Şəhid ailələrinə həmişə dövlət dəstəyi və böyük ehtiram olub

 

Azərbaycan Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanı bunun daha bir təsdiqidir

 

Ərazilərinin 20 faizdən çoxu Ermənistanın təcavüzkar siyasəti ilə işğala məruz qalmış Azərbaycan dövlətinin itirdikləri həmin ərazilərdəki maddi-mədəniyyət abidələri, yeraltı yerüstü sərvətləri, onlardan öncə isə sinəsini düşmən gülləsinə gərərək, torpaqlarımızın müdafiəsində qəhrəmancasına dayanmış şəhid olan övladlarıdır.

"Torpaq, uğrunda ölən varsa, Vətəndir!” Aforizmə çevrilmiş bu çağırışla ötən əsrin səksəninci illərinin sonundan erməni qəsbkarları ilə ölüm-dirim savaşına qalxan cəsur, qorxmaz, igid oğullar, müdrik atalar elan olunmamış müharibənin könüllüləri kimi ön cəbhəyə yollandılar. Vətən darda olanda onun keşiyini çəkən oğullar olub. Bu dəfə də ərən igidlərimizin başı yastıq, gözləri yuxu üzünə həsrət qaldı. Gəlin-qızlarımızın xınalı əlləri göylərə ucaldı: "...Tanrı sizi qorusun!” Gedənlərin gələnləri də oldu, qayıtmayanları da...

Vətənimizin hər bölgəsində al-qırmızı qərənfil libaslı Şəhidlər xiyabanı salındı, torpaq uğrunda canlarından keçən oğullar göstərdikləri igidliklərə görə dövlətimiz və xalqımız tərəfindən şərəflə yad edildi, ruhları əziz saxlandı, məzarları ziyarətgaha çevrildi.

Ümummilli lider Heydər Əliyevin qaçqın və məcburi köçkünlərin, eləcə də şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində yürütdüyü humanist siyasət beynəlxalq təşkilatların da sənədlərində öz əksini tapdı. Nümunəyə çevrilmiş həmin siyasətin bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi isə nəinki həmin kateqoriyaya aid olanlarda, bütövlükdə xalqımızda belə bir ümid və inamı formalaşdırıb ki, hansı yolla olursa-olsun, işğal altında qalan torpaqlarımız da azad ediləcək.

Təbii ki, ölkəmizin iqtisadiyyatının güclənməsi xalqımızın, o cümlədən Vətən uğrunda canlarından keçən şəhidlərimizin ailələrinin də maddi rifahının yaxşılaşdırılması deməkdir. Müntəzəm olaraq şəhid ailələrinə göstərilən diqqət və qayğının daha bir nümunəsi də "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanıdır. Həmin fərmana əsasən, 1997-ci il avqustun 2-dək ölkənin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə birdəfəlik 11 min manat ödəmələr nəzərdə tutulub. Bu fərman bir daha təsdiq edir ki, dövlət başçısı şəhidləri nəinki unutmur, həm də onların müqəddəs ruhunu uca tutur, ailələrinə böyük ehtiram göstərir, sosial müdafiələrini güçləndirir.

Artıq yüzlərlə şəhid ailəsi həmin yardımı aldıqlarını bildirir və dövlət başçısına minnətdarlıqlarını ifadə edirlər.

Belə şəhid ailələrindən biriAtayev Əli Yunis oğludur. Şəhid Əlinin anası Pakizə Atayeva Göygöl rayonunun ərazisində salınmış Murovdağ qəsəbəsində 30 ilə yaxındır ki, məcburi köçkün həyatı yaşayır. Dərdi yalnız şəhid oğlunun acı taleyi, nakam ömrü deyil, həm də doğulduqları Kəlbəcərin işğal altında qalmasıdır: "Oğlum Kəlbəcər üçün canından keçdi ki, o cənnət-misal yerləri azad etsinlər...”

Ana ötənləri xatırlamağa çalışır: "Nakam taleli balam 1969-cu ildə Kəlbəcər rayonunun Kilisə kəndində anadan olmuşdu, 1986-cı ildə Çaykənd orta məktəbini bitirdi. 1986-1988-ci illərdə Almaniyada hərbi xidmətdə minaatıcı dəstənin komandiri kimi tanınmışdı. Bakı İnşaat Texnikumunu da bitirmişdi. Yol idarəsində baş mühasib işləyirdi. Ermənilərin Kəlbəcəri mühasirədə saxladığı illərdə Əli də könüllü olaraq rayonun müdafiəsinə qalxdı: Ağdaban, Narışlar, Söyüdlü sərhəd keşikçi məntəqələrində oldu. 1993-cü ildə Kəlbəcər batalyonunun tərkibində döyüşdü. 1994-cü il yanvar ayının 3-də Kəlbəcərin işğaldan azad edilməsi üçün başlanan "Murovdağ əməliyyatı”nda şəhid oldu”.

Həmişə qayğısını görən, hər ay qazının, suyunun, işığının pulunu ödəyən dövlətimizin daha da qüdrətlənməsini arzu edən Pakizə nənə deyir ki, hər cür şəraitimiz var, şükür Allaha: "İndieşitdik ki, dövlətimizin başçısı şəhid ailələrinə birdəfəlik 11 min manat yardım edir. Az puldi bəyəm?! Görün bir qədər humanist Prezidentimiz var! Mehriban xanım Əliyeva əsgər anasıdır! Tanrı bütün əsgərlərimizi qorusun, Prezidentimizin balası onlardan biri. Ulu öndərimiz Heydər Əliyevi 1993-cü ilin aprelində Murovda haraylayanlardan biri mən olmuşam. Murovdağdakı zülmləri görüb biz kəlbəcərli şəhid anaları, məcburi köçkünlər səslənirdik ki, gəlib dövlətimizi bu bəladan xilas etsin! Gəldi özü ilə ölkəmizə dinclik, əmin-amanlıq gətirdi. İnşaallah, torpaqlarımız da azad ediləcək! Güclü Ali Baş Komandanımız, qüdrətli ordumuz var”.

...Ağsuda 1949-cu ildə doğulsa da, işi ilə əlaqədar 1955-ci ildən Bakı şəhərində yaşayan Əvəz Paşayev Vətənin başı üzərini qara buludlar alanda könüllü olaraq Qarabağa, erməni daşnakları ilə savaşa yollandı...

Həyat yoldaşı Püstəxanım Paşayeva deyir ki, 26 ildir dörd uşaqla ailə qayğısı ilə baş-başayam: "Əvəz döyüşlərə gedəndə uşaq deyildi - 43 yaşı var idi. 1992-ci ildə Füzuli istiqamətində, daha doğrusu, Kürd-Mahmudluda gedən döyüşlərdə ermənilərin payını yaxşıca vermişdi. Dörd aydan sonra Qubadlıya getdilər, orada da vəziyyət gərgin idi. Dörd ay döyüşdü. Həmin il oktyabrın 16-17-də şəhid olub, amma meyitini çıxara bilməyiblər. Ayın 28-də vertolyotla götürüblər. Döyüşçü dostları danışırdılar ki, o, təcrübəsiz gənc əsgərlərimizi müdafiə edib, onları mühasirədən sağ-salamat çıxarsa da, özünü qoruya bilməyib...”

26 ildir ki, ailənin bütün qayğılarını öz çiyinlərinə almış Püstəxanım Paşayeva dövlət tərəfindən daim diqqət qayğı hiss edib: "Əvəzin şəhid adının əbədiləşdirilməsi ailəmizə, onun balalarına böyük təsəllidir. Sabunçu rayonunun 2-ci Zabrat qəsəbəsindəki mədəniyyət evi Əvəzin adını daşıyır həyətdə büstü qoyulub. Eşitmişik ki, büstün qoyulduğu ərazidə istirahət parkı salınacaq. Bu qədər ehtiram var şəhidimizə. Dövlət başçısına minnətdarlığımı bildirirəm. Birdəfəlik müavinət isə bizi daha da duyğulandırdı. Belə qayğını ancaq bizim dövlət başçısı göstərə bilər. Axı, o, ilk dəfə prezident seçilərkən demişdir ki, mən hər bir azərbaycanlının prezidenti olacağam. Vədinə sadiq Prezident Lələtəpədə olduğu kimi, Qarabağda da qələbə bayrağımızı qaldıracaq, buna inanırıq ona uğurlar diləyirik”.

Aprel döyüşlərini xatırladan şəhid ailəsinin başçısı qəti əmindir ki, Milli Ordumuz Qarabağı işğaldan azad edəcək. Bu, Ali Baş Komandanımız kimi, hər bir şəhid ailəsinin müqəddəs arzusudur. Dövlət başçısının imzaladığı fərmana münasibətini bildirən ana sonda "Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı bu fərman onun humanist siyasətinin, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə göstərdiyi yüksək diqqət qayğısının bariz nümunəsidir, buna görə cənab Prezidentə ailəmiz adından bir daha minnətdarlıq edirəm” - söylədi.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2018.- 22 noyabr.- S.11.