Xatirələr
işığında...
Əli
Əmirli - 70
Ömür elə bir yoldur ki, nə
qədər getsən də, ilkindən ayrıla, uzaqlaşa
bilmirsən. Yaş üstə yaş gəlsə də, illər
insanın simasında izlər salsa da, istər-istəməz
bir gözün elə arxada qalır. Yol aldığın o
ilk məkanda gözləyənin qalmasa belə,
dönüşün mümkünsüzlüyünü
çox yaxşı bilsən belə, bir duyğu heç
zaman susmayan musiqi kimi səni ora - uşaqlıq adlı məmləkətə
səsləyir...
O isə keçmişə
boylanmağı sevmir. Heç gələcəklə
bağlı möhtəşəm planlar qurub arzular
sorağına da düşmür. Hər şeyin bu gün,
indi həll olunduğunu düşünür. Bununla belə,
keçmişi daim onunladır. Ömrünün yetmişinci
döngəsində ötənlərin hənirtisini daha
yaxında hiss edir. Yazıçı, dramaturq, pedaqoq Əli
Əmirli aramla o ilk məskənini - Qarabağı
xatırlayır: "Mənim üçün o, iki doğma
məkana bölünür: doğulduğum Novruzlu kəndi,
böyüdüyüm, məktəbi bitirdiyim Ağdam şəhəri.
Yetmiş illik ömrümün ilk on yeddi ili Çexovun
"uşaqlıq məmləkəti” dediyi bu iki məkandan
keçib. Dünyaya göz açdığım Novruzlu kəndinin
özündə çox kiçik, amma daha doğma bir vətənim
də vardı. Bu, kəndin lap girəcəyindəki
Boccalı məhləsiydi. Bu məhlənin tən
ortasında, bedana tut ağaclarının əhatəsində
hələ Oktyabr inqilabından əvvəl Qarqar
daşından tikilmiş üstü qırmızı dəmir
taxtapuşlu ikimərtəbəli böyük bir evdə
doğulmuşdum... Deyəsən, mən "Ağdamda nəyim
qaldı” avtobioqrafik romanımın giriş hissəsini
xatırladım. Bir yuxu kimi xatırladım. Həqiqətən,
keçmiş yuxu olsa da, o adamın içində həmişə
canlıdır, diridir. O keçmiş insanın bütün
gələcək həyatını müəyyənləşdirir,
ona istiqamət verir”.
Bəzən bir himə bənd
olur. Keçən günlərin bircə anı xatirinə
düşdüsə, xəyallarına büründüsə,
ardını da çəkib gətirir. Əli
Əmirli də o illərin izinə düşüb 13-14
yaşlarına gəlir. O çağlara ki, heç
bitməyəcək bir sevdaya - ədəbiyyat sevdasına
düşmüşdü. Doqquzuncu sinifdə
Seyid Hüseynin "Şirinnaz” hekayəsinin təsiri ilə,
özünün təbirincə desək, ağlamalı bir
hekayə yazmışdı. Gizli məhəbbətlə
sevdiyi qıza verdi, o da oxuyub ağladı.
O kövrək oxucusunun təəssüratı təsirli oldu.
Bu göz yaşları gələcəyin
yazıçısında özünə, qabiliyyətinə
inam yaratdı. İlk hekayələrinin "Azərbaycan”
jurnalında dərc olunması da ona ayrı bir güvənc verdi. Çünki gənc
yazıçı üçün elə bir jurnalda çap
olunmaq çox böyük uğurdu. Əli Əmirli
danışır: "Beləcə, davam elədi: hekayələr,
povestlər, romanlar... İlk pyesimin tamaşaya
qoyulması ilə nəsrə uzunmüddətli bir "əlvida”
deyib düşdüm teatrın sehrinə. Əslində, mən lap uşaqlıq
çağlarından teatrın tilsiminə
düşmüşdüm. Yeddi
yaşımdan məni oğulluğa götürmüş
dayım Məmməd Əmirov 1948-ci ilə qədər
Ağdam teatrında aktyor olmuş, teatr bağlanandan sonra
müxtəlif rəhbər vəzifələrdə işləmiş,
səhnədən ayrı düşmüşdü. Ancaq bu evdə heç vaxt itməyən bir teatr
havası vardı. Bu hava məni
tutmuşdu. Ağdamda yaşasam da,
Bakının teatr həyatını çox yaxşı
bilirdim. Teatr və kino ilə bağlı
bütün informasiyaları, resenziyaları oxuyur,
aktyorları tanıyırdım. Bakıdan
qastrola gələn teatrların bütün tamaşalarına
baxırdım. Ağdam Mədəniyyət evində Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrının "Otello”, "Fərhad
və Şirin”, "Vaqif”, "Pəri-Cadu” tamaşalarına
baxmışdım. Nəhayət, 1967-ci ildə
(onda mən artıq Bakıda idim) yenidən Ağdamda dövlət
teatrı yaradılanda direktor vəzifəsi "papa” dediyim
dayıma tapşırıldı. 1965-ci ildə
Bakıya ali məktəbə daxil
olmağa gəldim, yenə də teatrın sehrinə düşdüm.
İki il instituta daxil ola bilmədim. O
vaxtlar ali məktəbə daxil olmaq
indikindən çox-çox çətin idi. Zavoda
işə düzəldim, Azərbaycan Dövlət
Universitetinin axşam şöbəsinə qəbul olundum,
gündüz fəhləlik, axşam tələbəlik.
Bu heç əsl tələbəlik də deyildi.
Çətinliklər vardı, amma mən
uşaqlıqdan yaxşı bir çətinlik məktəbi
keçmişdim, ona görə də fəhlə-tələbə
olmaq, yaşayışımı təmin etmək mənim
üçün heç bir mürəkkəblik törətmirdi.
Ümumiyyətlə, mən şikayətlənməyi
sevmirəm, daha doğrusu, bacarmıram”.
...Bu da ayrı bir günün
sevincidir. O günün ki, ilk hekayələri işlədiyi
zavodun 2 min tirajla çıxan "Elektrik” qəzetində
işıq üzü gördü. İlk
qonorarını da elə o qəzetdən aldı. Hər gənc kimi o da romantik duyğulardan, sevgidən,
məhəbbətdən yazırdı. Bu günün
düşüncəsi ilə etiraf edir: "O hekayələri
indi heç oxumaram da, heç qalmayıb da”.
1971-ci ildən ədəbi
yaradıcılıqla məşğuldur. 47 il... Bir igidin ömrüdür. Bu da həmin illərin
özünə verdiyi hesabatı: "Demərəm
yazmadıqlarım çoxdur, əksini deyərdim, nə istəmişəm,
nəyi bacarmışam, yazmışam. Ümumiyyətlə,
hər əsərdən sonra mənə elə gəlir, daha
bitdim, tükəndim. Hər dəfə də
yanılıram”.
1990-cı il
ictimai-siyasi hadisələrin gərginləşdiyi, milli
azadlıq hərəkatının daha da yüksəldiyi bir
dönəm oldu. Ölkə mədəniyyəti,
eləcə də teatrı böhranla üzləşmişdi.
O qarışıq, mürəkkəb zamanda artıq iyirmi
illik nasir stajı, ona yaxın povest və romanın, iyirmidən
çox hekayənin müəllifi, kifayət qədər
oxucusu olan Əli Əmirli dramaturgiyaya gəldi. İçindəki
heç vaxt unudulmayan, azalmayan teatr sevgisi onu teatra gətirdi.
İlk pyesi 1990-cı ildə səhnəyə
qoyuldu. O günlərin xatirələrini
yaddaşından alıb dilə gətirir: "Həqiqətən,
zaman çox mürəkkəbdi. Cəmiyyətdə baş
verən inqilabi dəyişikliklər, bizə tanış
olmayan yeni, qəddar iqtisadi münasibətlər və bu
münasibətlər fonunda vərdiş etdiyimiz mənəvi
dəyərlərin sürətlə aşınması
insanları çaşdırmışdı. Millətin
yeni iqtisadi şəraitə uyğunlaşma prosesi çox
ağrılı gedirdi, yeni azərbaycanlı tipi
formalaşırdı”. Dramaturq da öz qəhrəmanlarını
bu yeni insan tiplərinin arasından seçirdi. Bəlkə elə buna görə səhnəyə
qoyulan hər bir əsəri tamaşaçılar tərəfindən
maraqla qarşılanırdı. Ancaq zaman
tarixə dönə-dönə ötüb keçsə də,
onlara diqqət azalmadı. Otuz ilə
yaxındır Əli Əmirlinin əsərləri daim
gündəmdədir. Ölkənin demək
olar ki, bütün teatrlarında onun pyesləri təkrar-təkrar
tamaşaya qoyulur. Bir çox xarici ölkə
teatrları da Əli Əmirlinin
yaradıcılığına müraciət edib. Əsərləri rus, gürcü, qazax,
qırğız, tacik, kumık, kalmık, tatar, özbək,
osetin, ləzgi dillərində səslənib. Müəllif özü bu tamaşaların
sorağını çox vaxt internet səhifələrindən
alır.
Təcrübəli dramaturq
"Teatrın cəmiyyət həyatında rolunu necə
görürsünüz” - sualına cavabını məşhurlardan
birinin bu deyiminə münasibətini bildirməklə
başlayır: "Teatr həyatın aynasıdır”... Belə olmağına belədir, əgər o ayna
aldatmırsa, həqiqəti, həm də bədii həqiqəti
göstərirsə, o zaman teatr həyatın özündən
daha inandırıcı, daha təsirli, sirayətedici olur.
Bu gün deməzdim Azərbaycan teatrı cəmiyyət
həyatında xüsusi bir yer tutur, yaxud həyatımızın
gedişinə güclü təsir göstərir. Bütün ciddi və ya elitar sənət növləri
kimi teatr da internetin, sosial şəbəkələrin,
kütləvi əyləncə vasitələrinin ciddi
basqısındadır. Teatr artıq təbliğat
və təşviqat vasitəsi olmaq gücündə də
deyil. Təsəllimiz ondadır ki, bu gün teatr əsl
funksiyasını - sənət funksiyasını yerinə
yetirir, bu başqa məsələdir ki, teatr buna nə dərəcədə
nail olur. Deməli, yeni ifadə vasitələri,
alternativ teatr formaları axtarmaq lazım gəlir. Vəziyyət ümidsiz deyil. Cəsarətlə
deyə bilərəm ki, çox istedadlı gənc nəsil
yetişir, bu proses sürətlə gedir. Nəticə
özünü çox gözlətməyəcək”.
Əli Əmirlinin münasibətindən
belə başa düşürük ki, bizdən qabaq da
soruşanlar çox olub: Hansı daha doğmadır, nəsr,
yoxsa dramaturgiya? O isə seçimini çoxdan edib. Cavab belədir:
əlbəttə, dramaturgiya! O, özünü dramaturgiyada
daha rahat hiss edir. Əminliklə söyləyir ki, dramaturgiya,
teatr hobbi ola bilməz, orda ya varsan, ya
yoxsan! İkinci variant uğursuz variantdır.
Bu da bir həqiqətdir: dram ədəbiyyatın
elə bir növüdür ki, müəllif öz
şöhrətini başqaları ilə bölüşməli
olur. Əli Əmirli vurğulayır ki, teatr sintetik sənət
növü olduğundan kollektiv sənətdir: "Amma burada
bir növbəlilik var: dramaturq, rejissor, aktyor. Azərbaycan
reallığında teatr ilk olaraq aktyoru şöhrətləndirir,
görünən odur, dramaturq və rejissorla
tamaşaçı ünsiyyəti aktyor vasitəsilə
qurulur. Sonrakı şöhrət çələngi
çox vaxt dramaturqa çatır. Rejissor
dəyişir, aktyorlar dəyişir, teatr dəyişir,
müəllifin adı isə həmişə əsərin
üstündədir. Teatr "indi və bu
gün” prinsipi ilə işləməlidir. Sabah üçün işləyəcək
teatrın, elə dramaturqun da bu gün
tamaşaçısı olmayacaq. Bir vərdiş var,
"gələcək”, "gələcək nəsil” deyib
dad döyürük, narahat oluruq, bəs bu müasir nəslin
dərdini kim çəkəcək? Mənim dramaturgiyam bu gün maraq doğurursa,
tamaşaçı yığa bilirsə, deməli, mən
bir dramaturq kimi öhdəmə düşən vəzifəni
yerinə yetirə bilirəm. Dediyim kimi, mən
gələcək üçün möhtəşəm
planlar qurub arzular sorağında olmuram, pyeslərimin taleyini
proqnozlaşdırmaq da mənim işim deyil. Ümumiyyətlə, sağlığımda da pyeslərimin
taleyi ilə canfəşanlıqla məşğul olmuram,
amma etiraf edim ki, pyeslərimin özlərinə yol
açması məni sevindirir”.
Əli Əmirlinin əsərləri
içərisində satirik ruhlu komediyaları da var. Bu əsərlərdə
müəllif öz oxucusunu, tamaşaçısını
yalnız güldürmür, həm də
düşündürür. "Bala - başabəla”
komediyasında vətənpərvərlik mövzusu öz əksini
tapıb... Əli Əmirli bu barədə deyir: "Mən
yazanda vətən, vətənpərvərlik haqqında
düşünmürəm, məni ağrıdan, narahat edən,
yazmağa təhrik edən məsələləri göz
önünə gətirirəm. Ümumiyyətlə,
mövzu mənim üçün həlledici deyil, mövzunu
necə təqdim etmək önəm daşıyır. "Bala - başabəla” komediyası 25 ildir teleməkanın
ən baxılan televiziya filmlərindəndir. Deməli, ona tələbat var və təəssüf
ki, əsərdə komik bükülüdə təqdim edilən
problem hələ də aktualdır. Amma bədii
əsər üçün aktuallıq azdır, onun həm də
bədii aktuallığı olmalıdır”.
O, heç vaxt planla işləmir. Yazmaq fikri varsa, onu yay aylarında, tam asudə olduğu
vaxtda işləyir. Əlbəttə, istisnalar da olur...
Sovet dövründə qələmə
alınmış əsərlərə, səhnələşdirilmiş
tamaşalara və ekranlaşdırılmış filmlərə
bu gün də sevilə-sevilə baxılır, qəhrəmanlarının
sözləri, az qala, aforizmlərə
çevrilir. Bu gün çoxları gileylənir
ki, yaxşı əsər yoxdur, ona görə teatrlara
tamaşaçı axını zəifdir. Əli
Əmirli isə əmindir ki, yaxşı əsərin
olmadığını deyənlər mütaliəsi
olmayanlar, teatra getməyənlər və ya keçmişin
havasında yaşayanlardır: "Dünən ədəbi
müzakirələrdə konkret bir əsəri göylərə
qaldıran, Nobel mükafatına layiq bilən adam,
indi dediyini unudub "ədəbiyyatımız zəifdir,
dramaturgiyamız yoxdur, yaxşı roman yazılmır” deyə
gileylənir. Görünür, qüsur əxlaqdadır.
Bu gün teatrımız da, kinomuz da, ədəbiyyatımız
da daha keyfiyyətli və düzgün inkişaf
yolundadır”.
Əli Əmirli on səkkiz
ildir Mədəniyyət və İncəsənət
Universitetində dərs deyir. Kafedra müdiri,
professordur. Deyir ki, pedaqoji fəaliyyət nəinki
mənə mane olur, əksinə, məni yaradıcı ritmə
kökləyir. Çünki Əli Əmirli
üçün gənclərlə ünsiyyət çox
maraqlıdır, onların yaradıcılıq
uğurlarını görüb bir müəllim kimi xoşbəxt
olmamaq mümkünsüzdür: "Bu gün Azərbaycan mədəniyyətinin,
incəsənətinin ən parlaq simaları bizim universitetin məzunlarıdır.
Hara üz tuturam, keçmiş tələbələrimlə
rastlaşıram, fərəhlənirəm. Bir qayda olaraq tələbələrimə
öyüd-nəsihət vermirəm, amma bütün işlərində
ciddi və məsuliyyətli olmağı təlqin etməyə
çalışıram. Bir də... ləyaqət
hissinizi qorumağa çalışın, deyirəm”.
Yazıçı, dramaturq, pedaqoq... Əli Əmirlinin bu sahələrin hər birində
fəaliyyəti uğurlu alınıb. Yubilyar deyir ki:
"70 yaşa çatmış adamın, həm də o
yaradıcı adamdırsa, qazancı az deyil, amma bizdən
asılı olmayan bir reallıq da var. Necə ki, "Nuri-didə
Ceyhun” adlı pyesimdə mənim yaşıma
çatmış Ceyhun Hacıbəylinin son monoloqu bu sözlərlə
başlayır: "Mən çoxdandır qazana-qazana yox,
itirə-itirə irəliləyirəm... son mənzilə. Yaşım üstə yaş gəldikcə itkilərimin
sayı və sürəti artır”. Düşünürəm
ki, itkiləri də sakit qarşılamaq lazımdır.
"Ünvansız qatar”ın final səhnəsi bu dua ilə
bitir: "Ya Rəbbim, xeyirli işlər üçün
ömrümüzü artır, ölümümüzü isə
şər əməllərdən qorunmaq üçün
rahatlıq vasitəsi elə...”
Ömrünün yeddinci on ilini
başa vuran ədəbiyyat adamı, müəllim Əli
Əmirli söhbətimizin sonunda yenə illərin o
üzünə - Qarabağlı uşaqlığına
dönür: "Mənim ən böyük itkim
Ağdamdır, doğulduğum Novruzlu kəndidir, ayaq
açdığım Boccalı məhləsidir, kəndin
girəcəyində, Qarqarın üstündəki qəbiristanlıqdır”,
- deyir. Amma... nə yaxşı ki, bu həsrətin, bu
qüssənin sonunda ümid var, inam var. Həmin inamla deyir
Əli Əmirli bu sözləri: "Nikbinəm, inanıram,
Azərbaycan əsgəri torpaqlarımızı
işğaldan azad edəcək!”.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan. - 2018.-
24 noyabr.- S.7.