Belarus Prezidenti Aleksandr
Lukaşenko: "Belaruslar
Azərbaycanı bizə çox dost olan, bizim
yaxşı münasibət bəslədiyimiz qardaş
respublika kimi qəbul
edirlər"
Noyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşü olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dövlət başçıları görüşdə çıxış ediblər.
Azərbaycan Prezidenti
İlham Əliyevi salamlayan Belarus Prezidenti Aleksandr LUKAŞENKO dedi:
-Əziz
İlham Heydər oğlu, Belarus Sizi gözləyirdi. Rəsmi səfər barədə
məlumat çox idi. Bildiyiniz kimi, bunun üçün müxtəlif
səbəblər vardı.
Bəzən feyk xəbərlər
də olurdu. Hərçənd, bu da bir nəticədir. Hətta həqiqətə uyğun
olmayan müəyyən
mənfi informasiya da bəzən müsbət nəticə
verir. Buna görə
də Sizin
səfərinizə səmimi
maraq vardı. Biz bunu çoxdan
gözləyirdik. Azərbaycan haqqında
çox danışırdılar.
Dediyim kimi, bunun səbəbləri
çox idi. Səbəblər əsasən xoşniyyətli
idi. Beloruslar Azərbaycanı bizə çox dost olan, bizim yaxşı münasibət bəslədiyimiz
qardaş respublika kimi qəbul edirlər. Bu, həm
Prezidentlər arasında,
həm hökumətlərarası
komissiyada, həm də ticari-iqtisadi sahədə münasibətlərə
aiddir. Bunu demək kifayətdir ki, təkcə son bir ildə Belarus ilə Azərbaycan arasında ticarətin həcmi təqribən 3,5 dəfə artıb.
Bir daha təsdiqləmək və Sizi əmin
etmək istəyirəm
ki, bizim münasibətlərimizdə heç
vaxt qapalı mövzu olmayacaq. Biz bir dövlətdə yaşamışıq. Sizinlə çox
yaxın insanlarıq.
Kiminsə bunu istəyib-istəməməsindən asılı olmayaraq, bizim köklərimiz sovet dövrünə və bəlkə daha uzağa gedib çıxır –
10-15 nəsil bundan əvvəlki həmvətənlərimiz
Sizin həmvətənlərinizlə
yaxşı münasibətdə
olublar. Siz tarixçi kimi
bunu yaxşı bilirsiniz. Buna görə də Sizi Belarus torpağında
salamlayırıq. Bizə tez-tez
gəlin. Hava bugünkü
kimi olmayanda gəlin. Hərçənd, bunun da bir ləzzəti var - xüsusən Bakının quru küləyindən sonra.
Düşünürəm ki, qışqabağı
Minskdə olmaq və ona tamaşa
etmək Sizin
üçün faydalı
olacaq. Onun öz gözəlliyi
var. Ən azı onu görmək lazımdır. Buna görə şadam ki, Siz bizə
təşrif gətirmisiniz.
Danışmağa mövzu var. Bizim
bütün sahələrdə
- həm ticari-iqtisadi,
həm diplomatik, həm siyasi münasibətlərimiz yaxşıdır,
hərbi sahədə
yaxşı münasibətlərimiz
var. Lakin mövcud münasibətləri daha
da genişləndirmək
mümkündür, buna
çalışmaq lazımdır.
Buna görə əminəm ki, Sizin Belarusa bugünkü səfəriniz
perspektivdə bizim münasibətlərimizin möhkəmlənməsi
yolunda yeni addım olacaq.
***
Azərbaycan Prezidenti
İlham ƏLİYEV dedi:
-Sağ olun, əziz Aleksandr Qriqoryeviç. İlk növbədə dəvət
üçün Sizə
təşəkkür edirəm.
Yenidən qardaş Belarus torpağında
olmağıma çox
şadam. Bildiyiniz
kimi, bu, Sizin ölkənizə
mənim ilk səfərim
deyil. Mən Belarusda tez-tez
oluram, Siz də Azərbaycana tez-tez rəsmi səfərlər edirsiniz.
Bu, bizim yaxşı
münasibətlərimizin, məhz ölkələrimiz
arasında çox yaxın dostluq əlaqələrinin göstəricisidir.
Bu əlaqələrin çox mühüm tarixi aspekti var. Xalqlarımız onilliklər
boyu bir-biri ilə fəal ünsiyyətdə olub, əməkdaşlıq ediblər,
müstəqillik dövründə
isə bu əməkdaşlıq, əlbəttə
ki, tamamilə yeni səviyyəyə çatıb.
Bu gün
Azərbaycanda Belarus haqqında
danışanda, ikitərəfli
münasibətlərimizlə bağlı müəyyən
hadisələri yada salanda bizim cəmiyyətdə
həmişə çox
müsbət hisslər
yaranır. Vacib olan odur ki, bizim dostluq
əlaqələrimiz ölkələrimizin
cəmiyyətləri tərəfindən
də çox müsbət qəbul edilir. Bilirəm ki, Belarusda da
Azərbaycana çox
xoş münasibət
bəsləyirlər, Azərbaycanda
isə Belarusu həqiqətən qardaş
ölkə və nəinki keçmiş
SSRİ məkanında, həm
də dünyada Azərbaycanın ən yaxın tərəfdaşlarından
biri hesab edirlər. Bunun səbəbləri çoxdur, o cümlədən
Sizinlə şəxsi
münasibətlərimiz. İnsanlar bütün bunları - bizim məsələləri
necə həll etməyimizi, qarşıya
qoyulmuş hədəfə
doğru necə getməyimizi görür və qiymətləndirirlər.
Son illər bizim
münasibətlərimizin fəallaşması,
Sizinlə razılaşdırdığımız
məsələlərin həlli
dövrüdür. Münasibətlərimiz məhz onunla fərqlənir ki, biz razılığa gəldiyimiz
bütün məsələləri
yerinə yetiririk.
Biz bütün beynəlxalq qurumlarda bir-birimizi dəstəkləyirik,
əməkdaşlıq edirik,
Sizin qeyd etdiyiniz kimi, ticari-iqtisadi əlaqələrimiz
möhkəmlənir. Sənaye kooperasiyası çox fəal inkişaf edir. Hərbi-texniki, mədəniyyət, təhsil
sahələrində əməkdaşlığın
da yaxşı tarixi var. Yəni, biz bütün istiqamətlərdə
müsbət, yaxşı
əhval-ruhiyyə, konkret
nəticələr görürük
və əlbəttə,
əminəm ki, mənim budəfəki səfərim həm görülmüş işləri
müzakirə və təhlil etmək, onlara müəyyən yekun vurmaq, həm
də gələcək
əməkdaşlıq, yaxınlaşma
yollarını müəyyən
etmək üçün
bir imkandır. Əminəm
ki, bu gün
biz bu istiqamətdə
mühüm qərarlar
qəbul edəcəyik.
Fürsətdən istifadə edib Sizi özünüz üçün münasib
vaxtda Azərbaycana növbəti rəsmi səfərə dəvət
etmək istərdim. Qonaqpərvərliyə və dəvətə görə bir daha sağ olun.
Azərbaycan.- 2018.- 20 noyabr.- S.2.