Üzeyir dünyası

 

Bu gün dahi bəstəkarın vəfatından 70 il keçir

 

Azərbaycan professional musiqisinin banisi, Dövlət Konservatoriyasının yaradıcısı, xalq artisti, Stalin Mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Müsəlman Şərqində ilk operanın əsasını qoyan böyük sənətkar Üzeyir bəy Hacıbəylinin vəfatından 70 il ötür. Zəngin tərcümeyi-halı, müxtəlif və mürəkkəb dövrlərdən keçən ömür yolu, çoxcəhətli yaradıcılığı, parlaq şəxsiyyəti, insanpərvərliyi ilə musiqi tarixində əvəzolunmaz yeri olan bu dahi insan misilsiz əməyi ilə öz xalqına zəngin bir "Üzeyir dünyası” qoyub getmişdir. "Üzeyir dünyası”nın bir-birini saf məhəbbətlə sevən "Leyli və Məcnun”u, "Mən nə qədər qoca olsam da dəyərəm min cavana” iddiası irəli sürən Məşədi İbadı, gələcək ömür-gün yoldaşını axtarıb tapmaq üçün "Arşın malçı”ya çevrilən Tacir Əsgəri, qəhrəman "Koroğlusu kimi sakinləri vardır ki, hər biri özü-özlüyündə ayrıca dünyadır. Üzeyir bəy bu sakinlərin xarakter-obrazını musiqinin dili ilə ən maraqlı, ən baxımlı tərzdə dinləyiciyə, tamaşaçıya məharətlə təqdim etmişdironlar ölməz, əbədiyaşar ömür qazanmışlar.

Üzeyir bəyin musiqisinin gözəlliyi, parlaqlığı, möhtəşəmliyi onun sənətinə, xalqına olan odlu-alovlu sevgisinin, vətənpərvərliyinin və yüksək zövqünün bəhrəsidir. Öyrənib-öyrətmək eşqi və həvəsi ilə yaşayan, daim yeniliklər axtarışında olan Üzeyir bəy maneələrə və çətinliklərə baxmayaraq, yüksək xidmətləri ilə musiqi mədəniyyətinə böyük töhfələr vermişdir. Yeni janr, ifaçılıq vasitələrinin, musiqi kollektivlərinin yaranması uğrunda gecə-gündüz çalışaraq məqsədinə nail olmuşdur. O, təkcə musiqi bəstələmək, əsər yaratmaqla kifayətlənməyərək xalqının maariflənməsi naminə böyük işlər görmüş, əsl mübariz olmuş, Azərbaycanda ilk olaraq Xalq Çalğı Alətləri Notlu Orkestrini yaratmış, Azərbaycan Dövlət Xorunun, ilk simli kvartetin, ilk musiqi məktəbinin və Azərbaycan Dövlət Konservatoriyasının banisi olmuşdur. Görkəmli Azərbaycan şairi, dramaturq, publisist və tərcüməçi Məmməd Səid Ordubadi Üzeyir bəy haqqında xatirələrində yazırdı: "...Üzeyir bəy ilə yaxından tanışlığımız 1929-cu illərdən başladı. O zaman Azərbaycan musiqisinin inkişaf yolları geniş müzakirə olunurdu. Üzeyir bəy bu məsələdə hamıdan artıq rahatsız olurmusiqimizin gələcəyi üçün düşünürdü. Partiya və hökumətin köməyi ilə Üzeyir bəy Azərbaycan radio komitəsinin təşəbbüsü nəticəsində xalq çalğı alətlərindən notlu orkestr düzəltməyə başladı. Həmin bu zamanlarda mən Azərbaycan radio komitəsinin ədəbiyyat şöbəsini təşkil və idarə edirdim. Üzeyir bəylə tez-tez görüşürdüm. Bəzən onun ifaçılarla keçdiyi məşqlərlə maraqlanırdım və mən Üzeyirin müvəffəqiyyət qazanacağına qəti inanmağa başladım...”

Xalqının mədəniyyətini yüksəklərdə görmək arzusu ona musiqi sənətinin professional, möhkəm təməllər üzərində yaradılmasında cəsarətli, qətiyyətli addımlar atmağa güc verirdi. Üzeyir bəy öz uzaqgörənliyi sayəsində Azərbaycan musiqi sənətinin parlaq inkişaf perspektivlərini duya bilmişdir: "Azərbaycan musiqi sənətinin parlaq inkişaf perspektivləri vardır. Lakin cəsarətli olmaq, yaxşı oxumaq və məhsuldar işləmək lazımdır. Xalqın mənəviyyatını duymaq, onun ümid və arzularının ifadəçisi olmaq, nikbinliyini, əhvali-ruhiyyəsini musiqi vasitəsi ilə əks etdirmək lazımdır”. Bu qiymətli fikirlər bəstəkarın özünə məxsusdur. O, dediyi kimi, xalqın mənəviyyatını dərindən hiss edərək onun sevinc və kədərini, arzu və istəklərini öz musiqisində - yaradıcılığında əks etdirmişdir. Üzeyir bəyin sənət zirvəsinə yüksəlməyinin səbəbi də elə onun xalq yaradıcılığı xəzinəsindən bəhrələnib, musiqini xalqa daha yüksək bir səviyyədə çatdırması olmuşdur. Yaradıcılığı boyu Üzeyir bəy həm yüksək zövqlü bəstəkar, həm həqiqəti görə bilən və yazılarında kəskin, lakin düşündürücü yumorla tənqid edən bir publisist, öz biliklərini sevimli tələbələrinə aşılayan və müdrik nəsihətlərini, köməyini əsirgəməyən pedaqoq idi. O, görkəmli ictimai xadim kimi daim xalqına vicdanla, ləyaqətlə xidmət etmişdir. Musiqi əsərlərində vətənə hədsiz məhəbbət, mərdlik duyğularını tərənnüm edən Üzeyir bəy Hacıbəyli Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqının igid oğullarını "Yaxşı yol” deyə cəbhəyə yola salır, öz "Çağırış”ı ilə "Şəfqət bacısı”nı Vətən ordusuna kömək etməyə dəvət edirdi. Həmçinin bununla kifayətlənməyərək, orduya öz şəxsi hesabına maddi yardımını da əsirgəmirdi. Bu səbəblə İ.V.Stalinin Üzeyir bəyə göndərdiyi teleqram bu gün bəstəkarın ev-muzeyində qorunan, onun yaradıcılığının və fəaliyyətinin əksi olan unikal sənədlər sırasındadır.

"Yoldaş Hacıbəyov! Qızıl ordunun zirehli tank qüvvələrinə göstərdiyiniz qayğıya görə Sizə minnətdarlığımı bildirirəm. Mənim Salamımı və Qızıl ordunun təşəkkürünü qəbul edin.

 

İ.V.Stalin"

 

Onun haqqında deyilən sözləri, yazılan xatirələri oxuduqca, sadə və təvazökar, mehriban, eyni zamanda mübariz və qətiyyətli siması əks olunan fotoşəkillərinə baxdıqca və ecazkar musiqisini dinlədikcə xatirəsinin nə qədər əziz və əbədi olduğunu söyləmək istəyirsən.

Üzeyir Hacıbəylinin xatirəsini əbədiləşdirmək haqqında Azərbaycan Nazirlər Sovetinin 16 fevral 1949-cu il tarixli 92 nömrəli qərarında Ü.Hacıbəylinin arxivinin və əlyazmalarının toplanılıb, onların lazımi qaydada saxlanılması və öyrənilməsinin təmin edilməsi; Azərbaycan Dövlət Konservatoriyasına, Bakı şəhərində Azadlıq küçəsinə, Naxçıvan Müəllimlər İnstitutuna, Şuşa şəhərində orta məktəbə Üzeyir Hacıbəylinin adının verilməsi; Bakı şəhərində keçmiş Ketsxoveli (indiki Şamil Əzizbəyov) küçəsində 75 nömrəli evdə və Şuşa şəhərində Ü.Hacıbəylinin ev-muzeylərini yaratmaqHüsü Hacıyev küçəsindəki "Monolitbinada xatirə lövhəsinin qoyulması tapşırılmışdı. Üzeyir bəy Hacıbəyli 1915-1942-ci illərdə hazırda muzey kimi fəaliyyət göstərən evdə yaşayıb yaratmış, daha sonra isə Bakının indiki Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin kəsişməsində yerləşən "Monolitbinaya köçmüşömrünün sonuna kimi (1948) həyat yoldaşı Məleykə xanımla burada yaşamışdır.

Bəstəkarın evinin (Şamil Əzizbəyov küç. 67/69) muzey kimi fəaliyyətə başlamasının 43-cü ilidir. Azərbaycan xalqının yetirdiyi bu böyük şəxsiyyətin qoyub getdiyi mənəvi sərvət də məhz onun ev-muzeyində qorunub saxlanılır. Muzey 20 noyabr 1975-ci ildə ümummilli lider Heydər Əliyevin yaxından köməyi və səyi nəticəsində Bakıda Şamil Əzizbəyov küçəsi (keçmiş Verxnyaya Priyutskaya, sonra Ketsxoveli ) ev 67-də dahi bəstəkarın yaşadığı evdə təşkil olunmuşdur. Onun ruhunu yaşadan ilk ev-muzeyi isə Şuşada uşaqlıq illərinin keçdiyi evdə 1959-cu ildə açılmışdı. Bəstəkarın mənalı və zəngin həyat yolunu böyük məhəbbətlə əks etdirən Bakıdakı ev-muzeyi, bu ocaq əlbəttə ki, müqəddəs olmaya bilməz. Onun burada əlinin toxunduğu hər bir əşyası - kitab dolabındakı kitabları, skripkası, "Koroğlunun ilk notlarını yaratdığı royalı, masası, hətta adicə qələmi belə öz adiliyindən çıxmışdı. Onların hamısı bugünümüzün misilsiz eksponatına çevrilmişdir. Vaxtilə böyük şairimiz Bəxtiyar Vahabzadənin dediyi sözləri indi kitablarda, xatirələrdə sevə-sevə oxuyuruq: "...Mənim üçün Üzeyir bəy bir dünyadır. Birinci növbədə ona görə ki, bu böyük insan özününmilli varlığının üzərində boy atdı, ucaldı. Üzeyir bəy sənətindəki kimi ilk növbədə şəxsiyyətdir, vətəndaşdır. Onun adına yaradılmış muzey xalqımızın pərəstiş yeri, inam ocağı olmalıdır. Bu muzeyi təşkil edənlərə eşq olsun”.

Hərdən düşünürsən ki, bu evin divarlarının danışmağa dili olsaydı, yəqin ki, Üzeyir bəy haqqında ən şirin, ən maraqlı xatirələri bizə söyləyərdilər. Axı onlar Üzeyir bəyin dostları, həmkarları ilə birgə bu evdə yaradıcılıq görüşlərinin, məzəli, şirin söhbətlərinin şahidi olublar.

Üzeyir bəyin ömür yolu vərəqləndikcə insan heyrətə gəlir. Çoxşaxəli fəaliyyəti ilə - bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq, ictimai xadim kimi fəaliyyəti və hər kəsə öz kömək əlini uzadan bir insan olaraq neçə-neçə şair və yazıçının - görkəmli şəxsiyyətlərin qələmini dilə gətirmişdir. Onun haqqında deyilən sözlər, yazılan məqalələr, oçerklər bitmir, tükənmir. Vəfatından sarsılan çiyin-çiyinə çalışdığı dostu, görkəmli xalq şairi Səməd Vurğun "Eşq olsun sənətkara!” şeirində öz qəlb sarsıntısını, üzüntüsünü bütünlüklə əks etdirmişdir:

 

...Ölüm sevinməsin qoy, ömrünü vermir bada

El qədrini canından daha əziz bilənlər.

 

Şirin bir xatirətək qalacaqdır dünyada

Sevərək yaşayanlar, sevilərək ölənlər...

 

Mən bu kiçik şeirimi yazıram göz yaşımla,

Çünki vidalaşıram bir ürək sirdaşımla.

 

1948-ci ilin 23 noyabrında Üzeyir bəy uzun sürən xəstəlikdən sonra vəfat edir. Üzeyir Hacıbəylinin simasında musiqi incəsənəti təkcə istedadlı bəstəkarını deyil, həmçinin nəhəng alim və nəzəriyyəçi, Azərbaycan musiqisinin parlaq zəkalı tədqiqatçısıitirmişdir. Çox səxavətli, xalqını sevən bu sənətkar xalq tərəfindən də böyük bir məhəbbətlə sevilirdi. 1948-ci il noyabrın 24-də mərhumun dəfn edildiyi gün insanlar böyük alimə olan sevgilərini nümayiş etdirdi. Bəstəkarın vəfatından 70 il ötməsinə baxmayaraq, həmin gündən qalan fotoşəkillərə baxdıqca, çoxlu sayda göndərilmiş başsağlığı teleqramlarını oxuduqca o günün kədərini, ağırlığını daha aydın və dərindən duyursan. Leninqrad Ali Dəniz Yolları Məktəbində, Leninqrad Su Nəqliyyat Mühəndisləri İnstitutundaLeninqrad Rabitə İnstitutunda təhsil alan azərbaycanlı tələbələr tərəfindən 1948-ci ilin 24 noyabrında "Kommunist” qəzeti redaksiyasına göndərilmiş başsağlığı məktubunda oxuyuruq:

"Dünən radio vasitəsilə verilən son xəbərlərdə Azərbaycanın ən gözəl bəstəkarı, SSRİ-nin xalq artisti Üzeyir Hacıbəyovun vəfatını eşidib, pərişan olduq. Odur ki, xahiş edirik ki, Leninqrad ali məktəblərinin tələbələri adından onun ailəsinə başsağlığı verin”.

Biz fəxr edirik ki, bu gün Azərbaycan Respublikasının üçrəngli bayrağı da zirvələrdə məhz Üzeyir bəyin ölməz musiqisinin - yazdığı himnin sədaları altında şərəflə dalğalanır. Biz, onun yazdığı musiqi əsərlərinin janrından, formasından və nəhayət, səslənmə müddətindən (sürəsindən) asılı olmayaraq, bu doğma musiqini dinləməyə nəinki borcluyuq, bu musiqi bizim qanımızda, canımızda səslənir. Üzeyir bəyin yaradıcılığı, onun yaratdığı musiqiləri, əsərləri əbədiyaşardır. Hər bir azərbaycanlı bu böyük şəxsiyyətin adını yüksəklərdə tutmalı, qoyub getdiyi mənəvi sərvəti onun adına layiq qorumalı, gələcək üçün yaşatmalıdır.

 

Aytən HEYDƏROVA,

Üzeyir Hacıbəylinin ev-muzeyinin əməkdaşı

 

Azərbaycan.- 2018.- 23 noyabr.- S.7.