Ölkəmizin inkişafında qadınlar da fəal iştirak edirlər
Noyabrın 19-da Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında "XXI əsr: Modern cəmiyyət - insan tərbiyəsində qadınların rolu” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə partiyanın qərargahında ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Tədbiri açan YAP Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin (BSU) rektoru Nurlana Əliyeva konfransın əlamətdar günə - noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümünə təsadüf etdiyini deyərək bu münasibətlə təbriklərini çatdırıb.
Azərbaycan cəmiyyətində qadınların rolundan danışan Nurlana Əliyeva bildirib ki, bu gün qadınlar ölkənin ictimai həyatında fəal iştirak edirlər. YAP sıralarında təmsil olunan fəal qadınlar cəmiyyətdə böyük nüfuz sahibidirlər. Qadınlar dünyada sülhün, təhlükəsizliyin əsas təbliğatçılarıdır. Bu mənada, modern cəmiyyətdə qadınların fəal rolu var.
Konfransda məruzə ilə çıxış edən Milli Məclisin deputatı, BSU-nun prorektoru Sahibə Qafarova bildirib ki, bu gün əsas beynəlxalq sənədlərdə cinslər arasında bərabərlik, kişi və qadınlar üçün bərabər imkanların təmin edilməsi əsas prioritetlərdən biri kimi təsbit olunub. Qadınların ictimai həyata daha çox inteqrasiya olunduğu bir zamanda zərif cinsin nümayəndələrinə geniş hüquqların verilməsi, onların bütün sahələrdə təmsilçiliklərinin artırılması, fəaliyyət sferalarının təhsil, səhiyyə kimi ənənəvi istiqamətlərdən daha da genişləndirilməsi, iqtisadi, sosial sahələrdə, hətta siyasi və dövlət idarəetməsində qadınların potensialından səmərəli faydalanması kimi tədbirlər bir sıra məsələlərin uğurla həllinə şərait yaradır. Heç də təsadüfi deyil ki, bu gün dünya xalqlarının taleyinin müəyyənləşdirilməsində, bəşəriyyətin yeni inkişaf paradiqmalarının ortaya çıxmasında nüfuzlu qadın liderlərin əhəmiyyətli rolu var. Avropanın bəzi qabaqcıl dövlətlərinin qadın liderləri qlobal problemlərin həllinə töhfə verirlər. Azərbaycan da demokratik norma və prinsipləri mənimsəmiş, uğurla inkişaf edən modern dövlət olaraq gender bərbərliyinin təmin edilməsi üçün önəmli addımlar atır, ölkəmizdə qadın hüquqlarının qorunmasına hər zaman diqqət göstərilir. Bu gün müstəqil Azərbaycanın qadınları parlamentdə, icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, təhsil, səhiyyə sahələrində, biznes strukturlarında, kənd təsərrüfatında, orduda, idmanda, hüquq-mühafizə orqanlarında, İKT sahəsində kişilərlə bərabər vəzifələrdə təmsil olunurlar.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradova əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Tədbirin aktual mövzuya həsr olunduğunu deyən Bahar Muradova Azərbaycan qadınlarının cəmiyyət həyatındakı rolundan geniş bəhs edib. O bildirib ki, bu gün Azərbaycan dünyaya sürətlə inteqrasiya edir. Ölkəmizin inkişafında vətəndaşlarımız fəal rol oynayırlar və bu prosesdə qadınlar da bərabər şəkildə iştirak edirlər. Qadınlar cəmiyyətimizin ayrılmaz hissəsidir.
Tədbirdə, həmçinin Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, BSU-nun kafedra müdiri Sevinc Axundova və Respublika Sanitariya-Karantin Müfəttişliyinin rəisi Sara Həsənova çıxış edərək qadının dövlət siyasətindəki rolundan danışıblar. Bildiriblər ki, qadınlar bu gün mühüm dövlət işlərində, parlamentdə təmsil olunurlar. Bundan başqa, Azərbaycanın diplomat xanımları ölkəmizlə bağlı reallıqları beynəlxalq tədbirlərdə dünya ictimaiyyətinin diqqətinə çatdırırlar. Azərbaycanın Avropaya inteqrasiya etməsinə baxmayaraq, xalqımız kökünə və mədəniyyətinə bağlıdır. Bunun kökündə aparılan dövlət siyasətinin durduğunu deyən natiqlər Birinci vitse-prezident Mehriban Əliyevanın azərbaycançılıq ideologiyasının təbliğində mühüm işlər gördüyünü qeyd ediblər.
Qeyd olunub ki, bu gün Azərbaycanda qadın hüquqlarının ən yüksək səviyyədə təminatından, gender bərabərliyindən bəhs olunursa, bu məsələdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əhəmiyyəti mütləq şəkildə vurğulanmalıdır. Azərbaycanda uğurlu gender siyasətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə qadın şəxsiyyətinin önəmini yüksək qiymətləndirib. Əsası Ulu Öndər tərəfindən qoyulan Azərbaycanın gender siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı gender məsələlərinə xüsusi həssaslıqla yanaşır, bu sahədə müvafiq addımların atılmasına şəxsən nəzarət edir.
Bildirilib ki,
tariximizin və mədəniyyətimizin bir çox parlaq səhifələri də məhz Azərbaycan
qadınının adı ilə bağlıdır. Çox sevindirici
haldır ki, bu gün də bütün
fəaliyyətini xalqımızın, dövlətimizin daha da inkişafına həsr
edən belə işgüzar, cəsarətli,
vətənpərvər xanımlar var. Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevanın çoxşaxəli
fəaliyyəti həm də hər bir azərbaycanlı
qadın üçün fəxr, qürur mənbəyidir. Onun milli–mənəvi dəyərlərimizin
qorunması, xalqımızın zəngin irsinin
təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması, gənc nəslin sağlam
mühitdə böyüməsi və tərbiyə
olunması, səhiyyənin, təhsilimizin, mədəniyyətimizin
inkişafı sahəsində əvəzsiz xidmətləri
yüksək ali ideallara
və milli maraqlarımıza söykənir.
Azərbaycan.- 2018.- 20 noyabr.- S.9.