Narkotiklərlə
Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın gələn
il Bakıda keçirilməsi ilə bağlı ilk
hazırlıq iclası olub
Noyabrın 23-də Nazirlər
Kabinetində Narkotiklərlə Mübarizə üzrə
36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində
keçirilməsi ilə əlaqədar ilk hazırlıq
iclası keçirilib.
AZƏRTAC xəbər verir ki,
Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin
Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə
üzrə Dövlət Komissiyasının və Təşkilat
Komitəsinin sədri Əli Həsənovun yanında
keçirilən iclasda Narkotiklərlə Mübarizə
üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə
Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat
Komitəsinin yaradılması haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamından irəli gələn
məsələlər müzakirə edilib.
Təşkilat Komitəsinin sədri
Əli Həsənov narkotik vasitələrin qanunsuz dövriyyəsinə
qarşı mübarizəni ümumdövlət vəzifəsi
hesab edən Azərbaycan Respublikasının beynəlxalq
birliyin bütün səylərini dəstəklədiyini,
Birləşmiş Millətlər Təşkilatının
müvafiq konvensiyalarına qoşulduğunu, ölkəmizdə
bu sahədə milli hüquqi bazanın
yaradıldığını vurğulayıb. Bu bəladan
bütün dünyanın əziyyət çəkdiyini qeyd
edən Baş nazirin müavini deyib ki, ABŞ-ın Narkotiklərlə
Mübarizə Administrasiyasının dəstəyi ilə
keçiriləcək konfrans ölkəmizin beynəlxalq təşkilatlarla
tərəfdaşlıq münasibətlərinin yüksək
səviyyədə olduğunun göstəricisidir.
ABŞ-ın Narkotiklərlə
Mübarizə Administrasiyasının Ankara ofisinin direktoru
Klement Sze iclasda çıxış edərək bu beynəlxalq
konfransın əhəmiyyətindən danışıb, təşkilati
məsələlərlə bağlı fikirlərini
bölüşüb.
İclasda Narkotiklərlə
Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın
keçirilməsi ilə bağlı öhdəliklərin,
eyni zamanda, tədbirə ev sahibliyi edən Azərbaycan
Hökumətinin üzərinə düşən vəzifələrin,
lazımi və zəruri təşkilati məsələlərlə
əlaqədar hazırlıq işlərinin
qarşılıqlı əməkdaşlıq çərçivəsində
yerinə yetirilməsi məqsədilə təklif və
suallarla bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan.- 2018.-24 noyabr.- S.3.