Yüksək etimad, səmərəli
əməkdaşlıq, birmənalı dəstək
İlham Əliyevlə Aleksandr Lukaşenkonun rəsmi və işgüzar
səfərlərinin intensivliyi Azərbaycan-Belarus
əlaqələrinin inkişaf
dinamikasından xəbər verir
Bərabərhüquqlu əməkdaşlıq, qarşılıqlı etimad, beynəlxalq hüquq normalarına hörmət, başqa ölkələrin daxili işlərinə qarışmamaq prinsipləri. Bütün bunlar müstəqil Azərbaycanın xarici siyasət strategiyasının prioritetləridir. Dünyanın bir çox dövlətləri ilə münasibətlərini məhz bu prinsiplər əsasında həyata keçirən Azərbaycanın mühüm strateji tərəfdaşlarından biri də Prezident İlham Əliyevin noyabrın 19-da rəsmi səfərdə olduğu Belarusdur.
İlham Əliyevin
Belarusa 8-ci səfəri
İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ildə yaradılsa da, münasibətlərin yeni inkişaf mərhələsi 2006-cı ildən başlanıb. Həmin il hər iki ölkədə səfirliklər açılıb.
Bu il isə diplomatik münasibətlərin 25 illiyi qeyd edilir və mövcud münasibətlərin bu səviyyəyə yüksəlməsinin əsl səbəbi iki ölkənin prezidentləri İlham Əliyevlə Aleksandr Lukaşenko arasında olan səmimi dostluq münasibətləridir. Bunu dövlət başçılarının qarşılıqlı rəsmi və işgüzar səfərləri, beynəlxalq təşkilatların iclaslarında, forumlarda təkbətək görüşləri bir daha təsdiqləyir.
Statistik göstəricilərə nəzər yetirsək görərik ki, İlham Əliyev 2006-cı ildən 2018-ci il, yəni, sonuncu səfər də daxil olmaqla 8 dəfə Belarusda səfərdə olub. Bunlardan 5-i rəsmi (2006, 2009, 2012, 2015 və 2018-ci illər), 3-ü isə (2006, 2013, 2014-cü illər) işgüzar səfərdir.
Aleksandr Lukaşenko isə ölkəmizdə 4 dəfə (2007, 2010, 2013 və 2016-cı illər) rəsmi, 1 dəfə (2015-ci il) işgüzar səfərdə olub.
Beynəlxalq təşkilatlar, eləcə də keçmiş postsovet ölkələrində keçirilən MDB Dövlət Başçıları Şurasının iclaslarını nəzərə almadan, 2006-cı ildən bu günə qədər, yəni, son 12 ildə liderlərin təkcə qarşılıqlı səfərlər zamanı 13 dəfə görüşdüklərini söyləyə bilərik.
Bu görüşlər əlbəttə ki, istər beynəlxalq səviyyədə, istərsə də ikitərəfli münasibətlərdə əməkdaşlığı getdikcə daha da möhkəmləndirib. Hər iki dövlət beynəlxalq təşkilatlarda, ən çətin məqamlarda belə bir-birinə dəstək olub.
2 saatdan artıq davam
edən təkbətək görüş
Səfər çərçivəsində Azərbaycan və Belarus prezidentlərinin görüşünün protokol ilə nəzərdə tutulduğundan daha çox çəkməsi diqqətçəkən məqamlardan olub.
Belə ki, Prezident İlham Əliyevin Aleksandr Lukaşenko ilə görüşü protokola görə 45 dəqiqə nəzərdə tutulsa da, dövlət başçılarının təkbətək görüşü 2 saatdan artıq davam etdi. Bu iki ölkənin prezidentləri arasında yüksək qarşılıqlı etimadın, ikitərəfli münasibətlərin məzmun və mahiyyətinin zənginliyinin bariz göstəricisidir.
Azərbaycan və Belarus arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində dövlət başçıları arasında səmimi dostluq, qarşılıqlı etimad və dialoq mühüm rol oynayır.
İmzalanan yeni sazişlər
münasibətləri daha da
şaxələndirəcək
Dövlət başçılarının bütün rəsmi səfərləri zamanı iki ölkə arasında yeni sazişlər imzalanır. Son səfərdə imzalanan yeni 8 sazişlə Azərbaycanla Belarus arasındakı mühüm sənədlərin sayı 119-a çatdı.
Bu dəfə iki ölkə arasında sosial-əmək, rabitə və informasiya-kommunikasiya texnologiyaları, fövqəladə hallar, hava hücumundan müdafiə silah və texnikasının təchiz olunması, kənd təsərrüfatı və ərzaq, məhkəmə-ekspertiza fəaliyyəti, miqrasiya sahəsində və prokurorluq orqanları arasında əməkdaşlıqla bağlı yeni sazişlər imzalandı.
İmzalanan Birgə Bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar məsələlər üzrə Belarusun mövqeyi öz əksini tapıb. Sənəddə deyilir ki, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir. Bu, əlbəttə ki. Belarusun münaqişə ilə bağlı sərgilədiyi obyektiv mövqedir.
Minskdə keçirilən hökumətlərarası komissiyanın iclasının yekunlarına dair isə yeddi sənəd imzalandı. Onlardan üçü Gəncə avtomobil zavodu ilə bağlıdır.
Sənədlərdən birində Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılması nəzərdə tutulur. Müəssisənin 2019-cu ilin I rübündə işə başlaması planlaşdırılır. Türkiyədəki zavodun konveyerindən 5 minə qədər traktorun buraxılması nəzərdə tutulur. İlkin mərhələdə layihənin istehsal gücü 2,5 min ədəd miqdarında yerinə yetiriləcək.
Onu da vurğulayaq ki, Belarusla Azərbaycan arasında daha rahat, dayanıqlı nəqliyyat əlaqəsinin yaradılması nəzərdə tutulur. Bu münasibətlə komissiyanın iclasında "Belarus dəmir yolu” Dövlət Birliyi (DB) və "Azərbaycan Dəmir Yolları” arasında qarşılıqlı-faydalı əməkdaşlığa dair saziş də imzalanıb. Sənəddə tarif və texnologiya istiqamətləri üzrə işçi qruplarının yaradılması da nəzərdə tutulur.
Təbii ki, imzalanan yeni sazişlər əməkdaşlığı daha səmərəli edəcək və iki ölkə arasında münasibətləri şaxələndirəcək.
İki ölkə arasında əlaqələr dinamik inkişaf edir
Səfər çərçivəsində liderlərin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə keçirdikləri geniş tərkibli görüşlərdə, mətbuata birgə bəyanatlarda bir daha iki ölkə arasında mövcud münasibətlər, iqtisadi-ticari əlaqələr müzakirə olunaraq bütün sahələrdə əlaqələrin daha da dərinləşməsinin vacibliyi vurğulandı.
Aleksandr Lukaşenkonun söylədiyi fikirlərə əsaslanaraq deyə bilərik ki, Azərbaycan Belarus üçün ən etibarlı strateji tərəfdaş olaraq qalır. Belarus Avropanın mərkəzində Azərbaycanın mənafelərinin irəliləməsinə səmimi və açıq şəkildə kömək etməyə hazırdır. İki ölkə arasında əməkdaşlıq üçün qapalı mövzular yoxdur: "Biz heç vaxt hansısa üçüncü, beşinci ölkələrə qarşı əməkdaşlıq etməmişik. Biz xalqlarımızın rifahı üçün nə lazımdırsa edirik. Hər hansı gizli, qapalı mövzular yoxdur və heç vaxt olmayacaq”, - deyə Belarus Prezidenti vurğulayıb.
İki ölkənin beynəlxalq təşkilatlarda aktiv qarşılıqlı fəaliyyət göstərdiyini, bütün məsələlərdə bir-birini dəstəklədiyini söyləyən İlham Əliyev hətta iştirak etmədikləri təşkilatlarda da bir-birilərini dəstəklədiklərini diqqətə çatdırmaqla dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu göstərdi: "Siyasi münasibətlərin yüksək səviyyəsi, ölkələrimiz arasında qarşılıqlı hörmət, etimad, prezidentlər arasında şəxsi dostluq - bütün bunlar üzərində Belarus-Azərbaycan dostluğunun möhtəşəm binasının tikildiyi təməldir”.
Prezidentlərin oxşar
baxışları istehsal kooperasiyası üçün möhkəm təməl
yaradıb
Görüşlərdə səslənən fikirlər onu deməyə əsas verir ki, Belarus Azərbaycanla ticari-iqtisadi sahədə sistemli və uzunmüddətli əməkdaşlıq etmək əzmindədir. Çünki əmtəə dövriyyəsinin artırılması üçün güclü potensial mövcuddur və iqtisadiyyatın inkişafı ilə bağlı hər iki ölkə rəhbərinin oxşar baxışlarının olması sayəsində geniş istehsal kooperasiyası üçün təməl yaradılıb.
Belarusda maşınqayırmanın flaqmanları olan Minsk Traktor Zavodu, Minsk Avtomobil Zavodu, habelə Gəncə Avtomobil Zavodu bu işin layiqli nümunəsini nümayiş etdiriblər. Gəncədə artıq 10 mindən çox traktor və 3500 vahid avtotexnika yığılıb.
Bu faktlar sənaye kooperasiyası sahəsində müstəsna müsbət nəticələrin əldə edildiyini bir daha təsdiqləyir. Lakin Azərbaycan qazanılmış bu uğurlarla kifayətlənmək fikrində deyil. Çünki
İlham Əliyevin söylədiyi kimi, sənaye sahəsində əməkdaşlıq potensialını bundan sonra da artırmaq üçün hələ çox iş görmək olar.
Cənab İlham Əliyev Azərbaycan üçün Belarusun mehriban dost və etibarlı tərəfdaş olduğunu söyləyərək dedi ki, münasibətlərin başlıca əsası qarşılıqlı dəstək, qarşılıqlı hörmət və etimadın yüksək səviyyəsidir.
Belarusda Azərbaycan məhsullarına çox
böyük tələbat var
Onu da vurğulayaq ki, Azərbaycanın xaricdə ilk Ticarət Evi Belarusda açılıb. Prezident İlham Əliyev bu səfər çərçivəsində ötən il açılan ticarət mərkəzində olub və onun fəaliyyətinə uğurlar arzulayıb.
Belarus, ümumiyyətlə, Azərbaycanın yüksək keyfiyyətli məhsullarına maraq göstərir. Bu gün ölkəmizin məhsulları Azərbaycan Ticarət Evində geniş təqdim edilir. Onların Belarus alıcılarında populyarlıq qazanmasına görə cənab İlham Əliyev bu şəbəkənin vilayət mərkəzlərinə genişləndirilməsi haqqında qərar qəbul edib.
Aleksandr Lukaşenko da təsdiqlədi ki, Belarus bazarında Azərbaycan mallarına böyük maraq var. Həm də həmin məhsulları təkcə belaruslar almır. Ukrayna hadisələri ilə əlaqədar bütün axınlar Belarusdan keçir. Ona görə də bu ölkədə Azərbaycan məhsullarına çox böyük tələbat var.
Xatırladaq ki, Azərbaycan Ticarət Evi "Made in Azerbaijan” brendinin Belarus bazarında daha çox tanıdılması, məhsullarımızın ixracının təşviqi və genişləndirilməsi sahəsində fəaliyyət göstərir, Belarusda satışını təşkil edir, bu sahədə əlaqələndirməni həyata keçirir. Ticarət Evində daimi fəaliyyət göstərən sərgidə Azərbaycanın 30 şirkətinin istehsal etdiyi müxtəlif növ məhsullar nümayiş olunur. Burada, həmçinin "ASAN” və "ABAD” stendləri də ziyarətçilərə təqdim edilir.
Azərbaycanlılar ticarəti bacaran
ən yaxşı adamlardır
İki ölkə arasında iqtisadi-ticari əlaqələrdən danışarkən Belarus Prezidenti maraqlı bir məqama da toxundu. Onun fikrincə, azərbaycanlılar ticarəti bacaran ən yaxşı adamlardır: "Mən bunu həmişə etiraf etmişəm. Bunu necə etməyi biz sizdən öyrənməliyik. Bununla əlaqədar keçən il Minskdə Ticarət Evi açılmasını alqışlayıram. Biz bu layihəyə maksimum dəstək veririk, əmtəə dövriyyəsinin tarazlaşdırılmış artımı istiqamətləri üzrə təklifləri bundan sonra da dəstəkləmək niyyətindəyik”.
Onu da qeyd edək ki, artıq Bakıda da yüksək keyfiyyətli və vətəndaşlar arasında çox məşhur olan Belarus məhsullarını satan yeddi ticarət müəssisəsi mövcuddur.
Liderlərin görüşü
münasibətlərə yeni təkan verdi
Bir sözlə, iki ölkənin liderləri arasındakı görüşdə bütün sahələri əhatə edən müxtəlif məsələlər barədə danışıldı və ən əsası, Belarusun ölkəmizə olan münasibəti bir sıra əhəmiyyətli aspektlərdən diqqəti cəlb etdi.
İlk növbədə onu demək olar ki, bu gün Belarus istər MDB məkanında, istərsə də dünyada öz iqtisadiyyatı, sənayesi, xüsusilə hərbi sənayesi ilə özəl çəkiyə malik ölkələrdən hesab olunur. Azərbaycanın Belarusla qurduğu münasibətlər əlbəttə ki, respublikamıza siyasi-iqtisadi dividendlər qazandırır.
Bu görüş iki ölkə arasında əmtəə dövriyyəsinin artmasına, nəqliyyat, logistika, maşınqayırma sənayesi, neft-qaz layihələrinin həyata keçirilməsinə, həmçinin digər sənaye sahələrindəki davamlı əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcək.
Liderlərin söylədikləri fikirlərə əsaslanaraq deyə bilərik ki, iki ölkənin prezidentləri İlham Əliyevlə Aleksandr Lukaşenkonun birgə səyləri münasibətlərin inkişafına yeni təkan verəcək.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2018.- 21 noyabr.-
S.1-2.