Uşaqların zərərli informasiyadan qorunması
haqqında
Azərbaycan Respublikasının Qanunu
Bu qanun Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.
1-ci fəsil
ÜMUMİ
MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.0. Bu qanunda istifadə olunan əsas
anlayışlar aşağıdakı mənaları ifadə
edir:
1.0.1. uşaqların
informasiya əldə etməsi - uşaqların əldə
olunması qanunla məhdudlaşdırılmayan
informasiyanı, o cümlədən informasiya məhsulunu əldə
edib ondan istifadə imkanı;
1.0.2. informasiya məhsulları
- ölkə ərazisində dövriyyə və istehlak
üçün nəzərdə tutulan kütləvi
informasiya vasitələri məhsulları, audiovizual məhsullar,
kompüter və digər elektron oyunlar, habelə mədəni-kütləvi
tədbirlər və telekommunikasiya şəbəkəsi
vasitəsilə yayımlanan digər informasiya məhsulları;
1.0.3. informasiya məhsullarının
yaş kateqoriyası - bu qanunla nəzərdə tutulmuş
informasiya məhsullarının istifadəsi üçün
münasib olan yaş göstəricisi;
1.0.4. informasiya məhsullarının
yaş təsnifatı - informasiya məhsullarının bu
qanunda müəyyən edilmiş yaş qruplarına görə
bölgüsü;
1.0.5. zorakılığın
və qəddarlığın nümayişi - fiziki və ya
psixi zorakılığın təsvirinin və bu kimi qəddarlıq
səhnələrinin, əzab vermək və xəsarət
yetirmənin, şikəst edilmənin, adam və heyvan
öldürmənin və üzərində zorakılıq əlamətləri
olan cəsədin təsviri;
1.0.6. mədəni-kütləvi tədbir
- kütləvi və ya azad ziyarət üçün
açıq olan yerlərdə teatr, mədəni-maarifləndirici
və əyləncəli tədbirlər də daxil olmaqla
kütləvi nümayiş, ifa və yaxud
çıxış;
1.0.7. uşaqlar
üçün nəzərdə tutulmuş informasiya məhsulları
- mövzusuna, məzmununa və tərtibatına görə
yalnız və ya əsasən yetkinlik yaşına
çatmayanlara aid edilən informasiya məhsulları;
1.0.8. ailə
institutunu nüfuzdan salan informasiya - ailə dəyərlərini
inkar etməklə, yaxud ailə, nikah, analıq və
atalıq kimi sosial institutların əhəmiyyətini
heçə endirməklə uşaqlarda ailə-nikah sahəsi
ilə bağlı təhrif olunmuş təsəvvürlər
yarada bilən məlumatlar;
1.0.9. uşaqlar
üçün zərərli informasiya - uşaqlar
üçün nəzərdə tutulmayan və
uşağın fiziki və ya psixi sağlamlığına
mənfi təsir göstərən, o cümlədən təhrif
olunmuş sosial təsəvvürlərin
formalaşdırılması vasitəsilə onların mənəvi,
psixi, fiziki və ya sosial inkişafında pozuntu yaranmasına
səbəb olan məlumat;
1.0.10. təbliğ
- fiziki və ya hüquqi şəxslərin uşaqların
şüurunda hər hansı davranış qaydası və
ya stereotipin formalaşmasına yönəlmiş, yaxud
uşağı hər hansı hərəkət və ya hərəkətsizliyi
etməyə təhrik etdirmək məqsədi daşıyan
fəaliyyəti;
1.0.11. cəmiyyət
əleyhinə və hüquqazidd hərəkətləri təbliğ
edən informasiya - uşaqları fahişəlik, qumar və
avaralıqla (o cümlədən dilənçiliklə) məşğul
olmağa, milli və əxlaqi dəyərlərə
qarşı təhqiredici əməllər, eləcə də
şəxslərin hüquqlarını pozan digər əməllər
törətməyə həvəsləndirən məlumat;
1.0.12. uşaqların həyat və
sağlamlıqlarına təhlükə yaradan əməlləri
təbliğ edən informasiya - uşaqların həyatına,
fiziki və psixi sağlamlığına təhlükə
yaradan, o cümlədən intiharı, odlu silah və
partlayıcı maddələrdən, narkotik vasitələr,
psixotrop maddələr və onların prekursorlarından,
alkoqollu içkilərdən və tütün məmulatlarından
istifadəni təbliğ edən informasiya;
1.0.13. cinayətləri
təbliğ edən informasiya - uşaqlarda cinayət törətmək
həvəsi oyadan, cinayətkar mühiti, o cümlədən
cinayətləri və cinayətkarları, kriminal norma və
dəyərləri, cinayətkar mühitin kriminal jarqonları
da daxil olmaqla atributlarını və simvollarını
müsbət mənada təqdim və təbliğ edən
informasiya;
1.0.14. qorxu məzmunlu
informasiya - uşaqlarda davamlı qorxu, təlaş, yaxud dəhşət
hissi yarada bilən informasiya, uydurma məxluqların dəhşətli
görüntüsü və ya təsviri, eləcə də
ciddi xəsarətlərin, intiharın (o cümlədən
intihara cəhdin), bədbəxt hadisələrin, qəzaların
və onların nəticələrinin naturalist (təbii) təsviri
və ya görüntüsü, həmçinin informasiya məhsulunda
arzuolunmaz vərdişlərə rəğbət
aşılayan bəzi xüsusi mərasim və mistik təlimlərin,
spiritizmin istifadəsi;
1.0.15. naturalist (təbii)
təsvir - canlının, əşyanın, hadisənin, hərəkətin
(hərəkətsizliyin) və onların nəticələrinin
informasiya məhsulu istifadəçisinin diqqətini detallara,
anatomik məsələlərə və ya fizioloji proseslərə
cəlb edə bilən təsvirləri və ya
görüntüləri;
1.0.16. erotik məzmunlu
informasiya - pornoqrafik olmayan, lakin uşaqlarda vaxtından əvvəl
seksual marağın oyanmasına səbəb olan informasiya məhsulları;
1.0.17. informasiya məhsulunun
işarələnməsi - informasiya məhsulunun üzərində,
onun daşıyıcısında və
qablaşdırmasında yaş kateqoriyası işarəsinin
göstərilməsi;
1.0.18. uşaqların
ola biləcəyi yerlər - uşaqların ziyarət etməsi
və ya olması qadağan olunmayan yerlər, o cümlədən
uşaqların informasiya məhsullarına (telekommunikasiya
şəbəkələrində yerləşdirilən
informasiya məhsulları daxil olmaqla) girişi mümkün
olan ictimai yerlər;
1.0.19. ekspert - bu
qanunla müəyyən edilmiş tələblərə cavab
verən, pedaqogika, psixologiya və ya uşaq psixiatriyası sahəsində
ali təhsilə malik və informasiya məhsulunun yaş təsnifatının
aparılması məqsədi ilə ekspert rəyi verən
şəxs.
Maddə 2. Uşaqların zərərli
informasiyadan qorunması haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi
2.1. Uşaqların zərərli
informasiyadan qorunması haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi Azərbaycan
Respublikasının Konstitusiyasından, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən, bu qanundan və digər
normativ hüquqi aktlardan ibarətdir.
2.2. Bu qanun aşağıdakı
münasibətlərə tətbiq edilmir:
2.2.1. elmi və
elmi-texniki informasiya məhsullarının dövriyyəsinə;
2.2.2. yayılması
terrorizm, ekstremizm, sülh və insanlıq əleyhinə cinayətlərlə
mübarizə sahəsində mövcud olan qanunlarla qadağan
edilən və məhdudlaşdırılan informasiyaların
dövriyyəsinə.
Maddə 3. Uşaqların zərərli
informasiyadan qorunması sahəsində əsas prinsiplər
3.0. Uşaqların zərərli
informasiyadan qorunmasının əsas prinsipləri
aşağıdakılardır:
3.0.1. uşaqların
mənafelərinin üstün tutulması, onların hüquq
və azadlıqlarının təmin olunması;
3.0.2. uşaqların
həyat və sağlamlığı üçün təhlükəsiz
olan, onların hərtərəfli inkişafını və
sosiallaşmasını təmin edən informasiya məhsullarının
dövriyyəsinə şəraitin yaradılması;
3.0.3. zorakılığın,
qəddarlığın, narkotik vasitələrin və
psixotrop maddələrin, alkoqollu içkilərin və
tütün məmulatlarının, cəmiyyət əleyhinə
davranışın, pornoqrafik xarakterli informasiyanın təbliğinin
yolverilməzliyi;
3.0.4. zərərli
informasiya məhsullarının dövriyyəyə daxil edilməsinin,
o cümlədən informasiya texnologiyalarından istifadə
etməklə uşaqlara qarşı törədilən
hüquqpozmaların qarşısının alınması;
3.0.5. uşaqların
zərərli informasiyadan qorunması sahəsində beynəlxalq
əməkdaşlığın həyata keçirilməsi.
Maddə 4. Uşaqlar üçün
zərərli informasiyanın növləri
4.1. Uşaqlar üçün zərərli
informasiyaya aşağıdakılar aiddir:
4.1.1. bu qanunun
4.2-ci maddəsinə uyğun olaraq uşaqlar arasında
dövriyyəsi qadağan edilən informasiya;
4.1.2. bu qanunun
4.3-cü maddəsinə uyğun olaraq müəyyən
yaş qrupuna aid olan uşaqlar arasında dövriyyəsi məhdudlaşdırılan
informasiya (dövriyyəsi məhdudlaşdırılmış
yaş qrupuna münasibətdə).
4.2. Uşaqlar arasında dövriyyəsi
qadağan edilən informasiyaya aiddir:
4.2.1. zorakılığı
və qəddarlığı təbliğ edən informasiya;
4.2.2. cəmiyyət
əleyhinə və hüquqazidd hərəkətləri, o
cümlədən cinayətləri təbliğ edən informasiya;
4.2.3. uşaqların
həyat və təhlükəsizliyinə potensial təhlükə
yaradan əməlləri təbliğ edən informasiya;
4.2.4. ailə
institutunu nüfuzdan salan informasiya;
4.2.5. əxlaqdan kənar
leksik (söyüş) məzmunlu informasiya;
4.2.6. pornoqrafik
xarakterli informasiya.
4.3. Müəyyən yaş qrupuna
aid uşaqlar arasında dövriyyəsi məhdudlaşdırılan
informasiyaya aiddir:
4.3.1. zorakılığı
və qəddarlığı nümayiş edən informasiya;
4.3.2. qeyri-məişət leksik
(jarqon) məzmunlu informasiya;
4.3.3. qorxu məzmunlu
informasiya;
4.3.4. erotik məzmunlu
informasiya.
4.4. Uşaqlar arasında dövriyyəsi
qadağan edilən informasiya məhsullarının
uşaqların ola biləcəyi yerlərdə
inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq
edilmədən yayılmasına yol verilmir.
4.5. Müəyyən yaş qrupuna
aid olan uşaqlar arasında yayılması məhdudlaşdırılan
informasiyanın dövriyyəsi bu qanunun 7-12-ci maddələrinə
uyğun olaraq həyata keçirilir.
4.6. Uşaqlar arasında dövriyyəsi
qadağan edilən və ya məhdudlaşdırılan
informasiyanın istehsalçısı və
yayıcısı bu qanunda müəyyən edilmiş
qaydalara riayət etməyə borcludur.
2-ci fəsil
İNFORMASİYA
MƏHSULUNUN YAŞA GÖRƏ TƏSNİFATLAŞDIRILMASI
Maddə 5. İnformasiya məhsulunun
yaş təsnifatı
5.1. İnformasiya məhsullarının
bu qanunun 7-ci maddəsinə uyğun olaraq yaş təsnifatı
aparılır.
5.2. İnformasiya məhsullarının
yaş kateqoriyasına uyğun təsnifatı müxtəlif
yaş qrupuna aid olan uşaqların normaya uyğun psixi
inkişafının xüsusiyyətləri nəzərə
alınaraq aşağıdakı kimi aparılır:
5.2.1. "universal”
- istənilən yaş qrupları üzrə dövriyyəsinə
məhdudiyyət qoyulmur;
5.2.2. "6 yaşadək” - altı
yaşı tamam olmamış uşaqlar arasında dövriyyəsinə
yol verilir;
5.2.3. "6 yaşdan” - altı
yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə
yol verilir;
5.2.4. "12 yaşdan” - on iki
yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə
yol verilir;
5.2.5. "16 yaşdan” - on altı
yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə
yol verilir;
5.2.6. "18 yaşdan” - uşaqlar
arasında dövriyyəsinə yol verilmir.
5.3. İnformasiya məhsulunun yaşa görə təsnifatlaşdırılması onun istehsalçıları tərəfindən həmin məhsulun Azərbaycan Respublikasının ərazisində dövriyyəsindən əvvəl müstəqil şəkildə və ya bu qanunun 4-cü fəslinə müvafiq olaraq ekspertin iştirakı ilə həyata keçirilir. İnformasiya məhsulunun yayıcısı həmin məhsulun müstəqil şəkildə və ya ekspertin iştirakı ilə yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən ölkə ərazisində yaya bilməz.
5.4. İnformasiya məhsulunun yaşa görə təsnifatlaşdırılması zamanı aşağıdakılar qiymətləndirilir:
5.4.1. informasiya məhsulunun mövzusu, janrı, məzmunu və bədii tərtibatı;
5.4.2. informasiyanın müəyyən yaş kateqoriyasına aid uşaqlar tərəfindən mənimsənilməsinin xüsusiyyətləri;
5.4.3. informasiyanın uşaqların sağlamlığına və fiziki, psixi, əxlaqi inkişafına zərər vurma ehtimalı.
5.5. Təhsil müəssisələrində uşaqların təhsil və tərbiyəsi üçün nəzərdə tutulan informasiya məhsullarının qiymətləndirilməsi bu qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının təhsil haqqında qanunvericiliyinə uyğun aparılır.
Maddə 6. İnformasiya məhsulunun yaş
kateqoriyalarına aid edilməsi
6.1. "Universal” yaş kateqoriyasına aid informasiya məhsullarına uşaqların sağlamlığına və inkişafına ziyan vurmayan ümumi istifadə üçün nəzərdə tutulmuş informasiya məhsulları aid edilir.
6.2. "18 yaşdan” kateqoriyasına bu qanunun 4.2-ci maddəsinə əsasən uşaqlar arasında dövriyyəsi qadağan olunan informasiya məhsulları aiddir.
6.3. İnformasiya məhsulu yalnız bir yaş kateqoriyasına aid edilir.
6.4. İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
3-cü fəsil
YAŞ KATEQORİYALARINA UYĞUN İNFORMASİYA
MƏHSULUNUN DÖVRİYYƏSİNƏ DAİR
TƏLƏBLƏR
Maddə 7. İnformasiya məhsulunun işarələnməsi
7.1. İnformasiya məhsulunun işarələnməsi bu qanunun 5.3-cü maddəsinə uyğun olaraq informasiya məhsulunun istehsalçısı və ya yayıcısı tərəfindən məhsulun və onun qablaşdırmasının üzərinə müvafiq yaş kateqoriyasına uyğun aşağıdakı işarələrdən birinin aydın şəkildə seçilən təsvirini yerləşdirməklə həyata keçirilir:
7.1.1. "6 yaşadək” - "6-” işarəsi çevrədə;
7.1.2. "6 yaşdan” - "6+” işarəsi çevrədə;
7.1.3. "12 yaşdan” - "12+” işarəsi çevrədə;
7.1.4. "16 yaşdan” - "16+” işarəsi çevrədə;
7.1.5. "18 yaşdan” - "18+” işarəsi rombda.
7.2. Ölkə ərazisində istehsal olunan kompüter və digər elektron oyunların işarələnməsi satışa çıxarılmazdan, istehlakçıya təqdim edilməzdən və ya şəbəkəyə yerləşdirilməzdən əvvəl həyata keçirilməlidir.
7.3. Aşağıdakılar istisna olmaqla, informasiya məhsulunun işarələnmədən ölkə ərazisində yayılması yolverilməzdir:
7.3.1. "Universal” yaş
kateqoriyasına aid informasiya məhsulu;
7.3.2. təhsil
müəssisələrində uşaqların təhsil və
tərbiyəsi üçün nəzərdə tutulan
informasiya məhsulları;
7.3.3. canlı
efirdə yayımlanan televiziya verilişlərinin informasiya və
əyləncə proqramları;
7.3.4. radio vasitəsilə
yayılan informasiya məhsulları;
7.3.5. reklam və
reklam xarakterli materiallar;
7.3.6. mədəni-kütləvi tədbirlər
vasitəsilə yayılan informasiya məhsulları;
7.3.7. internet və
sellülar (mobil) rabitə şəbəkəsi vasitəsilə
yayılan informasiya məhsulları (kino, televiziya və
videofilmlər, o cümlədən animasiya filmləri,
kompüter və digər elektron oyunlar istisna olmaqla);
7.3.8. təsviri
incəsənət və bədii ədəbiyyat əsərləri
(bədii-ədəbi jurnallar və komikslər istisna olmaqla).
7.4. İnformasiya məhsulunun mədəni-kütləvi
tədbirlər vasitəsilə yayılması, onun aid edildiyi
yaş kateqoriyasına dair işarənin tədbirin
keçirilməsi barədə afişaların və digər
elanların, həmçinin onu ziyarət etmək hüququ
verən biletlərin, dəvətnamələrin və digər
sənədlərin üzərində yerləşdirmək
yolu ilə həyata keçirilir.
7.5. Bir neçə hissədən
ibarət olan və müxtəlif yaş kateqoriyalarına aid
edilən informasiya məhsulunun nümayişi həmin
informasiya məhsulunda əks olunan, daha yuxarı yaş
kateqoriyasına aid informasiya məhsulunun işarəsi ilə
işarələnməklə həyata keçirilir.
Maddə 8. İnformasiya məhsulunun
işarələnməsinin xüsusiyyətləri
8.1. Mətbu nəşrlərin
yaş kateqoriyasına görə işarəsi aydın
seçilən şəkildə və mətbu nəşrin
adının şriftinə
uyğunlaşdırılmış qaydada nəşrin birinci
və ya titul səhifəsində yerləşdirilir.
8.2. İnformasiya məhsulunun
yayımçıları televiziya yayımı, kino və
video xidmətlərinin göstərilməsi zamanı hər
bir informasiya məhsulunun nümayişindən əvvəl
xüsusi kadrda (səhifədə) informasiya məhsulunun
yaş kateqoriyasına uyğun işarəsinin və yaş məhdudiyyəti
barədə xəbərdarlığa dair mətnin yerləşdirilməsini
təmin etməyə borcludurlar.
8.3. Audiovizual informasiya məhsulunun
yaş kateqoriyasına uyğun işarəsi onun
nümayişindən əvvəl və hər reklam fasiləsindən
sonra üç dəqiqə müddətində ekranın
künc hissəsində göstərilir.
8.4. İnformasiya məhsulunun yaş
kateqoriyasına uyğun işarəsi aşağıda
göstərilənlərin beş faizindən
az olmayan sahəsini tutmalıdır:
8.4.1. teatrların,
kino və videonümayişlərin və digər mədəni-kütləvi
tədbirlərin afişalarının və repertuar
haqqında digər elanların, o cümlədən giriş
biletlərinin, dəvətnamələrin və ziyarət
hüququ verən digər sənədlərin;
8.4.2. audiovizual əsərin,
kompüter və ya digər elektron oyunların, kompüter
proqramlarının elektron daşıyıcılarının
və qablaşdırmasının.
Maddə 9. Teleradio yayımı vasitəsilə
yayımlanan informasiya məhsuluna aid tələblər
9.1. Teleradio yayımı vasitəsilə
yayımlanan və "Universal”, "6-”, "6+” və
"12+” yaş kateqoriyalarına aid informasiya məhsullarının
yayımlanmasına vaxt məhdudiyyəti qoyulmur.
9.2. Xüsusi dekoderlər vasitəsilə
ödənişli əsasda həyata keçirilən
informasiya məhsullarının telekanallarda yayımı
istisna olmaqla, aşağıdakı informasiya məhsullarının
yayımına məhdudiyyət qoyulur:
9.2.1. bu qanunun
4.3.3-cü maddəsində nəzərdə tutulan "16+”
yaş kateqoriyasına aid informasiya məhsulları - yerli
vaxtla saat 7-dən saat 21-dək;
9.2.2. bu qanunun
4.2-ci və 4.3.4-cü maddələrində nəzərdə
tutulan, müvafiq olaraq "18+” və "16+” yaş
kateqoriyalarına aid informasiya məhsulları - yerli vaxtla saat
6-dan saat 23-dək;
9.3. "18+” yaş kateqoriyasına
aid informasiya məhsulu teleradio vasitəsilə yayımlanarkən
bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlıq
televiziya yayımı zamanı işarə, radio yayımı
zamanı isə səsləndirmə ilə həyata
keçirilir.
Maddə 10. İnformasiya məhsullarının
telekommunikasiya şəbəkələri vasitəsilə
yayımının xüsusiyyətləri
10.1. Telekommunikasiya xidmətləri
göstərən fiziki və hüquqi şəxslər
"Telekommunikasiya haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq uşaqların zərərli
informasiyadan qorunması üçün tədbirlər
görməlidirlər.
10.2. Uşaqların ola biləcəyi yerlərdə
onların zərərli informasiyadan qorunması
üçün telekommunikasiya xidmətləri göstərən
fiziki və hüquqi şəxslər tərəfindən
müvafiq tədbirlər texniki proqram və avadanlıq vasitələrinin
tətbiqi ilə həyata keçirilir.
10.3. İnternet informasiya
ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında
yayılmasını məhdudlaşdıran xəbərdarlıq
mətni əks olunmalıdır.
Maddə 11. Uşaqlar üçün
nəzərdə tutulan informasiya məhsullarının
dövriyyəsinə dair əlavə tələblər
11.1. Uşaqlar üçün nəzərdə
tutulan informasiya məhsullarında (telekommunikasiya şəbəkələri,
o cümlədən internet şəbəkəsi vasitəsilə
yayılan informasiya məhsulları və sellülar (mobil)
rabitə şəbəkəsi də daxil olmaqla) onların zərərli
informasiya məhsulunun hazırlanmasına cəlb edilməsi
barədə elanların yerləşdirilməsinə yol
verilmir.
11.2. Məktəbəqədər təhsil
müəssisələrində uşaqların təlimi
üçün nəzərdə tutulan informasiya məhsullarının
məzmunu və bədii tərtibatı altı yaşadək
uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarının
məzmununa və bədii tərtibatına uyğun
olmalıdır.
11.3. Uşaqlar üçün kino və
videoxidmətlərin göstərilməsi zamanı, uşaq
teleradio proqramlarında və verilişlərində,
uşaqlar üçün nəzərdə tutulmuş
dövri mətbu nəşrlərdə yayılan reklam onun
yerləşdirildiyi informasiya məhsulunun yaş
kateqoriyasına uyğun olmalıdır.
Maddə 12. Uşaqlar üçün
qadağan olunan informasiya məhsullarının dövriyyəsinə
dair əlavə tələblər
12.1. Məhdud şəxslər dairəsində
yayılması nəzərdə tutulan mətbu nəşrin
birinci və sonuncu səhifəsində, çap məhsulunun
və digər poliqrafik məhsulun üz və arxa
qabığında uşaqlar arasında dövriyyəsi
qadağan edilən informasiyanın əks olunmasına yol
verilmir. Əks halda həmin informasiya məhsulunun
yayılmasına yalnız bağlı qablaşdırmada yol
verilir.
12.2. Uşaqlar arasında dövriyyəsi
qadağan edilən informasiya məhsulunun uşaqlar
üçün nəzərdə tutulmuş təhsil müəssisələrində,
tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət,
istirahət və sağlamlaşdırma müəssisələrində
və ya həmin müəssisələrin sərhədindən
yüz əlli metrdən az olan məsafədə
yayılmasına yol verilmir.
4-cü fəsil
İNFORMASİYA
MƏHSULUNUN EKSPERTİZASI
Maddə 13. İnformasiya məhsullarının
ekspertizasına dair ümumi tələblər
13.1. Yaş təsnifatının
aparılması məqsədi ilə informasiya məhsulunun
ekspertizası müvafiq icra hakimiyyəti orqanından ixtisas
attestatı almış fiziki şəxslər
(ekspertlər) tərəfindən
bu qanunun 14-cü maddəsində müəyyən edilmiş
qaydada həyata keçirilir. Şəxsə
ixtisas attestatının verilməsi üçün onun
işlədiyi hüquqi şəxs (ekspert təşkilatı)
bu barədə müvafiq icra hakimiyyəti orqanına
müraciət edir. Ekspertlərin və
ekspert təşkilatlarının reyestrinin
aparılmasını və onların fəaliyyətinə nəzarəti
müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
13.2. İnformasiya məhsulunun yaş
təsnifatının aparılması üzrə ekspertlərə
ixtisas attestatının verilməsi, attestatın qüvvədə
olma müddətinin dayandırılması və ya ona xitam
verilməsi, ekspertlərin və ekspert təşkilatlarının
reyestrinin aparılması və onların fəaliyyətinə
nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydada həyata keçirilir.
13.3. Həyat və sağlamlıq əleyhinə
ağır və xüsusilə ağır cinayətlər,
yaxud şəxsiyyətin cinsi toxunulmazlığı və
cinsi azadlığı, yetkinlik yaşına çatmayanlar və
ailə münasibətləri və ya ictimai mənəviyyat əleyhinə
cinayətlər törətməyə görə məhkum
edilmiş şəxslər ekspert kimi fəaliyyət göstərə
bilməz.
13.4. Müvafiq icra hakimiyyəti
orqanı ekspertlərin və ekspert təşkilatlarının
reyestrində olan aşağıdakı məlumatları rəsmi
internet informasiya ehtiyatında yerləşdirir:
13.4.1. ekspert təşkilatının
adı və təşkilati-hüquqi forması, ekspert fəaliyyətinin
həyata keçirildiyi ünvanlar;
13.4.2. ekspertin
adı, atasının adı və soyadı;
13.4.3. ixtisas
attestatının nömrəsi və verilmə tarixi;
13.4.4. ekspertin
ekspertizasını aparmaq hüququ olan informasiya məhsulunun
növü;
13.4.5. verilmiş
ixtisas attestatının qüvvədə olma müddətinin
dayandırılması və ya onun ləğv edilməsi barədə
məlumat.
13.5. Ekspertlərin xidmət haqqı
ekspertizanı sifariş edən şəxs tərəfindən
ödənilir.
Maddə 14. İnformasiya məhsulunun
ekspertizasının aparılması qaydası
14.1. Yaş təsnifatının
aparılması məqsədi ilə informasiya məhsulunun
ekspertizası bu qanunun 5.3-cü maddəsinə uyğun olaraq
informasiya məhsulunun istehsalçısı və ya
yayıcısı tərəfindən təşkil olunur.
14.2. Bu qanunun icrasına nəzarəti
həyata keçirən teleradio yayımı sahəsində
müvafiq dövlət orqanı və müvafiq icra hakimiyyəti
orqanları (bundan sonra - müvafiq dövlət orqanları)
informasiya məhsulunun işarələnmədiyi və yaxud bu
qanunun tələblərini pozmaqla işarələndiyi barədə
məlumat əldə etdikdə müstəqil şəkildə
həmin informasiya məhsulunun ekspertizasını təşkil
edir.
14.3. İnformasiya məhsulunun
ekspertizasının aparılma müddəti otuz gündən
çox ola bilməz.
14.4. Ekspertizanın nəticələrini
özündə əks etdirən ekspert rəyi ekspertizanı
sifariş edən şəxsə təqdim edilir. Bu qanunun 14.2-ci maddəsinə əsasən
aparılan ekspertiza üzrə ekspert rəyinin surəti
informasiya məhsulunun istehsalçısına və ya
yayıcısına göndərilir.
Maddə 15. Ekspert rəyi
15.1. Ekspert rəyində
aşağıdakılar göstərilir:
15.1.1. informasiya məhsulunun
ekspertizasının aparıldığı tarix və yer;
15.1.2. ekspertizanın
aparılmasının əsasları;
15.1.3. ekspertizanı
aparan ekspert haqqında (soyadı, adı və atasının
adı, təhsili, ixtisası, vəzifəsi və elmi dərəcəsi)
məlumat;
15.1.4. ekspertizanın
aparılması üçün ekspertə təqdim
edilmiş tədqiqat obyektləri və materialları;
15.1.5. istifadə
edilən metodlar göstərilməklə tədqiqatın məzmunu
və nəticələri;
15.1.6. tədqiqatın
nəticələrinin qiymətləndirilməsi, qoyulmuş
suallar üzrə yekun nəticələrin əsaslandırılması
və dürüst ifadə olunması;
15.1.7. informasiya məhsulunda
uşaqlar üçün zərərli olan informasiyanın
olub-olmaması, informasiya məhsulunun bu qanunla müəyyən
edilmiş yaş kateqoriyasına və işarəyə
uyğunluğu barədə nəticələr;
15.1.8. ekspertizanı
aparmış ekspertin imzası, həmçinin ekspert təşkilatının
möhürü və həmin təşkilatın rəhbərinin
imzası.
15.2. Ekspert rəyində
aşağıdakı əsas sualları
cavablandırılmalıdır:
15.2.1. təqdim
edilən informasiya məhsulu hansı yaş kateqoriyasına
aiddir;
15.2.2. informasiya məhsulu
aid edilmiş yaş kateqoriyasına uyğundurmu;
15.2.3. informasiya məhsulunda
bu qanuna əsasən uşaqlar arasında dövriyyəsi
qadağan edilən və ya məhdudlaşdırılan
informasiya mövcuddurmu.
15.3. Ekspert rəyi ilə razı
olmayan hüquqi və ya fiziki şəxs həmin rəydən
müvafiq icra hakimiyyəti orqanının
yaratdığı, informasiya məhsulunun yaş təsnifatının
aparılması üzrə ekspert şurasına şikayət
verə və rəyi məhkəmə qaydasına mübahisələndirə
bilər. Həmin şuranın tərkibinə
bu qanunun 14.2-ci maddəsində nəzərdə tutulan
orqanların nümayəndələri də daxil olur. İctimai əsaslarla fəaliyyət göstərən
ekspert şurası müvafiq sahədə qabaqcıl təcrübənin
öyrənilməsi və həyata keçirilməsi
üçün tədbirlər görür. Şuranın əsasnaməsi müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq edilir.
Maddə 16. İnformasiya məhsulunun
ekspertizasının hüquqi nəticələri
16.1. İnformasiya məhsulunun
istehsalçısı və (və ya) yayıcısı
ekspert rəyinə uyğun olaraq aşağıdakı qərarlardan
birini qəbul edir:
16.1.1. ekspert rəyinə
uyğun olaraq informasiya məhsulunun yaş kateqoriyasına
uyğun işarələnməsi və ya əvvəlki
yaş kateqoriyası işarəsinin digər yaş
kateqoriyası işarəsi ilə əvəz edilməsi;
16.1.2. uşaqlar
arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun
uşaqlar tərəfindən əldə olunmasının
qarşısını almaq məqsədi ilə bu qanunda nəzərdə
tutulmuş inzibati, texniki proqram və avadanlıq vasitələrinin
tətbiqi;
16.1.3. uşaqlar
arasında dövriyyəsi qadağan edilən və ya məhdudlaşdırılan
informasiya məhsulunun bu qanunda nəzərdə tutulmuş
inzibati, texniki proqram və avadanlıq vasitələri tətbiq
etmədən uşaqlar arasında, o cümlədən
uşaqlar üçün münasib vaxtda və onların ola
biləcəyi ictimai yerlərdə yayılmasının
dayandırılması və ya tamamilə dövriyyədən
çıxarılması.
16.2. Bu qanunun 14.2-ci maddəsinə əsasən
müvafiq dövlət orqanlarının təşəbbüsü
ilə aparılan ekspertiza üzrə ekspert rəyi yol
verilmiş pozuntu hallarının təxirə salınmadan
aradan qaldırılması barədə həmin orqan tərəfindən
pozuntu törədən şəxsə yazılı xəbərdarlıq
edilməsi üçün əsasdır.
16.3. İnformasiya məhsulunun
istehsalçısı və (və ya) yayıcısı xəbərdarlıqda
göstərilən müddətdə pozuntu hallarını
aradan qaldırmadıqda müvafiq dövlət orqanları
informasiya məhsulunun uşaqlar arasında
yayılmasının qarşısının alınması və
bu qanunun tələblərinin pozulmasında təqsirli olan
şəxslərin məsuliyyətə cəlb edilməsi
üçün müvafiq tədbirlər görür.
5-ci fəsil
YEKUN
MÜDDƏALAR
Maddə 17. Qanunun icrasına nəzarət
17.1. Bu qanunun icrasına nəzarət
dövlət və ictimai nəzarət formalarında həyata
keçirilir.
17.2. Bu qanunun icrasına dövlət
nəzarəti fəaliyyət istiqamətlərinə
uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən
həyata keçirilir.
17.3. Bu qanunun icrasına ictimai nəzarət
fiziki şəxslər və vətəndaş cəmiyyəti
institutları tərəfindən təşkil olunur və həyata
keçirilir.
Maddə 18. Qanunun pozulmasına görə
məsuliyyət
Bu qanunun tələblərinin
pozulması qanunla müəyyən edilmiş məsuliyyətə
səbəb olur.
Maddə 19. Qanunun qüvvəyə minməsi
Bu qanun 2020-ci il
yanvarın 1-dən qüvvəyə minir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
30 oktyabr 2018-ci il
Azərbaycan.-
2018.- 25 noyabr.- S.2.