlərini həbs etdikləri o qaranlıq boşluqda ağlayırlar, toxuna bilmirsən, göz yaşları dəydiyi yeri yandırır, yaxınlaşa bilmirsən...

Bəzən içdən-içə bir inilti, bəzən də sadəcə bir hüzn olur kişilər üçün ağlamaq...

Bağırları partlayır, qəlbləri sıxıntıdan parçalanır, qara qanlar axır ürəklərindən, amma kişi kimi hər bir acıya dözür, ağlamırlar, sızlamırlar, şikayət etmirlər, sadəcə, susurlar, susurlar...

 

Yaşanmış üç ömrün tarixçəsi

 

bu da gerçəklikdir ki, hər lal sükutun arxasında yaşanmış bir ömrün səs-küylü tarixçəsi gizlənir...

Bu günöz ağrı-acısını ürəyində daşıyan, üzlərində illərin, gözlərində doğmalarının ağrı-acısı həkk olunan üç kişi - iki məcburi köçkünbir fiziki məhdudiyyətli kişi barədə söhbət açacağıq sizlərə. Əslində, bu həyat hekayələri onların taleyini yaşayan hər bir kişinin ümumiləşdirilmiş obrazıdır...

Həmsöhbətimizin ilki 58 yaşlı məcburi köçkün Məhəmməd Əhmədovdur. Zəngilan rayon Akara kənd sakini olan Məhəmməd kişi üç qız atasıdır. Bu yaşına kimi zəhmətkeş əlləri ilə başqalarına ev tikə-tikə özünə də Sumqayıtda balaca bir yuva qurub.

Məhəmməd Əhmədov 1993-cü il oktyabrın 27-si bütün yaşadıqlarını geridə qoyub həyatına sıfırdan başlamalı olurdeyir ki, o gün hər şeyini, öz əlləri ilə qızları üçün qurduğu isti ocağını itirir

- Atadan yetim böyümüşəm, 7 uşaq olmuşuqanam bizi min bir zəhmətlə böyüdüb. 9-cu sinfi bitirib peşə məktəbinə qəbul oldum, "malyar”lığı öyrəndim. Başladım işləyib, evə çörək pulu gətirməyə. Çox əziyyətlə özümə gün ağlamışdım. Özümüzə rahat şərait qurmaq üçün gecə-gündüz növbəli işləyirdim və buna da nail olmuşdum. İndi "Mən nə vaxt əsl gün görmüşəm?” sualına cavab düşünəndə, öz-özümə, "bax, orda, Zəngilanda” deyirəm.

 

Hər şeyini itirmiş və hər şeyə yenidən başlamalı olan ailə başçısı

 

25 il öncə - 1993-cü ilin oktyabr ayının 27-si, o məşum gün ailəsini Arazın o tayına keçirib özü kəndə qayıdır. Kişilər müharibədə iştirak etməli idilər və o, nə isə başına gələcəyi ehtimalını gözünün önünə gətirib ailəsi, qızları ilə sağollaşır.

Kəndə qayıdıb şəkilləri, toy kasetini torpağa basdırır ki, onsuz da yenidən öz evlərinə qayıdacaqlar. Amma hərbçilər mülki şəxslərə deyirlər ki, rayonu tərk etməlidirlər. Özü ilə heç nə götürmədən, Araz çayını keçir... Ordan geriyə dəhşətli mənzərəyə tamaşa edir. Ermənilər illərlə min əzab-əziyyətlə tikib-qurduğu evinə od vurub yandırırdılar. Ərşə qalxan alovun istisi qəlbini közərdir. Üç gün İranda qaldıqdan sonra Azərbaycana keçirlər.

- Sumqayıta gəldik. Burda qardaşlarım qalırdı. Təsəvvür edin, hər şeyini itirmiş, hər şeyə yenidən başlamalı olan bir ailə başçısı... Ailənin bütün ümidi onadır. O bizi yenidən bir damın altına yığacaq, bizə çörək pulu qazanacaq - deyirdilər. Küçələrə düşüb axtarmağa başladım. Nə vaxta qədər kiməsə sığınasan?

Ailəm də qapılarda bir küncə sığınıb yaşayırdı. Qardaşım olsa belə, onlara çox narahatlıq verməyim deyə, evə çox vaxt elə yatmağa gedirdim. Heç birimizin əyin-başı yox idi. Onun-bunun verdiyi köhnələrlə yola verirdik. Bir tapdım. İşləyib ilk pulumla geyim aldıq. Sonra balaca bir otaqda kirayə qalmağa başladıq. Yağış yağanda otağın tavanından damırdı deyə, uşaqlar hər tərəfə vedrə, vanna düzürdü.

Daha o ağrılı-acılı günlər barədə nə danışmaq istəyirəm, nə də xatırlamaq. Min bir əziyyətlə bu zamana kimi gəlib çıxdıq, ailəmə bir şərait qura bildim. Düzdür, ordakı ilə eyni deyil, amma buna da şükür. İllərdir başqalarına ev qurdum, daş qaldırdım, əllərim qabardır. Həmişə qızlarım "atam bizi o zəhmətkeş əlləri ilə bu yaşa kimi böyüdüb” deyirlər. Onların təhsil almaları üçün dincəlmədən fasiləsiz işləmişəm. İkisi ali təhsil alıb, balacası isə kollec bitirib. İndi artıq ahıllığa doğru gedirəm. Qızlarımın ikisi ailəlidir. Nəvələrim də var.

 

Bədənim qəlpələrlə dolu idi, əlim, ayağım işləmirdi...

 

23 il öz ayaqları üstündə duran, gələcəyinə dair çox gözəl arzuları olan bir gənc idim. Ta ki, o günədək... Ayaqlarım, əllərim işləmədi. Dünya üstümə çökmüşdü sanki. Onun ağırlığı altından qalxmağa nə həvəsim, nə də gücüm var idi. Artıq hər şey mənə mənasız görünürdüintihar etməyi belə düşünürdüm...

Bu fikirləri söyləyən isə 47 yaşlı fiziki qüsurlu İlham Məhərrəmovdur. Moldovada hərbi xidməti başa vurduqdan sonra vətənə qayıdan İlham 2-3 aydan sonra könüllü olaraq Qarabağ müharibəsinə yollanır. 1992-94-cü illərdə Ağdərə, Kəlbəcər, Tərtər istiqamətində döyüşür.

Döyüşlərin birində ağır yaralanan 23 yaşlı gəncin hər iki ayağı hərəkətini itirir. İlham müəllim hazırda Azərbaycan Milli Paralimpiya Komitəsində işləyir və bu ilin mart ayından etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə yaradılmış "Bocciaİdman Federasiyasının baş katibidir. Ailəlidir, 8 və 3 yaşlarında iki qızı var .

Deyir ki, yaralanandan sonra həyat onun üçün bitmiş sayılsa da, yenə xırda bir ümid işığına tutunaraq həyatda mübariz olmağı bacarıb: "Təsəvvür edin, 23 yaşlı bir gəncəm, bədənim qəlpələrlə doludur və əlim, ayağım işləmir. 7-8 ay Bakıya gəlib sanatoriyada müalicə alıb, qayıdırdım. Ümidvar idim ki, ayaqlarım düzələcək və mən yenidən gəzəcəm, amma olmadı...”

 

Bütün həyatım puç olmuşdu, amma...

 

Sonra Ramanada yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə getdim. Bir gün həyətdə oturmuşdum, qanım qara idi, heç kimlə də söhbət etmirdim. Axı, bütün həyatım puç olmuşdu... Birdən gözüm özlərinə yuva tikən iki qaranquşa sataşdı. Saatlarla izlədim və qaranquşlar mənə bu həyatda yaşamaq üçün daha çox səbəblər olduğu hissini aşıladı. Düşündüm ki, əgər Allah bu quşa dimdiyi ilə yuva qurmaq qabiliyyətini veribsə, bizi də ayaqlarımızdan məhrum etməklə həyatımızı sonlandıra bilməz. O gündən mən də başladım özümə yuva, gələcək qurmağa...

İki qız övladı böyüdən İlham müəllim danışır ki, maddi mənada da çox sıxıntılar yaşayıb. Günlərlə ancaq kartof, soğan yedikləri vaxtlar olub. Özü divarın bir küncündə, anası o biri küncündə qısılıb kövrəlirlərmiş. Bir qədər sonra kiçik biznesə başlayıb. Ailə qurandan sonra isə sanki Allah ruzilərini yetirib.

 

Bir qapı bağlanırsa, mütləq digər qapını açıb başlamaq lazımdır

 

- Çətin günlərimdə ailəm də mənə böyük dəstək oldu. Əgər onlar yanımda olmasaydılar, mən psixoloji gərginlikdən çıxa bilməzdim. 7-8 ay rayondan Bakıya müalicə almağa gəlirdim, sonra qayıdırdım. O vaxt heç əlil arabam da yox idi. 1997-ci ildən getdiyim Ramanadakı reabilitasiya mərkəzində ictimai işlə məşğul olmağa başladım. 35-ə yaxın Qarabağ əlilini bir araya gətirdim və Qarabağ Əlilləri Cəmiyyətinin dayaq nöqtəsini qurdum. Bir müddət xırda ticarətlə də məşğul oldum. Sonra Paralimpiya komitəsinə qoşuldum, kamandan ox atma ilə məşğul oldum.

Bu idman növü üzrə respublika çempionu adını qazandım. Daha sonra səhhətimlə əlaqədar Ukraynaya müalicəyə getdim və 10 il orada qaldım. Geri qayıdanda Paralimipiya komitəsinin rəhbəri İlqar Rəhimov mənə komitənin reabilitasiya mərkəzində kurator işləməyi və mərkəzə gələn digər əlilləri də paralimpiya idman növlərinə cəlb etməkdə onlara kömək göstərməyi təklif etdi. Sonra birlikdə "Bocciaidman növü yaratdıq. Bu idman növü xüsusilə əlləri problemli, heç əlləri işləməyən insanlar üçündür. Mənim də yaralanandan sonra əllərim bir müddət işləmədiyi üçün onları yaxşı anlayırdım. İki ildən sonra məni "Bocciaidman növü üzrə baş məşqçi təyin etdilər. Bu günə qədər 70-ə yaxın insanı bu idman növünə cəlb etmişik. İdmançılarımız ölkədə keçirilən 5 turnirdə iştirak ediblər. Bundan başqa, İspaniyada, bu yaxınlarda isə İtaliyada keçirilən çempionatlara qatılmışıq. Komandamız bir qızıl, üç bürünc medal ilə geri qayıdıb.

Bir sözlə, dövlətin qayğısı ilə çətinlikləri arxada qoydum. İndi həyatımı qızlarıma həsr etmişəm. Yalnız onlar üçün çalışıram. Əlimdən gələni edirəm ki, bir sənət sahibi olsunlar. Onların təhsilinə nə lazımdırsa, mütləq edəcəm.

İlham Məhərrəmov deyir ki, fiziki məhdudiyyətli şəxslər əlilliklərini özlərinə problem etməsinlər, həyatın hər üzü, hər çətinliyi varbir qapı bağlanırsa, mütləq digər qapını açıb, hər şeyə yenidən başlamaq lazımdır.

 

Yerlə-göyün qovuşduğu yerdə

 

Kəlbəcər rayonunun Hacıkənd kəndindən məcburi köçkün olan 74 yaşlı müəllim Qənimət Bağırovun dediyinə görə, ona elə gəlir ki, heç Kəlbəcər kimi bir yer olmayıb, orada yaşamayıb, uşaqları orada doğulmayıb, onlarla bağlı heç bir arzuları olmayıb...

İndi dönüb geriyə baxanda ancaq ora ilə bağlı yaddaşında iz buraxan xatirələr canlanır. Həyat yoldaşı ilə bərabər məktəbdə müəllim işləyir, dərsdən sonra kiçik ailə təsərrüfatları ilə məşğul olur, azyaşlı övladları ilə xoş zaman keçirirdilər. Hər il məktəblər bağlanan kimi Qoç Daş yaylağına çıxar, 3 ay yay tətilini orada keçirərdilər.

- Yaylaq o qədər hündür idi ki, dumandan göz-gözü görmürdü, yağış yağanda çadırımızın üstünə dəyən damlaların tappıltısı, göydə toqquşan buludların gurultusu elə bir təsəvvür yaradardı ki, sanki bu dəqiqə yerlə-göy qovuşur... Nağıllar aləmində yaşayırdıq. Çox qayğısız idik, uşaqlarımı istədiyim kimi böyüdür, onların gələcək həyatları barədə arzular qururdum.

Budur bax, artıq övladları universitet məzunudur, diplomlarını ona göstərirlər. duvaqlı qızlarına, al lentli gəlinlərinə xeyir-dua verir... Amma sən demə, bütün bu arzularının, xoşbəxt günlərinin sona çatmasına elə də çox zaman qalmayıbmış...

- 1993-cü il aprelin 1-i səhərə yaxın xəbər gəldi ki, ermənilər artıq Kəlbəcərin bir neçə kəndini tutublar. İnanmadıq, düşündük ki, yəqin şayiədir, amma insanların ala-toranda vahimə içində tələsik kəndi tərk etdiyini gördükdə, məsələnin nə qədər ciddi olduğunu anladıq. Kəndin kişiləri qadınları, qocaları, uşaqları maşınlarla Murov yolu ilə yola salırdılar. Özümüz kəndi tərk etmədik. İnana bilmirdik ki, ermənilər Kəlbəcəri ala bilərlər. Düşünürdük ki, yəqin bir-iki günə ailələrimizi yenidən qaytararıq öz ocaqlarımıza... Qapısı bağlı tövlələrdən gələn mal-qaranın səsindən insanın əti ürpəşirdi. Getdikcə atışma səsləri yaxınlaşır, qonşu kəndlərdə yandırılan evlərin tüstüsü ərşə dirənirdi. Daha əliyalın halda durub düşməni gözləməyin heç bir anlamı yox idi, amma, bunu qürurumuza sığışdıra bilmirdik...

 

Əslində, bu, bir yuxu imiş...

 

Artıq vəziyyətin çətinləşdiyini görəndən sonra məcburən kəndi tərk etməli olurlar Murov yolu bağlandığı üçün gizli yolla Kəlbəcərdən çıxırlar. Gəncəyə çatanda aprelin 4-ü imiş və ailələri onların ya əsir düşdüyünü, ya da öldüyünü düşünürmüş.

Burada öyrənir ki, rayonun özündə yaşayan 73 yaşlı əmisi ermənilərə əsir düşüb. Bir müddət sonra əsirlərin dəyişdirilməsi zamanı əmisini də azad edirlər, amma ona verilən dəhşətli işgəncələrdən sonra 1 ay yaşamadan vəfat edir. Bir tərəfdən ölkədə o zaman mövcud olan vəziyyət, qıtlıq, insanların aclıqla üz-üzə qalması, digər tərəfdən hər gün qapıları döyən şəhid xəbərləri, insanların əsir, itkin düşmüş yaxınlarından heç bir soraq ala bilməmələri o dövrü yaşayanların hər birində silinməz və dərin yaralar buraxır.

- Çalışırdım ki, bütün bu çətinliklərə dözüm, onunla mübarizə aparım. Axı, bütün bu yaşananlarda 7 azyaşlı uşağın heç bir günahı yox idionlar elə bilirdilər ki, məhz mən onları bu çətinliklərdən qurtaracam. Təbii ki, onların bu inamını doğrultmaq, körpə gözlərində yaranan bütün sualların cavab tapması üçün ömrümü də fəda edərdim...

Yaşadığı heç bir çətinlik onu sındıra bilmir, ailəsinin xoşbəxtliyi, övladlarının gələcəyi üçün bütün məhrumiyyətlərə, sosial sıxıntılara, mənəvi əzablara dözməyə çalışır. Övladlarının hər birinə təhsil verir, oğul, qız toyu edir, nəvə sahibi olur, amma nə qədər etsə də, ürəyində dərin iz buraxmış yurd həsrətini heç bir təsəlli ilə ovuda bilmir. Və deyir ki, kaş ki, durub görəydim ki, 25 ildir yaşadığım bu mənəvi əzabların hamısı əslində, bir yuxu imiş...

 

Kişi kimi olmaq məcburiyyəti...

 

Güclü, əzmkar, mübariz, qayğıkeş, bir o qədər də həssas və kövrəkdirlər, əslində... Hər zaman onlardan nə isə umur, bütün çətinliklərin altından çıxacaqlarını gözləyirik. Bəli, məhz gözləyirik, hətta bunun əksi olacağı variantı belə, ağlımıza gəlmir. Cəmiyyət olaraq kişilər haqqında ümumiləşdirilmiş bir obraz biçib geyindirmişik onlara - qorxmaz, güclü, daim qalib biridir o...

 

Nə məğlubiyyət görə, nə acı çəkə, nə də həqiqi hisslərini büruzə verə bilər...

 

Bəzən üzərlərinə gedir, qınayırıq... Evdə sınan kiçik bir lampanın, yerə düşən bir çiçəyin, lap elə dünyada baş verən fəlakətlərin də günahını onlarda axtarırıq...

 

Onların dünyasından, hisslərindən o qədər xəbərsizik ki... Onların çəkdiyi bu məsuliyyət yükünə heç bir qüvvənin gücü yetməz. Səssiz-səmirsiz çiyin verirlər bu ağırlığa, bu yükə...

"Hissizsiniz, qəlbsizsiniz, acımasızsınız” - deyə qınayırıq onları, amma bilmirik ki, bədbəxtliyə düçar olanda da, kiçicik balasını əlləri ilə məzara qoymağa məcbur olanda da, anasının tabutunu aparan çiyinlərə dəstək duranda da "kişi kimiolmağa məcburdurlar...

 

Yasəmən MUSAYEVA

 

Fərizə ƏHMƏDOVA

 

Azərbaycan.- 2018.- 18 noyabr.- S.7.