Dəniz nəqliyyatı sistemi daha da təkmilləşdirilir

 

İlham Əliyevin qlobal miqyaslı təşəbbüsləri ilə dəniz nəqliyyatını davamlı olaraq modernləşdirən Azərbaycan regional əməkdaşlıq üçün əvəzolunmaz ölkəyə çevrilir

 

Əlverişli coğrafi mövqeyə sahib olan müstəqil Azərbaycan son 15 ildə etibarlı nəqliyyat dəhlizinin yaradılması istiqamətində mühüm işlər görür.

Dəniz nəqliyyatına böyük investisiyalar yatırmaqla infrastrukturunu möhkəmləndirən ölkəmiz regionda əlverişli logitik bağlantı yaradır. Xüsusən də dəniz nəqliyyatı sisteminin müasirləşdirilməsi Azərbaycanı Avrasiya məkanının ən mühüm nəqliyyat-tranzit qovşaqlarından birinə çevirib.

 

200-dən çox gəmi Xəzər sularında yükdaşımalar aparır

 

Ölkəmizin Avrasiyanın əhəmiyyətli nəqliyyat-logistika mərkəzlərindən biri kimi özünü təsdiq etməsinə yönəlmiş irimiqyaslı infrastruktur layihələri, ən yeni texnoloji standartlar səviyyəsində gəmiqayırma zavodunun istifadəyə verilməsi, 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı və 2018-ci ildə Xəzərdə ən böyük Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi son illər Azərbaycanda bu istiqamətdə məqsədyönlü strateji planın uğurla reallaşdırılmasının bariz nümunələridir.

Əlverişli investisiya iqliminin mövcud olduğu Azərbaycan bu gün Xəzər hövzəsində ən böyük ticarət donanmalarından birinə sahibdir. Hazırda 200-dən çox gəmi Xəzər sularında yükdaşımalar aparır.

Ümumiyyətlə, dünya ticarət məhsullarının 80 faizdən artıq hissəsinin təhlükəsiz, maddi cəhətdən sərfəli və ətraf mühitə daha az mənfi təsir göstərməklə daşınması məhz dəniz nəqliyyatı vasitəsilə həyata keçirilir. Dəniz nəqliyyatının inkişafı ilə əlaqədar bütün dünya dövlətləri tərəfindən qəbul olunan və riayət edilən, dənizçilik münasibətlərini tənzimləyən tələblərə və normalara daim ehtiyac duyulub.

İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə də etibarlı təminat verir.

 

Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin əsas funksiyaları təsdiqlənib

 

Tarixi inkişaf yolu keçən dəniz nəqliyyatı bütün zamanlarda öz əhəmiyyətliyini saxlayıb. Azərbaycanın müstəqillik qazandıqdan sonra xüsusən dəniz nəqliyyatı sahəsinin tənzimlənməsi mühüm səciyyə daşıyır.

Prezident İlham Əliyevin bu sahədə apardığı məqsədyönlü islahatlar nəticəsində dəniz nəqliyyatı yeni inkişaf mərhələsinə qədəm qoyub. Ona görə də bu sahədə qanunvericiliyimizin təkmilləşdirilməsi istiqamətində görülmüş işlər də xüsusi qeyd edilməlidir.

Onlardan biri də noyabrın 19-da Nazirlər Kabinetinin Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi ilə Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxslərinin nizamnamələri və strukturlarını təsdiq edən 491 nömrəli qərarıdır.

Bu qərara əsasən, Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin əsas funksiyaları müəyyənləşib. Bu funksiyalar əsasən Azərbaycanın ərazi sularında, həmçinin limanların akvatoriyalarinda "Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”nın tələblərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi, dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi, gəmilərin hərəkətinin idarə olunmasına nəzarətin həyata keçirilməsi, gəmilərə naviqasiya, meteoroloji və digər məlumatların ötürülməsidir.

 

Təhlükəsizliyin daha səmərəli təşkili

 

Qurumun digər funksiyaları isə dəniz naviqasiya avadanlıqlarının işlək vəziyyətdə olmasına nəzarət etmək, kanallarda dibdərinləşdirmə işlərinin təşkili və gəmilərə dənizdə yaranmış təhlükəli vəziyyətlərdən çıxılması üçün məsləhət və tövsiyələr vermək, həmçinin dəniz üzgüçülüyünün təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etməkdən ibarətdir.

Həmçinin gəmilərdə limanbayraq nəzarəti ilə əlaqədar yoxlamaların həyata keçirilməsi istiqaməti üzrə fəaliyyət göstərən mərkəzin gəmi üzgüçülüyə yararlı olmadıqda, gəminin yüklənilməsinə, təchizatına, gəmi heyətinin komplektləşdirilməsinə dair tələblər pozulduqdaya gəmidə olan insanların həyatına, sağlamlığına təhlükə, habelə gəminin dəniz mühitinə zərər vurmaq təhlükəsi yarada biləcək digər çatışmazlıqlar olduqda, gəmi sənədlərinə olan tələblər pozulduqda və müəyyən edilmiş digər hallarda gəminin limandan çıxışını qadağan etmək hüququ nizamnamədə əks olunub.

 

Limanlarda bələdçi xidməti, qəzaya uğramış insanların axtarışı və xilası

 

Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi Azərbaycan ərazisində yerləşən limanlarda bələdçi xidmətini həyata keçirir, gəmilərin bələdçi ilə keçirilməsinin məcburi və məcburi olmayan rayonlarını müəyyən edir.

Qeyd edilənlərlə yanaşı, nizamnaməsinə uyğun olaraq, Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi dənizdə gəmilərdə baş vermiş qəza hadisələrinin araşdırılmasında, xüsusilə də Xəzər dənizinin axtarış-xilasetmə məsul sektorunda dənizdə qəzaya uğramış insanların axtarışı və xilası üçün ölkəmizin və xarici dövlətlərin dəniz, aviasiya qəza-xilasetmə xidmətləri tərəfindən zəruri tədbirlərin həyata keçirilməsində iştirak edir.

Qəbul edilən qərarlar, bu sahədə aparılan uğurlu islahatlar dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və dəniz mühitinin mühafizəsi sahəsində məqsədyönlü tədbirlərin davam etdirilməsinə, eləcə də Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi tərəfindən Azərbaycanın ərazi sularında, liman akvatoriyasında dəniz üzgüçülüyünün təhlükəsizliyinin daha səmərəli təşkil edilməsinə öz töhfəsini verəcək.

 

Azərbaycanın ərazi sularında üzən bütün gəmilər izlənilir

 

Onu da xatırladaq ki, "Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”nın tələblərinin yerinə yetirilməsi məqsədilə Xəzəryanı ölkələrdə ilk dəfə olaraq məhz Azərbaycanda ən son naviqasiya və müşahidə avadanlıqları ilə təchiz edilmiş Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi yaradılıb.

Bu mərkəzin funksiyası isə Azərbaycanın ərazi sularında üzən gəmilərin mövqeyinin peykradarlar vasitəsilə izlənilməsi, onların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, naviqasiya xəbərdarlıqlarına və hava haqqında proqnozlara dair müvafiq məlumatların gəmilərə çatdırılmasıdır.

Eləcə də gəmilərdən daxil olan həyəcan siqnallarının (SOS) və digər məlumatların aidiyyəti dövlət qurumlarına çatdırılmasının təmin edilməsi və əlaqələndirmənin təşkilindən, habelə beynəlxalq təşkilatlar daxil olmaqla, digər ölkələrin eyni adlı milli mərkəzləri və gəmiçilik şirkətləri ilə mütəmadi olaraq operativ əlaqənin yaradılması, informasiya mübadiləsinin həyata keçirilməsi də mərkəzin funksiyalarına aid olan məsələlərdir.

Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi öz texniki təchizatı baxımından bir çox qabaqcıl Avropa dövlətlərinin oxşar qurumlarından daha üstündür. Milli mərkəzdə işə cəlb olunmuş mütəxəssislər xarici ölkələrin müvafiq mərkəzlərində xüsusi təlimlər keçiblər.

 

Davamlı islahatların uğurları

 

Bütün bunların nəticəsidir ki, ölkəmizdə dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin olunmasında görülən işlər və təşəkkül tapmış mövcud dövlət nəzarət üsulu mütəmadi olaraq Azərbaycana səfər edən müstəqil beynəlxalq ekspertlər, habelə Beynəlxalq Dəniz Təşkilatı və Avropa Dəniz Təhlükəsizliyi Agentliyi tərəfindən müsbət dəyərləndirilir.

Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların tələblərinin yerinə yetirilməsinə və gəmilərin nəzarət yoxlamasının beynəlxalq standartlara uyğun olaraq daha səmərəli və effektiv həyata keçirilməsinə xidmət göstərəcək.

Azərbaycan gəmiçilik sahəsində mövcud infrastrukturun təkmilləşdirilməsi, habelə regionda ən iri, müasirgüclü potensiala malik milli gəmiqayırma zavodunun tikintisi dəniz nəqliyyatı sahəsinə dövlət tərəfindən göstərilən dəstəyin bariz nümunəsidir.

Bütün göstərilənlər, Prezident İlham Əliyevin birbaşa diqqət və qayğısı ilə iqtisadiyyatın, digər sahələri ilə yanaşı dəniz nəqliyyatı sahəsində həyata keçirilən davamlı islahatların uğurlarıdır. Bu gün dəniz nəqliyyatını davamlı olaraq modernləşdirən Prezident İlham Əliyevin qlobal miqyaslı təşəbbüsləri ilə Azərbaycan regional əməkdaşlıq üçün əvəzolunmaz ölkəyə çevrilir.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2018.- 24 noyabr. - S.5.