Hikmət Hacıyev:
“İmzalanmış sənədlər
Azərbaycan Prezidentinin
Türkmənistana səfərinin
praktiki əhəmiyyətini
aydın göstərir”
Prezident Administrasiyasının xarici
siyasət məsələləri
şöbəsinin müdir
müavini Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Türkmənistana rəsmi
səfəri zamanı
keçirilən görüşlərin,
imzalanan sənədlərin
önəmini AZƏRTAC-a şərh
edib.
Hikmət Hacıyev
deyib ki, Azərbaycanın beynəlxalq
əlaqələrinin genişləndirilməsi,
digər dövlətlərlə
qarşılıqlı faydalı
əməkdaşlığının inkişaf etdirilməsində
Prezident İlham Əliyevin xarici ölkələrə rəsmi
və işgüzar səfərləri, əcnəbi
ölkələrin dövlət
və hökumət başçılarını və
digər yüksək
səviyyəli rəsmi
nümayəndə heyətlərini
respublikamızda qəbul
etməsi xüsusi əhəmiyyətə malikdir.
Dövlətimizin başçısının xarici ölkələrə
səfərlərindən əvvəl
qarşıya qoyulmuş
tapşırıqlar əsasında
müfəssəl və
məzmunlu gündəlik
formalaşdırılır, səfərlər mahiyyət
etibarilə nəticəyönümlü
xarakter daşıyır,
açıq məsələlərin
həllinə və ikitərəfli siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə
əməkdaşlığın daha da dərinləşdirilməsinə
xidmət edir. Təbii ki, Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ
münaqişəsi, beynəlxalq
və regional təhlükəsizlik
məsələləri Prezident
İlham Əliyevin gündəliyində prioritet
xarakter daşıyır.
Həftə ərzində dövlətimizin
başçısının Belarus və Türkmənistana rəsmi səfərləri
həyata keçirildi. Hər iki ölkə ilə Azərbaycanın tarixi və ənənəvi dostluq əlaqələri var. Belarusa
səfər əsnasında
Prezident İlham Əliyevin Prezident Aleksandr Lukaşenko ilə iki saatdan
artıq apardığı
danışıqlar, imzalanan
10-a yaxın sənəd,
xüsusilə iki ölkənin liderlərinin
imzaladığı Birgə
Bəyanat strateji tərəfdaşlığımızın müxtəlif sahələrdə
daha da dərinləşməsi
üçün geniş
perspektivlər açıb.
Dövlət başçılarının imzaladığı Birgə
Bəyanatda Ermənistan-Azərbaycan
münaqişənin BMT Təhlükəsizlik
Şurasının qətnamələri
və beynəlxalq hüququn ümumqəbuledilmiş
prinsipləri olan ərazi bütövlüyü,
suverenlik və sərhədlərin toxunulmazlığı
əsasında həllinin
vacibliyi qeyd olunub.
Türkmənistan tərəfi Azərbaycan ilə əməkdaşlığın
genişləndirilməsi və
dövlətimizin başçısı
tərəfindən rəsmi
səfərin həyata
keçirilməsinə münasibətdə
öz marağını
ifadə etmişdi. Belə ki,
dövlətimizin başçısının
səfərindən əvvəl
Türkmənistan Baş
nazirinin müavini və xarici işlər naziri ölkəmizə səfər
etmişdi.
2017-ci ildə
"Azərbaycan Respublikası
ilə Türkmənistan
arasında strateji Tərəfdaşlıq haqqında
Bəyannamə” imzalanıb. Bu Bəyannamə iki dövlət arasında əlaqələrin strateji
tərəfdaşlıq müstəvisində
inkişafını xarakterizə
edir.
Noyabrın 21-22-də həyata keçirilən
səfər çərçivəsində
20 sazişin və dövlət başçılarının
Birgə Bəyanatının
imzalanması səfərin
praktiki əhəmiyyətini
və nəticələrini
açıq şəkildə
nümayiş etdirir. İmzalanan sənədlər
siyasi, nəqliyyat-logistika,
tranzit daşımalar
və onların idarə edilməsi, uzunmüddətli iqtisadi-sənaye
əməkdaşlığı, elm-təhsil və humanitar sahələri əhatə edir.
Prezident Administrasiyasının
rəsmisi qeyd edib ki, səfər
çərçivəsində imzalanan Birgə Bəyanatda dövlət başçıları dost ölkələr
olan Azərbaycan və Türkmənistanın
bir-birinin suverenliyi, ərazi bütövlüyü
və beynəlxalq səviyyədə tanınmış
sərhədlərinin toxunulmazlığını
qətiyyətlə dəstəklədiklərini
bir daha təsdiqlədilər. Həmçinin Birgə Bəyanatda prezidentlər suverenlik, ərazi bütövlüyü
və dövlətlərin
beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin
toxunulmazlığı prinsiplərinə
hörmət və riayət əsasında beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına uyğun olaraq münaqişələrin sülh
yolu ilə həllinin zəruriliyini qeyd etdilər.
Hikmət Hacıyev vurğulayıb
ki, Azərbaycanda və Türkmənistanda paralel surətdə
multimodal nəqliyyat sistemləri,
dəniz limanları, yol-nəqliyyat infrastrukturu
yaradılıb. Dövlətimizin başçısının Türkmənistana səfəri
və səfər əsnasında imzalanmış
sənədlər iki
ölkənin nəqliyyat
sistemlərinin inteqrasiya
və harmonizasiya edilməsi, nəqliyyat və digər sahələrdə əməkdaşlığın
müqavilə-hüquq bazasının
və hökumət səviyyəsində operativ
əlaqələndirmə mexanizmlərinin
yaradılmasına əsaslı
təkan verib. Azərbaycan və Türkmənistan yalnız regional səviyyədə
deyil, Avrasiya qitəsi boyunca Şərq-Qərb dəhlizinin
inkişafına öz
mühüm töhfələrini
verirlər.
Azərbaycan.- 2018.-24 noyabr.- S.2.