Qayğı razılıqla qarşılanır
Azərbaycanın ərazi bütövlüyü
uğrunda şəhid olmuş
zabit və əsgər ailələrinə
birdəfəlik ödəmələrin verilməsi davam edir
Dövlət başçısının "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 19 aprel tarixli fərmanının icrası ilə əlaqədar 1997-ci il avqustun 2-dək respublikamızın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilməsi Bakıda, eləcə də ölkəmizin bölgələrində uğurla davam etdirilir. Ölkə rəhbərinin bu humanist addımını ictimaiyyət nümayəndələri, ilk növbədə şəhid ailələri rəğbətlə qarşılayırlar. Bunu redaksiyaya daxil olan telefon zənglərindən, teleqram və məktublardan da aydın görmək olur.
Şəmkir rayonu, Təzəkənd
kəndindən tarix müəllimi Nizami Əliyev yazır:
"Hörmətli redaksiya!
Bu fərman ictimaiyyətdə dövlətə və dövlətçiliyə olan inamın üstünə daha bir inam gətirdi. Yaşadığım kənddə, eləcə də ətraf ərazilərdə tanıdığım neçə-neçə şəhid ailəsi var ki, birdəfəlik yardımla bağlı onların üzündəki təbəssüm hamıya xoş təsir bağışlayır. Sosial problemlərinin həllinə sərf edəcəkləri bu məbləğ onlara könül rahatlığı, sevinc bəxş edib. Azərbaycan Prezidentinin daim qayğısı ilə əhatə olunan şəhid ailələri bir daha əmin oldular ki, onlar hər zaman ölkə rəhbərinin diqqətindədirlər. Prezident seçkiləri ərəfəsində cənab İlham Əliyev uzun illər gündəlikdə duran bu məsələnin həll olunacağını vəd etmişdi, məmnunuq ki, vədinin təsdiqini tapan fərman imzalanmış və icra olunmaqdadır. Bu, həm də Azərbaycan Prezidentinin öz vədinə sadiq qaldığının, hər bir vətəndaşın sosial müdafiəsinə xüsusi həssaslıqla yanaşdığının bariz nümunəsidir.
Kəndimizdə bir neçə şəhid ailəsi var. Onlardan biri
də ölkə Prezidentinin 19 aprel 2018-ci il tarixli fərmanı ilə 11 min
manat birdəfəlik maddi
yardım ödənilməsi nəzərdə tutulan, vaxtilə mənim dərs dediyim şagirdlərdən olmuş
Etibar Nəriman oğlu
Usubovdur.
Etibar sadə bir fəhlə ailəsində boya-başa çatmışdı. Vətənpərvər bir gənc idi. Orta məktəbi bitirən kimi 18 yaşının tamamında könüllü rayon hərbi komissarlığına müraciət etdi. Rəsmi qaydada çağırış vərəqəsi alanda dostları, yaxınları onu təntənəli surətdə əsgəri xidmətə yola saldılar. Etibar Milli Ordunun Beyləqan istiqamətindəki "N” saylı hərbi hissəsində xidmət edirdi. Əsgəri təlimlərdə nümunəvilik göstərəndə, silahla davranmağın sirlərini yaxşı-yaxşı öyrənəndə əsgər yoldaşlarına deyərmiş: "Əsgəri qaydalara, komandirlərin əmrinə vaxtında əməl etmək bizim borcumuzdur... Bunların hamısı vətəni yaxşı qorumaq və erməni işğalçılarından intiqam almaq üçün çox vacibdir”,
Bütün bunlar barədə Etibar 6 aydan sonra nümunəvi əsgər kimi bir neçə günlüyə kəndə - evlərinə ezamiyyətə gələndə həmyaşıdlarına və çağırışçı yaşında olan gənclərə fərəhlə danışırdı...
Etibar məzuniyyətini başa vurmamış, vaxtından əvvəl Beyləqana, hərbi hissəyə qayıtdı. O, ön cəbhədə səngərlərdə vətənin keşiyini çəkməkdən qürur duyurdu, ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarından tezliklə çıxarılması üçün ən çətin tapşırıqların arxasınca getməkdən qorxmurdu. Dəfələrlə düşmənin arxa hissəsinə getmiş, uğurlu əməliyyatlar yerinə yetirmiş və "dil” gətirmişdi. Təəssüf ki, 1994-cü ildə erməni hərbçilərinin Beyləqan istiqamətindən növbəti dəfə torpaqlarımıza hücumu zamanı gedən şiddətli döyüşlərdə Etibar Usubov həlak olmuşdur”.
Bu gün Azərbaycan Prezidentinin fərmanına əsasən cəsur döyüşçü Etibar Usubovun da ailəsi 11 min manat məbləğində birdəfəlik yardım almışdır. Etibarın atası Nəriman, anası Elmira xanım həyatda olmasa da, Prezidentin fərmanına əsasən bu maddi yardım ailənin vərəsələri - qardaşı Bəxtiyarın, bacıları Esmira və Elmiranın bank hesablarına köçürülmüşdür. Buna görə Etibarın müəllimi Nizami Əliyev, şəhidin vərəsələri - qardaşı Bəxtiyar və bacıları ölkə başçısına minnətdarlıqlarını və təşəkkürlərini bildirirlər.
Tovuz rayonundan şəhid olmuş hərbi qulluqçu Rzayev Namiq Qənbər oğlunun anası Navad Rzayeva da şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını ifadə edərək bildirir: "Tovuz rayonu Əlibəyli kəndinin sakini, eləcə də şəhid anası kimi ölkə başçısı İlham Əliyevə maliyyə yardımı ilə bağlı təşəkkürümü bildirirəm. Biz hər zaman dövlətin şəhid ailələrinə qayğısını hiss edirik. Amma birdəfəlik maliyyə yardımı bizə bir sıra problemlərimizin həlli üçün çox gərəkli oldu. Yaşımla əlaqədar səhhətimdə bir sıra problemlərim var. Aldığım maliyyə yardımı ilə iki gözümü də əməliyyat etdirəcəyəm və s”.
Bakının Nərimanov rayonundan olan, Füzuli rayonunda gedən döyüşlərdə şəhid olmuş zabit Nurulla Nuriyevin ömür-gün yoldaşı Sevil xanım redaksiyaya zəng edərək dedi:
"Həyat yoldaşım Nurulla 1993-cü ildə könüllü olaraq Daxili Qoşunların tərkibində döyüşlərə qatılmışdı. O, cəbhəyə gedəndə iki qızı - Samirə, Ayelita, oğlu İbrahim azyaşlı idi. Mən də, təzə-təzə ağılları kəsən qızlarım da Nurullanın vətənin ağır günündə erməni işğalçılarına qarşı döyüşlərdə iştirakından qürurlanırdıq. Təəssüf ki, bu qürurlu günlərimizin ömrü qısa oldu. Tanırının qisməti belə idi, Nurulla 1994-cü il martın 9-da Füzuli rayonuna yaxın ərazidə ermənilərlə üzbəüz döyüşlərdə həlak oldu. Onu hərbçi yoldaşları, Müdafiə Nazirliyinin, rayon hərbi komissarlığının, digər dövlət qurumlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Biləcəri qəbiristanlığında doğmalarının yanında, əsgərlərin yaylım atəşi altında dəfn etdilər. Yasın keçirilməsi, qəbirüstünün götürülməsi dövlət hesabına oldu. Ulu öndərin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin ölkənin şəhid ailələrinə göstərdiyi qayğının timsalında mən iki qız, bir oğlan uşağını vətənimə, xalqıma layiq övlad kimi böyütmüşəm. Prezidentin tapşırığına əsasən şəhid ailəsi kimi Binəqədi rayonunda çoxmənzilli binada üçotaqlı mənzillə təmin olundum. Bundan sonra yenə də dövlət başçısının göstərişi ilə şəhid ailəsi kimi Pirşağı qəsəbəsinin yaxınlığında, dənizə yaxın, səfalı bir ərazidə bizə 11 sot bağ yeri verdilər. Dövlətin qayğısı sayəsində qızım Samirə Bakı Maliyyə-İqtisad Kollecini bitirib. Bacısı isə ali təhsillidir, bank işi üzrə ixtisasa yiyələnib. Oğlum İbrahim də ali təhsillidir, məhz şəhid ailəsi övladı olduğunu nəzərə alaraq onu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Bölməsinə işə götürdülər. Deməyim odur ki, bu gün də dövlətin bir əli biz şəhid ailələrinin üstündədir. Şəhid ailələrinə birdəfəlik 11 min manat yardım edilməsi bir daha onu göstərdi ki, dövlət başçımız daim hərbçilərimizin, şəhid ailələrinin qayğısına qalır.
Hörmətli redaksiya!
Zəng edib vaxtınızı almaqda məqsədim qəzetiniz vasitəsilə ölkəmizdə bütün kateqoriyalardan olan şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürümü bildirməkdir. Biz şəhid ailələrinin xeyir-duası onlara hər zaman yar olsun!”
Rəhman SALMANLI
Azərbaycan.-
2018.- 23 noyabr.- S.6.