“Uşaqların
zərərli informasiyadan qorunması haqqında” Azərbaycan
Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1310-VQ nömrəli
Qanununun tətbiqi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini
rəhbər tutaraq, "Uşaqların zərərli
informasiyadan qorunması haqqında” Azərbaycan
Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1310-VQ nömrəli
Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin
qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara
alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
1.1. üç ay müddətində:
1.1.1. Azərbaycan Respublikası
qanunlarının və Azərbaycan Respublikası Prezidentinin
aktlarının "Uşaqların zərərli informasiyadan
qorunması haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.1.2. həmin qanunun pozulmasına
görə məsuliyyət növlərini müəyyən
edən qanunların layihələrini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.1.3. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin
qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.1.4. həmin qanunun 6.4-cü maddəsinə
uyğun olaraq, informasiya məhsulunun yaş kateqoriyalarına
aid edilməsi qaydalarını Azərbaycan
Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq
etsin;
1.1.5. həmin qanunun 13.2-ci maddəsinə
uyğun olaraq, informasiya məhsulunun yaş təsnifatının
aparılması üzrə ekspertlərə ixtisas
attestatının verilməsi, attestatın qüvvədəolma
müddətinin dayandırılması və ya ona xitam verilməsi,
ekspertlərin və ekspert təşkilatlarının
reyestrinin aparılması və onların fəaliyyətinə
nəzarət qaydalarını Azərbaycan
Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq
etsin;
1.1.6. həmin qanunun 15.3-cü maddəsinə
uyğun olaraq, informasiya məhsulunun yaş təsnifatının
aparılması üzrə ekspert şurasının əsasnaməsini
Azərbaycan Respublikasının Prezidenti ilə
razılaşdırmaqla təsdiq etsin;
1.2. həmin qanunun 13.1-ci maddəsinin
birinci, ikinci, üçüncü cümlələrində,
13.4-cü maddəsində, 15.3-cü maddəsinin birinci
cümləsində nəzərdə tutulmuş müvafiq
icra hakimiyyəti orqanının və 14.2-ci maddəsində
nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti
orqanlarının səlahiyyətlərini həyata keçirəcək
icra hakimiyyəti orqanları barədə təkliflərini
iki ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.3. mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının həmin
qanuna uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4. həmin qanundan irəli gələn
digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının və
normativ xarakterli aktların "Uşaqların zərərli
informasiyadan qorunması haqqında” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki:
3.1. "Uşaqların zərərli
informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası
Qanununun 6.4-cü, 13.2-ci maddələrində və 15.3-cü
maddəsinin dördüncü cümləsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan
Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata
keçirir;
3.2. həmin qanunun 14.2-ci maddəsində
"teleradio yayımı sahəsində müvafiq dövlət
orqanı” dedikdə Milli Televiziya və Radio Şurası nəzərdə
tutulur.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
20 noyabr 2018-ci il
Azərbaycan.
- 2018.- 25 noyabr.- S.2.