“AmCham Azərbaycan”ın
tədbirində təhsilin inkişafı ilə bağlı
reallaşdırılan işlərdən
danışılıb
Noyabrın 20-də "Abşeron
Mariott” hotelində təhsil naziri Ceyhun Bayramovun iştirakı
ilə Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham Azərbaycan”)
tərəfindən işgüzar nahar təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
Ceyhun Bayramov müasir dünyada təhsilin mühüm rolundan
danışıb, ölkəmizdə bu sahəyə
xüsusi önəm verildiyini vurğulayıb. "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası”nın əhəmiyyətini qeyd edən nazir
Strategiyaya uyğun olaraq təhsil sahəsində reallaşdırılan
tədbirlərdən, qazanılan nailiyyətlərdən bəhs
edib.
C.Bayramov təhsil sahəsində
dövlət-özəl sektor əməkdaşlığının
mövcud modelləri və bu istiqamətdə mümkün
layihələr haqqında ətraflı məlumat verib.
Tədbirdə "AmCham Azərbaycan”ın
prezidenti Nuran Kərimov və icraçı direktoru Natəvan
Məmmədova çıxış ediblər. Sonra qurumun
üzvləri tərəfindən təqdimatlar olub. Eyni
zamanda, Azərbaycana Birgə Yardım Təşkilatının
nümayəndələri respublikamızın 22 rayonunda həssas
uşaqları dəstəkləmək üçün yeni
sosial biznes layihəsini təqdim ediblər.
Qeyd edək ki, "AmCham Azərbaycan”ın
işgüzar naharı hər ay təşkil olunur və
burada hökumət rəsmiləri, parlament üzvləri və
diplomatik korpusun nümayəndələri iştirak edirlər.
Azərbaycanda Amerika Ticarət Palatası xarici və yerli biznesin
maraqlarını dəstəkləyən və təşviq
edən özəl, qeyri-kommersiya əsaslı aparıcı
ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə
yaradılmış "AmCham Azərbaycan” iqtisadiyyatın hər
sektorunda fəaliyyət göstərən 280-dən çox
üzv və köməkçi şirkəti özündə
birləşdirir. Palata ölkədə bütün xarici
investisiyaların təxminən 80 faizini, eləcə də
yerli investisiyaların mühüm hissəsini təmsil edir.
Azərbaycan.- 2018.- 21 noyabr.- S.6.