“Pasportlar
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2018-ci il 30 oktyabr tarixli 1305-VQD nömrəli Qanununun tətbiqi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini
rəhbər tutaraq, "Pasportlar haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli
1305-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə
əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi
ilə qərara alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası
qanunlarının və Azərbaycan Respublikası Prezidentinin
aktlarının "Pasportlar haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin
qanuna uyğunlaşdırılmasını üç ay
müddətində təmin edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının həmin
qanuna uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4. həmin qanundan irəli gələn
digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının və
normativ xarakterli aktların "Pasportlar haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki:
3.1. "Pasportlar haqqında” Azərbaycan
Respublikası Qanununun 6-cı maddəsinin birinci hissəsinin
7-ci bəndində nəzərdə tutulmuş müvafiq icra
hakimiyyəti orqanının səlahiyyətlərini xarici
dövlətlərdə və beynəlxalq təşkilatlarda
fəaliyyət göstərən hərbi attaşelərin və
hərbi nümayəndələrin təyin edilməsinə
münasibətdə Azərbaycan Respublikasının Prezidenti
ilə razılaşdırılmaqla Azərbaycan
Respublikasının Müdafiə Nazirliyi, hərbi
attaşelik və hərbi nümayəndəlik
aparatlarının digər zabit heyətinin təyin edilməsinə
münasibətdə isə Azərbaycan Respublikasının
Müdafiə Nazirliyi həyata keçirir;
3.2. həmin qanunun 6-cı maddəsinin
birinci hissəsinin 8-ci bəndində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
həyata keçirir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
20 noyabr 2018-ci il
Azərbaycan.
- 2018.- 25 noyabr.- S.3.