Gələcəyə yol açan gənclər siyasəti

 

Noyabrın 16-da Azərbaycan Gənclərinin VIII Forumu keçirildi. "Cümhuriyyətin varisləri - Azərbaycanın gələcəyi” devizi altında təşkil edilmiş bu tədbirin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümündə - Cümhuriyyət ilində keçirilməsi böyük rəmzi məna daşıyır. Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunda da qeyd edildiyi kimi, istər Xalq Cümhuriyyətinin mövcud olduğu, istərsə də ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə gənclərin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verilib.

 

Cümhuriyyət qurucularının reallaşan arzuları

 

Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə təhsil məsələləri ilə bağlı verilən qərarlar, 100 tələbənin xarici ölkələrin nüfuzlu ali məktəblərində oxumağa göndərilməsi, müxtəlif hökumət qurumlarında yüksək təhsilli gənclərin mühüm vəzifələrə təyin olunması, Azərbaycan gəncliyi ilə bağlı ideoloji baxışların ortaya qoyulması Şərqin ilk demokratik respublikasının gənclər siyasətinin tarixi məqamlarıdır. Azərbaycan Xalq Cümhuriyyətinin məlum səbəblərdən reallaşdıra bilmədiyi arzuları bir neçə on ildən sonra ümummilli lider Heydər Əliyev həyata keçirdi.

Bu böyük dövlət adamının fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Hələ sovet Azərbaycanına rəhbərliyi dövründə ulu öndər Azərbaycan gəncliyini yeni bir inkişaf mərhələsinə yetirdi. Gənclər üçün bərabər imkanlar mühiti yaratdı. Onların ən çox ehtiyacı olan dəyəri - sosial ədalət normalarını bərqərar etdi. Ali məktəblərin qapılarını istedadından, biliyindən başqa güvənc yeri olmayan bütün gənclərin üzünə açdı. Fərdi inkişafa, karyera irəliləyişlərinə can atan bütün gənclərimizə dəstək oldu. Onların inkişaf yolundakı maneələri ortadan götürdü. Ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin əməyi sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərildi. 1970-1985-ci illərdə Sovet İttifaqının tanınmış 170 ali təhsil ocağında oxuyan azərbaycanlı gənclərin sayını 3500-ə çatdırdı. Məhz həmin gənclər sonradan yüksək ixtisaslı mütəxəssislər kimi ölkəmizdə müxtəlif sahələrdə çalışaraq respublikanın inkişafına dəyərli töhfələr verdilər. Bu nəslin işlə, mənzillərlə təminatı, öz həyatlarını qura bilməsi, vəzifə pillələrində irəli çəkilməsi, cəmiyyətdə nüfuz sahibi olması ulu öndərin əvəzsiz qayğısının nəticəsi idi.

Müstəqil Azərbaycana rəhbərlik illərində də Heydər Əliyevin sağlam və sarsılmaz dövlətçilik ideologiyasının davamlılığında gənclər siyasəti daim ön sıralarda dururdu. Böyük rəhbər gəncləri ölkənin ictimai-siyasi həyatında fəal olmağa çağıraraq yaxın gələcəkdə daha da dinamik inkişaf yoluna qədəm qoyacaq Azərbaycanın sonrakı uğurlarını bu nəslə göstərilən etimadda görürdü. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsini və ümumi fəaliyyətə cəlb edilməsini mühüm vəzifə kimi irəli sürürdü.

Azərbaycanda demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu prosesinin ilk dönəmindən ulu öndər Heydər Əliyev gənclər siyasətinin əsas istiqamətlərinin icrasına doğru uğurlu addımlar atdı. Həmin illərin gəncliyi vətən sevgisini, qəhrəmanlıq əzmini Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda döyüşlərdəki iştirakı, şəhidlik məqamına qədər yüksəlməsi ilə sübuta yetirdi.

Ümummilli liderin irəli sürdüyü milli dövlətçilik kursu isə ölkə gəncliyinə imkan verdi ki, öz əzmkarlıqlarını, yüksək potensiallarını cəmiyyət həyatının bütün sahələrində reallığa çevirib ən böyük tarixi qələbələri Azərbaycan dövlətinin qüdrəti ilə qazansınlar.

Cəmiyyətin inkişafında gənclərin rolunu artırmaq, onları ictimai fəallığa təşviq etmək, eyni zamanda vətəndaşlıq məsuliyyətini yüksəltmək, paytaxtregionlarda yaşayanların fikir mübadiləsinə şərait yaratmaq, gənclərin dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyətini asanlaşdırmaq məqsədilə ümummilli lider hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsünü irəli sürdü.

 

Heydər Əliyev deyirdi: "Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.

 

Gəncliyə verilən dəyər

 

Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da yeni istiqamət almağa başladı. Bütün bunları gözəl bilən ümummilli lider Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı.

1996-cı ildə Azərbaycan gənclərinə geniş və açıq müzakirə tribunası vermiş ilk forumun keçirilməsi təşəbbüsü də gəncləri daha fəal, daha məsuliyyətli və yetkin görmək istəyən ulu öndər Heydər Əliyevə məxsusdur. Həmin ildən başlayaraq Azərbaycan gənclərinin forumlarının keçirilməsi artıq ənənə halını aldı. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda 1997-ci ildə "2 fevral - ümumrespublika Gənclər Gününün təsis edilməsi haqqında mühüm qərarın qəbulu da gəncliyə verilən yüksək dəyər idi.

 

Keçirilən forumlar isə gənclərin dövlət və cəmiyyətin həyatında fəal iştirakına şərait yaradırdı.

 

İlk forumdan ötən illər ərzində Azərbaycan gəncliyinin həyatında mühüm dəyişikliklər baş verdi. Ölkəmizdə ilk gənclər təşkilatları formalaşdı. Əməkdaşlığın genişlənməsi, məsuliyyətin artması nəticəsində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının yaradılması gənclərin iştirakına, sosial təşəbbüskarlığına mühüm təkan verdi. Bundan sonra yerli idarələr vasitəsilə regionlardakı gənclərlə aparılmağa başlanıldı. Bütün bu işlərin nəticəsidir ki, hazırda müxtəlif dövlət qurumlarında, ölkə parlamentində, bələdiyyələrdə xeyli sayda gənclər təmsil olunur.

Hazırda da gənclər siyasəti dövlətimizin sosial siyasət kursununinsan kapitalının inkişafı prosesinin əsas istiqamətlərindən biridir. Ulu öndərin milli dövlətçilik irsini bu sahədə də uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iqtisadi və hərbi qüdrəti, siyasi nüfuzu regionalqlobal miqyasda davamlı olaraq artan respublikamızda gənclərin hərtərəfli inkişafı üçün mühüm addımlar atır. Onların intellektualinnovativ yaradıcılıq potensialının reallaşmasına şərait yaradan, ictimai təşəbbüslərini dəstəkləyən tarixi qərarlar qəbul edir.

Respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafı üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi imkan və təminatları sürətləndirib. Onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Bu gün Azərbaycan gəncliyi həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir. Siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin təşkilində mühüm rol oynayır. Bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Gənclərlə düzgün strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində hazırda Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir.

 

Uğurlu fəaliyyət və möhkəm qanunvericilik bazası

 

Ölkədə hər hansı sahənin tərəqqi tapmasının ən mühüm şərtlərindən biri təbii ki, onun mükəmməl qanunvericilik bazasının mövcudluğudur. 2002-ci ildən "Gənclər siyasəti haqqında” qanunun qəbulu bu baxımdan Azərbaycanın gələcəyinə daha bir tarixi töhfə oldu. Bu qanunvericilik sənədində respublikada gənclər siyasətinin əsas istiqamətləri müəyyənləşdirildi, onların mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, sağlamlıqlarının qorunması və fiziki inkişafı, məşğulluğunun təmin edilməsi, gənc ailələrə və gənclər təşkilatlarına dövlət yardımı kimi vacib müddəalar əksini tapdı. Bundan başqa, "Bədən tərbiyəsi və idman haqqında”, "Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında” müvafiq normativ-hüquqi sənədlər, "Gənc ailə proqramı”, "Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” ilə bağlı dövlət proqramları s. gənclərin sosial problemlərinin həllinə, onların öz potensiallarından istifadə edə bilmələrinə kömək göstərdi, gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən kamilləşməsinə zəmin yaratdı.

Belə bir mühitdə yetişən Azərbaycan gəncliyi vətən sevgisini, fədakarlığını, iradəsini, yenilməzliyini 2016-cı ilin aprelində cəbhə bölgəsində düşmənin təxribatlarının qarşısını alarkən öz qəhrəmanlığı ilə növbəti dəfə nümayiş etdirdi. Strateji baxımdan mühüm bir ərazinin düşmən tapdağından azad edilməsi ilə möhtəşəm bir zəfər salnaməsi yazdı və bu qalibiyyətin Azərbaycan cəmiyyətindəki coşqusu gənclərimiz arasında yüksək vətənpərvərlik ruhunun, vətəndaşlıq hisslərinin ifadəsi oldu.

Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə münasibətinin, bu sahədə yürütdüyü məqsədyönlü siyasətin, həyata keçirdiyi sistemli tədbirlərin tarixi ifadəsi hələ 2005-ci ildə qəbul olunmuşuğurla icra edilmiş "Azərbaycan gəncliyi 2005-2009-cu illərdə” və 2011-ci ildə bunun davamı olaraq imzalanmış "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramlarında öz əksini tapdı.

Bu proqramların uğurlu nəticələri cəmiyyət həyatının bütün sahələrində gənclərin irimiqyaslı layihələrin icrasında və idarəetmə sistemində rolunun güclənməsi, Azərbaycan gənclərinin vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyinin möhkəmlənməsi, son illərin ən xoş meyillərindən olan könüllülük hərəkatının geniş vüsət alması olmuşdur. Azərbaycan gəncləri 2012-ci il "Eurovision” mahnı müsabiqəsinin, 2015-ci il I Avropa Oyunlarının, 2017-ci il IV İslam Həmrəyliyi Oyunlarının təşkili zamanı nələrə qadir olduqlarını bir daha sübuta yetirmişlər. Onların bu mütəşəkkilliyində adıçəkilən dövlət proqramlarının müsbət təsirlərinin də böyük rolu olmuşdur. Bu proqramların uğurlu icrası Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident Mükafatının təsis edilməsi gənclərin hərtərəfli inkişafını stimullaşdırmışdır. Son illər Bakıda və regionlarda istifadəyə verilən Gənclər evləri onların maraq dairəsini genişləndirmiş, asudə vaxtın mənalı və səmərəli təşkili üçün yeni imkanlar açmışdır. Gənclərin məşğulluğu və sahibkarlığın inkişafı üçün biznes inkubatorların, texnoparkların yaradılması bu nəslin maddi durumunun, rifah halının daha da yaxşılaşmasına imkan vermişdir.

Bu gün hər birimiz zamanın sürətinin artmasının fərqindəyik. Bu sürət gənclərin həyatında özünü daha çox hiss etdirir. Onları zamanla ayaqlaşmağa, dövrün çağırışlarına diqqət yetirməyə, fərdi inkişaf barədə düşünməyə, bir sözlə, özlərini gələcəyə hazırlamağa həvəsləndirir. Azərbaycan Prezidentinin 15 sentyabr 2017-ci il tarixli fərmanı ilə təsdiqlənmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı da bu zərurəti nəzərə alaraq verilmiş tarixi qərar olmuşdur.

 

Tarixi nailiyyətlər

 

Gənclər Siyasəti üzrə I Qlobal Forumun Azərbaycanda keçirilməsi, "Gənclər sahəsində Bakı Öhdəlikləri”nin qəbulu ölkəmizin gənclər siyasəti sahəsində uğurunu, yeni yanaşmaların və standartların tətbiqini əks etdirir. Son illərdə ardıcıllıqla qəbul edilmiş və hazırda uğurla həyata keçirilməkdə olan "Azərbaycan gənclərinin İnkişaf Strategiyası (2015-2025-ci illər)”, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı gənclərin yaradıcı innovativ potensialının üzə çıxarılmasına, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tərbiyəsinə, onlar arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərinin təbliğinə, sağlamlığının qorunmasına, təhsil və məşğulluq məsələlərinə, qərarların qəbulu prosesində iştirakının artırılmasına və s. məsələlərə yeni imkanlar yaradır.

Gənclərin maraqlarının təmin olunması, ideyalarının gerçəkləşməsinə dəstək sahəsində də ciddi işlər görülür. Azərbaycan gənclərinin beynəlxalq əməkdaşlığı genişlənir. 2007-ci ildə ölkəmizdə "Gənclər ilinin elan olunması, 2008-ci ildə Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəxri sədrliyi ilə Gənclərin Məşğulluğu üzrə IV Dünya Sammitinin, Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının keçirilməsi, Prezident Administrasiyasında gənclərlə üzrə ayrıca şöbənin yaradılması Azərbaycan gəncliyinin həyatında baş verən mühüm tarixi hadisələrdir.

Ölkə rəhbərinin bəyan etdiyi "Qara qızılın insan kapitalına çevrilməsi” prinsipi istiqamətində reallaşdırılan tədbirlərin əsas subyekti, təbii olaraq Azərbaycan gəncliyidir. Onların təhsili, fərdi inkişafı, bilgi qaynaqlarına çıxışı üçün elmi-texniki infrastruktur ildən-ilə inkişaf etdirilir. Dövlət büdcəsindən gənclər sahəsinə ayrılan vəsaitin həcmi genişlənir. Bu gün Azərbaycanda Gənclər Fondu uğurla fəaliyyət göstərir. Bu siyasətin əsas infrastrukturu olan Gənclər Evi şəbəkəsi genişlənir.

2014-cü ildə ölkəmizdə 165 ölkədən 700 nümayəndənin iştirak etdiyi Gənclər Siyasəti üzrə I Qlobal Forumun təşkilini, "Gəncə - 2016-cı ilin Avropa paytaxtı” tədbirini, Virtual Qarabağ İKT Mərkəzinin layihələrini, Dünya Skaut Təşkilatının 41-ci Dünya Konfransının Azərbaycanda keçirilməsini, "Mən azərbaycanlıyam” milli intellektual televiziya yarışmasını və s. bu kimi tədbirləri də Azərbaycan gəncliyinin son illərdəki uğurları sırasına aid etmək olar.

Bu gün azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında gənclərimizin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi ümdə vəzifələrdəndir. Bu baxımdan istənilən cəmiyyətdə gəncliyin mənəvi tərbiyəsi, onların dövrün çağırışlarına uyğun istiqamətləndirilməsi üçün düzgün ideologiyalara ehtiyac var. Elə bir ideologiyaya ki, zamanın sınaqları onu heç bir vəchlə sarsıtmasın və tarixin bütün dövrlərində milli varlığa, ümumbəşəri dəyərlərin hakimliyinə xidmət etsin. Müstəqillik dövründə Azərbaycanın əldə etdiyi ən böyük nailiyyətlərdən biri istiqlalımızın əbədiliyinə, cəmiyyətimizin vəhdətinə xidmət edən belə bir ideologiyanı - azərbaycançılıq ideologiyasını formalaşdıra bilməsidir. Ulu öndər Heydər Əliyevin azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistemkonsepsiya halına gətirərək irəli sürdüyü bu ideologiya bütün digər cəhətləri ilə yanaşı, həm də Azərbaycan gənclərini cəmiyyətin həmrəyliyi, bütövlüyü, mənəvi birliyi mühitində yetişdirən, onlara dövlətçilik düşüncəsi aşılayan məktəbdir.

 

Mübarizlik ruhu

 

Ölkəmizdə gənclərin iştirakı ilə könüllülük hərəkatı geniş vüsət alıb. Gənclərimiz müxtəlif layihələrin icrasında iştirak edərək təcrübə toplayır, gələcək karyera irəliləyişlərinə doğru ilk addımlarını atırlar. Azərbaycanda yaradılmış əlverişli biznes mühiti gənc sahibkarların öz ideyalarını reallaşdıra bilmələrinə mühüm şəraiti təmin edir. Gənc özəl sektorda işlərini quraraq Azərbaycanın iqtisadi inkişafına dəyərli töhfələr verir. İnnovasiyalar, yeni mütərəqqi ideyalar bu gün cəmiyyət həyatına gənclər vasitəsilə, onların yaxından iştirakı ilə daxil olur.

Gənclərimiz dövlətimizin dəstəyi ilə mühüm yerli və beynəlxalq tədbirlərdə uğurla çıxış edir, ölkəmizi dünyada tanıdır. Bu tədbirlər Azərbaycan gənclərinin dünyagörüşünün, fəallığının artmasında, onların beynəlxalq əlaqələrinin inkişafında mühüm rol oynayır və dövlətimizin həyata keçirdiyi siyasətə mühüm töhfələr verir. Təsadüfi deyil ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən "Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində bir sıra ölkələr və beynəlxalq qurumlar Xocalı soyqırımını tanıyıb. Bu gün Azərbaycanda necə vətənsevər, mübariz ruhlu, sarsılmaz bir gəncliyin fomalaşdığını Azərbaycan Ordusunun 2016-cı ildə düşmən üzərində qazandığı zəfər, Azərbaycan gəncliyinin aprel döyüşlərindəki qəhrəmanlığı bir daha sübuta yetirdi.

 

Əminik ki, "Cümhuriyyətin varisləri - Azərbaycanın gələcəyi” devizi altında keçirilən VIII Forum da dövlət gənclər siyasətinin yeni uğurlarına vəsilə olacaq, gəncliyimizi cümhuriyyət ideyaları işığında növbəti tarixi nailiyyətlərə ruhlandıracaq.

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2018.- 24 noyabr.- S.1; 3.