İnkişafın Azərbaycan modeli
dünyada özünü
doğruldur
YAP Yasamal rayon təşkilatının təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
YAP Yasamal rayon təşkilatının qərargahında Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə müstəqilliyimizlə yaşıd olan Partiyanın yaranma tarixindən, o dövrdə ölkəmizdə baş verən mürəkkəb ictimai-siyasi hadisələrdən bəhs olunub.
YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov çıxışında Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyevə olan ümumxalq məhəbbətindən, Ümummilli Liderin xalqımız qarşısındakı xidmətlərindən danışıb.
Qeyd edib ki, ötən əsrin sonlarında Azərbaycanda mövcud olan mürəkkəb ictimai-siyasi hadisələr, dövlətçilik təcrübəsindən xəbərsizlərin Azərbaycana rəhbərliyi müharibə şəraitində yaşayan ölkəmizi uçuruma aparırdı. İnsanlar təlaş içərisində idilər. O dövrdə xalqı bir ideya ətrafında birləşdirəcək vahid təşkilata, qətiyyətli liderə ehtiyac duyulurdu. Belə bir şəraitdə cəmiyyətimizin parlaq simaları, Azərbaycan tarixinə “91-lər” kimi yazılan böyük hörmətə layiq ziyalılar Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Heydər Əliyevə müraciət edərək xalqı düçar olduğu bəlalardan qurtarmaq üçün çıxış yolu tapmağa çağırdılar. 1992-ci il noyabrın 21-də Naxçıvanda 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Həmin hadisə yenicə müstəqilliyini qazanmış respublikamızın həyatında tarixi hadisə, dönüş nöqtəsi oldu.
T.Əhmədov vurğulayıb ki, Ulu Öndərin hakimiyyətə qayıdışı ilə iqtisadi böhranla üzləşən Azərbaycanın inkişaf konsepsiyası, strategiyası müəyyənləşdirildi və ölkəmizin parlaq gələcəyi təmin olundu.
Milli Məclis sədrinin birinci müavini, YAP Siyasi Şurasının üzvü Ziyafət Əsgərov Azərbaycanın qazandığı uğurlarda böyük rolu olan, ümumxalq tribunasına çevrilən YAP-ın tarixindən bəhs edərək deyib: “Hakimiyyətə qayıdışı ilə Azərbaycanı təhlükələrdən xilas edərək xilaskar adını qazanan ulu öndər Heydər Əliyevin adi ilə bağlı olan Yeni Azərbaycan Partiyası tək ölkəmizdə deyil, regionda və dünyada vahid siyasi qüvvə kimi tanınır. Hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik yaradan, müstəqil Azərbaycanın Konstitusiyasını hazırlayan Ulu Öndər bildirirdi ki, Ali Qanunumuzun hər maddəsində dinindən, dilindən, milliyyətindən asılı olmayaraq bütün vətəndaşların sərbəst yaşamaq, azad düşünmək hüquqları əksini tapmalıdır”.
Z.Əsgərov qeyd edib ki, artıq inkişafın Azərbaycan modeli dünyada özünü doğruldur və təbliğ edilir. Ölkəmiz üç peyki ilə azsaylı üzvü olan kosmik ailədə təmsil olunur. Ulu Öndərin Azərbaycan vətəndaşlarının rahat, firavan yaşaması üçün həyata keçirdiyi siyasi, iqtisadi, sosial islahatları davam etdirməklə ölkə vətəndaşlarının etimadını qazanan Prezident İlham Əliyevə ümumxalq ehtiramı və inamı sonsuzdur. Milli Məclis sədrinin birinci müavini bildirib ki, ilk Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi etməklə, Şərqlə Qərbi birləşdirən körpü rolunu oynamaqla Azərbaycan ən zəngin bəşəri dəyərlərə malik inkişaf etmiş dövlət olduğunu təsdiqləyib.
Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova tədbirdə çıxış edərək Ulu Öndərin xalqımızın milli məfkurəsinin, təfəkkürünün formalaşmasında, ölkəmizin suverenliyinin əbədiliyi naminə gördüyü işlərdən bəhs edib. Bahar Muradova bildirib ki, dövlətçiliyin möhkəmlənməsini, müstəqilliyin əbədiliyini başlıca vəzifə kimi qarşıya qoyan ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycanın inkişaf yolu müəyyənləşdirilib və bu gün ölkəmiz həmin yolla uğurla irəliləyir.
Azərbaycan ulu öndər Heydər Əliyevin siyasətinə sadiq qalaraq uğurla, inamla inkişaf etdiyini qeyd edən Bahar Muradova deyib: “Azərbaycan bu gün dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, tarixi nailiyyətlərə imza atır. Bu uğurların əsasını Prezident İlham Əliyevin liderlik bacarığı, xalq-iqtidar birliyi təşkil edir”.
Yeni Azərbaycan Partiyasının ümumxalq partiyasına çevrildiyini söyləyən Milli Məclisin sədr müavini qeyd edib ki, bu gün Partiya regionda və dünya miqyasında çox böyük nüfuza malikdir.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Ulu Öndərin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının Nizamnamə və Proqramının əsasında Azərbaycan xalqına xidmət daim öndə olub. “Qeyd olunduğu kimi, YAP xalqımızın üzləşdiyi o ağır illərdə yarandı. Ölkədə anarxiyanın tüğyan etdiyi, iqtisadi tənəzzülün hökm sürdüyü, insanların çörəklə imtahana çəkildiyi o illərdə xalq ayağa qalxaraq öz liderini seçdi. Yarandığı günlərdə sıralarında cəmi 550 üzvü olan Yeni Azərbaycan Partiyası bu gün öz sıralarında 700 mindən çox insanı birləşdirir. Bu isə xalqımızın Partiyamıza olan inamından irəli gəlir. Birmənalı şəkildə qeyd edə bilərik ki, qüdrətli Azərbaycanın varlığı, müstəqilliyimiz Ulu Öndərin adı ilə bağlıdır. Konstitusiya Aktının qəbulu, zəngin qanunvericilik bazasının formalaşdırılması da Ümummilli Liderin cəsarəti sayəsində mümkün olub. Bu gün yüz illərlə dövlətçilik təcrübəsi olan ölkələr Azərbaycandan nümunə götürürlər”,- deyə Vüqar Rəhimzadə vurğulayıb.
“Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev YAP-ın təsis olunduğu illərdə ölkədəki gərginlikdən, səbatsız hakimiyyətin yaratdığı xaosdan danışaraq bildirib ki, ilk gündən ölkədəki sabitliyin, inkişafın istiqamətlərini irəli sürdüyü konsepsiya ilə müəyyənləşdirən ulu öndər Heydər Əliyev bununla müstəqilliyimizin əbədiliyini təmin edib. Ölkədə ictimai-siyasi proseslərin mürəkkəbləşdiyi bir zamanda tarixi zərurətdən yaranan, xalqa daha yaxın olan Yeni Azərbaycan Partiyası ölkədə demokratiyanı, müasir siyasi sistemi formalaşdırdı.
Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tədbirdə çıxış edərək vurğulayıb ki, Ulu Öndərin müdrikcəsinə müəyyənləşdirdiyi inkişaf strategiyasının dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan dünya miqyasında, özünə güvənən, güclü, nüfuzlu ölkə kimi tanınır, bütün sahələr ciddi uğurlara imza atır. Bu gün Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür. Ölkəmizdə vətəndaş həmrəyliyi mövcuddur.
Tədbirdə YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri verilib.
Azərbaycan.- 2018.- 20 noyabr.- S.9.