Prezident İlham Əliyev Minskdə yeni meqoiqtisadi modellər irəli sürdü

 

Azərbaycan artıq beynəlxalq aləmdə tolerantlığa, dayanıqlı sülhə və bütün ölkələrlə iqtisadi əlaqələrin dinamik inkişafına səy göstərən müasir və islahatçı ölkə kimi böyük nüfuz sahibidir. Prezident İlham Əliyevin Belarusa növbəti rəsmi səfəri zamanı iki ölkənin dövlət başçılarının və geniş tərkibdə nümayəndə heyətlərinin müzakirə etdiyi iqtisadi mövzular və imzaladıqları sənədlər toplusu bir daha onu təsdiq edir ki, Azərbaycan nəinki regional iqtisadi liderə çevrilmək, həm də qlobal dünya iqtisadiyyatına nüfuz etmək, ortaya yeni meqoiqtisadi modellər qoymaq gücünə qadirdir. Yeri gəlmişkən qeyd edək ki, bu il diplomatik münasibətlərin qurulmasının 25 illik yubileyini qeyd edən Azərbaycan və Belarus arasında ümumilikdə 119 sənəd imzalanmışdır.

İki ölkənin sarsılmaz dostluğunu, davamlı və getdikcə genişlənən iqtisadi əlaqələrini təsdiqləyən amillərdən biri də "Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında” Müqavilənin və onun Proqramının təsdiq olunması barədə Azərbaycan Respublikasının Qanununun qəbul edilməsidir. 2015-ci il noyabrın 28-də Minskdə imzalanmış müqavilə və onun proqramı Azərbaycan Prezidenti tərəfindən 12 fevral 2016-cı ildə təsdiq olunmuşdur.

Azərbaycanla Belarus arasında iqtisadi əməkdaşlıqda xarici iqtisadi fəaliyyətin tənzimlənməsi sahəsində bir sıra sahələrin (normativ hüquqi bazanın inkişafı; ticarət-iqtisadi münasibətlərin bərabərhüquqlu və qarşılıqlı faydalı şərtlərlə daha da genişləndirilməsi; istehsalın artımı; investisiyaların yatırılması; elmin son nailiyyətlərinin və qabaqcıl texnologiyaların tətbiqi, innovativ əməkdaşlığın inkişafı) qarşılıqlı inkişafına üstünlük verilirdi. Eyni zamanda aqrar-sənaye kompleksinə xüsusi diqqət ayrılmışdı. Aqrar-sənaye sektoruna aid qurumlar arasında birbaşa əlaqələrin yaradılması, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanılması və qarşılıqlı təchizatı üzrə yeni texnologiyalarelmi-texniki əməkdaşlıq 10 il ərzində diqqət mərkəzində olmuşdur.

Sonuncu səfər zamanı Minskdə "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə Belarus Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı və ərzaq sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanması isə aqrar münasibətlərin yeni perspektivlərini təyin etmişdir.

Nəqliyyat və informasiya texnologiyaları sahəsi üzrə sərnişin və yük daşımalarının genişləndirilməsi, tranzit imkanlarının səmərəli istifadəsi, eləcə də İKT sahəsində əməkdaşlığın dərinləşməsi istiqamətində iki dövlət 10 ildir əməkdaşlıq edir. Bu illər ərzində geoinformasiyaqlobalizasiya (QİS, GPS) sistemlərindən istifadədə təcrübə mübadiləsi, kosmik sahədə əməkdaşlığın həyata keçirilməsi də diqqətdə saxlanılmışdır. Bu baxımdan, "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Belarus Respublikasının Rabitə və İnformasiya Nazirliyi arasında rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolunun imzalanması özündə 25 illik münasibətlərin yeni mərhələsini ehtiva edir.

Faktiki olaraq Azərbaycan Prezidentinin Minskə budəfəki səfəri Azərbaycan-Belarus münasibətlərinin 25 illik tarixinə nəzər salmağa və təxminən 10 il bundan əvvəl təsdiqlənən "Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında” müqavilə və onun proqramı təsdiqləndikdən sonra qarşılıqlı iqtisadi əlaqələrin intensivliyini və qazanılan uğurları nəzərdən keçirməyə imkan yaradır. Belə ki, dövlətlərarası qarşılıqlı münasibətlərin inkişafında iqtisadi əlaqələrin geniş spektrdə inkişafı xüsusi diqqət çəkir. Sonuncu görüşdə görülən işlərə verilən qiymət, perspektivlərə köklənən iqtisadi əməkdaşlıq planları artıq Azərbaycanın dünya iqtisadiyyatında ən mürəkkəb islahatlara belə, hazır olduğundan xəbər verir.

İki ölkə arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu sübut edən konkret faktlardan biri də Gəncə Avtomobil Zavodunda 11 il ərzində 10 mindən çox "Belarustraktorunun və onların bazasında xüsusi texnikanın yığılması, 3500-dən çox MAZ avtomobili və qoşquların buraxılması, Azərbaycana Belarusun ilk "Qomselmaş”ının gətirilməsidir. Bunu qarşılıqlı səmərəli əməkdaşlığın əla nümunəsi kimi qiymətləndirən Belarus Prezidenti A.Lukaşenko öz bəyanatında ikitərəfli iqtisadi əməkdaşlığın bir qədər də genişləndiyini vurğulamışdır: "...məhsul nə qədər keyfiyyətli olsa da, onu səmərəli satmaq, həm də yaxşı olar ki, ixrac etmək lazımdır. Buna görə də Minsk Traktor Zavodu və Gəncə Avtomobil Zavodu hazırda Türkiyədə traktorların yığılması ilə bağlı bizim ümumi layihə üzərində işləyir. Biz bu mühüm perspektivli istiqaməti inkişaf etdirəcəyik və bu, Azərbaycan Prezidentinin mövqeyi sayəsində mümkün olub”.

Azərbaycan Prezidentinin Minsk səfərində müzakirə olunan məsələlərdən biri də nəqliyyat-logistika sahəsinin qarşılıqlı inkişafının perspektivləri ilə bağlı olmuşdur. Belarus Azərbaycanın infrastruktur layihələrində - yeni dəmir yollarının, dəniz limanlarının, logistika mərkəzlərinin tikintisində iştirak etməyə, iki ölkə arasında digər irimiqyaslı maraqlı layihələrin gerçəkləşməsində iştiraka böyük maraq göstərir.

Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilən görüşdə hər iki dövlət başçısı yeni təklif və ideyalarla çıxış edərək qarşılıqlı iqtisadi əməkdaşlığın dərinləşməsini, bu əməkdaşlığa yeni ölkələrin cəlb edilməsini dəstəklədiklərini bildirmişlər. Aleksandr Lukaşenko Minsk və Gəncə zavodlarının iştirakı ilə Türkiyə üçün traktorların buraxılışı layihəsinin yüksək hazırlıq səviyyəsində olduğunu, Azərbaycana elektrobuslar, liftlər, taxılyığan kombaynlar və digər kənd təsərrüfatı texnikası göndərilməsi və onların orada yığılması kimi perspektivlərin mövcudluğunu, hətta bu texnikaların Azərbaycanda birgə istehsalını yaradıb üçüncü ölkələrə çıxışa işləməyə hazır olduqlarını açıqlamışdır. Azərbaycan Dövlət Neft Şirkətinin "Qrodno-Azot” şirkətinin modernləşdirilməsinə sərmayə qoyması imkanlarının müzakirə edilməsini alqışlayan A.Lukaşenko nəqliyyat-logistika sahəsindəki ehtiyatlara diqqət ayırmış, "Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi”nin yaradılmasında və "İpək Yolu İqtisadi Kəməri” təşəbbüsü çərçivəsində dəmir yollarının çəkilişi layihələrinə qoşulduqlarını bildirmiş, habelə informasiya-kommunikasiya texnologiyaları, elm və mədəniyyət sahələrində səylərin əlaqələndirilməsinin perspektivli olacağını qeyd etmişdir.

Azərbaycan Prezidentibildirib ki, sənaye sahəsində əməkdaşlıq potensialını bundan sonra da artırmağın yollarını düşünmək lazımdır: "Fikrimcə, bizim gələcək əməkdaşlığımızın əsas istiqamətlərindən biri nəqliyyat sahəsi ilə bağlı olacaq. Siz çıxışınızda "Şimal-Cənub nəqliyyat dəhlizi”ni qeyd etdiniz. Azərbaycan öz ərazisində bu dəhlizin fəaliyyəti ilə əlaqədar bütün işləri başa çatdırıb. İndi biz bu gün xeyli yük daşımağa qabil olan nəqliyyat infrastrukturumuzun daha da modernləşdirilməsi məsələləri ilə məşğuluq. Azərbaycan həm də "Şərq-Qərb nəqliyyat dəhlizi”nin fəal iştirakçısıdır. Düşünürəm ki, bu iki mühüm nəqliyyat marşrutu üzrə ölkələrin fəaliyyətinin əlaqələndirilməsi əməkdaşlıq üçün tamamilə yeni şərait yaradacaq, on minlərlə yeni yerinin açılmasına gətirib çıxaracaq, ölkələrimiz arasında yük axınını xeyli artıracaq”.

Biz Azərbaycan Prezidentinin ölkəmizin beynəlxalq aləmdə nüfuzunu necə artırdığını, ən gərgin, bəzən isə sülhlə savaş arasında sədlərin itdiyi məqamda Rusiya və Türkiyə kimi böyük güclərin barışa gəlməsində oynadığı müstəsna rolu görmüşük. Eyni zamanda, İlham Əliyevin sayəsində Bakının nüfuzlu dövlət nümayəndələrinin etibarlı görüş yerinə çevrildiyinibilirik. Bu dəfə isə Prezident İlham Əliyevin Minskdə iqtisadi əlaqələrin coğrafiyasına Şərq ölkələrini və Türkiyəni əlavə etdiyini gördük. Bütün bunlar belə nəticəyə gəlməyə əsas verir ki, Azərbaycan qlobal iqtisadi əlaqələrin inkişafında yeni qələbələrə köklənən ölkəyə çevrilir.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2018.- 22 noyabr.- S. 1; 5.