Azərbaycan Polisinin fəaliyyəti dövlətə və xalqa sədaqət nümunəsidir

 

Nazir Ramil Usubov daxili işlər orqanlarının 100 illiyi münasibətilə elan olunmuş müsabiqənin qaliblərinə mükafatlar təqdim edib

 

Azərbaycan Polisinin 100 illik yubileyi ilə bağlı keçirilən tədbirlər sırasında tariximizi, həmkarlarımızın çətin və şərəfli xidmətini, vətənə, xalqa, dövlətçiliyimizə sədaqətini, qəhrəmanlığını təcəssüm və tərənnüm edən yaradıcılıq işləri üzrə müsabiqə elan olunmuşdu. Seçimə onlarla yaradıcılıq məhsulu təqdim edilmiş və artıq müsabiqəyə yekun vurulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən aldığımız məlumata görə, "Azərbaycan” qəzetinin şöbə redaktoru İxtiyar Hüseynlinin "İstiqlalın canlı sipərləri” yazısı "Ən yaxşı oçerk”, AzTV-nin əməkdaşı Tural Məmmədovun "Azərbaycan Polisi - 100” sənədli filmi isə "Ən yaxşı film” nominasiyaları üzrə mükafata layiq görülmüşdür.

Noyabrın 17-də daxili işlər naziri, general-polkovnik Ramil Usubov müsabiqənin qaliblərini qəbul edib.

Nazir mükafatçı jurnalistləri təbrik edərək Azərbaycan Polisinin şanlı tarixini, çətin və şərəfli xidmətini yüksək peşəkarlıqla işıqlandırdıqlarına görə onlara təşəkkürünü bildirib. O, Polisin 100 illiyi münasibətilə elan edilmiş müsabiqənin tam şəffaf şəkildə keçirildiyini, ekspert qrupu tərəfindən tələblərə cavab verən yaradıcılıq nümunələrinin ədalət prinsipləri əsasında müəyyən edildiyini xüsusi vurğulayıb.

Qeyd olunub ki, müsabiqənin şərtlərinə, sənətkarlıq xüsusiyyətlərinə, Azərbaycan Polisinin xidmətini daha layiqincə geniş oxucu kütləsinə və tamaşaçı auditoriyasına təqdim edə bildikləri üçün adı çəkilən jurnalistlər fərqləniblər. Nazir Ramil Usubov keçirilən bu cür tədbirlərin polis-media münasibətlərinin daha da dərinləşməsinə, insan hüquq və azadlıqlarının qorunmasına, ölkəmizdə multikultural dəyərlərin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Müsabiqənin qalibləri yaradıcılıq nümunələrinə yüksək qiymət verdiyinə və səmimi qəbula görə daxili işlər nazirinə minnətdarlıqlarını bildiriblər.

Sonra onlara diplomlar, pul mükafatları təqdim olunub və xatirə şəkli çəkdirilib.

 

Azərbaycan.- 2018.- 21 noyabr.- S.5.