Akademik Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfəvilər
dövlətinə qarşı casusluq aləti kimi” (XVII əsr
– XVIII əsrin ilk dörddəbiri)” kitabı haqqında
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” (XVII əsr – XVIII əsrin ilk dörddəbiri)” kitabı “Şərq-Qərb” nəşriyyatında çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan tarixinin, onun dövlətçiliyinin təşəkkülünün, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektlərinə həsr edilmiş çoxsaylı sanballı əsərlər akademik Ramiz Mehdiyevin qələminin məhsullarıdır. Mübaliğəsiz demək olar ki, bu əsərlərin hər birinin nəşri respublikanın elmi həyatında əlamətdar hadisəyə çevrilib, elmi mühitdə və cəmiyyətdə geniş əks-səda doğurub, qızğın müzakirələrə səbəb olub. Bu əsərlərin başlıca xüsusiyyəti şərhin fəlsəfi dərinliyi, elmi yanaşma, ciddi ardıcıllıq və məntiqilik, habelə qaldırılan mövzuların yeniliyi və tarixin az öyrənilmiş səhifələrinə müraciət edilməsidir.
Bu baxımdan, alimin yeni
kitabı da istisna deyil. Bu, Qərb dövlətlərinin, habelə
Rusiyanın əlində Səfəvilər dövlətinə
qarşı casusluq, şantaj və separatizm vasitəsinə
çevrilmiş Qriqorian kilsəsinin kəşfiyyat və
siyasi-ideoloji fəaliyyətinin dərk edilməsi və ətraflı
işıqlandırılması üçün ilk cəhddir.
Məsələyə bir qədər geniş
yanaşsaq, bu, əzəli Azərbaycan torpaqlarının bir
neçə əsr davam edən işğalında Eçmiədzinin
roluna, ermənilərin ərazi iddialarının mənbələrinə
tamamilə yeni baxışdır. Bu proseslərin
dərin təhlili ermənilərin müəllif tərəfindən
tutarlı faktlarla təsvir edilən və regiondakı iri dövlətlərin
tərkibində həmişə “beşinci kolon” rolu
oynamasını şərtləndirən psixoloji portretinə
əsaslanır. Akademik R.Mehdiyev yazır: “Ermənilərin
tarixindəki faktlar sübut edir ki, satqınlıq, başqa
millətdən olan insanları qəbul etməmək
ayrı-ayrı epizodlar deyil, konkret məqsədlərə
nail olmağa yönəlmiş şüurlu hərəkətlərdir...
Bədrəftarlıq onların xarakterinin
mühüm cəhətidir”.
Müəllif ermənilərin
daha bir səciyyəvi cəhətini – saxtakarlıqlara meyilli
olmasını açıb göstərir. Yalan həmişə
ermənilərin əsas ideoloji silahı olub. Bu, kitabın birinci fəslində dəqiq göstərilib.
Alim faktlara əsaslanaraq erməni mənbələrinin
guya Qriqorian kilsəsinin Səfəvilərə qarşı fəaliyyətinin
həmin ərazilərdə erməni dövlətinin bərpa
edilməsi uğrunda mübarizə ilə bağlı
olduğuna dair yalan iddialarını ifşa edir. Müəllif sübut edir ki, həmin ərazilərdə
erməni dövləti heç vaxt mövcud olmayıb.
Alim, həmçinin erməni tarixçiləri tərəfindən
guya Səfəvi hökmdarları arasında “erməni
fobiyası”nın mövcud olması,
onların erməni əhalini məhv etməsi, ermənilərə
İslam dinini zorla qəbul etdirməsi və erməni ruhaniləri
sıxışdırması barədə irəli
sürülən tezisin də əsassız olduğunu
göstərir. Bu halda müəllif elə ermənilərin
öz mənbələrinə, o cümlədən orta əsr
salnaməçisi Arakel Davrijetsinin, salnaməçi Zəkəriyyə
Kenakertsinin, habelə Rusiya və Qərb tədqiqatçılarının
əsərlərinə istinad edir. Bu əsərlərdə
göstərilir ki, Səfəvi dövlətinin
hökmdarları erməni əhaliyə tolerant münasibət
bəsləyib, dini etiqad və əmlak münasibətləri
məsələlərində onlara tam sərbəstlik verib,
onların ticarətlə məşğul olmasına
maneçilik törətməyib, uzun müddət Avropa və
Rusiya bazarlarına o dövrün ən gəlirli
mallarından biri olmuş Azərbaycan ipəyinin praktiki olaraq
inhisarçı tədarükçüləri olmasına
imkan veriblər. Müəllif yazır: “Bunun müqabilində
onlardan (ermənilərdən) yalnız vergiləri vaxtında
ödəmək, qanunlara riayət etmək və hakimiyyətin
iradəsinə tabe olmaq tələb edilirdi”. Bu
başqa məsələdir ki, ermənilər bu cür
xeyirxah münasibətin müqabilində adətləri
üzrə qədirbilməzlik göstərirdilər.
Kitabın ikinci fəsli
çox maraqlı və faktoloji materiallarla zəngindir. Müəllif
bu fəsildə Səfəvilər dövlətinin ərazisində
özlərinin kəşfiyyat fəaliyyətini dini və
diplomatik məqsədlərlə ört-basdır edən
katolik missiyalarının yaranması tarixini izləyir. Qərbin
agentura şəbəkəsinə cəlb edilən əsas
obyektin kim olmasını güman etmək
çətin deyil. Müəllif
vurğulayır ki, satılmağa hazır olan erməniləri
satın alırdılar. Eçmiədzindəki
riyakar və satqın strateqlər bu cür əməkdaşlığa
xeyir-dua verirdilər. Alimin
yazdığına görə, ermənilər Vatikan missionerlərinə
nə lazım olduğunu tezliklə anladılar – Səfəvi
dövlətinin daxilində əsl “beşinci kolon”
formalaşdırmaq. Lakin bu, Qriqorian kilsəsinin
dəstəyi ilə ermənilərin qərbli himayədarları
ilə ikili oyun oynamalarına mane olmurdu, nəticədə
onların arasında vaxtaşırı münaqişə və
ziddiyyətlər yaranırdı. Bununla
belə, ermənilər XVII əsrin axırlarında Səfəvilər
dövləti tənəzzülə uğrayana qədər
Vatikan üçün əsas informasiya mənbəyi, Azərbaycan
ərazilərinə soxulmaq üçün təsir vasitəsi
kimi qalırdılar. Müəllif bu qənaətə gəlir
ki, Qriqorian kilsəsinin azərbaycanlılara və türklərə
qarşı düşmən və satqın siyasətinin
kökləri uzaq keçmişə gedib çıxır və
bu nifrətin səhifələrinin çoxu Azərbaycan və
Türkiyə torpaqlarında “böyük Ermənistan” yaratmaq
arzusu ilə bağlıdır. Alim bu nəticəyə gəlir:
“Başqa səbəb yoxdur. Erməni
xalqının bütün bəlaları Qriqorian kilsəsi
başda olmaqla onun siyasi elitasının
satqınlığından irəli gəlir”.
Kitabın
üçüncü fəslində Vatikan emissarları və
onların erməni əlaltılarına qarşı
mübarizədə Səfəvilərin strategiyası və
uğurları barədə söhbət açılır. Müəllif qeyd edir ki, Səfəvi
hökmdarları onlara xas olan praqmatizm, incə siyasi duyum sayəsində
maraqların gizli müharibəsində, o cümlədən
erməni kilsəsinə nəzarət məsələsində
avropalı strateqləri üstələməyə nail olub,
özlərindən Osmanlı Türkiyəsinə
qarşı alət kimi istifadə edilməsinə imkan verməyiblər.
Müəllif Qriqorian kilsəsi ilə Moskva dövləti
arasında gizli siyasi əlaqələr məsələsinə
xüsusi diqqət yetirir, göstərir ki, erməni ruhanilər
XVII əsrin ikinci yarısından başlayaraq Qərbdə
öz siyasi tədbirləri uğursuzluğa düçar
olacağı halda Moskva dövlətini alternativ himayədar
hesab etməyə başladılar. Həmişə
“fərasətli” olmaları ilə fərqlənən ermənilər
Səfəvilər dövlətinin zəifləməsini və
Xəzər regionunda, Qafqazda öz mövqelərini möhkəmlətməyə
çalışan Rusiyanın güclənməsini hiss edərək
öz prioritetlərini kəskin şəkildə dəyişdilər,
nəzərlərini şimala yönəltdilər. Onlar öz xidmətləri müqabilində ciddi iqtisadi
preferensiyalar, ən başlıcası – özlərinin
ilhaqçı planlarına dəstək alırdılar.
Müəllif qeyd edir ki, Qərb
və Rusiya diplomatiyası tarixində XVII-XVIII əsrlərdə
erməni ruhanilər və erməni icması ilə
qarşılıqlı fəaliyyət regiondakı müsəlman
dövlətini zəiflətmək üçün erməni
kartından separatizm aləti kimi istifadə edilməsi sahəsində
ilk təcrübə olub. Tarixin sonrakı
dövrlərində bu kartdan dəfələrlə istifadə
olunub, o, bu və ya digər konkret maraqlara və məqsədlərə
xidmət edib. Məsələn, XX əsrin
əvvəlində Osmanlı İmperiyasının
süqutunda erməni amili heç də sonuncu rol oynamayıb.
Ermənilər İranı və Azərbaycanı
daxildən zəiflətməklə Çar Rusiyası tərəfindən
həm Azərbaycan xanlıqlarının, həm də
bütün Qafqazın işğal edilməsinə şərait
yaradıblar. Müəllif yazır: “XX əsrin əvvəlində
ermənilər özlərinin satqınlığı və
“beşinci kolon” rolu müqabilində Azərbaycanın tarixi
torpaqları hesabına Cənubi Qafqazda müstəqil dövlət
yaradılması ilə mükafatlandırıldılar”.
Akademik R.Mehdiyevin başqa əsərlərində
olduğu kimi, onun yeni kitabında da müəllifin vətəndaşlıq
mövqeyi aşkar görünür. Alim əmindir ki, əgər
tarixi öyrənməsək və ondan lazımi dərs
almasaq, o, təkrarlanma xassəsinə malikdir. Müəllif
yazır: “Əsla mübaliğə etmədən faktlar belə
deməyə əsas verir ki, həmin dövrdə Səfəvilər
dövlətinin ətrafında baş vermiş bir çox
proseslər bu gün Azərbaycana münasibətdə
müşahidə etdiklərimizlə çox oxşardır.
Bu proseslər əvvəlki əsrlərdə
baş vermiş və ölkəmizin vətəndaşlarının
əksəriyyətinə hətta ümumi şəkildə
də məlum olmayan hadisələrin bir növ
davamıdır. Tarix absurd teatrında
tamaşa şəklində təkrarlanır. Bu, tarixdən
lazımi dərs alanlar üçün gələcək təhlükələrin
və itkilərin qarşısını almağa kömək
edir, bu dərsləri mənimsəmək iqtidarında
olmayanlar üçün isə keçmişin müasir “don
geydirilmiş” hadisələri yeni faciəyə çevrilə
bilər, özü də bu, təkcə Cənubi Qafqaz
regionuna aid deyil”.
Alim bu baxımdan hər bir
xalq üçün öz tarixini bilməyin vacibliyini
vurğulayır. Müəllifin haqlı olaraq vurğuladığı
kimi, öz keçmişini bilməyən, öz düşmənləri
və ənənəvi problemləri ilə tanış
olmayan millət özünü başa düşmək və
müdafiə etmək iqtidarında olmur. Görkəmli alimin
Vətənimizin tarixində az məlum
olan və az işıqlandırılmış səhifələrə
müraciət etməsi, şübhəsiz, bunu dərindən
duymasından, öz millətinin taleyinə görə məsuliyyət
hissindən irəli gəlir.
Akademik Ramiz Mehdiyevin yeni kitabının məziyyətləri arasında daha bir məqamı xüsusi qeyd etmək istərdik: yetərincə mürəkkəb elmi material mükəmməl və anlaşılan üslubda şərh edilib. Kitabın sırf elmi əsər olmasına baxmayaraq, o, populyar və sadə dildə yazılıb. Fikirlərin səlisliyi, ifadələrin obrazlılığı oxucunu cəlb edir. Ona görə də kitab, necə deyərlər, maraqlı bədii əsər kimi, praktiki olaraq birnəfəsə oxunur.
Bu mövzu üzrə xarici arxiv mənbələrindən istifadə imkanının məhdud olması R.Mehdiyevin həqiqətən sanballı elmi əsər yaratmasına mane olmayıb. Əminliklə demək olar ki, bu kitab Azərbaycan tarixşünaslığında yeni səhifə açacaq. Həqiqətən, müəllif özünün yeni kitabı ilə azərbaycanlı tarixçi alimlərə ölkəmizin uzaq və yaxın keçmişinin tədqiqinə necə yanaşmaq lazım olması nümunəsi göstərir, böyük diqqət tələb edən əsas istiqamətləri müəyyənləşdirir və problemlərin üzərinə işıq salır. Sırf elmi materialın şərh edilməsi ilə kifayətlənməyən alim respublikada humanitar elmlərin taleyinə görə narahatlıq keçirir, qeyd edir ki, bu elmlər təhlil, obyektiv tənqid metoduna keçməli, gərəksiz pafosa, sözçülüyə son qoyulmalıdır. Akademik R.Mehdiyev kitaba sözardında yazır: “Hər hansı xalqın və dövlətin tarixinin yazılması intellektual və vicdanlı yanaşma tələb edir, bu prosesdə emosiyalara və şəxsi qənaətlərə yer yoxdur. Bu baxımdan Azərbaycan tarixi istisna ola bilməz”. O əmindir ki, tədqiqatçılar ölkəmizin tarixinin ən mürəkkəb və problemli məsələlərini qaldırmalı, artıq çeynənilmiş, özünün praktiki və elmi əhəmiyyətini çoxdan itirmiş mövzu və problemləri bir kənara atmalıdırlar. Praktik-alim göstərir ki, bu cür problemlər təkcə Səfəvilər dövlətinin deyil, Qafqaz Albaniyasından başlamış Azərbaycan Xalq Cümhuriyyətinə qədər Azərbaycan ərazisində mövcud olmuş digər dövlətlərin tarixində də çoxdur.
Akademik Ramiz Mehdiyev humanitar
elm sahələrində çalışan Azərbaycan alimlərini
müasir tədqiqat metodikasını daha fəal mənimsəməyə
çağırır. O xəbərdarlıq
edir ki, əks halda “elmimizin rəqabətə davam gətirməsi
və Azərbaycan xalqının tarixi və mədəni
irsini yenidən yazmaqda, özlərinin xeyrinə təhrif etməkdə
və mənimsəməkdə maraqlı olan qüvvələrin
güclü, ardıcıl təbliğatına qarşı
dözüb dayanması çox çətin olacaq”. Əgər
müasir terminologiya ilə desək, bu kitab ölkəmizin
tarixini araşdırmaqla məşğul olan Azərbaycanın
humanitar alimləri üçün “Yol xəritəsi” ola bilər.
Ona görə ki, alimin vurğuladığı kimi, tarixin
öyrənilməsinə bu cür münasibət
formalaşmayınca “bizim tarixi yaddaşımız beləcə
qısa və səthi səviyyədə qalacaq”. Bu fikri bundan
yaxşı ifadə etmək mümkün deyil!
Azərbaycan.- 2018.-20 noyabr.- S.4.