Ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası keçirilib

 

Buxarestdə Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasın plenar sessiyasının açılışında Müştərək Komissiyanın həmsədrləri - Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Rumıniyanın Baş nazirinin strateji əməkdaşlığın həyata keçirilməsi üzrə müavini xanım Ana Birçal çıxış ediblər.

Sahil Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının nailiyyətlərindən biri kimi, Azərbaycanın bu gün regionda iqtisadi güc mərkəzinə çevrildiyini və ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının uğurla davam etdirildiyini bildirib. Nazir Azərbaycanla Rumıniya arasında diplomatik münasibətlərin 26 ilinin tamam olduğunu, 2009-cu ildə iki ölkə arasında strateji tərəfdaşlığın yaradılmasına dair razılaşma haqqında Birgə Bəyannamənin təsdiq edildiyinibu əməkdaşlığın ildən-ilə genişləndiyini vurğulayıb. O bildirib ki, Azərbaycan Avropa üçün vacib və etibarlı tərəfdaş olaraq, eyni zamanda, Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir, enerji ixrac marşrutlarının bu istiqamətdə şaxələndirilməsi üçün ardıcıl işlər görülüb. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları əsasında ədalətli həlli, dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşılması ilə bağlı Rumıniyanın mövqeyini, ölkəmizin AvropaAvratlantika strukturları ilə əlaqələrinin inkişafındakı rolunu yüksək qiymətləndirir.

Nazir gələn ilin yanvar-iyun aylarında Rumıniyanın Avropa İttifaqına (Aİ) sədrliyi çərçivəsində Aİ ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq Sazişi üzrə danışıqlara bu ölkənin dəstək verəcəyinə ümidvar olduğunu qeyd edib.

İki ölkə arasında ötən dövrdə müxtəlif sahələr üzrə 56 əməkdaşlıq sənədinin imzalandığını, daha 5 sənəd layihəsinə baxıldığını, həmçinin parlamentlərarası əlaqələr qrupunun yaradıldığını diqqətə çatdıran S.Babayev qeyd edib ki, iqtisadi əlaqələrin mühüm istiqaməti kimi Azərbaycanla Rumıniya arasında ticarət dövriyyəsi də artmaqdadır. Bu artım cari ilin 9 ayında 62,11 faiz təşkil edib. Eyni zamanda, Rumıniyaya ixrac 94,01 faiz artıb.

Azərbaycanla Rumıniya arasında enerji sahəsində geniş əməkdaşlıq gündəliyindən, birgə icra olunan və Rumıniyanın enerji təchizatında önəmli dəstək olan layihələrdən bəhs edən nazir, eyni zamanda, SOCAR-ın 2011-ci ildə yaradılmış "SOCAR Petroleum S.A” törəmə şirkəti vasitəsilə Rumıniya neft məhsulları bazarında əhəmiyyətli rol oynadığını deyib. O, şirkətin Rumıniyanın 18 bölgəsində 40 yanacaqdoldurma məntəqəsinin olduğunu, həmin məntəqələrdə 550 insanın işlə təmin edildiyini, gələcəkdə daha 20 belə məntəqənin açılmasının nəzərdə tutulduğunu deyib.

Nazir qarşılıqlı investisiya qoyuluşu, habelə kənd təsərrüfatı, təhsil, turizm, mədəniyyət, elmi-texniki sahələrdə əməkdaşlığın genişlənməsi üçün aparılan işləri, əldə olunan uğurları da diqqətə çatdırıb. Bildirib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Buxarest şəhərindəki Rumın-Amerikan Universitetində yaradılan Azərbaycan Araşdırmalar Mərkəzində Azərbaycan dili tədris olunmaqla yanaşı, Azərbaycan tarixi və mədəniyyəti təbliğ edilir. Həmçinin Fondun dəstəyi ilə Babeş-Bolyai Universitetində Azərbaycan dili tədris olunur. Azərbaycan Dillər Universiteti (ADU) və Rumıniyanın Dil İnstitutu arasında ADU-da rumın dili, ədəbiyyatı və mədəniyyətinin tədrisinə dəstək üçün əməkdaşlıq protokolu da imzalanıb.

Nazir əməkdaşlığın qarşıdakı dövrdə qeyri-neft məhsullarının ixracı, Azərbaycan istehsalı olan malların təşviqi, ixrac nümayəndəliklərinin təşkili, sənaye parklarında Rumıniya şirkətlərinin iştirakının təmin olunması, birgə ixracyönümlü mebel istehsalı müəssisələrinin yaradılması, limanlar arasında əməkdaşlığın təşkili, AZPROMO ilə birgə sərgilərin, təqdimatların keçirilməsi və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsinin önəmli ola biləcəyini deyib.

Xanım Ana Birçal çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniya-Azərbaycan münasibətlərinə göstərdiyi xüsusi diqqətə görə təşəkkürünü bildirib. O, yüksək səviyyəli səfərlərin ikitərəfli əlaqələrin inkişafında oynadığı mühüm rolu vurğulayıb. 2009-cu ildə imzalanmış Strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə və Strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planının əhəmiyyətini, iqtisadi əlaqələrin, qarşılıqlı sərmayə qoyuluşlarının genişləndirilməsinin vacibliyini qeyd edib. Ana Birçal Rumıniyanın Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiyini vurğulayıb. O, ölkələrimiz arasında iqtisadi, mədəni, elm və təhsil əlaqələrinin dərinləşdiyini, birgə nəqliyyat və enerji layihələrini həyata keçirmək üçün böyük imkanların mövcud olduğunu qeyd edib. Həmçinin Azərbaycan ilə Rumıniya arasında energetika sahəsində mövcud olan faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarından danışıb. Energetika sahəsində əməkdaşlığın iki ölkə arasında iqtisadi əlaqələrin mühüm hissəsi olduğunu bildirən Baş nazirin müavini Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın təşəbbüskarı olduğu və həyata keçirdiyi Cənub Qaz Dəhlizinin önəmini qeyd edib. O, ölkəsi ilə Azərbaycan arasında müxtəlif əməkdaşlıq sahələrində aparılan işlərin Rumıniya iqtisadiyyatı üçün əhəmiyyətindən bəhs edib. Gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi üçün mövcud olan potensialdan maksimum istifadə olunmasının vacibliyini vurğulayıb.

İclasda ticarət-iqtisadi əlaqələr və elmi-texniki sahədə əməkdaşlığın mövcud vəziyyəti, bu sahələrdə gələcək istiqamətlər ətraflı müzakirə olunub, təkliflər səsləndirilib. Yekunda Müştərək Komissiyanın 5-ci iclasının nəticələrinə dair Protokol imzalanıb.

Protokolda vacib məqamlardan biri kimi qeyd olunur: "Azərbaycan tərəfi Dağlıq Qarabağ regionu daxil olmaqla işğal olunmuş ərazilərdə istehsal edilən və ya Azərbaycan Respublikasının işğal edilmiş ərazilərindəki sərvətlərdən istifadə yolu ilə istehsal edilən məhsul və xidmətlərin Rumıniya bazarına idxalı, ölkə bazarında satışı və realizəsinin, həmçinin Rumıniya şirkətlərinin bu ərazilərdə hər hansı iqtisadi fəaliyyətdə iştirakının qarşısının alınması məqsədilə Rumıniya tərəfinə müraciət edib. Tərəflər bu məqsədlə gələcəkdə məlumat mübadiləsinin aparılmasına dair razılığa gəliblər. Rumıniya tərəfi Azərbaycan tərəfini Rumıniya dövlət qurumlarının öz fizikihüquqi şəxslərinin Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində hər hansı iqtisadi fəaliyyətdən çəkindirəcəyinə əmin edib. Bu kontekstdə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qəti dəstəyini təsdiq edib”.

 

Azərbaycan.- 2018.- 24 noyabr.- S.4.