Ali təhsil sistemində yeni mərhələ
başlayır
Təhsil naziri Ceyhun
Bayramov bu sahədəki
əsas hədəf və istiqamətləri
açıqladı
"2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilib. Bu sənəd "2007-2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın davamı hesab edilə bilər. Bu fikirləri dünən keçirdiyi mətbuat konfransında təhsil naziri Ceyhun Bayramov söylədi. Yeni dövlət proqramının ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, insan kapitalının inkişaf etdirilməsi, strateji əhəmiyyət kəsb edən sahələr üzrə milli kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayan nazir proqramın əsas hədəflərini də açıqladı.
Yeni dövlət proqramının komponentləri
Dövlət proqramının əsas hədəfi elm sahəsindəki qabaqcıl nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.
Bildirildi ki, dövlət proqramının birinci komponentində ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları, xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi, yeni akademik mühitin yaradılması nəzərdə tutulur. Proqramın ikinci komponenti isə ölkəmizin ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi məqsədilə milli kadrların hazırlanması üçün xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsini əhatə edir. Bu məqsədlə doktorantura səviyyəsi üzrə seçimin təkmilləşdirilməsi, təhsil nailiyyətlərinin monitorinqi sisteminin yaradılması, müxtəlif sahələr üzrə yerli ali təhsil və elm müəssisələri üçün peşəkar mütəxəssislərin yetişdirilməsi həyata keçiriləcək.
5 beynəlxalq
ikili diplom proqramı təsis olunacaq
Ceyhun Bayramov qeyd etdi ki,
dövlət proqramı
çərçivəsində ali təhsil
sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi
üçün ilkin
mərhələdə 5 beynəlxalq
ikili diplom proqramı təsis olunacaq və onların icrasına dair monitorinqin nəticələrinə uyğun
layihə davam etdiriləcək.
Bu məqsədlə
nüfuzlu xarici tərəfdaş ali təhsil müəssisələrinin seçimi,
xarici mütəxəssislərin
cəlb olunması yolu ilə yerli
ali təhsil müəssisələrində inzibati-akademik heyətin təlimi və tədris proqramlarının
yenilənməsi, beynəlxalq
ikili diplom proqramının maliyyələşdirilməsi
həyata keçiriləcək.
Dövlət proqramı Dövlət Neft Fondunun vəsaiti
və alternativ mənbələrin (dövlət
büdcəsindən ayırmalar,
beynəlxalq təşkilatların
(fondların) texniki-maliyyə
yardımları, kreditlər
və qrantlar, mülkiyyət formasından
asılı olmayaraq xarici və yerli hüquqi və fiziki şəxslərin ianələri)
hesabına maliyyələşdiriləcək.
İkili diplom proqramının istiqamətləri
İkili diplom proqramının istiqamətləri
üzrə Təhsil Nazirliyinə bir sıra müraciət daxil olduğunu açıqlayan Ceyhun Bayramov bildirdi ki, ilkin olaraq
kənd təsərrüfatı,
informasiya texnologiyaları
sahəsi üzrə,
eyni zamanda təhsilin məzmunu, qiymətləndirmə, psixologiya,
psixoloji xidmətin təşkili, təhsilin idarəolunması kimi bir sıra istiqamətlər
üzrə ikili diplom proqramının təsis edilməsi ilə bağlı konkret müraciətlər
mövcuddur.
Bütün müraciətlər dəyərləndiriləcək. Ali təhsildə ikili diplom proqramlarının tətbiqi zamanı Təhsil Nazirliyi tərəfindən Azərbaycan
mütəxəssislərinin cəlb olunması üçün işlər
görüləcək.
8 ildə
3558 gənc xaricdə
təhsil alıb
Nazirin sözlərinə
görə, "2007-2015-ci illərdə Azərbaycan
Respublikası gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət Proqramı”
çərçivəsində 3558 Azərbaycan gənci nüfuzlu xarici ali məktəblərdə
ali təhsil səviyyəsi üzrə
təhsil alıb.
Onların əksəriyyəti təhsillərini
başa çatdıraraq
ölkəyə qayıdıblar
və müxtəlif sahələrdə çalışırlar. Həmin məzunların
60 faizi özəl, 40
faizi dövlət sektorunda çalışır.
20-dən artıq məzun isə Təhsil Nazirliyində işə götürülüb.
Bu gün dövlət
proqramı çərçivəsində
təhsil alan
yüzlərlə Azərbaycan
gənci öz pedaqoji akademik fəaliyyətləri ilə
ali təhsilə töhfə verirlər.
Nazir Azərbaycan gənclərinin süni intellekt istiqaməti üzrə təhsil alması məsələsinə
toxunaraq dedi ki, bu gənclərimiz
həmin sahə üzrə doktorantura səviyyəsində təhsil
almaq üçün
müraciət edərsə,
əvvəlcə həmin
təhsil proqramı haqqında məlumat toplamalıdır. Dövlət yalnız həmin proqramın maliyyələşməsinə
yardım edə bilər.
Tələbə krediti
ilə bağlı alternativ mexanizmlər işlənilir
Nazir qeyd etdi ki,
bir neçə ildir aztəminatlı tələbələrin təhsil
haqlarının ödənilməsi
üçün təhsil
kreditləri verilir. Lakin Maarifçi
Kredit Fondu tərəfindən verilən
kreditlərin hesabına
müraciət edən
bütün tələbələrin
ehtiyaclarını ödəmək
mümkün deyil.
Onun sözlərinə görə,
bu məsələ bir neçə dəfə parlamentdə də qaldırılıb. Maliyyə Nazirliyi
əsas problem kimi təhsil kreditlərinin qaytarılma mexanizmində
tam aydınlığın olmadığını deyir.
Təhsil Nazirliyində
bu barədə söylənilən bütün
rəylər nəzərdən
keçirilir, alternativ
mexanizmlər üzərində
iş gedir. Yaxın müddətdə bunlar hökumətə təqdim
ediləcək.
Gözlənilən nəticələr
Yeni dövlət proqramının icrası
ilə bey nəlxalq ikili diplom proqramlarının həyata keçirildiyi yerli ali
təhsil müəssisələrində
ölkənin inkişaf
prioritetlərinə uyğun
yüksəkixtisaslı kadrların
müasir standartlar səviyyəsinə hazırlığına
nail olmaq prioritet məsələdir.
Bundan başqa,
məqsəd ikili diplom proqramlarının həyata keçirildiyi ali təhsil
müəssisələrinə əcnəbi professor-müəllim
heyətini əmək
fəaliyyətinə cəlb
etməklə ali təhsil sistemində aparılan islahatların sürətləndirilməsinə, həmin ali təhsil müəssisələrinin
müasir tələblərə
uyğunlaşdırılmasına, idarəetmə və beynəlxalq əməkdaşlıq
bacarıqlarının təkmilləşdirilməsinə
nail olmaqdır.
Həmçinin universitetlərin beynəlxalq
reytinqinin yüksəlməsinə
və elm-tədqiqat profilli təhsil müəssisələrinə çevrilməsinə,
eləcə də ölkənin əmək bazarının tələbatı
əsasında müəyyən
olunmuş peşə
və ixtisaslar üzrə yüksəkixtisaslı
kadr potensialının
formalaşdırılmasına nail olmaq və qarşıya
qoyulan digər məqsədlərə çatmaq
gözlənilir.
Fərizə ƏHMƏDOVA
Azərbaycan.- 2018.- 22 noyabr.- S.6.