Azərbaycan ədliyyəsi bir əsrlik inkişaf yolunda

 

Azərbaycan Ədliyyəsi - 100

 

Ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli sərəncamı ilə təsis edilmiş 22 noyabr ədliyyə işçilərinin peşə bayramı bu il Azərbaycan ədliyyəsinin 100 illik yubileyi ilə əlamətdar olmaqla ədliyyə işçiləri tərəfindən ikiqat sevinc hissi ilə qeyd olunur.

Ulu öndərin "tariximizin hər səhifəsi bizim üçün əzizdir” fikrinə sadiq qalaraq yubiley günündə Azərbaycan ədliyyəsinin tarixindən və zəngin inkişaf yolundan bəhs etmək olduqca fərəhlidir.

Azərbaycan ərazisində qədim dövrlərdə yaranmış dövlətlərdə ədliyyə işinə xüsusi diqqət yetirilmişdir. Məhkəmələrin fəaliyyətində çoxpilləlilik, müstəqillik, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin elementləri mövcud olmuşdur. Həmçinin məhkəmə presedentlərindən istifadə edilmiş, hakim olmaq üçün tələblərə və onların təminatına xüsusi əhəmiyyət verilmişdi.

XIII-XIV əsrlərdə Azərbaycanda Qazan xan tərəfindən hüquqi sahədə həyata keçirilən islahatlar məhkəmələrin müstəqilliyinin təmin olunmasına, onların kənar müdaxilədən qorunmasına, işlərə baxılarkən ədalətin gözlənilməsinə yönəlmişdi.

Həmin dövrlərdə tərəflər arasında vasitəçilik, başqa sözlə müasir mediasiya institutunun elementlərindən istifadə edilməsi olduqca maraqlıdır.

Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə ədliyyə tariximizin yeni, şərəfli səhifəsi açılmışdır. Milli dövlət quruculuğunda ədliyyə fəaliyyətinə böyük önəm verilərək nazirlik Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı gün - 1918-ci ilin may ayının 28-də təsis edilmiş və öz arxitekturası ilə Bakıya gözəllik verən, hazırda Səadət Sarayı adlanan binada fəaliyyət göstərmişdir.

Təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuş və həmin ilin noyabr ayının 22-də - bu gün peşə bayramı kimi qeyd etdiyimiz gündə nazirliyin əsasnaməsi təsdiq edilmişdir.

Bu dövrdə Çar Rusiyasından miras qalmış ədliyyə sistemi iflic vəziyyətində olduğundan nazirlik öz işinə ilk növbədə ədliyyə, məhkəmə və istintaq strukturlarının bərpası ilə başlamışdır.

Kadrların hazırlanması məqsədilə hüquq kursları təsis edilmiş, qısa müddət ərzində Azərbaycan məhkəmə palatası yaradılmış, Bakı dairə məhkəməsinin və onun tərkibində prokurorluğın fəaliyyəti bərpa olunmuşdur. Dövlət dilimizin geniş tətbiqinin təmin olunması məqsədilə Azərbaycan dilini bilən şəxslərin işə cəlb edilməsi üzrə tədbirlər görülmüşdür.

Ədliyyə Nazirliyi tərəfindən həmin dövr üçün ən mütərəqqi hesab edilən mühüm qanun layihələri, o cümlədən məhkəmə və istintaq fəaliyyəti, rüşvətxorluğa görə cəzaların gücləndirilməsi, amnistiyanın elan edilməsi, vətəndaşlıq barədə, habelə ictimai və dövlət əhəmiyyətli digər layihələr hazırlanaraq parlamentin müzakirəsinə çıxarılmışdır.

Həbsxana işinin demokratik norma və prinsiplərə uyğun qurulması məqsədilə 1919-cu ildə penitensiar xidmət Daxili İşlər Nazirliyinin tabeliyindən çıxarılaraq Ədliyyə Nazirliyinə verilmişdir.

Vəziyyətin mürəkkəbliyinə, ixtisaslı kadrların məhdudluğuna baxmayaraq ədliyyə işçiləri məhkəmə və hüquq sisteminin inkişafı naminə ölkənin süqutuna qədər şərəflə çalışmışlar.

1920-ci ilin aprel ayında Azərbaycan işğal edildikdən sonra milli dövlətçiliyin əsas sütunlarından olan Ədliyyə Nazirliyi də ləğv edilmişdir. Ədliyyə sistemində sovetlər birliyinin mahiyyətinə xas olan dəyişikliklər aparılaraq Xalq Ədliyyə Komissarlığı yaradılmış, ədliyyə və məhkəmə orqanlarından repressiya aləti kimi istifadə olunmuş, nazirlik 2 dəfə ləğv edilərək uzun illər fəaliyyət göstərməmiş, onun səlahiyyətləri ayrı-ayrı qurumlar arasında bölüşdürülmüşdür. Sabit struktura malik olmaması ədliyyə sisteminin inkişafına ciddi əngəllər törətmişdir.

Ölkəmizdə ədliyyə sisteminin təşəkkülü və ümumiyyətlə Ədliyyə Nazirliyinin əsaslı surətdə təsis edilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, dahi öndər Azərbaycana rəhbərlik etdiyi dövrdə - 1970-ci ildə Ədliyyə Nazirliyi dövlət strukturu kimi bərpa olunmuş, bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmışdır.

Ədalət, qanunçuluq və hüquq qaydalarının təminatına hər zaman üstünlük verən Heydər Əliyev "ədaləti ədalətsizliklə bərpa etmək olmaz” - deyərək qanunun aliliyini əsas meyar kimi müəyyənləşdirmiş, cinayətkarlığa, rüşvətxorluğa qarşı SSRİ məkanında ilk dəfə aşkar və cəsarətli çıxış edərək, barışmaz münasibət nümayiş etdirmiş, insanlara hüquqi xidmətlərin yaxşılaşdırılmasını əsas prioritetlərdən biri kimi müəyyən etmişdi.

Bu baxımdan Ədliyyə Nazirliyinin də həmin dövrdə təşəkkülünü təbii hesab etmək olar. Bu illərdə Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı, notariat fəaliyyəti və məhkəmə ekspertizasının aparılmasını, hüquqi biliklərin təbliğini təmin etmişdir.

1972-ci ildə Ədliyyə Nazirliyinin əsasnaməsi təsdiq edilmiş, ədliyyə işinin gələcək inkişafı üçün zəmin yaranmışdı. Həmin dövrdə nazirlik qanunların sistemləşdirilməsi və məcəllələşdirilməsi, hüquqi biliklərin artırılması, məhkəmələrə təşkilati, eləcə də notariat, məhkəmə ekspertizası, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və vəkillik fəaliyyətinə rəhbərliyi həyata keçirmək səlahiyyətlərinə malik olmuşdur.

1991-ci ildə xalqımız müstəqilliyini bərpa etsə də, ölkəmiz naşı siyasətçilərin vəzifə çəkişməsi, qeyri-ardıcıl, səriştəsiz siyasət, vətəndaş qarşıdurması, erməni təcavüzü nəticəsində müstəqilliyinin yenidən itirilməsi təhlükəsi ilə üz-üzə qalmışdı. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi, "Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində Heydər Əliyev hakimiyyətdə deyildi. Əgər olsaydı, biz böyük itkilərlə üzləşməzdik”.

Məhz belə ağır bir vəziyyətdə xalqın təkidli çağırışı ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası, müdrik siyasəti, dəmir iradəsi, zəngin bacarığı ilə milli dövlətçiliyimizin itirilməsi təhlükəsi aradan qaldırılmış, demokratik hüquqi dövlət quruculuğuna başlanılmış, dahi öndərin bilavasitə rəhbərliyi ilə ilk milli Konstitusiyamız qəbul olunmuşdur.

İslahatların hərtərəfli və kompleks həyata keçirilməsi məqsədilə müxtəlif komissiyalar yaradılmış, hüquqi sahəyə xüsusi önəm verən ulu öndər Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürmüş, qısa müddət ərzində mühüm qanunlar qəbul edilmişdir.

Azərbaycan ədliyyəsi yeni inkişaf mərhələsinə qədəm qoymuş, nazirliyin ənənəvi fəaliyyət istiqamətləri, o cümlədən normativ aktların dövlət qeydiyyatı və uçotu, ekspertizası, notariat və qeydiyyat, məhkəmə ekspertizası sahəsində iş yenidən qurulmuşdur. Cəzaların icrası sisteminin təkmilləşdirilməsi və islah-tərbiyə işinin humanistləşdirilməsi məqsədilə penitensiar müəssisələrin Daxili İşlər Nazirliyindən Ədliyyə Nazirliyinə verilməsi işi başa çatdırılmış, istintaq aparatı, icra xidməti yaradılmış, bələdiyyələrlə işin təşkili və onların fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi və s. ilə bağlı nazirliyə yeni səlahiyyətlər verilmişdir.

Ölkəmizdə müasir məhkəmə sisteminin formalaşması da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin rəhbərliyi ilə yeni üç pilləli məhkəmə sisteminin yaradılması, hakimlərlə ilk dəfə test üsulu ilə keçirilmiş şəffaf müsabiqə əsasında hakim korpusunun 60 faizə qədər təzələnməsi ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə xidmət etmişdir. Ulu öndər 2000-ci ildə Vaşinqtonda beynəlxalq konfransda demişdir: "Biz Azərbaycanın məhkəmə sistemini tamamilə yeni səviyyəyə qaldırdıq və demokratik prinsiplər əsasında yaratdıq. Bütün hakimlər test üsulu ilə imtahandan, yarışdan keçdilər və kim qalib gəldi, o da hakim təyin olundu”.

Dahi öndərin yüksək dövlətçilik amalları və siyasi kursu 2003-cü ildə keçirilmiş prezident seçkilərində xalqımızın böyük həmrəyliyi ilə dövlət başçısı seçilən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilərək bütün sahələrdə davamlı tərəqqiyə nail olunmuşdur.

2006-cı ildə ədliyyə fəaliyyətinin normativ hüquqi əsasları təkmilləşdirilmiş, nazirliyin yeni əsasnaməsi qəbul edilərək ona hüquq- mühafizə orqanı statusu verilmiş, ədliyyə orqanlarının inkişafı və məhkəmə sisteminin fəaliyyətinin müasirləşdirilməsi barədə fərmanların, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunun imzalanması, ədliyyənin inkişafına dair Dövlət Proqramının qəbulu xüsusi əhəmiyyət kəsb etmişdir.

Ədliyyə sahəsində həyata keçirilən islahatlara uyğun olaraq nazirliyin strukturu təkmilləşdirilmiş, yeni qurumlar - Ədliyyə Akademiyası, regional ədliyyə idarələri, müxtəlif reyestrlər, probasiya xidməti yaradılmışdır. Nazirlik tərəfindən fəaliyyətin ayrı-ayrı istiqamətləri üzrə çoxsaylı normativ aktlar, 100-dək əsasnamə, təlimat və digər mühüm sənəd qəbul edilmiş, 300-dən çox təşkilati əmr verilmişdir.

Bu gün ədliyyə sahəsində dövlət siyasətini və idarəetməni həyata keçirən Ədliyyə Nazirliyi qanunların təkmilləşdirilməsində iştirak edir, normativ hüquqi aktların layihələrini hazırlayır, onların, habelə əhalinin və mətbu nəşrlərin, sahibkarlıq sahəsində aparılan yoxlamaların və qüvvədən düşmüş sənədlərin reyestrlərini, vətəndaşlıq vəziyyəti aktlarının, qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatını aparır, penitensiar sistemə rəhbərlik edir, ədalət mühakiməsi əleyhinə və bir sıra digər cinayətlər üzrə ibtidai istintaqın aparılmasını, notariat fəaliyyətini, məhkəmə ekspertizalarının keçirilməsini, məhkəmələrin fəaliyyətinin təşkilati təminatını, məhkəmələrin və digər orqanların qərarlarının icrasını və probasiya nəzarətini təmin edir. Həmçinin nazirlik bələdiyyələrə metodoloji yardım göstərir və inzibati nəzarət edir, Ədliyyə Akademiyasında ədliyyə və məhkəmə işçiləri, vəkillər, bələdiyyə üzvü və qulluqçularının və digər hüquqşünasların ixtisasartırmasını, habelə peşə fəaliyyətinə buraxılışı, ölkəmizin adından hüquqi yardım və əməkdaşlıq haqqında müqavilələrin bağlanmasını və onların icrasını, beynəlxalq sahədə hüquqi yardım göstərilməsini təmin edir və digər funksiyaları həyata keçirir.

Bütün bu fəaliyyət sahələrinin arxasında geniş həcmli konkret işlər dayanır.

Son 15 ildə nazirlik tərəfindın 32 mindən artıq qanunvericilik layihəsi ekspertizadan keçirilmiş, 6.500-dən çox layihə hazırlanmış, əhalinin təmənnasız istifadəsinə verilmiş milli qanunvericiliyin elektron bazalarına vətəndaşlar tərəfindən hər il yüz minlərlə, 2018-ci ildə isə artıq bir milyondan çox müraciət edilmişdir.

Notariat orqanlarının cəmiyyətdə rolu artmış, fəaliyyəti müasir İKT-lər tətbiq olunmaqla təkmilləşdirilmiş, universal elektron xidmət köşkləri yaradılmış, notariat əməliyyatların sayı 3 dəfə artaraq 4 milyona yaxınlaşmışdır.

Yeni çağırışlara uyğun olaraq elektron ədliyyə xidmətlərinin çeşidi mütəmadi artırılır, keyfiyyəti yüksəldilir. Elə bu günlərdə notariat haqqında qanuna mühüm dəyişikliklər edilərək notariat xidmətlərin məsafədən, video əlaqə vasitəsi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə sərhəddə, hava və dəniz limanlarında, dəmiryolu vağzallarında quraşdırılacaq xüsusi ədliyyə köşkləri vasitəsilə ilk dəfə olaraq, notariat sənədlərinin tərtib olunaraq əldə edilməsi mümkün olacaqdır. Həmçinin artıq səyyar elektron xidmətlər göstərmək üçün xüsusi çantalar hazırlanmışdır.

Qeyd olunmalıdır ki, bu sahədə nailiyyətlərimizə beynəlxalq aləmdə böyük maraq göstərilir, müsbət təcrübəmizinin öyrənilməsi ilə bağlı xarici həmkarlarımız tərəfindən müraciətlər edilir və ölkəmizin beynəlxalq tədris mərkəzi kimi seçilməsinə dair təşəbbüslər irəli sürülür.

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı işi təkmilləşdirilmiş, Əhalinin Dövlət Reyestri avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi yaradılaraq 75 il ərzində toplanmış 15 milyondan çox akt qeydi nəhəng iş sayəsində elektron formata keçirilərək bu sistemə daxil edilmişdir.

Əhalinin rifahının yaxşılaşması, yoxsulluğun azaldılmasına yönəlmiş dövlət siyasətinin müsbət nəticəsi olaraq son 15 ildə nikahların sayı xeyli çoxalmış, qeydə alınmış doğumların sayı isə 45 faiz artmışdır.

Doğumun qeydiyyatının bilavasitə tibb müəssisələrində səyyar qaydada aparılması, habelə nikahın təntənəli qeydiyyatı təşkil olunmuş, qeydiyyat prosedurunu asanlaşdıran, eləcə də Azərbaycan adları, onların mənası və izahı və s. barədə informasiya almaq üçün geniş axtarış sisteminə malik olan elektron xidmətlər istifadəyə verilmişdir.

Təsadüfi deyil ki, ölkə başçısının təşəbbüsü ilə yaradılmış və artıq bütün dünyada Azərbaycan brendi kimi məşhurlaşmış "ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən notariat və qeydiyyat orqanları tərəfindən 5 milyona yaxın əməliyyat aparılmış və verilən sənədlərin 40 faizdən çoxu məhz ədliyyə qurumlarının payına düşmüşdür.

Mülki və iqtisadi münasibətlərin sürətlə inkişafı, məhkəmələrdə baxılan işlərin ötən dövrdə dəfələrlə çoxalması icra xidmətində də iş həcminin ilbəil artmasına səbəb olmuş, icra sənədlərinin sayı 2003-cü illə müqayisədə 15 dəfə çoxalaraq 2017-ci ildə 870 min təşkil etmişdir.

Həmçinin nazirlikdə 2000-ci ildən fəaliyyət göstərən İstintaq idarəsinin səlahiyyətləri xeyli genişləndirilmiş, penitensiar müəssisələrdə qadağan olunmuş əşyaların qanunsuz dövriyyəsi, alimentin ödənilməsindən yayınma ilə bağlı cinayətlərin istintaqı nazirliyə həvalə olunmuşdur.

Ölkədə bütün növ (qeyri-tibb) məhkəmə ekspertizalarını aparan və ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə töhfələr verən nazirliyin Məhkəmə ekspertizası mərkəzinə məhkəmə və istintaq orqanlarından hər il daxil olan 30-35 min sənədə baxılır, 40-dan çox ixtisas üzrə 800 minədək suala cavab verilir, qaldırılan məsələlərin 99,5 faizi həll olunur. Ekspert araşdırmalarının operativliyini təmin etmək məqsədi ilə Mərkəzin regional filialları yaradılmış, beynəlxalq əməkdaşlıq genişlənərək Mərkəz Avropa Məhkəmə Ekspertizası İnstitutları Birliyinə üzv qəbul edilmiş, bir neçə ekspertiza növləri beynəlxalq sertifikatlara layiq görülmüşdür. Mərkəzin infrastrukturun müasirləşdirilməsi dövlət başçısının diqqət mərkəzində saxlanılmış, o cümlədən 11.06.2018-ci il tarixli sərəncamla Mərkəz üçün yeni binanın inşası ilə bağlı tədbirlər nəzərdə tutulmuşdur.

Ötən dövrdə yerli özünüidarə orqanlarının fəaliyyətinə inzibati nəzarət qaydasında yarım milyona yaxın bələdiyyə aktına baxılmış, 14 min bələdiyyə aktı ləğv edilmiş və ya dəyişdirilmiş, qanunsuz ayrılmış 50 min hektardan artıq torpaq sahəsi geri qaytarılmış, bələdiyyələrə 32 min tövsiyə göndərilmişdir.

Açıq hökumətin təşviqi və şəffaflıq prinsiplərinə uyğun olaraq nazirliyin 10 internet saytı fəaliyyət göstərir, 5 mətbu orqanı nəşr edilir, ədliyyə islahatlarının vüsət aldığı son dövrlərdə mətbuatda 3.200-ə yaxın məlumat yayımlanmış, ədliyyə naziri yanında QHT nümayəndələrindən ibarət İctimai Komitə müxtəlif ədliyyə sahələri üzrə fəaliyyətə geniş cəlb olunmuşdur.

Ötən dövrdə penitensiar sistemdə köklü islahatlar aparılmış, qanunvericilik təkmilləşdirilmiş, məhbusların hüquq və imtiyazları genişlənmiş, infrastruktur yaxşılaşdırılmış, o cümlədən Naxçıvanda, Şəkidə, Bakı şəhəri Zabrat qəsəbəsində yeni müasir komplekslər istifadəyə verilmişdir. Saxlanılma şəraitinin və tibb xidmətinin yaxşılaşdırılması nəticəsində 2003-cü illə müqayisədə penitensiar müəssisələrdə ölüm hadisələrinin sayı 40 faiz, vərəmdən ölənlərin sayı isə 16 dəfə azalmışdır.

Beynəlxalq Qırmızı Xaç Komitəsi və Ümumdünya Səhiyyə Təşkilatı bu sahədə Azərbaycanın nailiyyətlərinin yayılmasını tövsiyə etmiş, Nazirliyin Vərəm üzrə Təlim Mərkəzinə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən beynəlxalq status verilmiş, 20 dövlətdən 230-dək nümayəndə Bakıya səfərlər edərək müsbət təcrübəmizdən bəhrələnmiş, bəzi ölkələrdə bizim təcrübəyə uyğun modellərin tətbiqinə başlanılmışdır.

Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi və cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı dövlət başçısının 10.02.2017-ci il tarixli sərəncamı bu sahədə ədliyyə və məhkəmə sistemi üçün "yol xəritəsi” olmuşdur. Sərəncama uyğun olaraq Cinayət Məcəlləsində dəyişikliklər edilərək bir sıra əməllər dekriminallaşdırılmış, yeni qanunun təsiri altına düşən 5.700-ə yaxın məhkumun cəzası yüngülləşdirilmiş, o cümlədən 1.700-dək şəxs azadlıqdan məhrumetmə və digər cəzalardan azad olunmuşdur.

Sərəncamın icrası nəticəsində istintaq təcridxanalarına daxil olan həbs olunmuş şəxslərin sayı 25 faiz azalmış, həmçinin məhkəmələr tərəfindən azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının sayı enmişdir. Eyni zamanda, həbs qətimkan tədbirinə dair prokurorlar tərəfindən məhkəmələrə verilmiş təqdimatların sayı təxminən 22 faiz, həbsdə saxlama müddətinin uzadılması barədə müraciətlərin sayı isə 37 faiz azalmışdır.

Sərəncama uyğun olaraq, həmçinin alternativ cəzaların icrasına effektiv nəzarətin təşkili məqsədilə Nazirlikdə yeni Probasiya xidməti yaradılmış, cinayət qanunvericiliyinə dəyişikliklər edilərək yeni cəza növü - azadlığın məhdudlaşdırılması cəzası müəyyən olunmuşdur.

Həmin cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqi təmin olunmuş, bu sahədə bir sıra dövlətlərin təcrübəsi öyrənilmiş, xarici və yerli şirkətlərin nəzarət qurğuları sınaqdan keçirilmiş və yerli istehsalçıya üstünlük verilmişdir. Probasiya xidmətində müasir avadanlıqlarla təchiz olunmuş, məhkumları fasiləsiz izləməyə və operativ əlaqə qurmağa imkan verən Elektron monitorinq mərkəzi yaradılmış, mərkəzin imkanları və "elektron qolbağ”ın funksiyaları barədə geniş ictimai təqdimatlar keçirilmişdir. İstifadəsinə bir neçə aydır başlanılmış bu elektron nəzarət vasitələri artıq 500 şəxsə tətbiq olunmaqla səmərəli probasiya nəzarəti həyata keçirilir. Qısa müddətdə yaranmış müsbət təcrübəmizə maraq göstərilərək elektron nəzarət vasitələrinin tətbiqi digər dövlətlər tərəfindən yerində öyrənilir.

Təbii ki, ədliyyə işinin təkmilləşdirilməsində beynəlxalq tərəfdaşlarla səmərəli əlaqələrə, mütərəqqi təcrübələrin öyrənilməsinə xüsusi əhəmiyyət verilir. Ədliyyə Nazirliyi 16 çoxtərəfli mühüm konvensiya üzrə əlaqələndirici və ya səlahiyyətli orqan kimi müəyyən olunmuş, 30-dan çox beynəlxalq müqavilə və 32 dövlətin ədliyyə qurumları ilə əməkdaşlıq haqqında sazişlər üzrə xarici tərəfdaşlarla səmərəli əməkdaşlıq edir. Son 5 ildə nazirliyə 65 mindən çox beynəlxalq sənəd və sorğu daxil olmuş, xarici dövlətlərə 55 mindən artıq sənədlər göndərilmiş, 4 minədək beynəlxalq sənəd layihəsinin hüquqi ekspertizası keçirilmişdir.

Ədliyyə Nazirliyi tərəfindən, həmçinin bir sıra nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən BMT, Avropa Şurası, Avropa İttifaqı, Dünya Bankı, Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA), Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası (IAACA), Avropa Ümumi Hüquq Təşkilatı (EPLO), Almaniyanın Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu (İRZ) ilə uğurlu əməkdaşlıq həyata keçirilmiş, birgə layihələr müvəffəqiyyətlə icra olunmuş, nazirliyin məsul təmsilçiləri Avropa Şurasının təsisatlarına, BPA, IAACA və digər mötəbər beynəlxalq qurumların rəhbər orqanlarına seçilmişlər.

Eyni zamanda, ədliyyə orqanlarının sağlam mənəviyyata, yüksək hazırlığa və peşəkarlığa malik işçilərlə möhkəmləndirmək üzrə məqsədyönlü tədbirlər görülür, açıq müsabiqələr əsasında test üsulu ilə şəffaf seçim aparılır. Yüksək tələbkarlıqla keçirilmiş müsabiqələr əsasında ümumilikdə 2.600 mütəxəssis nazirliyə qulluğa qəbul edilmişdir.

Ədliyyə Akademiyasında peşə fəaliyyətinə buraxılış institutu tətbiq olunaraq ilk dəfə ədliyyə orqanları işçisi, prokuror və müstəntiq vəzifələrinə, habelə vəkilliyə namizədlərin icbari təlimi həyata keçirilir.

Ədliyyə xidmətlərin səviyyəsinin yüksəldilərək müasir tələblərə uyğun qurulması və vətəndaş məmnunluğunun təmin olunması məqsədilə yeni iş metodları, elm və texnikanın müasir nailiyyətləri tətbiq edilir.

Hazırda nazirlik tərəfindən 14 informasiya resursu, o cümlədən elektron notariat, əhalinin və qüvvədən düşmüş sənədlərin, habelə hüquqi aktların dövlət reyestrləri, elektron məhkəmə, elektron icra və digər informasiya sistemləri yaradılmışdır. Həmin resurslar müxtəlif dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiya olunaraq hər gün on minlərlə sənəd üzrə məlumat mübadiləsi keçirilir. Eyni zamanda, nazirlik tərəfindən fiziki və hüquqi şəxslərə 31 növ elektron xidmət göstərilir, bu xidmətlərdən istifadələrin sayı 11 milyonu ötmüşdür.

Beynəlxalq təcrübədə yalnız bir neçə inkişaf etmiş dövlətlərdə rast gəlinən bu informasiya sistemlərinin tətbiqi nəticəsində ədliyyə orqanlarının fəaliyyətində şəffaflıq, insanların müraciət etmə, o cümlədən elektron yazışma imkanları genişləndirilmiş, vətəndaş-məmur təmasları azaldılmışdır.

Ədliyyə sahəsində islahatların davam etdirilməsi daim diqqət mərkəzində saxlanılaraq fəaliyyətin daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycan ədliyyəsinin inkişafına dair yeni Dövlət Proqramı hazırlanmışdır.

Məhkəmə sisteminin fəaliyyətinin müasirləşdirilməsinə xüsusi əhəmiyyət verilmiş, bu sahədə mütərəqqi qanunvericilik bazası yaradılmış, məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanı - Məhkəmə-Hüquq Şurası təsis edilmişdir. Məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi məqsədilə qanunvericiliyə 50-dək dəyişiklik edilmiş, şuranın səlahiyyətləri ilbəil genişləndirilmiş, o cümlədən hakimlərin müstəqilliyinin təmini və fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınması həvalə edilmiş, hakimlərin təyinatında, səlahiyyətinə xitam verilməsində şuranın rolu artırılmışdır. Azərbaycanda hakimlərin maaşının məbləğini qanunla konkret müəyyən etməklə yanaşı, onun azaldılması qadağan olunmuşdur.

Ədalət mühakiməsinin səmərəliliyində məhkəmə infrastrukturunun müasirləşdirilməsi də az əhəmiyyət kəsb etmir. Son illər ərzində dövlət büdcəsi hesabına və Dünya Bankı ilə birgə 50-dək məhkəmə üçün müasir bina və komplekslərin layihələri hazırlanmış, 9 məhkəmə binası və 6 məhkəmənin yerləşdiyi 2 məhkəmə kompleksi tikilərək istifadəyə verilmişdir. Hazırda 5 məhkəmə üçün bina və komplekslərin inşası davam etdirilir.

Azərbaycan ədliyyəsinin 100 illik yubileyi ərəfəsində Zaqatala rayon məhkəməsi üçün ən son texnologiyalarla təchiz olunmuş yeni müasir binanın istifadəyə verilməsi ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına və insan hüquqlarının etibarlı təminatına töhfə vermişdir. Bununla yanaşı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi üçün yeni inzibati binanın inşası başa çatdırılmışdır.

Təsadüfi deyil ki, Dünya Bankı Azərbaycanda ədliyyə sahəsindəki layihələri ən uğurlulardan biri kimi qiymətləndirərək 2012-ci və 2017-ci illərdə "Vətəndaşlara daha yüksək keyfiyyətli xidmətlərin göstərilməsi üçün innovativ üsulların yaradılması və tətbiqi” nominasiyalarının qalibi elan etmişdir.

Məhkəmə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən islahatlar çərçivəsində "Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında dövlət başçısının sərəncamı bu sahədə strateji prioritetləri müəyyən etməklə inqilabi təkamülün əsasını qoymuşdur. Bu sistem məhkəməyə müraciət imkanlarının daha da genişlənməsinə, süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, şəffaflıq və operativliyin təmin edilməsinə, elektron kargüzarlığın və sənəd dövriyyəsinin təmin olunmasına xidmət edir.

Artıq bu sistemin ayrı-ayrı komponentləri - elektron sənəd dövriyyəsi, işlərin elektron qaydada bölgüsü, elektron idarəetmə və elektron məlumatlandırma proqramları, proseslərin elektron qeydiyyatı tətbiq olunur.

Təsadüfi deyil ki, 2017-ci ildə Azərbaycan Avropa Şurasının ədalət mühakiməsinə dair müsabiqəsində "Məhkəmənin nəbzi: İdarəetmədə inqilab” adlı layihə ilə iştirak etmiş və ölkəmiz məhkəmə sistemindəki nailiyyətlərinə görə "Ədliyyənin Kristal Tərəzisi” mükafatına layiq bilinmişdir.

Mütərəqqi islahatlarımıza beynəlxalq marağın nəticəsidir ki, ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) məhkəmə sisteminin inkişafına görə Azərbaycanı öncül ölkə kimi qiymətləndirmişdir.

Eyni zamanda, Avropa Şurasının və Dünya Bankının müraciətləri əsasında mütəxəssislərimiz xarici dövlətlərdə müsbət təcrübəmizi həmkarlarına aşılamış, digər ölkələrin məhkəmə hakimiyyətinin mötəbər nümayəndələri Azərbaycana gələrək nailiyyətlərimizdən bəhrələnmişlər.

Həmçinin hakimlərin iş yükünün həddən artıq çox olması ilə əlaqədar qanunvericilik və institusional tədbirlər görülmüş, icrası edilmiş məhkəmə qərarları üzrə icraata xitam verilməsi və icra işi üzrə icraatın dayandırılması səlahiyyətləri icra məmurlarına, habelə mülki xarakterli işlərin təxminən üçdəbirini təşkil edən əmr icraatı qaydasında baxılan mübahisəsiz tələblərin həllinin notariat orqanlarına həvalə edilməsi və mediasiya institutunun geniş təşviqi məhkəmələrin iş yükünün azalmasına xidmət etmişdir.

Yeni nəsil hakim korpusunun formalaşdırılması məqsədilə mütərəqqi Qaydalar hazırlanmış, müstəqil qurum - Hakimlərin Seçki Komitəsi yaradılmışdır. Çoxmərhələli imtahanlarda şəffaflıq və obyektivlik, o cümlədən bütün prosesin - sualların seçilməsi, çoxaldılaraq paylanması, nəticələrin yoxlanması və elan edilməsi, çoxsaylı yerli və beynəlxalq müşahidəçilərin, KİV nümayəndələrinin qarşısında keçirilməsi və onlayn rejimdə canlı yayımlanması, nüfuzlu beynəlxalq təsisatların da diqqətini cəlb etmişdir.

Bu prosesi bilavasitə izləyən Avropa Şurası Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ), habelə Avropa İttifaqı Azərbaycanda hakimliyə namizədlərin seçimini örnək kimi qiymətləndirmiş və digər dövlətlərə tövsiyə etmişdir.

Sözsüz ki, ədliyyə sisteminin inkişafı ölkəmizdə aparılan genişmiqyaslı islahatların və respublikamızın hərtərəfli tərəqqisinin məntiqi davamıdır. Belə ki, dövlət başçısının rəhbərliyi ilə son 15 ildə ardıcıl islahatlar aparılaraq ölkəmizin iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə artmış, yoxsulluq təxminən 10 dəfəyədək azalmışdır.

Ölkəmizin bilavasitə təşəbbüskarı olduğu qlobal enerji və nəqliyyat layihələri uğurla həyata keçirilir. Azərbaycan bu il 3-cü kosmik peykini orbitə buraxaraq dünyada sayı məhdud olan kosmik ölkələr sırasında mövqeyini daha da möhkəmlətmiş və iqtisadi rəqabət qabiliyyətliliyinə görə qabaqcıl ölkələr sırasında qərarlaşır. "Doing Business 2019” hesabatında ölkəmiz 190 dövlət arasında 25-ci yerə yüksəlmiş, qlobal səviyyədə ən islahatçı 10 ölkədən biri kimi müəyyən edilmiş, inkişaf etməkdə olan 80 ölkə arasında isə inklüziv inkişaf indeksinə görə 3-cü olmuşdur.

Xüsusilə Azərbaycanın Dünya İqtisadi Forumunun Qlobal rəqabətlilik hesabatında 2018-ci ildə iqtidara ictimai etimad kateqoriyası üzrə 137 ölkə arasında 20-ci pillədə olması xalq-iqtidar birliyinin bariz təzahürü olmuşdur.

Respublikamızın davamlı sosial-iqtisadi və mədəni inkişafının təmin olunmasında, mühüm sosial layihələrin, humanizm, tolerantlıq, multikulturalizm ideya və prinsiplərinin uğurla həyata keçirilməsində ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın çoxşaxəli və əzmkar fəaliyyəti xüsusilə qeyd olunmalıdır.

Bu il peşə bayramı və Azərbaycan ədliyyəsinin 100 illiyi ilə bağlı ədliyyə işçiləri Fəxri xiyabana gedərək bu bayramı bizə bəxş edən ulu öndər Heydər Əliyevə öz əbədi ehtiramlarını bildirmiş, Şəhidlər xiyabanında şəhidlərimizin xatirəsini yad etmişlər.

Həmçinin Azərbaycan ədliyyəsinin keçdiyi şanlı tarixə nəzər salınır, gənclərlə görüşlər keçirilir, silsilə bayram tədbirləri, o cümlədən kütləvi idman yarışları, xeyriyyə aksiyaları, "açıq qapı” günləri, "dəyirmi masa” və yığıncaqlar təşkil olunur.

Azərbaycan ədliyyəsinin 100 illiyi münasibətilə "Azərbaycan ədliyyəsinin bir əsrlik inkişaf yolu” mövzusunda keçirilən beynəlxalq konfrans xüsusilə qeyd olunmalıdır. Xarici dövlətlərin ədliyyə nazirlərinin və nüfuzlu beynəlxalq təşkilatların iştirakı ilə keçirilən tədbir ədliyyə sisteminin inkişafı yolu və yaxşı təcrübələrin mübadiləsi üzrə faydalı müzakirələr aparılması baxımından olduqca əhəmiyyətlidir.

Eyni zamanda, nazirlik tərəfindən ədliyyənin 100 illik tarixinə dair xüsusi kitab, nazirliyin müasir fəaliyyətinə, o cümlədən hüquqi sahədə beynəlxalq əlaqələri əks etdirən müxtəlif dillərdə nəşrlər, yubileyə həsr olunmuş ayrıca film və xüsusi ekspozisiyalardan ibarət stendlər hazırlanmışdır.

Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə dövlət başçısı cənab İlham Əliyevin ədliyyə və məhkəmə işçilərinə müraciəti, böyük bir qrup ədliyyə orqanları işçiləri və hakimləri ali xüsusi rütbələrə, fəxri adlara, orden və medallara layiq görməsi möhtərəm Prezidentin göstərdiyi diqqət və qayğının növbəti təzahürü olmuş, hər birimizdə böyük ehtiram hissi doğurmuşdur.

Ədliyyə işçiləri ulu öndər Heydər Əliyevin dövlətçilik amallarına daim sadiq qalaraq ölkəmizin qüdrətlənməsi və demokratik hüquqi dövlət quruculuğu işində möhtərəm Prezidentimiz cənab İlham Əliyevə yardımçı olmağı özlərinin vəzifə və vətəndaşlıq borcu sayırlar.

Fürsətdən istifadə edib bütün ədliyyə işçilərini 22 noyabr peşə bayramı və Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə təbrik edir, çətin və şərəfli işlərində müvəffəqiyyətlər arzulayıram.

 

Fikrət MƏMMƏDOV,

Azərbaycan Respublikasının ədliyyə naziri,

I dərəcəli dövlət ədliyyə müşaviri,

Məhkəmə-Hüquq Şurasının sədri

 

Azərbaycan.- 2018.- 22 noyabr.- S.1; 7.