Azərbaycan sivilizasiyalararası əməkdaşlığın ən uğurlu platformasıdır

 

Zəngin milli-mənəvi dəyərlərimiz və azərbaycançılıq ideyası ölkəmizdə tolerantlığın, multikulturalizmin təkmil modelini formalaşdırıb

 

2250 məscid, 14 kilsə, 7 sinaqoq, 835 dini qurum, 748 pir və ziyarətgah... Bütün bu müqəddəs dini ocaqlar dünyanın siyasi xəritəsində bəlkə də kiçicik bir nöqtə kimi görünən Azərbaycanda cəmləşib...

İlk yazılı mənbələrdə Aturpatkan, yəni, "od keşikçisi” adını daşıyan Azərbaycanın elə insanları da adı kimi istiqanlı, cana yaxın, şəfqətli, dəyərlərinin keşikçisi idilər. Təsadüfi deyil ki, tarix boyu bu diyar hər kəsin marağını çəkib, karvanlara karvansara, insanlara məskən, işğalçı qoşunlara cəng meydanı olub...

Kimisi ticarət, kimisi yaşamaq, kimisizülm və müharibə məqsədilə gəlib bu torpağa. Bu xalq yarandığı gündən Roma döyüşçülərinin talançılığına da, Teymur qoşunlarının tapdağına da, ərəb zülmünə də, Osmanlı yağmasına da, rus əsarətinə də məruz qalıb...

Bütün bunlara baxmayaraq, bu xalqın mahiyyətində əmin-amanlıq, dözümlülük, qonaqpərvərlik olub və bəzən bunun bəlasını da çəkib. Fərqli inanclara, müxtəlif millətlərə, ayrı dəyərlərə anlayışla yanaşmaq, onlarla ehtiramla davranmaq, dözümlü olmaq əslində, Azərbaycan xalqının milli xüsusiyyətidir.

Bizim əsl azərbaycanlı olmaq kimi dəyərləndirdiyimiz bu yanaşmaya isə dünya tolerantlıq deyir...

 

Milli-mənəvi dəyərlərimizin unikallığı

 

Milli-mənəvi dəyərlərimizin özəlliyi, unikallığı ondadır ki, əsrlər boyu müxtəlif dinlərin, xalqların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşamışlar. Bunu ölkəmizdə mövcud olan və müxtəlif inanclara məxsus tarixi, dini abidələr əyani sübut edir.

Məsələn, tarixdə ilk din olan Zərdüştlüyün qədim atəşpərəstlik məbədi Bakıda, Qafqazın ən qədim kilsələrindən biri - Qafqaz Albaniyası kilsəsi Şəki yaxınlığında və müsəlman aləminin ən qədim ibadətgahlarından biri olan, 743-cü ildə tikilmiş məscid Şamaxıda yerləşir. Bunlar isə Azərbaycanın bütün dinlərin, inancların qovuşduğu bir məkan olmasına əyani nümunədir. Müstəqillik dövrü ərzində Azərbaycanda 2 mindən çox məscid tikilib, bərpa edilib və xalqın istifadəsinə verilib. Tariximiz, xalqımız üçün çox böyük əhəmiyyət daşıyan Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və digər məscidlər yenidən qurulub, əsaslı təmir edilib. 2014-cü ildə ölkəmizin ən böyük məscidi - Heydər Məscidi tikilib ki, bu da müsəlman aləminin mühüm tarixi, memarlıq abidəsidir.

 

Çayın bir sahilində sinaqoqlar, o birində məscidlər

 

Ölkədə xristian pravoslav kilsəsinin fəaliyyətinin bərpası, Bakıda katolik kilsəsinin inşa olunması Azərbaycandakı dini müxtəlifliyin və bu fərqliliyə insanların tolerant münasibətinin bariz nümunəsidir.

Azərbaycanda tarixən bərqərar olmuş tolerant cəmiyyət, multikultural dəyərlər, millidini ayrı-seçkiliyə yol verilməməsi burada məskunlaşmış yəhudilərə də öz varlığını qoruyub saxlamağa əlverişli imkan yaradıb. Quba İsraildən kənarda yəhudilərin ən sıx məskunlaşdığı şəhərdir. Buradakı Qırmızı Qəsəbə adlanan yaşayış məskəni isə bütün postsovet məkanında dağ yəhudilərinin yığcam yaşadıqları yeganə məkandır.

Qırmızı Qəsəbədə çayın bir sahilində sinaqoqlar, o biri sahilində məscidlər fəaliyyət göstərir ki, təkcə bu faktın özü Azərbaycanda tolerantlıq ənənələrinin hansı səviyyədə olduğunu göz önünə sərir.

Ölkəmizdə dövlət qayğısı ilə əhatə olunan azsaylı qədim xalqlardan biri də Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udilərdir. Dünyada udilərin sayı 10000-ə yaxındır ki, onların də təqribən 7000-i Azərbaycandadır. Əsrlər boyu azərbaycanlılarla udilər dinc şəraitdə yanaşı yaşamış, onların arasında daim dostluq əlaqələri və qarşılıqlı anlaşma mövcud olmuşdur. 2006-cı ilin may ayında Qəbələ rayonunun Nic qəsəbəsində Müqəddəs Yelisey adlı qədim Alban kilsəsinin yerində Çotari adlı Alban-udi kilsəsi tikilibbu qədim xalqın istifadəsinə verilib.

Ölkəmizdə tatlar, talışlar, kürdlər, molokanlar, ingiloylar, saxurlar, avarlar, ləzgilər kimi bir çox etnik qruplar da yaşayır. Onlar özlərini azərbaycanlı saysalar da, hər bir qrup özünəməxsus fərqli mədəniyyətin elementlərini qoruyub saxlayır.

 

Bəşəri dəyərlərə Heydər Əliyev Fondunun misilsiz töhfələri

 

Azərbaycanın multikulturalizm, tolerantlıq kimi bəşəri dəyərlərə münasibəti beynəlxalq səviyyəli təşəbbüslərdə praktik müstəvidə də özünü göstərir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və əzmkar fəaliyyəti nəticəsində tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovşağında yerləşən ölkəmizin Şərqlə Qərb arasında körpü rolu oynaması daha da aktuallıq kəsb etmişdir. Heydər Əliyev Fondunun bütün dinlərə xüsusi diqqət göstərməsi, Luvr muzeyində İslam mədəniyyəti bölməsinin təşkilində, yəhudi uşaqlar üçün təhsil imkanlarının yaradılmasında, Strasburq və Fransanın digər regionlarındakı kilsələrin təmirində yaxından iştirakı dünya ictimaiyyətinə Azərbaycanın dəyərli töhfəsi kimi qiymətləndirilməlidir.

Heydər Əliyev Fondunun həyata keçirdiyi irimiqyaslı layihələrdən olan Romada Müqəddəs MarçellinioPietro, həmçin Müqəddəs Sebastian katakombalarının bərpası xristian dünyasında böyük əks-səda doğurdu.

 

Tolerantlıq və multikulturalizmin mütərəqqi modeli

 

Bu gün ölkəmizdə yürüdülən dövlət siyasətinin başlıca məqsədi insanların sülh şəraitində yaşamasını təmin etmək üçün tolerantlıq, multikultural dəyərlərin təbliğ edilməsidir. Bu yönümdə atılan addımlar isə nəinki Azərbaycana və ölkəmizdəki dini konfessiyalara, bütünlüklə müsəlman aləmi ilə digər inanclar arasında münasibətlərə, eyni zamanda, bütün dünyada gedən proseslərə təsir göstərəcək əhəmiyyətli tədbirlərdir.

Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili” və 2017- ci ili "İslam həmrəyliyi ilielan etməsi ölkədə əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlərin, sülhün, dostluğun, birgə yaşayışın dünyaya ixrac edilməsinə öz mühüm töhfəsini verdi.

 

Prezidentin islam həmrəyliyinə çağırışı bütün islam dünyasında xalqların və ölkələrin iqtisadi, mədəni, elmi əməkdaşlığına, eyni zamanda, islam dininin irəli sürdüyü bərabərlik, ədalət, mənəviyyat, insanpərvərlik və sülh ideyalarının daha da diqqət mərkəzinə çəkilməsinə xidmət etdi. Bu mühüm beynəlxalq tədbirlər bir daha dünyaya göstərdi ki, müxtəlif dinlərin, millətlərin, etnik qrupların nümayəndələri bir ölkədə, eyni səma altında rahat, ləyaqətlə yaşaya bilərlər. Azərbaycan nəinki ölkə daxilində etnoslararası, dinlərarası münasibətləri ən yüksək səviyyədə tənzimləyir, həm də dünyaya tolerantlıq və multikulturalizmin mütərəqqi modelini təqdim edir.

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları isə təkcə idman yarışı kimi deyil, eyni zamanda, bütün islam dünyasının birlik, həmrəylik günləri kimi yaddaşlarda silinməz izlər buraxdı.

Belə mühüm və əlamətdar hadisələrdən biriISESCO-nun dəstəyi ilə 2009-cu ildə Bakı şəhərinin, 2018-ci ildə isə Naxçıvanın İslam mədəniyyətinin paytaxtı elan edilməsi idi. O cümlədən, Azərbaycanda qlobal əhəmiyyətli çoxsaylı sammitlərin, forumların, konfrans və seminarların keçirilməsi də yüksək önəm daşıyır.

Bu günlərdə altıncısı baş tutan yekunlaşan Bakı Beynəlxalq Humanitar Forumu bu qəbildən olan, aktual, ümumbəşəri, humanitar məsələlərin müzakirə edildiyi nüfuzlu tədbirlərdəndir. 2011-ci ildən keçirilən və ənənə halı alan forum hər dəfə 100-ə yaxın ölkədən 500-dən çox tanınmış ictimai-siyasi xadimi, görkəmli elm, mədəniyyət və incəsənət nümayəndəsini bir araya gətirir, müxtəlif ölkələrin, regionların və nəsillərin nümayəndələrinin ünsiyyət qurmasına, diskussiya aparmasına və ümumi nəticələrə gəlməsinə şərait yaradır.

 

Qanunvericilik bazası beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb

 

Təbii ki, bütün bu uğurlara çatmaq üçün öncə ölkə daxilində dini həmrəyliyə nail olmaq, dövlət-din münasibətlərini balanslı şəkildə normallaşdırmaq lazım idi ki, bunu da dövlətimiz müstəqillik illərindən başlayaraq uğurla davam etdirdi.

Ulu öndər Heydər Əliyev çıxışlarının birində vurğulayırdı ki, biz dünyəvi dövlətik, amma dindən ayrı deyilik. Müstəqillik dövrümüzün çətin dövrlərində ümummilli lider müəyyən dini mərasimlərdə iştirak edir, məscidlərə gedir, dövlətin bu sahədə strateji xəttini izah edirdi. Bunun nəticəsidir ki, o dövrdə dövlət-din münasibətlərində yaranmış uçurum aradan qaldırıldı, dinin birləşdirici gücündən maksimum istifadə edildi.

Uzun illər ibadət ocaqlarının, dini icmaların fəaliyyətinə, dini ayinlərin icrasına, dini təyinatlı ədəbiyyatın nəşrinə və yayılmasına qoyulmuş qadağalar aradan qaldırıldı, yeni ibadət evlərinin və dini təhsil müəssisələrinin əsası qoyuldu. Azərbaycan xalqı öz millidini bayramlarını azad, sərbəst qeyd etmək hüququ əldə etdi, ölkə vətəndaşlarının müqəddəs yerlərə ziyarətinin təşkili üçün şərait yaradıldı. İllər boyu baxımsızlıqdan uçub dağılmış pir və ziyarətgahlar fəaliyyətini yenidən bərpa etdi, gənc nəslin sağlam ruhda, milli-mənəvi dəyərlərə sadiq yetişməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi.

Bu gün də Heydər Əliyevin ölməz ideyalarını və siyasətini davam etdirən Prezident İlham Əliyevin tapşırığı və şəxsi nəzarəti ilə Azərbaycanda yeni məscidlər tikilir, qurulur, bərpa olunur. Dövlət başçısı islam bayramlarını dindarlar və müsəlman ölkələrinin səfirləri ilə birgə qeyd edir. Özü və ailə üzvləri də müqəddəs Kəbəni dəfələrlə ziyarət ediblər.

 

İslamı zərərli təsirlərdən qoruyan mükəmməl Azərbaycan modeli

 

Müstəqillik illəri ərzində çox istiqamətlər üzrə nümunələr, örnəklər yaradan ölkəmizdə islamın cəmiyyət və dövlət həyatına ən effektiv təsirlərini təmin edən, islamı zərərli və dağıdıcı təsirlərdən qoruyan mükəmməl Azərbaycan modeli də formalaşıb. Prezident İlham Əliyevin xüsusi diqqət ayırdığı məsələlər - dini maarifçilikruhani zümrənin məzhəblərarası ünsiyyətə, əməkdaşlığa təşviq edilməsi Azərbaycanda dini radikalizmin, ekstremizmin yayılmasına qarşı da əhəmiyyətli sipərdir.

Qeyd edək ki, bu sahədə dövlət siyasətini həyata keçirən əsas strukturun - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xüsusən son illər ərzindəki fəaliyyəti də diqqətçəkəndir. Komitənin sədri Mübariz Qurbanlı da qeyd edir ki, bu gün hər bir Azərbaycan vətəndaşı Konstitusiyanın, "Dini etiqad azadlığı haqqında” qanunun ona verdiyi imkanlardan istifadə edərək etiqad azadlığını tam yaşaya bilir: "Ölkədə fəaliyyət göstərən konfessiyalar arasında nəinki hər hansı qarşıdurma müşahidə olunur, əksinə, onlar arasındakı münasibətlər artıq birgə əməkdaşlıq mərhələsindən yeni dövrə - qarşılıqlı yardımlaşma, empatiya mərhələsinə keçmişdir. Belə unikal faktlar bu gün dünyanın bir çox ölkəsində müşahidə etdiyimiz vəziyyətin - nəinki fərqli dinlərin mənsublarının, hətta eyni dinin müxtəlif məzhəblərinin nümayəndələrinin bir-birinə az qala, düşmən gözü ilə baxması fonunda olduqca ürəkaçanqürurvericidir”.

2017-ci ildə Prezidentin sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması isə ölkəmizdə mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyinin göstəricisidir.

 

Artıq ölkəmizdə məzhəblərüstü, mövhumatdan, xurafatdan uzaq tədris sistemi qurulub

 

Bu gün dünyada islamı terrorizmin, cəhalətin ünvanı kimi təqdim edən və buna qismən də olsa nail olan məlum şəbəkələr var. Təəssüf ki, onların yaratdıqları mənfi imic əslində islamın daxilindəki mənfi durumdan, parçalanmadan, maarifçilikdən uzaq düşməsindən qaynaqlanır.

Müsəlman dəyərlərinin təbliği adı altında 1400 il öncəki yaşam və həyat tərzini zorən müasir insanlara tətbiq etmək, bəzən məscidləri, ibadətgahları "siyasi mərkəzlərə” çevirmək, bir qrup avantüristin Allahın, Quranın, peyğəmbərin adından "hökm” verərək dövlətləri parçalamaq, xalqları məhvə sürükləmək, hakimiyyətə gəlmək məqsədilə islamı təhrif etmək - budur günümüzün reallıqları...

Xalqımız həmişə öz elmi, biliyi ilə seçilən insanları molla adlandırıb, bütün problemlərinin həllində, hansısa çətinliklərində çıxış yolu göstərməsi üçün məhz onlara müraciət edib, amma açığını demək lazımdır ki, zamanla məscidlərdə, dini ocaqlarda təsadüfi insanlar da molla kimi fəaliyyət göstərməyə başlayıblar. Araşdırmalar göstərir ki, hərdən xaricdə dini təhsil alıb gələnlərin bir qismi o ölkələrdəki zərərli dini-ideoloji təsirlərə məruz qalıb, yaxud həmin dövlətlərdəki dini adət-ənənələri Azərbaycana qayıtdıqdan sonra tətbiq etməyə çalışıblar. Eyni zamanda, dinə xurafat, mövhumat elementlərinin daxil edilməsi kimi hallar da müşahidə edilib.

Artıq ölkəmizdə məzhəblərüstü, mövhümatdan, xurafatdan uzaq tədris sistemi qurulub. Bu ilin əvvəlində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində İlahiyyat İnstitutunun yaradılması ilə bağlı Azərbaycan Prezidentinin sərəncamı sözün əsl mənasında, islam maarifçiliyinə misilsiz töhfədir. İnstitutun yaradılmasında məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etməkdir.

 

Ən uğurlu model məhz Azərbaycandadır

 

Din kütləvidir kütləviliyin zərərinin qarşısını almaq çox zəruridir. Elə olur ki, din ölkələrin müstəqilliyini, dövlətçiliyini məhv etmiş bir gücə çevrilir, amma din bizim üçün zərərli faktor olmalı deyil. Din bizi daha da birləşdirən, kamilləşdirən, ölkələrin inkişafına töhfə verəcək bir amil olmalıdır.

İslam dini əslində, özündə bunları ehtiva edir, sadəcə olaraq, tətbiq etmək lazımdır ki, dünyada da bunun ən uğurlu modeli məhz Azərbaycandadır. Ölkəmizdə dinlə bağlı düzgün dövlət siyasətinin formalaşdırılması, dini maarifçiliyin yüksək səviyyədə təşəkkül tapması vətəndaşlarımızın dini şüur səviyyəsini, islama doğru istiqamətlərdən yanaşmasını baxışını təkmilləşdirib.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2018.-21 noyabr.- S.1; 7.