Azərbaycan beynəlxalq müstəvidə dinləri
bir araya gətirən qabaqcıl ölkə kimi tanınır
Noyabrın 19-da Berlin şəhərində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində fəaliyyət göstərən Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), Azərbaycanın Almaniyadakı səfirliyinin, Almaniya-Azərbaycan Forumunun və Mədəni Diplomatiya Akademiyasının birgə təşkilatçılığı ilə “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfrans zamanı Azərbaycanın multikultural və tolerant həyatını əks etdirən vizual və əyani materiallar, kitab və albomlardan ibarət sərgi-ekspozisiya nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, üç yüzə yaxın nümayəndənin qatıldığı tədbirdə Azərbaycan və Almaniyanın dövlət, ictimaiyyət, elm və din xadimləri, o cümlədən dünyanın 40-a yaxın ölkəsindən müxtəlif dini konfessiyaların, beynəlxalq təşkilatların rəhbərləri, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin himayədarlar və məşvərət şuralarının üzvləri, Almaniyada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Prezident İlham Əliyevin salamlarını və xoş arzularını Almaniya dövlətinə və xalqına çatdırıb. Azərbaycanda milli və bəşəri dəyərlərə hər zaman böyük önəmin verildiyini bildirən A.Paşazadə qeyd edib ki, ölkəmizdə dini-mənəvi irsə ehtiram, müxtəlif mədəniyyətlərin dialoq və əməkdaşlığı dövlət səviyyəsində dəstəklənir. Milli, etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. “Bu, bizim qürur mənbəyimizdir. Azərbaycanda elan olunmuş “Multikulturalizm İli” və “İslam Həmrəyliyi İli” ümumbəşəri əhəmiyyətli dəyərlərə verdiyimiz önəmin bariz nümunəsidir. Azərbaycanın bu örnək modelinin təməli ümummilli liderimiz Heydər Əliyevin müdrik zəkasının məhsulu olan azərbaycançılıq məfkurəsi ilə qoyulub və bu gün Prezident İlham Əliyevin qlobal səyləri sayəsində inkişaf edir, dünyaya təqdim olunur”, - deyə QMİ sədri vurğulayıb.
Qeyd edilib ki, dünyada dini və milli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, antisemitizm, radikalizm təzahürlərinin artdığı, miqrant böhranının yaşandığı müasir dövrdə Azərbaycan Prezidenti multikulturalizm və dini həmrəylik ideyalarını fəal təbliğ və təşviq etməklə insani həmrəylik, humanizm ideallarının bərqərar olmasına öz töhfəsini verir. Bu gün Azərbaycan öz üzərinə tarixi missiya götürərək müxtəlif beynəlxalq forumlara, qlobal hərəkata çevrilmiş “Bakı Prosesi”nə rəhbərlik edir. Bakı Dinlərarası və Sivilizasiyalararası Beynəlxalq Əməkdaşlıq Mərkəzinin Qafqaz Müsəlmanları İdarəsinin nəzdində yaradılması da bu ənənənin davamı kimi dəyərləndirilməlidir.
Allahşükür Paşazadə vurğulayıb ki, Prezident İlham Əliyevin müdrik dövlətçilik siyasəti sayəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. “Biz fəxr edirik ki, Azərbaycan beynəlxalq müstəvidə təkcə enerji layihələri ilə deyil, həm də mədəniyyətləri, dinləri bir araya gətirən qabaqcıl bir ölkə kimi tanınır. Bu yaxınlarda Almaniya Kansleri xanım Angela Merkelin Azərbaycanı ziyarət etməsi Almaniya-Azərbaycan əlaqələrinin dərinləşməsi baxımından əhəmiyyətli hadisə oldu. Tolerantlıq ənənələrimizin, mədəni-mənəvi irsimizin təbliğində müstəsna xidmətləri olan Heydər Əliyev Fondunun xəttilə Almaniyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş mötəbər tədbirin əhəmiyyətini xüsusi vurğulamaq istərdim. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycanda 200 ildir alman icmaları mövcuddur və onlar bizim multikultural cəmiyyətimizin ayrılmaz hissəsidirlər.
Biz din xadimləri dünyada sülhün, əmin-amanlığın və insan həyatının qorunması yolunda öz səylərimizi əsirgəmirik. Dünyanın bir çox ölkələrində, o cümlədən Böyük Britaniya, İsveç, Finlandiya, İspaniya, Almaniyada keçirdiyimiz beynəlxalq forumların ümumi məramı dünyamızda sülhün, əmin-amanlığın qorunub saxlanılması, insan həmrəyliyinə nail olunmasıdır”, - deyə A.Paşazadə qeyd edib.
Bildirilib ki, insan qırğını, maddi və qeyri-maddi mədəni irsin məhvi ilə müşayiət olunan bütün münaqişələr, o cümlədən Fələstin, Suriya, Əfqanıstan, Yəmən, Liviyadakı mövcud vəziyyət humanitar fəlakətlərə aparır. Əsrimizin daha bir bəlası - müharibələrin yaratdığı məcburi miqrant axınıdır. Onlara qarşı antihumanist, irqçi, aqressiv münasibət yolverilməzdir. Belə hallar sivilizasiyalar arasında qütbləşməni dərinləşdirir, terrorizmə, radikalizmə və ekstremizmə təkan verir.
İctimaiyyəti narahat edən hadisələr, həmçinin dini və milli zəmində terror aktlarının dövlətlərin təhlükəsizliyinə və insan hüquqlarına ağır zərbə olduğunu söyləyən Allahşükür Paşazadə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən də ətraflı bəhs edib. Ermənistan silahlı qüvvələri tərəfindən törədilən Xocalı soyqırımı barədə də danışan QMİ sədri bildirib ki, münaqişə nəticəsində bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib, zəbt olunmuş ərazilərimizdə məscid, kilsə, sinaqoq və qəbiristanlıqlar məhv edilib.
Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov tədbirdə çıxış edərək diqqətə çatdırıb ki, Azərbaycan dünyada multikulturalizmin dövlət siyasəti olduğu azsaylı ölkələrdən biridir. Dövlət bu siyasətin həyata keçirilməsində, onun prinsiplərinə riayət olunmasında, tolerantlıq və qeyri-ayrı-seçkilik siyasətinin həyata keçirilməsində aparıcı rol oynayır. Azərbaycan dövləti cəmiyyətdə dağıdıcı meyillərin qarşısını almaq məqsədi ilə multikulturalizm siyasətinin ölkənin suverenliyinə, ərazi bütövlüyünə, demokratik inkişafına və onun milli təhlükəsizliyinə xidmət etməsi üçün əlindən gələni əsirgəmir.
Etibar Nəcəfov bildirib ki, demokratik inkişaf yolunu seçmiş, multikultural mühiti və tolerantlığı ilə tanınan Azərbaycan üçün dini etiqad azadlığı ölkənin daxili siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan hökuməti ölkə vətəndaşlarının dini etiqad azadlığına onların hüquq və azadlıqlarının ayrılmaz bir hissəsi kimi yanaşır. Azərbaycan Respublikasının Konstitusiyası, “Dini etiqad azadlığı haqqında” Qanun və digər sənədlər Azərbaycan vətəndaşlarının dini etiqad azadlığının hüquqi əsasları kimi çıxış edirlər.
Bütün dinlərin, dini icmaların qanun qarşısında bərabər olduğunu söyləyən şöbə müdiri deyib: “Buraya Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dövlət qeydiyyatından keçən dini qurumları aid edilir. Dövlət Komitəsinin verdiyi məlumata görə, 2009-cu ildən bəri Komitə tərəfindən 861 dini qurum dövlət qeydiyyatından keçib. Onlardan 830-u müsəlman, 31-i qeyri-müsəlman təşkilatlarıdır. 31 qeyri-müsəlman təşkilatından 20-si xristian, 8-i yəhudi, 2-si bəhayi, 1-i isə krişna şüuru dini icmasıdır. Dövlət dini icmaların fəaliyyətinə bütün zəruri dəstəyi verir. Onlara maliyyə yardımı ayırır. Xüsusilə dövlət məscidlərin, sinaqoqların və kilsələrin bərpası və yenidən qurulması üçün onlara maddi yardım göstərir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycan hər zaman müxtəlif dini etiqadların daşıyıcılarının sülh şəraitində, bir-biri ilə qarşılıqlı hörmət və ehtiram ruhunda yaşadığı ölkələrdən biri olub. Azərbaycan xalqına xas olan tolerantlıq dəyərləri ölkəmizdə bu günə qədər sülh şəraitində birgəyaşayışın və mədəni müxtəlifliyin qorunub saxlanılmasında müstəsna rol oynayıb. “Nəticədə, Azərbaycan tarixən sivilizasiyalararası dialoqa önəmli töhfələr verən və dözümsüzlüyün bütün formalarını rədd edən dəyərlər məkanı kimi öz mövqeyini saxlamağa müvəffəq olub”, - deyə Komitə sədri vurğulayıb.
Azərbaycanda dövlət-din münasibətlərinin uğurundan danışan Mübariz Qurbanlı qeyd edib ki, ölkəmizdə dini məsələlərlə bağlı düzgün siyasət aparılır. Müstəqil Azərbaycan dövlətinin qurucusu olan ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizdə dövlət-din münasibətləri beynəlxalq hüququn normalarına uyğun olaraq tənzimlənib, eləcə də icmalar arasında tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza yaradılıb.
Azərbaycanda dövlət-din münasibətlərinin modeli zamanın tələblərinə uyğun olaraq Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilib.
Bu gün ölkəmizin tolerantlıq və multikulturalizm modelinin dünyada yüksək qiymətləndirildiyini qeyd edən Komitə sədri deyib: “Tarixi-mədəniyyət abidələrinin, məscidlərin və ziyarətgahların, yəhudi və xristian məbədlərinin yenidən qurulması və bərpası Azərbaycanın dinlərə qarşı mövqeyinin, ölkəmizdəki dini-mənəvi şəraitin göstəricisidir. Ölkəmizdə hazırda 2250 məscid, 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir”.
Azərbaycanın
həm etnik, həm dini, həm məzhəb baxımından zəngin
ölkə olduğunu söyləyən Azərbaycanın
Almaniyadakı səfiri Ramin Həsənov bildirib ki, tarixboyu fərqli
dini və etnik icmaların nümayəndələri Azərbaycan
xalqı ilə bərabər yaşayıb. Bu gün
multikulturalizmin Azərbaycan modeli ifadəsi siyasi leksikonumuza
daxil olub.
Dövlət-din münasibətlərinin
ədalətli şəkildə tənzimlənməsinin ulu
öndər Heydər Əliyevin adı ilə bağlı
olduğunu qeyd edən səfir deyib: “Ümummilli Lider Azərbaycanı
multikulturalizmin dövlət siyasətinin mühüm hissəsi
olan nadir ölkələrdən biri səviyyəsinə gətirib
çıxarıb. Bu gün bu siyasət
Prezident İlham Əliyev tərəfindən uğurla davam və
inkişaf etdirilir”.
“Heç kəs dini
etiqadına görə təhdid oluna bilməz. Biz
insanları və fərqliliyi sevməliyik. Bu, dünyada sülhün bərqərar
olmasının əsasını təşkil edir. Biz həmişə şərə qarşı
mübarizə aparmalıyıq. Şər
dünyamızda yayılmamalıdır”,-
deyən ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri
bildirib ki, müharibələr, ksenofobiya, islamofobiya
bugünkü dünyamızın reallığıdır. O,
bütün münaqişələrin, ziddiyyətlərin
dialoq və müzakirələr aparmaqla həll oluna biləcəyini
qeyd edərək deyib: “Dialoq həmişə müdriklərin
seçimi olub. Biz vahid amal uğrunda
çalışmalı, sülh yolu ilə getməliyik.
Sülhü, əmin-amanlığı təbliğ
etməli və möhkəmləndirməliyik”.
Almaniya Hökumətinin dini
azadlıqlar üzrə müvəkkili Markus Qrubel təəssüflə
bildirib ki, bu gün dünyanın bir çox ölkələrində
mədəni müxtəliflik, ifadə azadlığı
yalnız sənədlərdə yer alır, cəmiyyətə
nüfuz etmir.
Almaniyada da dini və irqi ayrı-seçkiliyə
cəhdlər göstərilir. Biz isə
buna qarşı gücümüzü səfərbər
etmişik. Azərbaycan əhalisinin
böyük əksəriyyətini müsəlmanlar təşkil
etsə də, burada heç vaxt dini münaqişələrə
rast gəlinməyib. Azərbaycanda hələ
1918-ci ildə qadınlara seçki hüququ verilib. Azərbaycan Konstitusiyası ilə dini azadlıqlar
tam təsbit olunur. Bu amil region və
dünya ölkələri üçün böyük
nümunədir.
İƏT İslam tarix, incəsənət
və mədəniyyət araşdırmalar mərkəzinin
(IRCICA) baş direktoru Xalid Eren tədbirin Azərbaycanın təşəbbüsü
ilə reallaşdığını xüsusi
vurğulayıb. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi
İli” elan olunduğunu xatırladan Xalid Eren deyib: “Bu gün
dünyada islamofobiya, ksenofobiya meyilləri durmadan artır. Biz multikulturalizm ideyasının istənilən
dövlətin siyasətində əsas yeri tutmasını istəyirik”.
İskəndəriyyə və
bütün Afrika Papası və Patriarxı II Teodoros
konfransın əhəmiyyətindən bəhs edərək
bu cür konfransların mədəniyyətlərarası,
sivilizasiyalararası dialoqun təşviqi baxımından
önəmini vurğulayıb. O deyib: “Biz
çalışırıq ki, fəaliyyətimizi dünyada
mövcud olan çağırışlara uyğun quraq. Mədəniyyətlərarası dialoq işimizin təməlini
təşkil edir. Bu dialoq hazırkı
dövrdə xüsusilə vacibdir. Dini
ayrı-seçkilik bütün bəşəriyyət
üçün əsas təhlükədir”.
Tunisin sabiq Prezidenti Məhəmməd
Monsef Marzuki hazırda dünyada dini ekstremizmin çox
geniş yayıldığını qeyd edib. Bildirib ki, hər
bir insan bütün bəşəriyyətin vacib və
ayrılmaz hissəsidir. Ona görə də
insanların kütləvi qırğınlarına,
müharibələrə son qoyulmalıdır. Mövcud ziddiyyətlər yalnız
qarşılıqlı dialoqlar, müzakirələrlə həll
edilməlidir.
Almaniya-Azərbaycan Forumunun
idarə heyətinin sədri Hans Eberhard Şlayer təmsil
etdiyi forumun ölkələrimiz arasında əlaqələrin
genişləndirilməsinə xidmət etdiyini bildirib. Qeyd edib ki,
hazırda dünyada aclıq, təcavüz, miqrasiya kimi
iqtisadi və sosial problemlər mövcuddur. Bu məsələlərin həlli üçün
isə dialoq və qarşılıqlı əməkdaşlıq
tələb olunur. Buraya müxtəlif dinlərin
nümayəndələrinin, ictimai xadimlərin dialoqu daxildir.
Bundestaqın üzvü, Şərq
tərəfdaşlığı üzrə məruzəçi
Nikolas Löbel bu il Birinci Dünya
müharibəsinin bitməsinin 100 illiyinin qeyd edildiyini
xatırladıb. Bildirib ki, dünya müharibələri
siyasətin zəifliyi idi. Müharibələrin
səbəbi dini, irqi, ictimai fərqlərin qabardılması
idi. Belə faciələrin bir daha
yaşanmaması üçün bizə dialoq
lazımdır. Din cəmiyyətin birləşməsində
vacib rol oynayır.
Azərbaycanın Almaniya
üçün Cənubi Qafqaz regionunda vacib tərəfdaşlardan
biri olduğunu qeyd edən Nikolas Löbel deyib ki, Azərbaycan
Şərqlə Qərbin qovuşuğunda yerləşən
bir pəncərədir. Azərbaycan gənc, güclü və
demokratik prinsipləri olan ölkədir.
Konfrans Prezident
Administrasiyasının millətlərarası münasibətlər,
multikulturalizm və dini məsələlər şöbəsinin
müdiri Etibar Nəcəfovun və Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin sədri Mübariz
Qurbanlının moderatorluqları ilə panel iclaslarla
işini davam etdirib.
Sonda konfransın yekun bəyannaməsi
imzalanıb.
Bəyannamədə deyilir ki, konfrans
iştirakçıları dövlətləri, BMT və digər
beynəlxalq və regional təşkilatları, eləcə də
dini liderləri mədəniyyətlər və dinlərarası
dialoqun və qarşılıqlı anlaşmanın təşviq
olunmasının davam etdirilməsinə və bu sahədə
əməkdaşlığın genişləndirilməsinə,
milli, dini və etnik zəmində zorakılıq hallarına
rəvac verən və zərərli ideologiyalara əsaslanan təbliğatın
qarşısının alınmasında əməkdaşlığın
artırılmasına, geniş dialoqun davam etdirilməsinə
və maarifçiliyin gücləndirilməsinə
çağırırlar. Həmçinin siyasi motivlər
daşıyan və məqsədyönlü qızışdırılan
ksenofobiya, antisemitizm və islamofobiyanın, habelə dinin
adından sui-istifadə etməklə terrorizmin və
insanlıq əleyhinə cinayətlərin törədilməsinin
qarşısının alınması üçün təsirli
tədbirlər görməyə, Birləşmiş Millətlər
Təşkilatının Nizamnaməsinə və beynəlxalq
hüququn hamılıqla tanınmış prinsip və
normalarına, xüsusilə dövlətlərin suveren bərabərliyi,
ərazi bütövlüyü və sərhədlərinin
toxunulmazlığı prinsiplərinə sadiqliklərini təsdiq
etməklə dünyanın bir çox bölgələrində,
o cümlədən Yaxın Şərqdə, Fələstində,
Suriyada davam edən münaqişələrin, eləcə də
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə tezliklə həll olunmasına töhfə
verməyə, Birləşmiş Millətlər Təşkilatının
mərkəzi əlaqələndirici rolu vasitəsilə beynəlxalq
sabitlik və təhlükəsizliyə qarşı olan
çağırış və təhdidlərlə
mübarizə, o cümlədən münaqişələrin
yaranmasının, qaçqın, məcburi
köçkünlərin və miqrantların axınına səbəb
olan terrorizmin, aqressiv separatizmin, ekstremizmin
qarşısının alınması sahəsində səmərəli
fəaliyyətin aparılması üçün səylərin
birləşdirilməsinə səsləyirlər.
Konfrans çərçivəsində
“Bəşəri çağırış” filmi
nümayiş etdirilib
Azərbaycan.- 2018.- 20 noyabr.- S.6.