Bakıda Azərbaycanın müdafiə nazirinin, Türkiyənin və
Gürcüstanın Baş Qərargah rəislərinin
iştirakı ilə üçtərəfli görüş
keçirilib
Noyabrın 21-də Bakıda Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerin və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaianın iştirakı ilə üçtərəfli görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional sabitliyin, o cümlədən bölgədə həyata keçirilən layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstanın ordu rəhbərlərinin üçtərəfli toplantısı dövlətlərimizin strateji səviyyədə əməkdaşlığının bariz nümunəsidir. Bu toplantını üçüncü dəfədir keçiririk. Görüşün əsas məqsədi bölgədə sabitliyin və sülhün bərqərar olması, üç dost və qonşu dövlətin həyata keçirdiyi strateji-iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi, ölkələrimizin Silahlı Qüvvələri arasında əməkdaşlığın dərinləşməsidir. Əminəm ki, bu toplantı yüksək səviyyədə keçiriləcək.
Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia qeyd edib ki, bizim əlaqələrimizin böyük tarixi var. Biz regionda strateji tərəfdaşlarıq. Strateji tərəfdaşlıq çərçivəsində hərbi əməkdaşlığımız çox mühümdür. Regionda həyata keçirilən layihələrin təhlükəsizliyinin təmin edilməsi üçün bu əməkdaşlıq uğurla davam edir. Başa düşürük ki, bu, çox əhəmiyyətli görüşdür.
Türkiyə
Respublikası Silahlı Qüvvələrinin Baş
Qərargah rəisi, ordu generalı Yaşar Güler qardaş Azərbaycanda olmaqdan
məmnunluğunu bildirərək deyib ki, bu gün
üç dost və
qardaş ölkənin Silahlı Qüvvələrinin
komandanlığı mühüm
toplantını keçirmək üçün
bir araya gəliblər.
Bu, bizim üçüncü görüşümüzdür.
Bir-birimizlə həm ikitərəfli, həm də
üçtərəfli görüşlər keçirərək
bölgədəki vəziyyəti müzakirə edəcəyik.
Hərbi əlaqələrimiz mükəmməl şəkildə
genişlənir. Strateji səviyyəyə çatmış hərbi əlaqələrimizi
daha da inkişaf
etdirmək üçün üzərimizə
düşən vəzifələri yerinə yetirməyə
çalışacağıq. İnanıram ki,
bu gün keçirilən
görüşdə çox vacib nəticələr əldə edəcəyik.
Azərbaycan.- 2018.- 22 noyabr.- S.6.