Multikultural dəyərlərə
sadiqlik
Biz etnik-mədəni cəhətdən rəngarəng bir dünyada yaşayırıq. İrqi, dini, mədəni fərqliliklər əksər ölkələrdə mövcuddur. Təbii ki, bütün bunlar tarixi inkişafın nəticəsi kimi yaranıb. Özünəməxsusluqlar xalqların mədəniyyətlərini müəyyənləşdirir, dünyagörüşlərinin və fəaliyyətlərinin əsasını təşkil edir, insanların həyatında müsbət rol oynayır.
Qarşılıqlı hörmət ruhu, fərqli mədəniyyətlərin dialoqu, ən yaxşı keyfiyyətlərin bir-birindən mümkün qədər görüb-götürməsi tərəqqinin təməli rolunda çıxış edir. Müasir dünyamızda indi çoxları bu həqiqətin fərqindədir. Əksəriyyət dərk edir ki, ümumbəşəri dəyərlərin qorunması və inkişafı dünyada yaşayan hər kəsin birgə missiyasıdır. Hamı bu birliyə bacardığı töhfəni verməlidir. Təbii ki, söylənilən məsələdə dövlətlərin, beynəlxalq qurumların, elmi-mədəni mərkəzlərin və s. üzərinə daha böyük vəzifələr düşür.
Mədəniyyətlərarası dialoq
və əməkdaşlıq məkanı
Prezident İlham Əliyevin 2016-cı il 11 yanvar tarixli "2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili” elan edilməsi haqqında” sərəncamı bu sahədə həyata keçirilən tədbirlərə yeni təkan verdi. Sərəncama əsasən hazırlanmış tədbirlər planı çərçivəsində aidiyyəti dövlət qurumları və ictimai təsisatlar tərəfindən təşviqat-təbliğat tədbirləri genişləndirilmiş, beynəlxalq səviyyəli forumlar, konfranslar, sərgilər keçirilmişdir. Bütün bunların nəticəsi kimi dünya ictimaiyyəti tarixi İpək yolunda yerləşən Azərbaycanın müxtəlif sivilizasiyaların qovuşduğu məkan olduğunun, burada əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığının, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma, dialoq şəraitində yaşadığının əyani şahidi olmuşdur.
Azərbaycanda "Multikulturalizm ili” elan edilməsi həm də rəsmi Bakının dünyaya verdiyi açıq mesaj kimi dəyərləndirilmişdir. Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, bu, bəşəri miqyasda toqquşma və müharibələr, siyasi, dini, milli ziddiyyətlər şəraitində Azərbaycanda mövcud olan siyasi, dini-milli sabitliyin, multikultural dəyərlərin dünyaya təqdimatı baxımından yeni imkanlar açmışdır. Məsələ burasındadır ki, müasir dünyada getdikcə dərinləşən sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın milli-mənəvi və dini dəyərlərinin qorunması zərurətini dövrün aktual məsələlərindən birinə çevirmişdir. İlk baxışdan təbii və mütərəqqi görünən bu meyillər bəzi hallarda sivil bəşər cəmiyyətinin minilliklər boyu əxz etdiyi dinc yanaşı yaşamaq kimi ali dəyərinə də kölgə salır, onun etnik, irqi, dini və siyasi dözümsüzlük kimi səciyyələnən ksenofobiya ilə əvəzlənməsinə rəvac verir. Milli özünəməxsusluğu qorumaq bəhanəsi ilə nəticədə digər mədəniyyətlərə, dinlərə, hətta millətlərə münasibətdə dözümsüzlük halları artır.
Multikulturalizm elmi ədəbiyyatlarda "çoxmədəniyyətlilik”, yəni bir çox fərqli mədəniyyətləri özündə ehtiva edən cəmiyyət kimi təsnif edilir. O, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunmasına, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə, yaxud ideologiya olaraq multikulturalizm tolerantlığın təcəssümüdür. Multikultural cəmiyyət olmadan humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyildir. Digər mədəniyyətlərin mahiyyətini, xüsusiyyətlərini, tarixini və nailiyyətlərini öyrənmədən onlara qarşı tolerant münasibət, onların nümayəndələrinə hörmət, qarşılıqlı anlaşma, mədəniyyətlərin və sivilizasiyaların dialoqu qeyri-mümkündür. Multikulturalizmdən imtina etmək, əslində anlaşılmazlığa, qarşıdurmaya, milli və dini münaqişələrə rəvac vermək deməkdir.
Belə bir şəraitdə ölkəmizdə multikulturalizmin alternativi olmayan həyat tərzi kimi qəbul edilməsi Azərbaycanda insan hüquqları və digər sahələrdə problemlər axtaran qərəzli dairələrə tutarlı cavabdır.
Təcavüzkar Ermənistandan fərqli olaraq, Azərbaycan qətiyyən monoetnik dövlət deyil, burada müxtəlif xalqların nümayəndələrinə qarşı hansısa ayrı-seçkilik, dözümsüzlük müşahidə olunmur. Respublikamızda digər xalqların öz mədəniyyətlərini, dillərini, dinlərini inkişaf və təbliğ etmək üçün hər cür imkanlar mövcuddur.
Biz xalq olaraq çox unikal bir mədəniyyətə malikik. Bu torpaqlarda uzun əsrlər boyu dünyanın ən aparıcı mədəniyyət sistemlərinin təbii, tarixi inteqrasiyası baş verib. Atəşpərəstlik, türk, İran, Qafqaz, yəhudi, xristian, islam, Şərq, Qərb, slavyan və s. kimi müasir dünya sivilizasiyasını formalaşdıran mədəniyyətlər bu məkanda bir-biri ilə çulğalaşıb. Dünyanın inkişafı üçün görk olan rəngarəng bir mədəniyyət, mükəmməl inkişaf modelləri yaranıb.
Multikulturalizm diplomatiyası
Hələ XX əsrin əvvəllərində görkəmli etnoqraf-alim Məhəmməd Baharlı (Vəliyev) Azərbaycanı etnoqrafik muzeyə bənzədirdi. Hazırda ölkəmizdə 80-dən çox azsaylı etnik qrup yaşayır. Dövlət müstəqilliyinə nail olduqdan sonra polietnik əhaliyə malik Azərbaycandakı azsaylı xalqların hüquq və azadlıqlarının qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı, bu müdrik dövlət adamının həyata keçirdiyi məqsədyönlü siyasət yurdumuzda yaşayan milli azlıqların dil və mədəniyyətinin qorunmasına, inkişafına geniş imkanlar yaratdı. Ulu öndər dövlətçilik dəyərləri ətrafında Azərbaycan xalqının milli vəhdətini təmin etdi. Müstəqilliyin ilk illərində yaranmış qarışıqlığı fürsət bilib xalqımız arasında etnik, dini təfriqə salmağa çalışan ünsürlərin qarşısını aldı. Separatçı qüvvələrə qarşı əməli tədbirlər gördü. Millətlərarası münasibətlər siyasətini demokratik prinsiplər əsasında inkişaf etdirdi. Azsaylı xalqların hüquq və azadlıqlarını qorumağı dövlət quruculuğunun ümdə vəzifəsi kimi qarşıya məqsəd qoydu.
Azərbaycanı özünə tarixi vətən bilən bütün insanların mənəvi-siyasi birliyi məramı ilə mükəmməl bir dövlətçilik düşüncəsini - azərbaycançılıq ideologiyasını formalaşdıran ulu öndər Azərbaycanın multikulturalizm diplomatiyasının da əsasını yaratdı. Ona məxsus "Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətəndiririk və qoruyub saxlayacağıq” ifadəsi Azərbaycan modelinə ən bariz örnək oldu.
Müasir dövrdə Azərbaycan Respublikasının millətlərarası münasibətlər siyasətinin hüquqi bazası dövlətin Ali Qanununa əsaslanır. Konstitusiyamız bütün vətəndaşlarımıza qanun və məhkəmə qarşısında bərabərlik hüququ verir. İnsan və vətəndaş hüquq və azadlıqlarının irqi, milli, dini, dili, cinsi, mənşəyi, siyasi və sosial mənsubiyyətə, əqidəyə görə məhdudlaşdırılmasına qadağa qoyur. Azərbaycan Respublikasi Konstitusiyasına görə, hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ var və kimisə milli mənsubiyyətini dəyişdirməyə məcbur etmək olmaz. Hər kəs ana dilindən istifadə hüququna malikdir. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ var. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz.
Bu prinsipial bazanı əsas tutan dövlətimiz 1995-ci ildə Avropa Şurasının "Milli azlıqların müdafiəsi haqqında'' Çərçivə Konvensiyasını da imzalayıb və bu konvensiya 16 iyun 2000-ci ildə ratifikasiya edilib.
UNESCO-nun 2005-ci il oktyabrın 20-də qəbul etdiyi "Mədəni özünümüdafiə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya”ya 26 noyabr 2009-cu ildə Azərbaycan da qoşulub.
Bu gün isə ölkəmiz Konstitusiyamızın multikultural dəyərlərlə bağlı müddəalarından, beynəlxalq konvensiyalardan irəli gələrək üzərinə düşən öhdəlikləri sadəcə icra etmir. Eyni zamanda bu dəyərlərin bütün dünyada təbliğinə çalışır. Multikulturalizm ideyalarının reallaşmasına xidmət edən beynəlxalq təşəbbüslər irəli sürərək dünyanın tərəqqipərvər insanlarını bu ideyalar ətrafında bir araya gətirir. 2008-ci ildən başlanmış "Bakı prosesi”nin, bu proses çərçivəsində paytaxtımızda təşkil olunan beynəlxalq forumların uğurlu nəticələri bunun təzahürüdür.
Bakı - mədəniyyətlərarası dialoq mərkəzi
Azərbaycan Respublikası ölkə daxilində etnik-mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqlara eyni münasibət göstərməklə onların arasında qarşılıqlı anlaşma, dostluq və əməkdaşlıq əlaqələri yaratdığı kimi, müxtəlif qlobal tədbirlərlə də bunları beynəlxalq müstəvidə müxtəlif mədəniyyətlərə və sivilizasiyalara mənsub olan dövlətlər arasında təbliğ edir. Onların arasında dialoqun inkişaf etdirilməsi istiqamətində böyük işlər həyata keçirir. Dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişaf etdirilməsinə xidmət edən bu kimi nüfuzlu beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizə, onun multikulturalizm sahəsində əldə etdiyi böyük uğurlara beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətdir.
Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın multikultural ənənələrini daha da inkişaf etdirərək ölkəmizi mədəniyyətlərarası dialoqun, tolerantlığın parlaq örnəyi kimi dünyaya təqdim edir. Azərbaycan dövləti ölkəmizdə yaşayan bütün xalqların nümayəndələrinə vətəndaş olaraq eyni dərəcədə yüksək qayğı göstərir. Dilindən, dinindən, etnik mənşəyindən, sayından asılı olmayaraq hər kəsə sevgi ilə yanaşır. Prezident İlham Əliyev bir çox çıxışlarında multikulturalizmin Azərbaycanda dövlət siyasəti olduğunu dəfələrlə qeyd etmişdir: "Bəzi ölkələrdə, ümumiyyətlə, yüksək səviyyədə bəyan edirlər ki, multikulturalizm siyasəti fiaskoya uğrayıb. Bu, çox təhlükəli meyildir. Düşünürəm ki, Azərbaycanın nümunəsi bunun tam əksini göstərir. Onu göstərir ki, öz mədəniyyətinə, tarixinə bağlı olmaqla bərabər, eyni zamanda, başqa xalqların və dinlərin nümayəndələrinin mədəniyyətinə də hörmətlə yanaşmaq mümkündür. Təsadüfi deyil ki, Bakı bu sahədə beynəlxalq əməkdaşlığın özünəməxsus mərkəzinə çevrilib”.
Davamlı inkişaf və sivilizasiya
Ölkəmizin və xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin beynəlxalq ictimaiyyətə təqdim edilməsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük əməyi var. Mehriban xanımın ideya müəllifliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Azərbaycanın multikultural ənənələrinin qorunub saxlanmasına və dünyada təbliğinə, multikulturalizm ideyalarının Yer üzündə daha çox insanın dəstəyini qazanmasına xidmət edir. Bu layihələr Azərbaycan multikulturalizminin bir ölkə çərçivəsində qapalı inkişafını deyil, dünyada dinlərin və mədəniyyətlərin müxtəliflikləri şəraitində fəaliyyət göstərməsini reallaşdırır. Fondun düşünülmüş, sistemli fəaliyyətində multikulturalizmin mühüm aspektlərindən biri olan mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsi istiqaməti xüsusi yer tutur.
Heydər Əliyev Fondu bir çox mədəniyyətlərə və dinlərə xüsusi diqqət ayırır. Fond Luvr Muzeyində İslam Mədəniyyəti Bölməsinin təşkilində, Romada katakombaların bərpasında, yəhudi uşaqlar üçün təhsil imkanlarının yaradılmasında, Strasburq və Fransanın digər regionlarındakı kilsələrin təmirində yaxından iştirak edib. Bu da Azərbaycan multikulturalizminin bir ölkə çərçivəsində qapalı inkişafını deyil, bütün dünyada dinlərin və mədəniyyətlərin müxtəliflikləri rejimində fəaliyyət göstərməsini reallaşdırır.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi”, "Qloballaşma şəraitində mədəniyyətlərin rolu”, "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama”, "Azərbaycan - tolerantlıq məkanı” və s. bu kimi layihələr, respublikamızda və digər ölkələrdə təşkil olunan beynəlxalq mədəniyyət tədbirləri multikulturalizm ideyalarına dəyərli töhfələrdir.
Birinci vitse-prezident, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumunda demişdir: "Qürur hissi ilə bəyan etmək istəyirəm ki, tarixən bizdə milli və dini zəmində ayrı-seçkilik və düşmənçilik halları heç vaxt baş qaldırmayıb. İnsanlarımızın əksəriyyətinin müsəlman olmasına baxmayaraq, ölkəmizdə xristian, yəhudi və digər dinlər də təmsil olunub. Azərbaycanda 649 dini icma, o cümlədən 24 qeyri-müsəlman icması fəaliyyət göstərir. Məsələn, Quba rayonunda dünyada dağ yəhudilərinin yığcam yaşadığı yeganə Qırmızı qəsəbə var. Əhalinin bütün seqmentlərinə qarşı yüksəksəviyyəli sosial tolerantlıq inkişaf etmiş cəmiyyətin göstəricisidir. Hesab edirəm ki, ən vacib nailiyyətlərimizdən biri bu gün Azərbaycan cəmiyyətində həmin səviyyədə sosial tolerantlığın mövcud olmasıdır”.
Azərbaycanın Birinci vitse-prezidenti həm də mədəniyyətlərarası dialoqun, multikulturalizmin bir şəxsiyyət örnəyidir. O, eyni zamanda həm Qərb dünyasına aid UNESCO-nun, həm də islam dünyasının dəyərlərinə bağlı ISESCO-nun xoşməramlı səfiridir. Dünyada eyni vaxtda bu iki ali statusu daşıyan ikinci belə şəxsiyyət yoxdur. Bunun özü də Azərbaycanın bəşəriyyətə təqdim etdiyi bir nümunədir.
Tolerantlıq məkanı
Müasir dövrdə dünya dövlətlərinin və beynəlxalq təşkilatların qarşısında duran ən başlıca vəzifələrdən biri insanlar arasında dini dözümlülüyün gücləndirilməsi, müxtəlif din və mədəniyyətlərə mənsub insanların sülh və əmin-amanlıq şəraitində yaşamasıdır. İndi dünyanın müxtəlif bölgələrində baş verən hadisələr mədəniyyətlərin müxtəlifliyini qəbul etməyən, digər din və mədəniyyətlərin nümayəndələrinin adət-ənənələrinə, həyat tərzinə, əqidə və düşüncəsinə həqarətli münasibətin olduğu cəmiyyətlərdə davamlı sabitliyə və inkişafa nail olmağın mümkünsüzlüyünü göstərir. Bu səpkidə qarşıdurma və münaqişələrin baş verməməsi üçün insanlarda digər din və mədəniyyətlərə qarşı dözümlülük və hörmət xüsusiyyətləri gücləndirilməlidir.
Prezident İlham Əliyev nitqlərində bu məsələnin zəruriliyini dəfələrlə xüsusi vurğulayaraq demişdir: "...Bəziləri hesab edir ki, multikulturalizm iflasa uğrayıb, bəziləri, ümumiyyətlə, hesab edir ki, belə bir meylə yol vermək olmaz, bu, zərərlidir. Bu, çox təhlükəli fikirlərdir, yanaşmalardır. Çünki gəlin baxaq, multikulturalizmə alternativ nədir, varmı bu alternativ? Əlbəttə ki var, amma necə alternativdir? Mən hesab edirəm ki, multikulturalizmin alternativi ksenofobiyadır, ayrı-seçkilikdir, irqçilikdir, islamofobiyadır, antisemitizmdir. Bunlar çox təhlükəli meyillərdir. Biz tarixdə bir neçə dəfə görmüşük ki, bu meyillərin güclənməsi hansı böyük fəlakətlərə yol açır. Ona görə bütün mütərəqqi bəşəriyyət multikulturalizm ideyaları, idealları ətrafında birləşməlidir”.
Azərbaycan bu sahədə dünyaya bir nümunədir. Əsrlər boyu ölkəmizdə islam, xristian və yəhudi dinlərinin nümayəndələri qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Milli və dini etnik qruplar arasında ədavət və qarşıdurma halları heç zaman müşahidə olunmamışdır. Müxtəlif din və mədəniyyətlərə mənsub insanlar əsrlər boyu Azərbaycan xalqının ictimai-siyasi və iqtisadi həyatında mühüm rol oynamış, özlərinin etnik xüsusiyyətlərini, dinlərini və adət-ənənələrini qoruyub saxlayaraq bugünümüzədək yaşatmışlar. Müasir dövrdə də ölkəmizdə həmin dinlərin tarixi, mədəni abidələri və zəngin mənəvi irsi dövlət tərəfindən qorunub saxlanılır. Azərbaycan dövləti ölkəmizdəki məscidlər, islam dininə aid digər müqəddəs məkanlar qədər xristianlığa aid kilsələrin, yəhudi sinaqoqlarının bərpa və təmirinə də vəsait ayırır, dini icmalara dəstək verir.
Müasir dövrdə dünyanın bir çox ölkələrində insanların məskunlaşmasında onların dini və milli mənsubiyyətinin əsas meyar kimi götürülməsi problemi var. Hətta bir çox ölkələrdə ayrı-ayrı dinə mənsub insanlar fərqli məhəllələrdə yaşayırlar. Azərbaycanda isə müxtəlif din və təriqətli insanlar bir küçədə, bir həyətdə, hətta bir evdə sərbəst yaşayır və bir-birlərinin bayramlarında, dini ayin və mərasimlərində böyük bir ailənin doğma üzvləri kimi yaxından iştirak edirlər. Onlar nəinki özlərini Azərbaycanda yad hiss etmir, hətta yerli əhali ilə qaynayıb-qarışaraq qohumluq əlaqəsi qururlar.
Azərbaycan dövləti həyata keçirdiyi məqsədyönlü siyasətlə bu zəngin irsin, birgəyaşayış mədəniyyətinin qorunub saxlanılaraq gələcək nəsillərə çatdırılmasına çalışır. Müasir dövrdə tolerantlıq Azərbaycanın əvəzsiz, dünyanın bir çox ölkələrinin həsəd apardığı milli-mənəvi sərvətidir.
Və bu sərvəti qorumaq hər birimizin borcudur.
İradə ƏLİYEVA
Azərbaycan.- 2018.-25 noyabr.- S.1; 5.