Azərbaycan
Respublikasının ədliyyə işçilərinə və
hakimlərə
Hörmətli ədliyyə
işçiləri və hakimlər!
Sizi Azərbaycan ədliyyəsinin
100 illik yubileyi münasibətilə təbrik edirəm.
Azərbaycan Xalq Cümhuriyyətinin
elan edildiyi 1918-ci ildə təsis edilmiş Azərbaycan ədliyyəsi
bir əsrlik mürəkkəb və şanlı inkişaf
yolu keçmişdir.
Azərbaycanda ədliyyə
sisteminin intibahı Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin ölkəyə rəhbərlik
etdiyi dövrə təsadüf edir. Belə ki, bir neçə
dəfə ləğv edilmiş Ədliyyə Nazirliyinin fəaliyyəti
məhz Ulu Öndər tərəfindən 1970-ci ildə bərpa
edilmiş, zəruri normativ sənədlər qəbul
olunmuş və milli kadr hazırlığına xüsusi
diqqət yetirilmişdir.
Azərbaycan Respublikası müstəqilliyini
qazandıqdan sonra Ümummilli Liderin rəhbərliyi ilə
Ədliyyə Nazirliyinin cəmiyyətdəki rolu və əhəmiyyəti
artmış, müasir məhkəmə sistemi
yaradılmış, məhkəmələrin müstəqilliyinin
təmin olunması üçün mühüm addımlar
atılmışdır.
Azərbaycanda ədliyyə
orqanları və məhkəmələrin fəaliyyətinin
təkmilləşdirilməsi üçün tədbirlər
bu gün də davam etdirilməkdədir. Ədalət
mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın
təmin edilməsi məqsədilə "Elektron məhkəmə”
informasiya sisteminin yaradılması haqqında Sərəncam
imzalanmış, test üsulu ilə şəffaf prosedurlar əsasında
yeni hakim korpusu formalaşdırılmış, ədliyyə
orqanlarının işi və göstərdiyi hüquqi xidmətlər
yeni tələblər səviyyəsində qurulmuşdur. Son
illərdə hakimlərin sayı əhəmiyyətli dərəcədə
artırılmış, müasir məhkəmə kompleksləri
inşa edilmiş, ədliyyə orqanları və məhkəmələrin
maddi-texniki bazası gücləndirilmişdir.
Əminəm ki, ədliyyə və
məhkəmə işçiləri qanunun aliliyinin, hər kəsin
qanun qarşısında bərabərliyinin təmin
olunması, vətəndaşlarının
hüquqlarının qorunması, ədalət mühakiməsinin
səmərəliliyinin artırılması istiqamətində
səylərini bundan sonra da davam etdirərək Azərbaycan ədliyyəsinin
inkişafına öz töhfəsini verəcəklər.
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
21 noyabr 2018-ci il.
Azərbaycan. - 2018.- 23 noyabr.- S.1.