Moskvada Nəsiminin büstünün təntənəli
açılış mərasimi olub
Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində
iştirak edib
Noyabrın 19-da Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) XIV-XV əsrlərin böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin büstünün təntənəli açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak edib.
Nəsiminin büstünün açılışı Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə Moskvada keçirilən "Nəsimi – poeziya, incəsənət və mənəviyyat festivalı” çərçivəsində baş tutub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla ƏLİYEVA təntənəli mərasimdə çıxış edərək dedi:
-Biz bu gün böyük şair, filosof və mütəfəkkir Nəsimiyə həsr olunmuş tədbirə toplaşmışıq. Nəsimi XIV-XV əsrlərdə yaşayıb-yaradıb. O, Azərbaycan ədəbiyyatının inkişafında böyük rol oynayıb, Azərbaycan poeziyasının şah əsərlərini yaradıb, Azərbaycan ədəbi dilinin əsasını qoyub. Nəsimi poeziyası müasir dövrümüzdə də yaşayır və aktualdır. Bu ilin sentyabrında Azərbaycanda ilk dəfə Nəsimiyə həsr edilmiş mənəvi-poetik yaradıcılıq festivalı keçirilib. Festival çərçivəsində çoxlu sayda tədbirlər – poeziya, musiqi və rəqs gecələri, tamaşalar, sərgilər, videoinstalyasiyalar, yoqa və meditasiya təşkil olunub. Bütün bunlar ali şüurun dərinliyinə varmaq üçün edilib.
Tədbirlər Nəsiminin doğma yurdu Şamaxıda, "Qala”, "Atəşgah məbədi” qoruqlarında və əlbəttə, Bakıda keçirilib. Dörd gün ərzində ümumən 30 tədbir təşkil olunub. Nəsimi fəlsəfəsi o qədər dərindir ki, sonsuzluğu qavramağa, insan şüurunun ən dərin qatlarına nüfuz etməyə və bir çox hadisələri yozmağa qabildir. Biz son dərəcə minnətdarıq və şadıq ki, bu gün Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun binasında bu dahi insanın büstünü açırıq. Bu, bizim üçün də çox aktualdır. Çünki bizim vəzifələrimizdən və arzularımızdan biri budur ki, bu gün Nəsimini tanısınlar, onun poeziyasını oxusunlar və bu poeziya yaşasın. Həqiqət zamanın fövqündə dayanan anlayışdır. Nəsiminin tükənməz ilham mənbəyi gözəllik, məhəbbət və təbiətdir. Böyük şair hesab edirdi ki, həqiqətə çatmaq üçün insan qəlbinin dərinliyinə nüfuz edib, onun gözəlliyini və xeyirxahlığını görmək lazımdır.
Hamınıza "Çox sağ olun!” deyirəm. Mən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunova, prorektor Artyom Malginə, institut kitabxanasının direktoru Marina Reşetnikovaya, Tarix Muzeyinin rəhbəri İqor Pavlenkoya və əlbəttə, bu gözəl əsərin müəllifi Mahmud Rüstəmova təşəkkür etmək istəyirəm.
Sonra Leyla Əliyeva öz şeirini oxudu.
MDBMİ-nin rektoru, akademik Anatoli TORKUNOV çıxış edərək bildirdi ki, Nəsiminin büstünün qoyulması universitet üçün böyük şərəfdir. O dedi: "Bu gün biz Heydər Əliyev Fondundan olan çoxdankı fəxri, əziz və hörmətli dostlarımızı tamamilə qeyri-adi bir münasibətlə qəbul edirik. Belə ki, kitabxanamızda böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin büstünü açırıq. Nəsimi yaradıcılığı Azərbaycan və ərəb dillərində poeziyaya və bütövlükdə Yaxın Şərq regionunun mədəniyyətinə böyük təsir göstərib. Şərq problemlərinə və Şərq dillərinə böyük diqqət yetirən universitetimizdə dahi mütəfəkkirin büstünün açılışı dərin rəmzi məna daşıyır. Rusiya şərqşünaslığının şanlı ənənələrinin davamçısı olan MDBMİ bir çox baxımdan nadir olan və son dərəcə müvəffəqiyyətlə inkişaf edən, ölkənin tərəqqisinə rəvac verən yeni-yeni böyük ustadlar yetişdirən Azərbaycan mədəniyyətinə həmişə xüsusi diqqətlə yanaşıb”.
Anatoli Torkunov çıxışının sonunda dedi: "Öz böyük sələflərinin, o cümlədən İmadəddin Nəsiminin irsinə - bu çox güclü mədəni təbəqəyə söykənən Azərbaycan bu gün də mədəni inkişaf yolu ilə durmadan sürətlə irəliləyir. Azərbaycanda olan hər kəs bununla razılaşmaya bilməz. Mən görürəm ki, respublikada böyük dəyişikliklər, o cümlədən Azərbaycan xalqının topladığı tarixi irsə münasibətdə dəyişikliklər baş verir. Bizim üçün tamamilə aydın məsələdir ki, Nəsimi dünya poeziyasının ən mükəmməl nümunələri arasında yer tutmağa layiq olan əsərlərində həmişə ilk növbədə insanın böyüklüyünü, bəşəri sevgini və şəxsiyyət azadlığını tərənnüm edib. Nəsiminin xalqın mənəviyyatından qaynaqlanan parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və müxtəlifliyi ilə əks etdirib. Ustadın yaradıcılığı Azərbaycan xalqının və bir sıra digər xalqların bədii-ictimai təfəkkürünün inkişafına böyük təsir göstərib və göstərməkdədir”.
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Leyla Əliyevaya və Anatoli Torkunova minnətdarlığını bildirərək dedi:
-Bu iki parlaq çıxışdan sonra mənə burada böyük Azərbaycan şairi, mütəfəkkiri və filosofunun büstünü açmaq üçün yaradılan gözəl fürsətə görə, ilk növbədə, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektorluğuna təşəkkürümü ifadə etmək qalır. Anatoli Vasilyeviç çox doğru dedi ki, bu büst burada oxuyan tələbələrə həmişə xatırladacaq ki, onlar çox savadlı insanlar olmalıdırlar. Nəsimi fəlsəfəsinin dərinliyini başa düşmək onlar üçün də çox faydalı olacaq.
Büstün
yaradılmasına görə Heydər Əliyev Fonduna və heykəltəraşa təşəkkürünü
bildirən səfir qeyd edib
ki, Fondun təşkilatçılığı
və köməyi olmadan bunu
həyata keçirmək çox çətin
olardı. Göstərdiyi dəstəyə və tez-tez Moskvaya səfər
etdiyinə görə Leyla
Əliyevaya təşəkkür edən Polad
Bülbüloğlu deyib:
"O, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinə
- RAGB-a başçılıq edir, Heydər Əliyev Fondunun
Rusiya nümayəndəliyinin rəhbəridir.
Budur, bu gün biz bu universiteti bitirən hörmətli Prezidentimizin
alma-materinə toplaşmışıq. Mən xüsusi vurğulamaq istəyirəm ki, biz azərbaycanlılar üçün
bu universitet çox dəyərlidir, çünki Ümummilli Liderimiz, Azərbaycan siyasətinin patriarxı, böyük dövlət xadimi Heydər Əlirza oğlu Əliyev və indiki Prezidentimiz İlham Heydər oğlu Əliyev bu ali təhsil
ocağının fəxri
doktorlarıdır. Buna görə
də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu
bizim üçün
kənar ev
deyil. Biz həmişə
burada olmağa şadıq. Biz bunu yüksək qiymətləndiririk”.
Bugünkü tədbir
Azərbaycanla Rusiya arasında sarsılmaz dostluğun daha bir təsdiqi olduğunu vurğulayan Polad Bülbüloğlu universitetin rəhbərliyinə,
müəllim və
professor heyətinə uğurlar
arzulayıb, tələbələrə
müraciətlə deyib : "Yaxşı oxuyacaqsınız,
bizim Prezidentimiz kimi, öz ölkənizdə
prezident olacaqsınız.
Sizə uğurlar diləyirəm”.
***
Açılış mərasimində
Yevgeni Vaxtanqov adına Moskva
Dövlət Akademik Teatrının aktyoru Eldar Tramov tarzən
Qorxmaz Axundovun müşayiəti ilə
Nəsiminin şeirlərini
oxudu.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı
ilə ölkəmizdə
böyük Azərbaycan
şairi İmadəddin
Nəsiminin 650 illik yubileyi qeyd olunur. Moskvada "Nəsimi
– poeziya, incəsənət
və mənəviyyat
festivalı” dahi şairin yubileyinə həsr olunmuş tədbirlər planının
bir hissəsidir.
Festivalın məqsədi Şərqin
ən böyük şair və mütəfəkkirlərindən birinin yaradıcılığını
təbliğ etmək,
habelə Azərbaycan
və Rusiya arasında mədəni-ədəbi
əlaqələri genişləndirməkdir.
Qeyd edək ki, Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə sentyabrın
27-30-da Azərbaycanda ilk dəfə
"Nəsimi – poeziya,
incəsənət və
mənəviyyat festivalı”
keçirilib. Festival
çərçivəsində şairin
anadan olduğu
Şamaxı şəhərində və Bakıda müxtəlif
incəsənət növləri üzrə sərgilər, musiqi layihələri, tamaşalar,
habelə mühazirə, simpozium və seminarlar təşkil edilib.
Azərbaycan.- 2018.- 20 noyabr.- S.6.