Ana dili - milli
varlığımızın ruhu
Ana dili hər bir xalqın misilsiz mənəvi sərvətidir. Ona görə də tarixən bu sərvətin qorunması bütün zamanlarda alimlərin, ictimai xadimlərin, yazıçıların - ümumən bütün ziyalıların diqqət mərkəzində olub. Ötən əsrin əvvəllərində Mirzə Cəlil yazırdı: "Hər millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır”. Ana dili millətin mənəvi diriliyidir... Ana dili ruhun qidasıdır. Hər kəs öz anasını və vətənini sevdiyi kimi ana dilini də sevməlidir.
Ana dili haqqında yüksək fikirlər dövrümüzün böyük şairlərindən Bəxtiyar Vahabzadənin bu misralarında çox gözəl şəkildə öz ifadəsini tapıb:
Dil açanda ilk dəfə "ana” söyləyirik biz,
"Ana dili” adlanır bizim
ilk dərsliyimiz.
İlk mahnımız laylanı
anamız öz südüylə,
İçirir ruhumuza bu dildə
gilə-gilə.
Bu dil bizim ruhumuz, eşqimiz,
canımızdır,
Bu dil bir-birimizə əhdi-peymanımızdır.
Dünyanın dil
mənzərəsi
Dil və xalq məsələsi
o qədər ayrılmaz, önəmli məsələdir ki,
dilçilik tarixində o, dörd məktəbin (fəlsəfi
dilçilik, fərdi psixologizm, "sözlər və
şeylər” nəzəriyyəsi, etnolinqvistika) əsas tədqiqat
obyekti olub.
Bunlardan birincisinin - fəlsəfi dilçilik məktəbinin
yaradıcısı olan Vilhelm Humbolt yazırdı:
"Xalqın dili onun ruhudur və xalqın ruhu onun dilidir -
bundan güclü eynilik təsəvvür etmək çətindir”.
Ana dili xalqın ictimai-siyasi
varlığının, mənsub olduğu dövlətin
müstəqilliyinin, siyasi mövcudluğunun göstəricisi
olmaq etibarilə də çox mühüm əhəmiyyət
kəsb edir.
Hazırda dünyanın 260 ölkəsində
7,5 milyarddan çox insan yaşayır. Onlar ünsiyyət vasitəsi kimi 7 minə yaxın
dildən istifadə edirlər. 40 ən
çox yayılmış dil dünya əhalisinin 2/3-ni əhatə
edir. Dünyadakı dillərdən
yalnız 95-i dövlət dili statusuna malikdir.
Bəzi dillər bir neçə
dövlətin rəsmi dili kimi qəbul edilib. O cümlədən, ingilis
dili 56, fransız dili 29, ərəb dili 24, ispan dili 20, portəgiz
dili 8, alman dili 6, italyan və rus dilləri 4, holland və serb
dilləri 3 ölkənin dövlət dili statusuna malikdir. Daha 12 dilin hər biri iki ölkədə rəsmi
dil kimi işlədilir. Eyni zamanda, iki və
daha artıq dövlət dili olan ölkələr də
mövcuddur.
Azərbaycan Respublikası
Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə əsasən,
Azərbaycan Respublikasının dövlət dili Azərbaycan
dilidir. Bu dil dövlət dili kimi ölkənin siyasi,
ictimai, iqtisadi, elmi və mədəni həyatının
bütün sahələrində işlədilir. Azərbaycan Respublikasında dövlət hakimiyyəti
və yerli özünüidarəetmə orqanlarında,
dövlət qurumlarında, siyasi partiyalarda, qeyri-hökumət
təşkilatlarında (ictimai birlik və fondlarda), həmkarlar
təşkilatlarında, digər hüquqi şəxslərdə,
onların nümayəndəliklərində və
filiallarında, idarələrdə dövlət dilinin tətbiqi
ilə bağlı fəaliyyət "Azərbaycan
Respublikasında dövlət dili haqqında” qanuna uyğun
olaraq həyata keçirilir, o cümlədən
kargüzarlıq işləri də dövlət dilində
aparılır.
Tarixi fədakarlıq
Ana dilimizin dövlət dili statusu
qazanmasında 1978-ci il Konstitusiyasına bu
barədə maddənin salınmasının çox
böyük əhəmiyyəti oldu. Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin hələ
sovet Azərbaycanına rəhbərliyi dövründə
etdiyi bu böyük fədakarlığın milli dövlətçiliyimizin,
xalqımızın milli varlığının bu
günü və gələcəyi baxımından nə qədər
mühüm olması indi daha aydın görünür.
O illərdə əyalətlərdən
olan gənclərimizin ali və orta ixtisas məktəblərinə
qəbulunda tətbiq edilən güzəştlər,
Bakıda və ölkəmizin mərkəzi regionlarında
böyük sənaye zonalarının yaradılması,
yüzlərlə yaşayış binalarının tikilməsi
və bu zonalarda, əsasən, regionlardan gəlmiş ana dili
daşıyıcılarının, milli ruhlu gənc ailələrin
məskunlaşdırılması da Heydər Əliyevin bir tərəfdən
ölkə iqtisadiyyatının inkişafına, digər tərəfdən,
Azərbaycan dilinə qarşı təhdidlərin aradan
qaldırılmasına yönəlmiş uzaqgörən fəaliyyəti
idi.
Müstəqil Azərbaycan
dövlətinə rəhbərliyi dövründə də
ulu öndər milli dil məsələsinə xüsusi həssaslıqla
yanaşırdı. 1995-ci ildə qəbul olunmuş müstəqil
Azərbaycan Respublikasının ilk Konstitusiyasında Azərbaycan
dilinin bu torpaqları özünə tarixi vətən bilən
hər kəsin milli birlik fenomeni kimi təsbit olunması ilə
bu istiqamətdə tarixi bir addım atıldı. 2001-ci
ilin iyununda "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” fərmanın imzalanması, 2001-ci il avqust
ayının 1-dən qəti olaraq latın qrafikalı Azərbaycan
əlifbasına keçidin təmin olunması, Azərbaycan
Respublikasının Prezidenti yanında Dil Komissiyasının
təşkili, 1 avqustun Azərbaycan Əlifbası və Azərbaycan
Dili Günü elan edilməsi, 2002-ci ilin sentyabrında "Azərbaycan
Respublikasında dövlət dili haqqında” qanunun qüvvəyə
minməsi ümummilli liderin müstəqillik dövründə
ana dilimizin inkişafı ilə bağlı mühüm tarixi
qərarlarıdır.
Ulu öndərin ana dilimizin
qarşısında bütün bunlar qədər əhəmiyyətli
olan daha bir tarixi xidməti isə bu dili dünyanın ən
yüksək tribunalarına daşıması idi. Yüksək
natiqlik məharəti ilə bu dilin zənginliyini, hüdudsuz
ifadə imkanlarını həmin tribunalardan bütün
dünyaya sərgiləməsi idi. Əsrlər
boyu obyektiv səbəblərdən kargüzarlıq sistemindən,
diplomatik fəaliyyətdən, hərbi sahədən, müəyyən
qədər elmi fəaliyyətdən, qanunvericilik sənədlərindən
xeyli kənarda saxlanmış Azərbaycan dilini bütün
parametrlər üzrə, sözün əsl mənasında,
dövlət dilinə çevirməsi idi.
Ana dilimizin hamisi
Bu gün Heydər
Əliyevin milli dövlətçilik irsini hər bir sahə
üzrə uğurla davam etdirərək Azərbaycanı
öz tarixinin ən qüdrətli mərhələsinə
çatdıran cənab İlham Əliyev ulu öndərin
milli dil əmanətinə də sadiqdir. Azərbaycan Prezidentinin 12
yanvar 2004-cü il tarixli "Azərbaycan dilində latın
qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında”, 14 yanvar 2004-cü il tarixli
"Azərbaycan Milli Ensiklopediyasının nəşri
haqqında”, eləcə də 30 dekabr 2007-ci il tarixli
"Dünya ədəbiyyatının görkəmli
nümayəndələrinin Azərbaycan dilində nəşri
nəzərdə tutulan əsərlərinin
siyahısının təsdiq edilməsi haqqında” sərəncamları,
ayrı-ayrı toplantılarda dilimizin inkişafı ilə
bağlı irəli sürdüyü tezislər müasir
dövrdə milli dilimizin inkişafına təkan verən
tarixi addımlardır.
Son illərdə ölkə
rəhbərliyinin dilimizin qorunması və inkişafı
istiqamətində həyata keçirdiyi tədbirlər daha
da artıb. Bu da səbəbsiz deyil. Sürətli
qloballaşma prosesləri xalqlara, dövlətlərə
böyük imkanlar açdığı qədər
böyük problemlər də yaradır. Bu
problemlər, əsasən, milli-mənəvi dəyərlərin
və bu dəyərlərin ən mühümü olan dilin
qloballaşma seli qarşısında qorunması ilə
bağlıdır. İndiki dövrdə
qloballaşma bu dəyərlər ətrafındakı
mühafizə sərhədini ortadan götürüb. Bu sərhədlərin varlığı xalqın
özünəməxsus dəyərlərinin mühafizəsini,
o cümlədən dilin qorunmasını kifayət qədər
asanlaşdırır. Bu zaman cəmiyyət
özü xarici mühitdən nələri götürmək,
nələrdən imtina etməkdən ötrü vasitələrə,
geniş seçim imkanlarına, ən əsası isə
çox böyük zaman kəsiyinə malik olur. Qloballaşma mühitində isə bunların
heç biri yoxdur. Nəzərə alaq ki, bu gün
dünyada əsas aparıcı dilə çevrilən ingilis
dilinin arxasında ABŞ, Böyük Britaniya kimi
aparıcı ölkələrin güclü iqtisadiyyatı,
böyük ənənələrə malik qlobal media
resursları, zəngin elmi-texnoloji məlumat bazası durur. Ona görə də ingilis dili milli dillərin istifadə
məkanına daxil olaraq onları tədricən
sıxışdırır.
Təkcə bir faktı diqqətə
çatdıraq: hazırda mövcud internet resurslarının
və bu resurslarda olan informasiyaların təxminən 53 faizi
ingilis dilinin payına düşür. Qalan 47
faiz isə əsasən, rus, alman, yapon, ispan, fransız,
çin, portuqal və italyan dilləri kimi aparıcı dillər
arasında bölünüb. Bu rəqəmlər
milli dillərin gələcək taleyi barədə
düşünməkdən ötrü çox ciddi xəbərdarlıqdır.
UNESCO ekspertlərinin proqnozlarına görə,
XXI əsrin sonuna qədər dünyadakı dillərin 50
faizindən 90 faizinə qədəri tamamilə məhv olub
yoxa çıxa bilər.
Ona görə də bu vəziyyət
indi təkcə sayca az xalqların
nümayəndələrini narahat etmir. Yüz milyonlarla
adamın danışdığı alman, fransız, ispan, rus
və s. dillərin təmsilçiləri də öz dillərinin
gələcəyi qayğısına qalmağa
çalışırlar. Azərbaycan dövləti
də bu məsələni xüsusi diqqətdə
saxlayır. Prezident İlham Əliyevin bu
istiqamətdə atdığı addımlar onun strateq kimi ana
dilimizin gələcəyinə aydın
baxışlarından, milli dövlətçiliyimiz
üçün mühüm əhəmiyyət
daşıyan dilimizi qorumaq və inkişaf etdirmək əzmindən
irəli gəlir. Dövlət rəhbərimiz
belə bir şəraitdə ana dilimizin qüdrətli
hamisidir.
Yeni vəzifələr
qarşısında
Azərbaycan Respublikası Prezidentinin
"Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə
və ölkədə dilçiliyin inkişafına dair
Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli 2236
nömrəli sərəncamında, 2013-cü il 9 aprel tarixli
Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda
bu istiqamətdə bir sıra konkret vəzifələr irəli
sürülüb.
17 iyul 2018-ci il
tarixində Azərbaycan Respublikasının Prezidenti "Azərbaycan
dilinin elektron məkanda daha geniş istifadəsinin təmin
edilməsi ilə bağlı bir sıra tədbirlər
haqqında” Sərəncam imzalayıb.
Düşünürəm
ki, sərəncam "Əcnəbilər üçün Azərbaycan
dilinin elektron platforması”nın yaradılmasını nəzərdə
tutur. Belə bir platforma Azərbaycan dilinin elektron məkanda
daha geniş istifadəsini, bu dillə maraqlanan şəxslər
üçün əlçatanlığını təmin
edəcək, hər bir insan tərəfindən dilimizin
öyrənilməsini asanlaşdıracaq. Əcnəbilərin,
o cümlədən, ölkəmizdə təhsil alan xarici tələbələrin Azərbaycan
cəmiyyətinə inteqrasiyasına kömək göstərəcək.
Dillərin bu gün elektron məkanda, internet
istifadəçiləri arasında nə qədər
böyük rol oynadığını nəzərə alsaq,
bu sərəncamın da zəruri əhəmiyyəti var.
1 noyabr 2018-ci ildə isə
Azərbaycan Respublikasının Prezidenti "Azərbaycan
dilinin saflığının qorunması və dövlət
dilindən istifadənin daha da təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında” Fərman
imzalamışdır. Fərmanda "Azərbaycan
Respublikasının Dövlət Dil Komissiyası yanında
Monitorinq Mərkəzi” publik hüquqi şəxsin
yaradılması nəzərdə tutulmuşdur. Mərkəz dövlət dilinin tətbiqinin vəziyyətini
nəzarətdə saxlayacaq, kütləvi informasiya vasitələrində,
internet resurslarında və reklam
daşıyıcılarında ədəbi dil
normalarının qorunmasını təmin edəcəkdir.
Bu da dilimizin qorunması və
inkişafı ilə bağlı dövlət rəhbərimizin
həyata keçirdiyi siyasətin
ardıcıllığını, məqsədyönlülüyünü,
bu istiqamətdə yerinə yetirilən tədbirlərin
mahiyyət etibarilə bir-birini tamamladığını
göstərir. Yada salaq ki, ötən ilin oktyabrında
ictimaiyyət nümayəndələrinin, o cümlədən,
kütləvi informasiya vasitələri rəhbərlərinin
iştirakı ilə "Azərbaycan ədəbi dilinin
qorunmasında və inkişafında KİV-in rolu”
mövzusunda maraqlı konfrans keçirilmişdi. Konfransın xüsusi əhəmiyyətli cəhəti
ondan ibarət idi ki, o, birbaşa Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü
ilə keçirilirdi və dövlət rəhbəri bu məsələ
ilə bağlı siyasi iradəsini əks etdirirdi.
"Azərbaycan dilinin
saflığının qorunması və dövlət dilindən
istifadənin daha da təkmilləşdirilməsi ilə
bağlı tədbirlər haqqında” fərman bir daha
göstərdi ki, dövlət rəhbəri ana dilimizin
qorunması və inkişafı ilə bağlı konkret fəaliyyət
strategiyasına malikdir. Bu strategiya bütün istiqamətlər,
ictimai müzakirələrdən irəli gələn ən
mühüm faydalı təkliflər nəzərə
alınmaqla mərhələ-mərhələ həyata
keçirilir.
Örnək
Ana dilinə münasibət dövlət
tərəfindən irəli sürülən norma
və tələblərlə yanaşı, eyni zamanda, fərdi
vətəndaşlıq məsuliyyəti tələb edir. Ana dilimizdə milyonlarla fərd danışıb
yazır. Bu insanların dildən hansı
şəkildə faydalandıqlarını, ona necə
münasibət göstərdiklərini tam nəzarətdə
saxlamaq praktik baxımdan xeyli çətin olsa da, Monitorinq Mərkəzinin
yaradılması kimi təşəbbüslər problemin həllinə
böyük kömək göstərə bilər. Bu
addım, ilk növbədə dövlətimizin ali şəxsinin - Azərbaycan Respublikası
Prezidentinin bütün təbəqələrdən olan vətəndaşlarımıza,
- ziyalılarımıza, kütləvi informasiya vasitələrimizə
dilimizə münasibətlə bağlı bir məsuliyyət
çağırışıdır. Özü
bir neçə xarici dildə səlis danışan, eyni
zamanda, ana dilində də yüksək natiqlik məharəti
ilə onun zəngin ifadə imkanlarını nümayiş
etdirən, dövlətçilik statusunu ucalara yüksəldərək
daha da möhkəmləndirən cənab İlham Əliyevin
göstərdiyi nümunə təqdirəlayiqdir. Hər bir vətəndaş fərd olaraq
özünün, çevrəsindəki insanların ana
dilinin imkanlarından hansı şəkildə
faydalandıqlarının fərqinə varıb dilimizin
korlandığı hallarla rastlaşdığı zaman, ən
azı, bu nümunəni xatırlada bilər. İctimai
qınağın gücü ilə bu halın aradan
qalxmasına xeyli dərəcədə nail olmaq
mümkündür.
Digər tərəfdən,
kütləvi informasiya vasitələrində, internet
resurslarında və reklam daşıyıcılarında ədəbi
dil normalarının qorunması ilə bağlı inzibati
mexanizmin işə düşməsi Azərbaycan dilinin
qorunması və inkişafı ilə bağlı problemlərin
əhəmiyyətli hissəsinin həlli üçün
real şərait yaradır. Çünki ölkəmizdəki
dil situasiyasını müşahidə edərkən, ana
dilimizin gələcəyini təhdid edən əsas mənfi
halların məhz bu sferalarda - KİV-də, internet
resurslarında və reklam daşıyıcılarında
baş verdiyini görürük. Bu mənbələr
digər cəmiyyət üzvlərinin də dil mədəniyyətinə
ciddi təsir göstərir. Gənc nəslin
ana dilinə yiyələnməsində və dilimizə bir dəyər
kimi münasibətin formalaşmasında müstəsna rol
oynayır.
Əfsuslar olsun ki, bu sahələrdə
Azərbaycan dilinin norma və
qaydalarının pozulması hallarına rəvac verənlər
bununla milli-mənəvi dəyərlərimiz
qarşısında nə qədər böyük məsuliyyətsizlik
etdiklərinin fərqində deyillər. Mərkəzi
şəhərlərimizdə, xüsusilə də paytaxtdakı
reklam lövhələrində, əmtəə
nişanlarında, radio, televiziya, qəzet və internet
portallarının dilində ana dilimizin mövqeyinin məhdudlaşdırılması
hallarına tez-tez rast gəlirik. Xüsusilə yeni
yaranan şirkət və müəssisələrin
adlarında dövlət dilinə etinasız münasibət
hiss olunur. Sahibkarlıq subyektləri öz
şirkətlərinə, xidmət və məhsullarına əcnəbi
dillərdə ad axtarmaqdan ötrü, bir-biri ilə sanki
yarışa çıxıblar. Bu
adların çoxu bütünlüklə ingilis dilində,
ingilis transliterasiyası və orfoqrafiyasında yazılır.
Bir çox jurnal və qəzetlərin
adlarında da vəziyyət eynidir. Özü
də əcnəbi adlarla adlandırılmış media
orqanlarının dili, əsasən, Azərbaycan dili
olduğundan belə adlanmaların məntiqini anlamaq çətindir.
Hər gün işə gəlib-gedərkən
şəhərdə hərəkət edərkən, yolum
xeyli sayda özəl qurumların, mağaza, restoran və digər
iaşə obyektlərinin yanından keçir. Onların bir
hissəsinin qarşısından asılan lövhələrdə
Azərbaycan dilinin heç kiçicik işartısına da
rast gəlmək olmur. Bütün bu
özəl fəaliyyət subyektlərinin sahibləri
özümüz deyilikmi? Azərbaycan
dilində danışan, ana laylasını bu dildə eşidən,
dünyanı ilk dəfə ana dilimizdə qavrayan biz deyilikmi?
Dil məsuliyyətdir
Əlbəttə, bu məsələyə
birmənalı yanaşmağın da tərəfdarı deyiləm. Bütün
dünyada tanınmış elə əmtəə
nişanları var ki, onların yazılışını
dövlət dilinin tələblərinə
uyğunlaşdırmaq düzgün olmazdı. Məsələn,
Coca-cola, Bosh, Mercedes-Benz, Mc Donalds və s. kimi marka
adlarını buna nümunə göstərə bilərik. Bütün dünya onların
yazılışını bu cür qəbul edib. Bu sözlər milli dillərə tərcümə
və transliterasiya edilmir. Azərbaycan dilinin əlifbası
latın qrafikalı olduğundan onların
ingilis və başqa Avropa dillərindəki
yazılışı ilə dilimizdəki
yazılışı arasında böyük bir fərq
yoxdur. Burada ana dilimiz üçün qorxulu nəsə
görmürük. Necə ki, ruslar,
çexlər, italyanlar, macarlar və başqa millətlərin
nümayəndələri də öz şəhərlərində
belə əmtəə nişanlarını görəndə
burada təhlükəli hal axtarmırlar. Xoşagəlməz
vəziyyət yerli bazar üçün çalışan
iş adamlarımızın bu əmtəə
nişanlarını bayağı şəkildə təqlid
edərək paytaxtımızın küçələrini
anlaşılmaz dildə reklam lövhələri ilə
doldurmalarıdır.
Televiziya və radio efirində
də dilimizin gözəlliyinə xələl gətirən
məqamlara təsadüf edilir. Aparıcılar bəzi
sözlərin tələffüzündə fonetik səhvlərə
yol verirlər. Efirdə nitq mədəniyyəti
ilə bağlı gözə çarpan əsas
nöqsanlardan biri dilimizin orfoepik normalarının dil faktı
səviyyəsinə çatmaması ilə
bağlıdır. Efirə qonaq qismində
dəvət edilmiş bəzi ziyalıların,
tanınmış ictimaiyyət nümayəndələrinin hər
birinin səslərin tələffüzü üçün,
sanki öz normalarının olduğunu görürük.
Onlar təmiz, tam ədəbi dildə
danışmaqdan, elə bil çəkinirlər. Ehtiyat edirlər ki, birdən
danışıqları süni görünər. Odur ki, bəzən hətta dialekt dilində
danışmağa meyl göstərirlər. Halbuki dövlət dilində buna əsla yol vermək
olmaz.
Azərbaycan dilinin daxili
imkanlarından lazımi qədər istifadə olunmaması,
yad ünsürlərin yerli-yersiz dilimizə gətirilməsi
və bunun efir dilindən cəmiyyətə təqdim olunaraq
ümumişləklik qazanması da başqa bir problemdir. Bir çox
aparıcılarımız yeni öyrəndikləri hər
hansı xarici sözü, termini, ifadəni dərhal dinləyici
və tamaşaçılara çatdırmağa, auditoriya
ilə qondarma dillə danışmağa daha çox meyil
göstərirlər.
Dildə zənginləşmə
prosesi daim getməlidir. Buna kimsənin etirazı yoxdur. Dünyanın bütün dilləri başqa
xalqlardan, mədəniyyətlərdən yeni sözlər
götürür. Cəmiyyətin gündəlik həyatına
daxil olan kompüter, mobil telefon, planşet və s. bu kimi məfhumlarla
birgə, o məfhumları adlandıran söz və ifadələrin
də dilimizə daxil olması bütün hallarda baş verəcək.
Dildəki bütün yeni sözlərin
süni qarşılıqlarının yaradılması purizm
meyli kimi dilçilikdə də bir o qədər yaxşı
qiymətləndirilmir. Bununla belə, elə
yeni sözlər var ki, öz dilimizdə onların çox
uğurlu qarşılıqlarını asanlıqla tapıb
istifadə etmək olar. Dialekt leksikası,
artıq muzey eksponatına çevrilmiş bir çox əşyaları
adlandıran arxaik sözlərin zəngin fondu bundan
ötrü böyük bir xəzinədir. Amma ortaya sual
çıxır: televiziya və radio kanalları bu xəzinədən
lazımınca bəhrələnə bilirmi?! Əfsus
ki, yox. Obyektivlik hissi bu sualın ədəbiyyat
adamlarımıza, şairlərimizə,
yazıçılarımıza da aid olunmasını diktə
edir.
Amma bu gün bütün
dünyada televiziya və radionun auditoriyası ədəbiyyatın,
publisistikanın auditoriyasını qat-qat üstələdiyindən
qoyulmuş sualın əsas məsuliyyət yükü də
efir dilinin üzərinə düşür. Üstəlik,
nəzərə almalıyıq ki, indi müasir ədəbiyyat
təmsilçilərimizin də kütlələrlə əsas
ünsiyyət vasitəsi, məhdud tirajla nəşr
edilmiş kitablardan daha çox, məhz televiziya, radio efiri,
internet, sosial şəbəkələrdir.
Bu gün bütün
dünyada televiziya, radio xalqın öz ana dilində səlis
danışa bilməsinə görə məsuliyyət
daşıyır. Onlar bu məsuliyyətin fərqində
olmalıdırlar. Efirdə dilimizin ədəbi
normalarının pozulmasına əsla yol verilməməlidir.
Yolverilməz sərbəstlik
Bütün bunlar hazırda
Azərbaycanda böyük populyarlıq qazanaraq ənənəvi
qəzet və jurnalları xeyli üstələyən internet
portallarının dilinə də aiddir. Ədəbi
dilimizin mətbuat üslubunu hazırda, əsasən, bu
portallar müəyyənləşdirir. Elə
isə onların dil, üslub xüsusiyyətlərinə diqqət
edək və görək, onlar dillə bağlı
missiyalarını hansı şəkildə yerinə yetirirlər?!
Təəssüf ki, bu sahədə də vəziyyət
xoşagəlməz məqamlardan təcrid edilməyib. İstər leksik və qrammatik, istərsə də
qrafik və orfoqrafik sahədə özünü göstərən
meyillər bu resurslarda, demək olar ki, dilin bütün səviyyələri
üzrə tam bir problemlər sistemi yaradıb.
Yad ünsürlərin
yerli-yersiz dilimizə gətirilməsi yazılı mətbuatın
dilində də baş alıb gedir. Məsələn, illərdən bəridir
ki, dilimizdə oturuşmuş dükan əvəzinə -
market, seçim əvəzinə - kastinq, yoxlama əvəzinə
- monitorinq, təbliğat əvəzinə - piar, marka əvəzinə
- brend, qapıçı əvəzinə - qolkiper, hakim əvəzinə
- referi, birgə əvəzinə - bahəm sözlərini
işlətməyə zəruri ehtiyac varmı?
Müasir dünyanın reallıqlarına
uyğun olaraq, dilimizə təzə keçən alınma
sözlərin çoxu ingilis mənşəlidir. Ancaq son vaxtlar
yazılı mətbuatda dil qanunlarına sığmayan bir hal
da müşahidə olunur. İngilis mənşəli
nəinki yeni, hətta köhnə sözləri də ingilis
transkripsiyası ilə yazmağa başlayıblar (şifahi
nitqdə isə buna müvafiq olaraq, həmin sözləri
ingilis, daha dəqiqi, amerikan ləhcəsi ilə tələffüz
edirlər). İngilis dilini bilməyən,
onun hərf birləşmələrindən xəbərsiz
olan azərbaycanlı oxucu bu mətnlərin
qarşısında çaş-baş qalır. Bu hal ən çox xüsusi isimlərin
yazılışına aiddir. Məsələn:
"Bakıya uzaq məsafəyə uça bilən
"Boeing” təyyarəsi gətirildi”, "New York Times” qəzeti
bu çıxışa sərt reaksiya verdi”,
"ABŞ-ın ilk prezidenti Corc Washingtonun abidəsi
önünə əklil qoyuldu”.
Əvvəldən dilimizdə
işlənən söz və terminlərin
yazılışında yolverilməz bir sərbəstlik
özünü göstərir. Məsələn, bəzən
görürsən ki, "kəmfürsət” əvəzinə
yazırlar - "fürsətkeş”, "məxfilik” əvəzinə
- "gizlinc”, "maraqlı” əvəzinə - "ilginc”,
"bildirmək” əvəzinə - "bəlli etmək”,
"hörmət etmək” əvəzinə - "təqdir
etmək”, "təyin etmək” əvəzinə - "bəlirləmək”
və s.
"Özünü
öldürmək” - "intihar etmək” sinonim cərgəsindən
də müəyyən hallarda düzgün istifadə edilmir. Daha
doğrusu, alınma sözün mənası təhrif olunur.
Görürsən, yazırlar: "özünü intihar
etmişdir”. Bu ifadədə
"özünü” kəlməsini işlətmək
yanlışlıqdır.
Yanlış anlaşılan
və yanlış da işlənən sözlərdən
biri də məxsus sözüdür. Məsələn, bəzən belə
yazılır: "Bir vaxtlar o, Balaxanı kəndi
yaxınlığında Nobel qardaşlarına məxsus neft
mədənlərində işləyirdi”. Yaxud: "Bu misralar
görkəmli alman şairi Folker fon Terniyə
məxsusdur”. Bu və digər belə saysız cümlələrdəki
"məxsus” sözü "mənsub” və "aid” mənalarında
işlənib. Əslində, həmin sözləri
"məxsus” sözü olmadan işlətmək daha düz
olardı. Məsələn, belə: "Bir vaxtlar o,
Nobel qardaşlarının neft mədənlərində
işləyirdi”. Və ya "bu misralar Folker fon
Terninindir”.
KİV-in dilində orfoqrafik səhvlər də artıq adi bir hala çevrilmişdir. Bəzi sözlərin yazılışında çoxvariantlılığa yol verilir: deklorasiya (əslində isə deklarasiya), lotoreya (əslində lotereya), səlist (əslində səlis), töhvə (əslində töfhə) və s. Tarixlərdə şəkilçilərin istifadəsində də qüsurlar nəzərə çarpır. "1990-ıncı il fevralın 5-indən 9-una kimi...”, "30-uncu illərin” və s. Halbuki hər bir halda defis işarəsi mənsubiyyət şəkilçisini ifadə etdiyinə görə həmin sözlər belə yazılmalıdır: "27-də”, "13-də”, "1990-cı”, "5-dən 9-na”, "30-cu” və s.
Bütün bunlar Azərbaycan Prezidentinin qarşıya qoyduğu vəzifələrin icrası çərçivəsində dilimizin üslubiyyatı, normativ qrammatikası, orfoqrafiya və orfoepiya qaydaları, terminologiya məsələləri, çeşidli sorğu kitabları hazırlamaq kimi tətbiqi işlərə də bir daha yenidən baxmağı tələb edir.
Görkəmli pedaqoq Konstantin Uşinskinin bu kəlamı çoxumuza uşaqlıqdan tanışdır: "Bir millətin, xalqın varını, dövlətini əlindən alsan, o millət ölməz, yaşayar. Ancaq ana dilini əlindən alsan, həmin millət məhv olar, ondan əsər-əlamət qalmaz”. Böyük mütəfəkkirimiz Həsən bəy Zərdabi də ana dilini xalqın varlığı, yaşaması və tərəqqisi üçün qüdrətli vasitə, müstəsna təsir gücünə malik amil sayaraq deyirdi: "Bir millətin ki, dili batdı, onda o millətin özü də batar. Çünki bir millətin varlığına, isbati-vücud etməsinə səbəb onun dilidir”.
Dilimizi yaşatmaq milli ruhumuzu yaşatmaqdır. Ana dilimizi zamanın yellərindən qoruyaraq gələcəyə daha da inkişaf etmiş şəkildə çatdırsaq, özümüz də, gələcək nəsillərimiz də onun mənəvi işığında əbədi var olacaq.
Nurlana
ƏLİYEVA,
Bakı Slavyan
Universitetinin rektoru, professor
Azərbaycan.-
2018.- 20 noyabr.- S.1; 11.