Münasibətlərin başlıca əsası
qarşılıqlı hörmət və etimadın yüksək
səviyyəsidir
Noyabrın 19-da təkbətək
görüş başa çatandan sonra Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və Belarus
Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə
heyətlərinin iştirakı ilə geniş tərkibdə
görüşü olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dövlət başçıları görüşdə çıxış etdilər.
Belarus Prezidenti Aleksandr LUKAŞENKO dedi:
-Hörmətli İlham Heydər
oğlu.
Hörmətli dostlar.
Sizi Belarusun paytaxtında
salamlamağa ürəkdən şadam. Bu il
ölkələrimiz arasında diplomatik münasibətlər
yaradılmasının 25 illiyi qeyd edildi. Biz bu əlamətdar
tarixə yaxşı nəticələrlə gəlmişik.
Əsrin dörddəbiri ərzində ikitərəfli
dialoq strateji xarakter alıb. Dövlətlərarası
etimadın yüksək səviyyədə olması təsadüfi
deyil. Bunun əsasını Belarus və Azərbaycan
xalqlarının qədim dostluq ənənələri təşkil
edir. Bu, hətta ən mürəkkəb məsələləri
də konstruktiv şəraitdə müzakirə etməyə
imkan verir. Vurğulamalıyam ki, Belarus
ticari-iqtisadi sahədə sistemli və uzunmüddətli əməkdaşlıq
əzmindədir. Azərbaycan ilə əmtəə
dövriyyəsinin müsbət dinamikasına baxmayaraq, onun həcmi
optimal səviyyədən uzaqdır. Bu
gün biz Prezidentlə bu barədə xeyli söhbət etdik.
Biz əmtəə dövriyyəsinin
artırılması üçün potensialın olduğunu
görürük. İqtisadiyyatın
inkişafına Prezidentlə bizim
baxışlarımızın oxşar olması sayəsində
geniş istehsal kooperasiyası üçün təməl
yaradılıb. Belarusda
maşınqayırmanın flaqmanları olan Minsk traktor zavodu,
Minsk avtomobil zavodu, habelə Gəncə avtomobil zavodu bu
işin layiqli nümunəsini nümayiş etdiriblər.
Gəncədə artıq 10 mindən çox
traktor və 3500 vahid avtotexnika yığılıb.
Bu gün biz əməkdaşlığın
prinsipcə yeni mərhələsinə -
üçüncü ölkələrin bazarlarının
birgə mənimsənilməsinə başlamağa
hazırıq.
Vaxtilə biz bu barədə yalnız arzu
edirdik. Minsk və Gəncə
zavodlarının iştirakı ilə Türkiyə
üçün traktorların buraxılışı layihəsi
yüksək hazırlıq səviyyəsindədir. Gələcək məhz bu cür təşəbbüslərindir,
onlara istiqamətlənmək lazımdır. Azərbaycana elektrobuslar, liftlər,
taxılyığan kombaynlar və digər kənd təsərrüfatı
texnikası göndərilməsi və onların orada
yığılması kimi istiqamətlər üzrə
perspektivlər var. Biz vaxtilə öz
kombaynlarımızın istehsalı barədə qərar qəbul
etməyə məcbur olduq və yanılmadıq. Biz bu texnikanın sizdə birgə istehsalını
yaratmağa və hətta Azərbaycandan daha çox
üçüncü ölkələr üçün
işləməyə hazırıq. Ona
görə ki, sizin qonşularınızın bu texnikaya
ehtiyacı Azərbaycanın özünün ehtiyacından
xeyli çoxdur. Odur ki, biz MAZ və MTZ
prinsipləri üzrə bu texnikanın Azərbaycanda birgə
istehsalı ilə məşğul olmağa hazırıq.
Bundan əlavə, aqrar sahədə
əlaqələri genişləndirmək, ərzaq məhsullarının
qarşılıqlı satışını artırmaq
lazımdır. Azərbaycan istehlakçısının
bizim süd, ət, balıq məhsullarımıza, qənnadı
məmulatlarımıza tələbatı var. Beynəlxalq
ticarət ikitərəfli ticarətdir. Buna
görə də Belarus bazarında sizin malların artırılmasına
maraq var. Bu gün Prezident baş çəkdiyi Ticarət Evi
haqqında danışdı. Gələcəkdə
bu şəbəkəni inkişaf etdirərək vilayət mərkəzlərinə
keçmək nəzərdə tutulur. Tanrının
izni ilə, bu mağazalar və bu ticarət evləri sizin məhsullarla
dolu olacaq. Həmin məhsulları təkcə
belaruslar almır. Ukrayna hadisələri ilə
əlaqədar bütün axınlar Belarusdan keçir, Azərbaycan
məhsullarına çox böyük tələbat var.
Xüsusən ona görə ki, azərbaycanlılar ticarəti
bacaran ən yaxşı adamlardır, mən bunu həmişə
etiraf etmişəm. Bunu necə etməyi
biz sizdən öyrənməliyik. Bununla əlaqədar
keçən il Minskdə Ticarət Evi
açılmasını alqışlayıram. Biz bu layihəyə maksimum dəstək veririk, əmtəə
dövriyyəsinin tarazlaşdırılmış
artımı istiqamətləri üzrə təklifləri
bundan sonra da dəstəkləmək niyyətindəyik.
Siz lap yaxın vaxtlarda Türkiyədə
neft emalı kompleksi inşa etmisiniz. Azərbaycanlı
sərmayədarların Belarusa gəlişinə şad
olarıq və strateji sahələrdə ciddi
qarşılıqlı fəaliyyətə hazırıq.
İndi Azərbaycan Dövlət Neft Şirkətinin
"Qrodno-Azot” şirkətinin modernləşdirilməsinə
sərmayə qoyması imkanları müzakirə edilir.
Biz bu cür səyləri
alqışlayırıq.
Nəqliyyat-logistika sahəsində
xeyli ehtiyatlar var. Məsələn, Şimal-Cənub Beynəlxalq
Nəqliyyat Dəhlizinin yaradılması və "İpək
Yolu İqtisadi Kəməri” təşəbbüsü
çərçivəsində dəmir yollarının
çəkilişi. Biz həmin layihələrə bu və
ya digər şəkildə qoşulmuşuq. Fikrimcə, əczaçılıq üzrə birgə
müəssisələrin yaradılması, habelə
informasiya-kommunikasiya texnologiyaları, elm və mədəniyyət
sahələrində səylərin əlaqələndirilməsi
perspektivli olacaq. Biz Azərbaycan
üçün, özü də sizə lazım olacaq
bütün ixtisaslar üzrə lazımi qədər kadrlar
hazırlanmasını davam etdirmək əzmindəyik.
O cümlədən sizin xilasedicilərin Belarus Fövqəladə
Hallar Nazirliyinin Mülki Müdafiə Universitetində təhsil
alması yolu ilə.
Hüquq-mühafizə
strukturlarının, sosial-müdafiə qurumlarının,
aqrokompleksin, xüsusi rabitə və informasiyalaşdırma
sahələrinin əməkdaşları arasında ənənəvi
sıx və fəal ikitərəfli əlaqələr dəstəklənir. İmzalanmaq
üçün hazırlanmış sazişlər bizim əməkdaşlığımızı
daha da səmərəli edəcək. Belarus
ikinci Avropa Oyunlarının müdiriyyəti ilə əməkdaşlıq
edən azərbaycanlı məsləhətçilərə,
Azərbaycan Gənclər və İdman Nazirliyinə təşəkkür
edir. Gələn il keçiriləcək
Oyunların təşkili məsələsində göstərdiyiniz
fəal köməyə və dəstəyə görə
sizə təşəkkür edirəm və təbii ki, sizin
hamınızı həmin Oyunlarda gözləyirik.
Bir daha vurğulayıram, Azərbaycan
bizim üçün etibarlı strateji tərəfdaş olub
və olaraq qalır. Biz sizinlə dostluğumuzu yüksək qiymətləndiririk
və Avropanın mərkəzində Azərbaycanın mənafelərinin
irəliləməsinə səmimi və açıq şəkildə
kömək etməyə hazırıq. Bizdə
əməkdaşlıq üçün qapalı mövzular
yoxdur. Biz heç vaxt hansısa
üçüncü, beşinci ölkələrə
qarşı əməkdaşlıq etməmişik. Biz xalqlarımızın rifahı üçün
nə lazımdırsa edirik. Hər
hansı gizli, qapalı mövzular yoxdur və heç vaxt
olmayacaq. Biz bütün dünya
üçün səmimi və açığıq, bizim
qarşılıqlı münasibətlərimiz də elədir.
Hörmətli İlham Heydər
oğlu, Sizi və nümayəndə heyətinizin üzvlərini
Belarus torpağında bir daha salamlayıram. Bilin ki, siz
bizim üçün həmişə arzu edilən
qonaqlarsınız. Təşəkkür
edirəm.
***
Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:
-Hörmətli Aleksandr
Qriqoryeviç, ilk növbədə, dəvətə görə
Sizə bir daha təşəkkür etmək istərdim. Belarusa səfər bizə həmişə
xüsusi sevinc bəxş edir. İlk
növbədə, Sizi və bütün Belarus xalqını
ölkənizin sosial-iqtisadi inkişafında
qazandığınız nailiyyətlər münasibətilə
təbrik etmək istərdim. Mən
Belarusa müntəzəm səfər edən bir şəxs
kimi ölkənizin necə dinamik və səmərəli
inkişaf etdiyini görürəm. Bizim
münasibətlərimiz ölkələrimiz arasındakı
səmimiyyəti və əməkdaşlığı
yaxşı nümayiş etdirir. Biz
bütün məsələlərlə bağlı
qarşılıqlı fəaliyyət göstəririk və
qəbul edilən qərarlar hökmən həyata keçirilir.
Bu gün Siz ölkələrimiz arasında əməkdaşlığın
əsas istiqamətlərini qeyd etdiniz. Mən
də öz növbəmdə qeyd etmək istərdim ki, biz
bütün istiqamətlər üzrə fəal irəliləyiş
olduğunu və yaxşı nəticələr
qazanıldığını görürük. Bizim hər görüşümüz münasibətlərimizə
təkan verir və konkret layihələrin həyata
keçirilməsinə doğru aparır. Biz görülmüş işlərə yekun
vururuq, gələcək qarşılıqlı fəaliyyətin
və əməkdaşlığın yollarını müəyyənləşdiririk
və qəbul etdiyimiz qərarları səmərəli şəkildə
həyata keçiririk.
Beynəlxalq münasibətlər
sahəsində əməkdaşlıq da həmişə
çox səmərəli və proqnozlaşdırıla biləndir. Biz həmişə
bir-birimizi dəstəkləyirik və düşünürəm
ki, beynəlxalq məsələlərdə
qarşılıqlı dəstək bizim münasibətlərin
səmimiliyini yaxşı nümayiş etdirir. Biz şadıq ki, ölkələrimiz arasında əmtəə
dövriyyəsi artır. Həm keçən il, həm də bu il əmtəə dövriyyəsini
xeyli artırmağımıza baxmayaraq, onun artım
dinamikası davam edir. Siz qeyd etdiyiniz kimi, sənaye
kooperasiyası sahəsində müstəsna müsbət nəticələr
əldə edilib. Lakin biz əməkdaşlığı
davam etdirmək, qazanılmış səviyyə ilə kifayətlənməmək
fikrindəyik. Ona görə ki, sənaye sahəsində
əməkdaşlıq potensialını bundan sonra da
artırmaq üçün hələ çox iş görmək
olar.
Fikrimcə, bizim gələcək əməkdaşlığımızın əsas istiqamətlərindən biri nəqliyyat sahəsi ilə bağlı olacaq. Siz çıxışınızda Şimal-Cənub nəqliyyat dəhlizini qeyd etdiniz. Azərbaycan öz ərazisində bu dəhlizin fəaliyyəti ilə əlaqədar bütün işləri başa çatdırıb. İndi biz bu gün xeyli yük daşımağa qabil olan nəqliyyat infrastrukturumuzun daha da modernləşdirilməsi məsələləri ilə məşğuluq. Azərbaycan həm də Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. Düşünürəm ki, bu iki mühüm nəqliyyat marşrutu üzrə ölkələrin fəaliyyətinin əlaqələndirilməsi əməkdaşlıq üçün tamamilə yeni şərait yaradacaq, on minlərlə yeni iş yerinin açılmasına gətirib çıxaracaq, ölkələrimiz arasında yük axınını xeyli artıracaq. Təsadüfi deyil ki, hökumətlərarası komissiyanın dünənki iclasında mühüm mövzulardan biri nəqliyyat sahəsi ilə bağlı məsələlər olub.
Əlbəttə, biz Belarusun ikinci Avropa Oyunlarını keçirməyə necə fəal hazırlaşdığını diqqətlə izləyirik. Bu, təbiidir, birincisi ona görə ki, biz dostlarıq. İkincisi, birinci Oyunlar Bakıda keçirilib. Biz inanırıq ki, yaradılmış idman infrastrukturu, qonaqların qalmaları üçün gözəl şərait, habelə Belarusun beynəlxalq tədbirlərin təşkili sahəsində nümayiş etdirdiyi yüksək səviyyə Oyunların da çox yüksək səviyyədə keçirilməsinə imkan verəcək.
Siz qeyd etdiyiniz kimi, biz kənd təsərrüfatı, təhsil və elm sahələrində əməkdaşlığa da böyük diqqət yetiririk. Daha doğrusu, bizim çox yaxşı nəticələr əldə etdiyimiz sahələri sadalamaqdansa, fəal əməkdaşlıq etmədiyimiz sahələri sadalamaq daha asan olar. Bizim münasibətlərimizin başlıca əsası qarşılıqlı dəstək, qarşılıqlı hörmət və qarşılıqlı etimadın yüksək səviyyəsidir. Düşünürəm ki, biz bu əsasda birgə səylərimizlə ölkələrimiz, xalqlarımız üçün yaxşı imkanlar yaradacaq, münasibətlərimizi daha da inkişaf etdirəcəyik. Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır. Əminəm ki, mənim bugünkü səfərim münasibətlərimizə yeni təkan verəcək.
Qonaqpərvərliyə
görə Sizə bir daha təşəkkür edirəm və
əminəm ki, yaxşı nəticələr ölkələrimiz
arasında daha sıx qarşılıqlı fəaliyyətə
gətirib çıxaracaq. Sağ olun.
Azərbaycan.- 2018.- 20 noyabr.- S.3.